Vətən sizi səsləyir... - Fotolar
"Nar”
əhəmiyyətli sosial layihələrə imza atmağı artıq ənənəyə çevirib. Mobil
operatorun əməkdaşları keçən il Novruz bayramını cəbhə bölgəsindəki hərbi
hissələrdən birinin əsgər və zabitləri ilə qeyd edəndə yalnız Silahlı Qüvvələrimizin
gecə-gündüz Vətənimizin keşiyində duran qəhrəman hərbçilərinə deyil, həm də
onların valideynlərinə sevincli anlar yaşatdılar. Əsgərlərə hörmət və sevgini
əyani şəkildə çatdırmaq məqsədi daşıyan layihə çərçivəsində 100-dən çox
valideyn hərbi xidmətini yerinə yetirən övladı ilə görüşmək imkanı qazandı.
"NAR”
Silahlı Qüvvələrimizin 101-ci ildönümündə vətənpərvərlik amalına sadiq qalaraq
Müdafiə Nazirliyi ilə birlikdə Azərbaycan Silahlı Qüvvələr Gününü düşmənlə
üz-üzə olan sərhəd bölgəsində qeyd etdi. Şirkət "N” saylı hərbi hissənin əsgər
və zabitləri ilə görüşə ənənəsinə uyğun olaraq, əliboş getmədi. Ölkənin
müxtəlif bölgələrində yerləşən bir neçə hərbi hissədə yaratdığı telefon
məntəqəsindən biri də bu hərbi hissənin payına düşdü. Mobil şəbəkə olaraq düşmənlə
bir addımlıqda xidmət edən, Vətəni göz bəbəyi kimi qoruyan əsgərlərin
valideynləri ilə rahat ünsiyyəti, ata-anaların övladları sarıdan nigaran
qalmaması üçün ünsiyyət körpüsü yaratdı. Müdafiə Nazirliyi və "NAR”-ın birgə
təşəbbüsü ilə yaradılan danışıq nöqtəsi əsgərlər tərəfindən böyük sevinclə qarşılandı. Bundan sonra onlar "Nar”
danışıq nöqtəsi vasitəsilə əzizləri ilə ünsiyyətdə olacaq, ürək sözlərini,
arzularını söyləyəcək, valideynlərinin əhvalından xəbər tutacaqlar...
Zəfər
xəbərlərini çatdırın
Bu kənd müharibənin faciələrini
yaşayıb. Düşmənlə sərhəddə yerləşən kəndin bir milli qəhrəmanı və torpaqlarımız
uğrunda döyüşlərdə şəhid olan övladları var. Kənddəki Şəhidlər Xiyabanı
sakinlərin qəhrəmanlıqla döyüşməsinin və şəhid olmasının nümunəsidir.
İndi bu kənd keşiyində
ayıq-sayıq dayanan, sərhədlərini göz bəbəyi kimi qoruyan övladları sayəsində
gündəlik dinc həyatını yaşayır.
Hərbi
hissəyə - əsgərlərlə görüşə gedərkən əsil bayram əhval-ruhiyyəsi bizə də
sirayət etdi. Əllərində dalğalanan üçrəngli bayrağımız, başları üzərində iri
hərflərlə yer alan Ali
Baş Komandan İlham Əliyevin «Bizim siyasi gücümüz, iradəmiz, iqtisadi
potensialımız, qüdrətli ordumuz var» sözləri hərbi hissənin heyəti üçün əsl
stimulverici məqamlardır.
Əsgərlər canlı musiqinin sədaları
altında Silahlı Qüvvələr Gününü qeyd edirlər. Vətən torpaqları bu gənclərə
əmanətdir. Onlar bu məsuliyyəti dərindən hiss edir, bu şərəfli işə mətanətlə
çiyin verirlər. "Hamımızın arzusu birdir: qələbə sevincini həm özümüz yaşayaq,
həm də xalqımıza yaşadaq”- deyən hərbi
hissənin komandiri bu sevinci yaşayacağımız günün çox da uzaqda olmadığını
əminliklə söyləyir: «Silahlı Qüvvələrimizin 101-ci ildönümünü qeyd edirik. Bu
bayram münasibətilə hərbi hissəmizdə bir neçə tədbir həyata keçirilib. İki gün
öncə hərbi hissələrdə "Açıq qapı” günü elan olunub. İctimaiyyət nümayəndələri,
xidmətdə olan əsgərlərin valideynləri hərbi hissənin texniki bazası və məişət
şəraiti ilə tanış oldular. Əsgərlərin dövlət tərəfindən hər cür təminatı var. Bundan
əlavə, Silahlı Qüvvələrimizin inkişaf etdirilməsi üçün bütün qurumlar
əllərindən gələn köməyi bizə göstərirlər. Eləcə də "NAR” bu gün hərbi
hissəmizin ön mövqedə yerləşən bölməsinə əsgər və zabitlərlə görüşə gəlib.
Şirkətin hədiyyə etdiyi mobil telefon vasitəsilə əsgərlər öz valideynləri ilə
əlaqə saxlaya biləcəklər».
