Vətənpərvərlik tərbiyəsində ailə, məktəb və bədii ədəbiyyatın rolu

Gənclərin
milli-mənlik şüurunun formalaşması və onların vətənpərvər ruhda böyüməsi müstəqil
dövlət quruculuğu yolunu seçən ölkəmizin prioritet istiqamətlərindəndir. Elm və
təhsil, idman, iqtisadi, siyasi, mədəni və s. sahələrdə gənclərin uğur
qazanması, qloballaşan dünyanın tələblərinə cavab verən gəncliyin yetişdirilməsi
həmçinin ölkəmizin tanıdılması istiqamətində atılan mühüm addımlardandır. Ölkəmizdə
gənclərlə iş sahəsində görülən tədbirlər bu istiqamətdə Azərbaycan gəncliyinin
inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol
oynayır. Bu mənada müstəqil dövlət quruculuğu yolunda artıq inkişaf xətti tutan
ölkəmizin gənclərinin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür.
Vətənpərvərlik ruhunda tərbiyəyə ehtiyac
Gənclərin
vətənpərvərlik ruhunda böyüməsi işinin mühüm istiqamətlərindən birini heç şübhəsiz,
təhsil müəssisələrindəki təlim-tərbiyə işləri təşkil edir. Təhsilin bütün pillələrində,
xüsusən də ümumtəhsil məktəblərində bu tərbiyə işinin həyata keçirilməsi üçün
imkanlar genişdir. Təhsil ocaqlarında tədris olunan humanitar fənlər, xüsusən də
ədəbiyyat, tarix, o cümlədən hərbi
hazırlıq fənlərinin tədrisi təhsil alanları müvafiq biliklərlə təmin etməklə
yanaşı, onların milli-mənlikşüurunu formalaşmasına, vətənpərvərlik
ruhunda tərbiyəsinə müstəsna təsir göstərir.
Şuşa
şəhər 1 nömrəli tam orta məktəbin Gənclərin
hərbi çağırışadək hazırlığı müəllimi Kənan Əbdüləzimov hərbi hazırlıq dərslərində şagirdlərin vətənpərvər ruhda böyümələri
üçün bütün mümkün vasitələrdən istifadə etdiyini deyir: "Şagirdlər işğal
olunmuş torpaqlarımızı, sərhədlərimizi bilməli, şəhidlərimiz haqqında məlumatlı
olmalı, milli qəhrəmanlarımızı tanımalıdırlar. Şagirdlərin mütəmadi olaraq
müharibə veteranları ilə görüşlərini təşkil edirik. Şagirdləri hərbi hissələrə,
muzeylərə, Bayraq meydanına apararaq onlara tariximiz, müstəqilliyimiz haqqında
məlumat veririk. Şagirdlər tariximizi bilməlidirlər. Xüsusən indiki vaxtda
şagirdlərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük ehtiyac var”.
K.Əbdüləzimov deyir ki, dərs prosesində şagirdlərə vətənpərvərlik hissini
aşılamaq üçün Azərbaycanın qədim tarixindən, sərkərdələrin taktikalarından,
tarixi qəhrəmanlarımızın həyatından danışılır, əyani vasitələrdən istifadə
olunur: "Şagirdlər tariximizi öyrənməsələr, gələcəkdə kim olduqlarını bilməzlər.
Onların vətənpərvər ruhda böyümələri Vətənlərini sevmələri deməkdir. Bu işdə
biz müəllimlərin üzərinə böyük vəzifə düşür”.
Nəsimi
rayonundakı Texniki Humanitar Liseyin hərbi müəllimi, ehtiyatda olan mayor Rüfət
Rəşidov dərslərin tədrisi prosesində gənclərə ölkəmizin
müdafiə qüdrətini, ölkə konstitusiyası və onun qanunlarını, respublikanın
silahlı qüvvələrinin tələblərindən irəli gələn qaydaları, eyni zamanda, hərbə
hazırlıq səviyyəsində bilik və bacarıqları aşıladıqlarını bildirir: "Şagirdlər
məktəblərdə keçirilən hərbi vətənpərvərlik mövzulu dərslərdə çox fəal iştirak
edirlər. Onlara vaxtaşırı düşmən işğalında olan torpaqlarımız, ordumuzun qüdrəti,
qaçqın və məcburi köçkünlərimiz, Qarabağın tarixi və s. haqqında məlumatlar
veririk. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə edərək ölkənin müdafiəsinə hazırlamaq bizim pedaqoq
kimi borcumuzdur. Hər bir dərsin əvvəlində şagirdlərə işğal altında olan
torpaqlarımız haqqında məlumatları xatırladıram. Onlar demək olar ki, bütün
milli qəhrəmanlarımızı tanıyırlar”.
