• bazar, 15 Dekabr, 09:48
  • Baku Bakı -3°C

Vətən müharibəsinin Azərbaycana qazandırdığı mühüm töhfələr - TƏHLİL

24.09.21 10:45 604
Vətən müharibəsinin Azərbaycana qazandırdığı mühüm töhfələr - TƏHLİL
Ötən il möhtəşəm Zəfərimizlə bitən 44 günlük Vətən müharibəsinin başlanmasına Ermənistanın bir sıra təxribatçı hərəkətləri səbəb oldu. Əvvəlcə iyulda Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərdi. Çox keçmədən mənfur qonşularımızın növbəti təxribat cəhdi qeydə alındı. Belə ki, avqustda Ordumuzun bölmələri cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribatının qarşısını alaraq onları geri çəkilməyə məcbur etdi. Bu azmış kimi, Livanda baş verən hadisələrdən sonra etnik ermənilərin Qarabağ ərazisinə köçürülməsi və bunun dövlət kanalı vasitəsilə nümayiş olunması, Paşinyanın Qarabağa saysız-hesabsız səfərləri və müxtəlif təxribatçı açıqlamalar verməsi, "Qarabağ Ermənistandır və nöqtə” ifadəsi, onun qondarma qurumun rəhbərinin Şuşada keçirdiyi inauqurasiya mərasiminə qatılması, qondarma qurumun parlamenti üçün Şuşada binanın inşa olunması, Cəbrayıla yol çəkilməsi - bütün bunlar Azərbaycan xalqının heysiyyətinə toxunan və müharibənin başlaması üçün təxribatçı addımlar kimi qiymətləndirildi. Ötən il sentyabrın 27-də isə Ermənistan ordusunun ölkəmizə qarşı növbəti dəfə təxribatlar törətməsi, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutması Azərbaycan Silahlı Qüvvələrini əks-hücum əməliyyatlarına başlamağa məcbur etdi.

Kaspi.az xəbər verir ki, bu barədə politoloq İlyas Hüseynov bildirib.


İ.Hüseynov qeyd edib ki, müharibə dövründə də Ermənistan öz məkrli niyyətindən əl çəkməyərək dinc, silahsız, cəbhə zonasından uzaqda yerləşən əhaliyə divan tutdu. Gəncə və Bərdədə terror aktları törədildi. Eyni zamanda, müxtəlif bölgələrə, Ağcabədi, Tərtər, Kürdəmir, Xızıya Ermənistan tərəfindən raket və artilleriya zərbələri endirildi. Lakin müharibə dövründə Azərbaycan tərəfi gücünü düşmənə yalnız döyüş meydanında nümayiş etdirir və onları məğlub edərək torpaqlarımızı qarış-qarış işğaldan azad edirdi. Buna görə də beynəlxalq hərbi ekspertlər Azərbaycanın humanist dəyərlərdən çıxış edərək müharibə apardığını vurğulayırlar. Döyüş meydanında sərgilənən peşəkarlıq, müasir texnologiyaların tətbiqi, hərbçilərimizin əzmkarlığı və iradəsi sayəsində Şuşa şəhəri noyabrın 8-də işğaldan azad olundu. Şuşanın götürülməsi mühüm geostrateji üstünlüyün ələ keçirilməsi idi və bunun nəticəsində Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Nəticədə Azərbaycan tərəfi bir güllə atmadan, bir şəhid vermədən Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etdi.

Politoloqun sözlərinə görə, Vətən müharibəsinin Azərbaycana qazandırdığı mühüm töhfələrdən biri də regional kommunikasiya və nəqliyyat əlaqələrinin bərpası, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin qurulması istiqamətində Zəngəzur dəhlizinin inşasıdır. "Bu istiqamətdə də əməli praktiki fəaliyyətin həyata keçirilməsi zamanıdır. Düşünürəm ki, işçi qrupun əldə etdiyi mühüm razılaşmalar və iştirakçı dövlətlərlə regional güc mərkəzləri arasında konsensusun tapılması layihənin istifadəyə verilməsinə gətirib çıxaracaq. Naxçıvanla Azərbaycan arasında əlaqənin təmin olunması 44 günlük müharibənin mühüm geoiqtisadi və geosiyasi nəticəsi kimi dəyərləndirilir. Eyni zamanda, danışıqların əsas mövzusu kimi o zaman işğalda olan rayonların "5+2” formatında boşaldılması ətrafında müzakirələr gedirdi. Lakin Azərbaycan irəli sürülən bütün bu şərtləri darmadağın etdi və beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz daxilində özünümüdafiə hüququndan istifadə edərək BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq sülhə məcburetmə əməliyyatlarında uğur qazandı. Azərbaycan xalqına böyük Qələbəni Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz bəxş etdi”, - deyə politoloq bildirib.




banner

Oxşar Xəbərlər