• cümə, 29 Mart, 11:59
  • Baku Bakı 5°C

Vətən müharibəsinin başlanması tarixə böyük Zəfərə gedən yol kimi düşdü

23.09.21 12:15 1030
Vətən müharibəsinin başlanması tarixə böyük Zəfərə gedən yol kimi düşdü
"Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, "Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır”. Bu fikirlər Azərbaycan Prezidenti, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına tarixi müraciətindəndir. Bu tarixi sözlərin səslənməsindən artıq bir il ötür. Təxminən bir il əvvəl - təcavüzkar və işğalçı Ermənistanın növbəti qanlı təxribatı və fitnəkarlığına cavab olaraq Prezident, Ali Baş Komandan İlham Əliyev səhər saatlarında rəşadətli Azərbaycan Ordusuna bütün cəbhə boyu əks-hücum əməliyyatına başlamaq, "Döyüş, vur!” əmri verdi.
Kaspi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Filologiya elmləri doktoru, professor Jalə Əliyeva ifadə edib.
Deputat bildirib ki, 2020-ci il 27 sentyabr tarixə Vətən müharibəsinin başlanması, böyük Qələbə və tarixi Zəfərə gedən yol kimi düşdü. Müharibənin elə ilk saatlarında Prezident İlham Əliyev Azərbaycan Televiziyası (AzTV) vasitəsilə xalqımıza müraciət edərək dedi: "Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır”. Müzəffər Ali Baş Komandan bəyan etdi ki, Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb.
"Bu, erməni faşizminin növbəti təzahürüdür”, - deyən dövlətimizin başçısı mövqeyini birmənalı və qətiyyətli şəkildə ifadə etdi ki, biz haqq yolundayıq, bizim işimiz haqq işidir, biz zəfər çalacağıq!
Tarixi müraciətindən bir neçə saat sonra isə Təhlükəsizlik Şurasının iclasını çağıran Ali Baş Komandan İlham Əliyev ilk müjdəli xəbərləri çatdırdı, uğurlu əks-hücum əməliyyatı zamanı düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulduğunu, həmçinin Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edildiyini bildirdi. Eyni zamanda, bir daha vurğuladı ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik.
"Həmin gün axşam saatlarında Milli Məclisin təcili xüsusi iclası çağırıldı və ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı qərar layihəsi qəbul olundu. Sənəd Ali Baş Komandan tərəfindən imzalanaraq qüvvəyə mindi. Bakı şəhəri də daxil olmaqla, ölkənin bir neçə bölgəsində hərbi vəziyyət tətbiq olundu, sentyabrın 28-də isə ölkədə qismən səfərbərlik elan edildi. On minlərlə Azərbaycan gənci, Vətən sevdalıları valideynləri ilə birlikdə səfərbərlik xidmətlərinə axışdı, ata-analar öz övladlarını sevinc göz yaşları, duaları ilə Vətənin müdafiəsinə yola saldılar. Hamı bir andaca müsəlləh əsgərə döndü, dövlətinin, Ordusunun və Ali Baş Komandanın ətrafında tək yumruq kimi birləşdi. Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz, igid, qəhrəman Azərbaycan oğulları ilk dəqiqələrdən murdar və alçaq düşmənin başına şimşək kimi çaxdılar, onu hərbi texnika və canlı qüvvə sarıdan böyük itkilərə məruz qoydular, işğal altındakı yurd yerlərimizi bir-bir, kəndbəkənd düşmən tapdağından azad etməyə başladılar”, - deyə J.Əliyeva əlavə edib ki, Talış kəndini, Suqovuşanı, Murovdağın bir neçə yüksəkliyini erməni işğalından azad edən Azərbaycan Ordusu tezliklə Cəbrayılı, Füzulini, Hadrutu, Ağbəndi, Zəngilanı, Qubadlını, Daşaltını, Xocavəndin, Laçının və Xocalının bir sıra kəndlərini düşmən tapdağından qurtardı, onları yenidən azadlığına qovuşdurdu.
