• çərşənbə axşamı, 16 aprel, 20:31
  • Baku Bakı 18°C

Verdiyi həzzin sözlə təsviri mümkün olmasa da...

27.08.19 16:15 7378
Verdiyi həzzin sözlə təsviri mümkün olmasa da...
Gündəlik içki növlərindən olan qəhvəyə maraq son dönəmlər olduqca artıb. Statistikaya görə, dünyada hər iyirminci adam öz səhərini ətirli qəhvə ilə açır. Qəhvə yuxudan oyanmağa kömək edir və insanı bütün gün ərzində enerji ilə təmin edir. Amma qəhvənin bunlardan başqa da bir sıra faydaları olduğu qeyd edilir. Lakin bunlar barəsində bir azdan məlumat verəcəyik. İlk olaraq istərdik qəhvənin tarixinə qiyabi səyahət edək və bilmədiklərimizi öyrənək.
Qəhvənin tarixi

Dünyada ilk qəhvə mağazası 1475-ci ildə Osmanlı İmperiyasının Konstantinopol, yəni indiki İstanbul şəhərində "Kiva Han” adı ilə açılıb. Həmçinin ilk bilinənqəhvə evi də həmin şəhərdə 1564-cü ildə fəaliyyətə başlayıb. Dünyanın hər yerində işlədilən kofe sözü Osmanlı türkcəsində olan "kahve” sözündən götürülmüşdür. Bu söz özü isə qədim ərəbcə müvafiq bitkinin adından gəlir. Osmanlı sultanı Yavuz Səlim kofeni çox sevərmiş. 1511-ci ildə Məkkə əmiri şəxsi səbəblər üzündən kofeni qadağan etsə də, bundan xəbər tutan sultan əmiri edam etdirmiş və kofenin müqəddəs içki olduğunu bəyan etmişdir. Lakin ondan sonra hakimiyyətə gələn oğlu Osmanlı Sultanı Qanuni Süleyman 1564-cü ildə İstanbuldakı kofe evlərini bağlatdırmaq əmri verib. Səbəb isə əhalinin orda hakimiyyət əleyhinə dedi-qodu etməsi faktları olub.

Bundan başqa Avropada kofenin kütləvi yayılmasının da maraqlı tarixçəsi var. 1683-cü ildə Osmanlı İmperiyası Vyana şəhərinə 2-ci böyük hücum təşkil edir. Osmanlılar hədəfə çata bilməyib geri qayıdan zaman onlardan qalan və müdafiə tərəfinin əlinə keçənqalıqmalların içində 300 kiçik kisə kofe olur. Bölüşdürmə zamanı bu kisələrə sahib çıxan Yuriy Kulsikskiy sonra onun satışına başlayır. Əhalinin kofeni alması üçün maarifləndirici, reklam xarakterli məlumatlar yayan Yuriy kofeni Vyanada əməllicə məşhurlaşdırır. Bunun ardından növbəti il o, Vyanada Qərbdə ilk kofe evini yaradır. Bir neçə il sonra ikinci kofe klub Parisdə açıldı, daha sonra sürətlə Avropada açılmağa başladı. Qonşu ölkə Rusiyada isə kofe 18-ci əsrdə islahatçı dövlət xadimi imperator I Pyotrun təşəbbüsü ilə yayılmağa başlayıb.
Maraqlı faktlar
Kofeni ən çox içənlər skandinaviyalılardır. Orta Avropa vətəndaşı illik olaraq beş kiloqram kofe istehlak edir. Aparılan reytinqlərə görə, finlər ən çox kofe istehlak edən millətdir. Finlandiyanın hər bir yetkin vətəndaşı illik 12 kiloqram kofe istehlak edir. İkinci yer Norveçə məxsusdur - 8.85 kq, Danimarka - 8.358 kq və İsveç – 8 kq. ABŞ reytinqdə 16-cı yeri tutur. Amerikalılar içində cüzi miqdarda kofe olan içkiləri xoşlayırlar. Maraqlısı odur ki, dünyanın ən çox kofe istehsalçısı Braziliyadır, amma o, istehlakına görə ABŞ-dan aşağı pillədədir. Digər tərəfdən, kofe sevən kimi tanınan italyanlar bir nəfərə 5.1 kq ilə 10-cu yerdədir. Onların yanında İsveçrə, Hollandiya, Almaniya, Avstriya və Fransa var.Qeyd edək ki, kofe dənləri quruluşuna görə iki növə ayrılır: Arabika və Robusta. Arabika daha populyar növdür. Mağazalarda satılan və suda əriyən (sadə, 3-ü 1-də və s.) kofe təbii deyil. O, kofe içməni asanlaşdırmaq üçün kofe dənlərinin müxtəlif texnoloji proseslərdən keçməsi nəticəsində əmələ gələn maddədir. Əsl kofe suda həll olmur, çöküntü verir. Kofenin bir çox qovurulma, çəkilmə və bişirilmə-hazırlama metodu var. Bu metodlar alınan içkinin dadına da təsir göstərir. Bu növlərə bir sıra misallar: türk qəhvəsi (ocaqda cəzvə ilə bişirilir), espresso, amerikano, frenç press, aeropress, moka və.s. Hər bir metoddan alınan içkinin özünəməxsus dadları olur.
Qəhvə haqqında aparılan araşdırmalar
Alimlər qəhvə haqqında araşdırmalar aparıb və aşağıdakı nəticəyə gəliblər.Az miqdar qəhvə qəbulu orqanizm üçün faydalıdır. Qəhvə fiziki aktivliyi artırır, yuxusuzluğu və yorğunluğu aradan qaldırır. Gün ərzində bir-neçə fincan qəhvə içmək isə qanda yuxu hormonunun əmələ gəlməsini azaldır. Ona görə də, qəhvəni az içməkdə fayda var. Normadan artıq içmək orqanizm üçün zərərlidir. Belə ki, kofein sinir hüceyrələrinin funksiyasını korlayır. Uzun müddət kofe içildikdə oyanıqlıq, əsəbilik və depressiya əlamətləri meydana çıxa bilir. Alimlər heç kimə kofe aludəçisi olmağı məsləhət görmürlər. Onlar yatmazdan əvvəl qəhvə içməyin yuxu sistemində pozğunluqlar yaradacağını söyləyirlər. Gün ərzində ən sonuncu kofe qəbulunun yatmazdan 2 saat əvvəl olmasını məsləhət görürlər.