Ehtiyatda olan mayor şagirdlərin
vətənpərvərlik ruhunun daha da möhkəmləndirilməsi üçün onların Böyük Vətən Müharibəsi
və Qarabağ müharibəsi veteranları, o cümlədən ehtiyatda olan zabitlərlə görüşlərini
təşkil etdiyini deyir: "Şagirdlər keçmişin, həmçinin yaxın tarixin qəhrəmanları
ilə maraqlanırlar. Onlar özləri də internetdə axtarış edir, xalqımızın keçdiyi
qəhrəmanlıq yolunu öyrənirlər. Veteran və zabitlərlə görüşlər onlara örnək
olur. Gənclər qarşılarında müharibənin ağrı-acısını yaşayan, od-alovun içindən
keçən qəhrəman insanları görəndə onlara bənzəmək istəyirlər. Bu cür görüşlər
şagirdlərin Vətənə, doğma yurdlarına qarşı məhəbbətlərini artırır, onları vətənin
müdafiəsinə hazırlayır. Əsas odur ki, onlar vətənpərvər ruhda tərbiyələnib daim
özlərini vətənin əsgəri hesab edirlər».
Milli
amil ön planda olmalıdır
Gənc nəslin vətənpərvərlik
hissinin tərbiyəsi və milli-mənlik şüurunun formalaşmasının təkcə məktəbin vəzifəsi
olmadığını deyənlər də çoxdur. Belə ki, uşaq ailədə böyüyür, evdə tərbiyə alır.
Bu baxımdan, valideyn-məktəb tandemi onun tərbiyəsində mühüm rol oynamalıdır. Səbayel rayon 6 saylı tam orta məktəbin
tarix müəllimi Elmin İmanov "Uşağın tərbiyəsi təkcə məktəbdən tələb
olunmamalıdır. Uşaq ailədə böyüyür. Ailənin qoyduğu təməllər üzərində biz müəyyən
amillərin inkişafını davam etdiririk” deyə bildirir: "Təəssüf ki, bir çox ailələrdə
valideynlərin məlumatsızlığı, bəzən biganəliyi və ya iş şəraitlərinin ağırlığı
övladlarına çox vaxt ayıra bilmələrinə mane olur. Digər tərəfdən, humanitar fənlərin
mövqeyini, bu sahəyə daha yaxın olması ilə bağlı məsuliyyəti ön planda görürəm.
Həmçinin, müəllim faktoru da əsasdır. Bir çox hallarda bizim müəllimlərimiz "Əgər
mən öz fənnimi tədris etdimsə, vəzifəm bitdi”- deyə düşünürlər. Mənə elə gəlir
ki, qüsur bundadır. Məgər digər fənləri tədris edənlər Azərbaycan müəllimləri
deyillərmi? Şagirdlərin vətənpərvər ruhda tərbiyəsi təkcə tarix müəlliminin üzərinə
düşən məsuliyyət deyil”.
E.İmanovun fikrincə, ixtisasından
asılı olmayaraq müəllim hər bir şagird üçün nümunədir: "Mən demirəm ki, Babəki,
Cavanşiri uşaqlara şablon formada əzbərlədək. Şagird müəllimə inanmalıdır, müəllim
də onu inandırmağa bacarmalıdır. Müəllim şagirdə vətənpərvərlik sözünün yalnız
çiynində silah, əynində hərbi forma cəbhədə vuruşmaq olmadığını bildirməlidir. Əgər
mən müəlliməmsə, öz fənnimi tədris edib uşaqlarda bu milli ruhu aşılayıramsa,
demək öz funksiyamı müəyyən qədər yerinə yetirirəm. Əgər bir idmançımız
bayrağımızı hər hansı idman arenasında göylərə qaldırırsa, bu da vətənpərvərlikdir.
Ona görə də buna kompleks yanaşılmalıdır. Mənə elə gəlir ki, hər bir müəllim 45
dəqiqəlik dərsin 10 dəqiqəsini buna ayırsa, yaxşı nəticə alınar. Təbii ki,
sinifdə olanların hamısı həmin anda deyilən dərsi tam qavrayıb, kimyaçı, fizik
və ya tarixçi olmurlar. Ancaq onların hər biri vətəndaş olur. Tərbiyə işində
milli duyğular, milli amil ön planda olmalıdır. Ona görə də hər şeyi orta məktəbin
üzərinə atmaqdansa, ailə də öz məsuliyyətini başa düşməlidir. Hər şey ailədən
başlamalıdır. Məktəb isə möhkəm binanı bu təməlin üzərində ucaltmalıdır”.
