Vətən sizə əmanət - İNCƏ BAXIŞ

Hərbi hissəyə
gedən yolda sıraya düzülən avtomobillərin nə sayı bilinirdi, nə hesabı.
Ata-analar, qohum-əqrəbalar, nənə-babalar - hamısı uzaq-uzaq yerlərdən əsgər
balasına xeyir-dua verməyə gəlmişdi. İnsafən, ətrafdakı hərbçilər də gələn insanlara
həssaslıq və hörmətlə yanaşırdılar. Görünür, bu mərhələdə valideyn-övlad
bağının necə bir incə məqam olduğunu onlar qədər anlayan yox idi...
Həyəcanlı və qürurverici...
Hərbi hissənin
böyük və səliqəli həyətində ora-bura qaçışan zabit və əsgərlərin həyəcanı, hərbi
orkestr üzvlərinin zər paqonlu qırmızı mundirləri də mərasimin təntənəli keçəcəyini
xəbər verirdi.
Budur, valideyn
və əsgərlərin səbirsizliklə gözlədikləri an gəlib çatdı. Sıraya düzülən yüzlərlə
gənc əsgər "Vətənin müdafiəsinə hazıram!” deyə hərbi salam verib, and içdi, Vətəni
göz bəbəyi kimi qoruyacağı sözünü verdi. Milli Ordumuzun gəncləri meydan boyu
marş sədaları altında nizamla addımladılar. Hamı bir-birindən yaraşıqlı,
mehriban üzlü, gülümsər gözlü...
"Hər şey yaxşıdır...”
Mərasim
bitən kimi gənc əsgərlərin sanki illərlə görmürmüş kimi ata-analarına, əzizlərinə
sarılmaqlarını seyr etmək də ayrı bir aləm idi. Anaların sevinc və
narahatlıqlarını ifadə edən göz yaşları, ataların təmkini bir-birinə qarışdı. Əsgərlər
valideynlərin "Vaxtlı-vaxtında yemək verirlərmi?”, ”Çimməyə şərait varmı?”,
"Komandirlər sizlə necə davranırlar?” kimi suallarına tuş gəlmişdilər.
Dünən evlərindən
ayrılan, əllərindən mobil telefon düşməyən, uşaq kimi baxdığımız gənclər sanki
bir ay içində böyümüş, kişiləşmişdilər. Danışıqlarında bir əda, qəribə ötkəm
yaranmışdı. Valideynlərinə təsəlli verir, "Hər şey yaxşıdır, narahat olmayın!” söyləyirdilər.
Həmin anda onların təmkinli davranışı, razılıq ifadə edən baxışları valideynləri
üçün ən böyük təsəlli idi.
"Siz yeyin, biz baxaq...”
Ata-analar
görüşə əliboş gəlməmişdi. Ürəklərinin sevgisi ilə yanaşı, övladlarının sevdiyi
bütün yeməklərdən pay gətirmişdilər. Onlara ayrılan vaxt ərzində övladları ilə
baş-başa qalmaq imkanı verilmişdi. Sanki uşaqları başqa planetə gedirmiş kimi onların
əllərindən, qollarından yapışmışdılar. Bu anda ata-anaları başa düşmək üçün o qədər
də həssas olmaq lazım deyildi. Evlərindən gətirdikləri ərzaqları, cürbəcür yeməkləri
stolların üzərinə düzüb övladlarının yeməsinə heyranlıqla tamaşa edir, "siz
yeyin, biz baxaq” deyirdilər.
Tanrıya əmanət olun!
Saat
16.00-a qədər verilən görüş vaxtı bitdi. Hamı övladı ilə görüşüb ayrıldı. Ölkənin
hansı bucağında, hansı hərbi hissədə xidmət etməsindən asılı olmayaraq, hamı
ciyərparasını Vətənə əmanət etdi: "Vətəni qoruyun”, ”Tanrıya əmanət olun!”
dedi.
Yolun açıq olsun, Azərbaycan əsgəri! Vətən Sizə əmanət!
Təranə MƏHƏRRƏMOVA
Əməkdar jurnalist