Azərbaycan
əsgərinin hamımızın güvənc yeri, qürur mənbəyi olduğunu söyləyən "NAR”-ın İctimaiyyətlə
Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov vətənpərvərlik kimi yüksək dəyərlərin təmsil etdiyi şirkətin əsas
amallarından olduğunu vurğuladı: "İnsanların bir-biri ilə ünsiyyət
qurmasına yardım edən "NAR” artıq ikinci ildir ki, hərbi xidmətdə olan
əsgərlərimizlə birlikdə bayram qeyd edir. Bu, artıq bizim üçün xoş ənənəyə
çevrilib. Hərbi hissənin bütün tələbatı dövlət tərəfindən ödənilir. Bu, bizim
üçün böyük fəxrdir. Ancaq "NAR” ünsiyyət bəxş edən bir şirkət olduğu üçün sizə
sərhədsiz ünsiyyət bağışlamaq istəyirik. Sizə hədiyyə etdiyimiz "Nar” danışıq
məntəqəsi ilə bütün heyət öz doğmaları ilə danışa biləcək. Həmçinin təkcə bu
hərbi hissə üçün deyil, daha digər hərbi hissələr üçün də hədiyyələr
hazırlamışıq. Arzu edirəm ki, yaxınlarınıza yalnız xoş xəbərlər deyəsiniz, onlara
zəfər xəbərlərini çatdırasınız!”
Hər kəs bir
yumruq kimi
Əsgərlərlə söhbət edərkən
onların yüksək vətənpərvərlik hissinin şahidi oluruq. Onlar Silahlı Qüvvələr
Gününü özləri üçün ən dəyərli bayram hesab edirlər. Onlar üçün tarixi çox da
uzaqda olmayan Aprel döyüşləri nümunəsi var.
Silahı Qüvvələr Gününün
Azərbaycan Ordusunda xidmət edən hər bir əsgər və zabit heyəti üçün qürur günü
olduğunu qeyd edən hərbi hissənin zabiti
Samir Əsgərov əsgərlərin hazırlıqlarının yüksək səviyyədə olduğunu
bildirdi: «Əsgərlərin ən böyük arzusu qələbə sevincini yaşamaqdır. Döyüşçü üçün
bundan böyük arzu ola bilməz. Aprel döyüşlərinin iştirakçıları məhz belə əsgər
və zabitlər olub. Bunların hamısı həmin döyüşçülərin davamçısı olmağa
hazırdırlar. Bizim üçün fəxr olar ki, məhz Silahlı Qüvvələr Günündə qələbə
qazanaq. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam
etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Məhz bu ordu işğal
olunmuş ərazilərimizi düşməndən azad edəcək».
«Aprel döyüşləri bütün hərbiçilərimizə
yenidən qələbənin möhtəşəmliyini yaşatdı» - deyə əsgərlər qürurla qeyd edirlər:
«Nə qədər mülki şəxslər yenidən döyüşlərdə iştirak etmək istədiklərini
bildirdilər. Hospitallara gedib yaralılar üçün qan verdilər, sərhəd
bölgələrində olan əsgərlər üçün yemək apardılar. Hər kəs bir yumruq kimi
birləşmişdi. Bu, bizim xalqımızın birliyidir. Demək, biz hər an düşməni məğlub
edə və torpaqlarımızı geri qaytara bilərik»- deyə hərbi hissədə çalışan qadınlardan
biri – operator Pərvanə Mustafayeva bildirir: "Hərbi formanı geyinən hər bir kəs
onun məsuliyyətini daşıyır. İstər kişilər olsun, istərsə də qadınlar – əgər
hərbi xidmətdəsənsə bu işi sevməlisən. Bu hərbi hissədəki hər bir zabit və
əsgər torpaqlarımızın geri qayıtması uğrunda döyüşlərdə iştirak etməyə hər
zaman hazırdır”. Hərbçi xanım "NAR”-ın hədiyyəsini də yüksək dəyərləndirir:
"Əsgərlərimiz vətənin keşiyində ayıq-sayıq durublar. Cəbhəyə yaxın bölgələrdə
valideynlər, qohumlar bəzən övladları üçün narahatlıq keçirirlər. "NAR”-ın bəxş
etdiyi ünsiyyət isə bu narahatlığı aradan qaldıracaq”.
Əsgər Rafiq Sultanovun hərbi xidmətdən tərxis olunmasına az qalıb:
«Hərbi xidmətimi başa vurub Bakıya - evimizə qayıdacağam. Ancaq mən həmişə
Vətənimin əsgəriyəm. Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımız
uğrunda hər an döyüşməyə hazıram. Bu, bir Vətən övladı kimi mənim borcumdur”.
Hərbi hissənin həkimi Təbriz İsayev "Əgər bir ölkənin ordusu yoxdursa, onun
hansı gücündən danışmaq, hansı qələbəsinə ümid etmək olar?”- deyə Azərbaycan Silahlı
Qüvvələri Gününü fəxrlə qeyd etdiyini söyləyir:
"Bizim qüdrətli Ordumuz var. Biz bu qüdrəti Aprel döyüşləri ilə bir daha
sübut etdik. Torpaqlarımızın düşməndən tam azad olacağı gün də uzaqda deyil. Biz
buna əminik”.
Əsgər Kamran İbişov əsgər yoldaşının arzularına qoşulur: "Bizim yalnız bir arzumuz var.
Azərbaycan Silahlı Qüvvələri Gününü Qarabağda qeyd edək!”
Əsgər Elnur Qafarovun şirin səslə oxuduğu «Vətən sizi səsləyir» mahnısı isə əsgərlərin
arzularına səs verir.
Musiqi səsi hərbi hissənin
hüdudlarını aşaraq ətrafa yayılır. Hamının ürəyindən bir arzu keçir: Gün o gün
olsun ki, bu musiqilər tezliklə işğaldan azad olunacaq torpaqlarımızda
eşidilsin, Milli Ordumuzun tarixi qələbəsini şadlıqla qeyd edək! "NAR”ın
ünsiyyəti isə bütün ölkə boyu zəfər xəbərini yaysın!
Təranə Məhərrəmova