Valideyn
və müəllimlərin vəzifəsi
Milli vətənpərvərlik ruhunun daim
gənclərimizə aşılanmalı olduğunu bildirən "ELM” Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai
Birliyin rəhbəri, Bakı Dövlət Universitetinin müəllimi Səbuhi Abdullayev hesab edir ki, ölkəmizin
gün-gündən möhkəmlənən iqtisadi qüdrəti,
suverenlik və müstəqilliyimiz Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin
qanı hesabına əldə edilib: "Torpaqlarımızın 20 faizinin işğal altında olması
biz gəncləri daim narahat edir. Gənclərimizə elm, təhsil verməklə bərabər,
onların milli ruhda böyüməsi, vətənə-millətə layiqli övlad olması üçün düzgün
istiqamətdə təlim-tərbiyə etməliyik. Bu, təkcə valideynlərin deyil, həm də müəllimlərin
vəzifəsidir”. Dövlətimizin gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi
istiqamətində məqsədyönlü siyasət apardığını deyən S.Abdullayev ölkə gənclərinin
bu siyasətə adekvat cavab verdiyini deyir: "Aprel döyüşlərində biz gənclərimizin
Vətən uğrunda igidliklə döyüşdüklərinin və canlarından keçdiklərinin şahidi olduq. Biz öz övladlarımıza vətənin
haradan başlandığını, onu necə qorumaq lazım olduğunu öyrətməliyik. Orta ümumtəhsil
məktəblərində, eləcə də ali təhsil ocaqlarında müəllimlər gənclərin milli-mənlik şüurunun formalaşması,
vətənpərvər ruhda böyümələri üçün xüsusi vaxt ayırmalıdırlar. Hesab edirəm
ki, ölkəmizdə gedən məqsədyönlü siyasət
həm gənclərimizin vətənpərvər ruhda böyüməsi, həm də işğalda olan
torpaqlarımızın tezliklə azad olmasına gətirib çıxaracaq”.
Ədəbiyyatın
vətənpərvərlik tərbiyəsi
Gənclərdə
milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin formalaşmasına təsir edən
amillər sırasında yazılan mahnılar, bədii
və sənədli filmlər, incəsənət nümunələri ilə yanaşı bədii ədəbiyyatın da böyük
təsiri var.
Yazıçı
Seyran Səxavətin fikrincə, vətənpərvərlik hissinin, milli-mənlik
şüurunun gənclərdə tərbiyə olunmasının xüsusən müharibə şəraitində olan bir ölkə
üçün böyük əhəmiyyət daşıyır: "Ədəbiyyat bütün dövrlərdə insanların vətənpərvər
ruhda böyüməsində, milli-mənlik şüurunun formalaşmasında böyük rol oynayıb. Biz
bunun bariz nümunəsinə Böyük Vətən Müharibəsi mövzusunda yazılan əsərlərlə
inanmışıq. Bu əsərlər o zaman sovet xalqlarında ruh yüksəkliyi yaradırdı. Sovet
dövlətini müharibədən qalib çıxaran onun silah-sursatı ilə bərabər,
insanlarının vətənpərvərliyi idi. Tankların üstünə «Stalin uğrunda”, "Vətən
uğrunda» sözlərini yazırdılar. Bu, çox vacib məsələdir. O zaman bu ruh yüksəkliyinin
yaranmasında ədəbiyyat, poeziya böyük rol oynayırdı. Səməd Vurğun, Məmməd
Rahim, Süleyman Rüstəm müharibə haqqında, o cümlədən əsgərlərimizin igidliyindən
bəhs edən şeirlər yazırdılar. Həm döyüş gedirdi, həm də döyüş haqda əsərlər
yazılırdı. Faşizmlə həm silahla, həm də sözlə mübarizə aparılırdı. Ədəbiyyat
adamları, incəsənət ustaları cəbhə və döyüş bölgələrində olur, əsgərlərin
qarşısında çıxışlar edirdilər. Müharibədən sonra doğulanlar həmin dəhşətləri əsərlərdən,
kinolardan öyrənirdilər. Bu hisslər onlara vətəni sevdirir, vətən uğrunda
mübarizə aparmağa, döyüşməyə çağırırdı. Gənclərdə vətənpərvərlik hissinin tərbiyəsində
ideologiya həmişə əsas xətt olub». S.Səxavət hazırda yazıçı və şairlərin bu
ruha az kökləndiyini bildirir: "Azərbaycan xalqının başına gələn faciələr ədəbiyyatda
– həm nəsrdə, həm də poeziyada ortaya çıxmalıdır ki, gənc nəsil həmin hadisələrdən
xəbərdar olsun. Bu barədə bədii filmlər çəkilməlidir. Ümumiyyətlə ciddi təbliğat
aparılmalıdır. Tariximizi bilmək gənclərimiz üçün çox vacibdir. Yazıçı və şairlər,
tarixçilər bu amilə diqqətlə yanaşmalıdırlar. Müstəqilliyini bərpa etmiş dövlətimizin
ideologiyasının, həmçinin azərbaycançılıq və yurdsevərlik ideyalarının gənclər
arasında təbliğ olunmasına böyük ehtiyac var. Bu işdə telekanalların da üzərinə
mühüm vəzifə düşür”.
Vətənpərvərlik,
azərbaycançılıq hisslərinə malik olan gənclər yetişdirmək cəmiyyətin bütün sahələrində
təbliğ edilməli, hədəfə çevrilməlidir. Bu amal müstəqil quruculuq yolu seçən
ölkəmizin daha da inkişaf etməsi, intellektual və vətənpərvər vətəndaşlara
malik olması istiqamətində atılan mühüm addım olar.
Dayandur Tağıyev
Məqalə Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun
keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.