Deputat deyib ki, Azərbaycan Ordusu, qəhrəman Azərbaycan əsgəri xalqımıza Zəfər ardınca Zəfər, Qələbə ardınca Qələbə yaşatdılar. Nəhayət, 28 il 6 aylıq həsrətdən, nisgildən sonra - noyabr ayının 8-də doğma Şuşa işğaldan azad olundu. 1992-ci ilin mayın 8-də bizdən zorla qoparılan Şuşamız 2020-ci ilin noyabrın 8-də öz ruhuna, Azərbaycana qovuşdu və bununla da düşmənin, onun havadarlarının beli qırıldı. Noyabrın 9-da isə düşmənə növbəti böyük və ölümcül zərbəsini vuran Azərbaycan Ordusu bir qəsəbə, onlarla strateji yüksəklik daxil olmaqla, 72 kəndi işğaldan azad etdi. Bundan sonra isə düşmənin məğlubiyyətdən, geri çəkilməkdən, diz çökməkdən başqa yolu qalmadı. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı birgə Bəyanatla münaqişəyə son qoyuldu. Bununla da Azərbaycan xalqı düşmən üzərində tarixi Qələbə və müqəddəs Zəfər qazandı, onu diz çökdürdü. 44 günlük müharibə ilə həm Qarabağ münaqişəsi başa çatdı, həm də status, status-kvo, cəbhə, təmas xətti cəhənnəmə göndərildi, gorbagor edildi.
Tarixi Qələbəmizdən cəmi bir neçə gün sonra 8 noyabr Zəfər Günü elan edilərək təqvimə salındığını deyən deputat əlavə edib ki, bu qələbə ilə Azərbaycan bütün dünyanın gözü qarşısında öz gücünü və əzəmətini nümayiş etdirdi. Dekabrın 10-da keçirilən Zəfər paradı düşmənlərimizə gözdağı oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın paradda iştirakı, nitq söyləməsi birliyimizi, həmrəyliyimizi, sarsılmaz dostlumuzu bütün dünyaya bir daha nümayiş etdirdi. Hər kəs də bundan öz payını götürdü.
"Heç bir Zəfər, heç bir Qələbə itkisiz, qansız, şəhidlərsiz qazanılmır. Biz də 44 gündə minlərlə şəhid verdik, minlərlə qəhrəman övladlarımız Vətən yolunda sağlamlığını qurban verdi. Biz onların hər birinə borcluyuq, hər birinə minnətdarıq. Başda Müzəffər, Qalib Ali Baş Komandanımız olmaqla, bu Qələbəni bizə yaşadan hər kəsə təşəkkür edirik. Siz bizim fəxrimiz, qürurumuz, şanımız, şöhrətimiz, baş tacımızsınız”, - deyən deputat bildirib ki, müharibənin başa çatması ilə dağlı-aranlı Qarabağımızın dirçəldilməsi, cənnət məkanına çevrilməsi istiqamətində işlərə start verildi. "YAŞAT” Fondu və "Dirçəliş” Fondu təsis olundu, Milli Məclis tərəfindən ilin sonlarında ilk "Qələbə büdcəsi” qəbul edildi, azad olunmuş torpaqlarımızın bərpası üçün ilkin olaraq 2 milyard manat vəsait ayrıldı. Ən əsası, Qalib və Müzəffər Ali Baş Komandan ən sadiq silahdaşı birinci xanım Mehriban Əliyeva ilə birlikdə Qarabağımıza - Füzuliyə, Cəbrayıla, Ağdama, Şuşaya və digər bölgələrə tarixi səfərlər etdi. Hər səfər isə tarixi açılışlar, tarixi bəyanatlarla yadda qaldı.
Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsinə diqqət çəkən deputat deyib ki, bu, qardaş ölkələrimizin hər zaman olduğu kimi, bundan sonra da birgə addımlayacağını bütün dünyaya bir daha göstərdi.
Bu gün Şuşada aparılan genişmiqyaslı işlər bu şəhərin, ümumiyyətlə, Qarabağın Azərbaycana aid olduğunu bir daha sübut edir. Biz artıq Şuşadayıq, biz artıq Qarabağdayıq! Bundan sonra heç kim Qarabağımızı bizdən ayıra bilməz. Qarabağ Azərbaycandır!
banner

Oxşar Xəbərlər