Heç vaxt uşaqlara kofe verməyin, çünki o, uşaq orqanizminə zərər verir. Kofe uşaqlarda ürəkdöyünməni artırır və aktivliyi artırır. Kofe içən uşaqlarda həddindən artıq oyanıqlıq və emosiyalarında gərginlik müşahidə edilir. Onlarda ya həddindən artıq şənlənmə və ya əskinə, kefsizlik müşahidə edilir.

Qəhvə əzələlərin fəaliyyətini, nəbzi, ürəkdöyünməni artırmaqla yanaşı, arterial təzyiqi də artırır. Alimlərin araşdırmaları gün ərzində 6 stəkan kofe içən adamlarda ürək-damar sistemi xəstəliklərinin, digər adamlara nisbətən 71% çox rast gəldiyini təsdiqləyib. Ürəyində xəstəlik olan insanlara, kofe içməyin zərərli olduğunu aparılan araşdırmalar təsdiq edib. Alimlər, nə qədər kofe içirsinizsə, bir o qədər də su içməyi məsləhət görürlər.

Azərbaycanda qəhvə sevgisi
Son illər Azərbaycanda beynəlxalq brendlərin qəhvəxanaları açılandan sonra qəhvə xüsusən gənclər arasında dəbdə olan içkiyə çevrilib. Çoxları bir dəfə dəmlənmiş dənəvər qəhvənin dadına baxandan sonra onun həvəskarına çevrilir, bəziləri isə evdə də belə qəhvə içmək imkanı əldə etmək istəyirlər. Qəhvədən yazmışkən, onun ən çox istehlakçısı olan gənclərin fikirlərini öyrənməmək olmazdı. Orxan Mirzə qəhvə həvəskarlarındandır. Orxan özünün qəhvə dəmləyən aparatının olduğunu və onu hazırlamağı çox sevdiyini deyir: "5 ildən artıqdır ki, müntəzəm olaraq kofe içirəm. Əvvəllər əsl qəhvənin dadını bilənə qədər hamı kimi "Nescafe” içirdim. Onu içəndə rahatlayıram, həm də qəhvə içərək edilən söhbət daha fərqli olur. Bu içki məni tam xoşbəxt etməsə də, rahatladır. Qəhvə içərkən yaşadığım həzz sözlə təsvir edilməyəcək hisslərdəndir. Gün ərzində 1 və ya 2-3 fincan amerikano içirəm. Məncə, bu, artıq aludəçiliyə çevrilib. Dəmlənmiş kofeni daha çox xoşlayıram, hətta, bəzən qəhvəmi özüm hazırlayıram. Bunun üçün xüsusi aparat almışam”.
Qəhvə istehlakına nəzarət etmək məsləhətdir
Peşəkar baristo və məşqçi Neman Eldarov müsahibələrinin birində qəhvəyə olan münasibətin dəyişməsindən danışıb: "Münasibət sözsüz ki, dəyişib. Azərbaycanda, xüsusən Bakıda keyfiyyətli hazırlanmış təbii qəhvə sərraflarının sayı artıb. Ona görə ki, bu gün şəhərimizin qəhvəxanalarında işləyən baristoların çoxu peşəkarlardır. Türkiyədə qəhvə mədəniyyətinin dəstəklənməsində və inkişafında çoxəsrlik varislik ənənələri mövcuddur. Bizim ölkəmizdə isə bu işlər yenicə başlanır. Mənim bildiyimə görə, sovet dövründə Bakıda espresso və dənəvər qəhvədən içkilər təklif edilən qəhvəxanalar ümumiyyətlə, yox idi. Biz bu mədəniyyəti yalnız Azərbaycanın dövlət müstəqilliyi bərpa olunandan sonra inkişaf etdirməyə başlamışıq və proses xeyli vaxt tələb edir. Son vaxtlar Bakıda hər hansı əlavələr edilməyən espresso və amerikano həvəskarlarının sayı getdikcə artmaqdadır. Buna baxmayaraq, müştərilərin əksəriyyəti südlü-qəhvəli içkilərə, məsələn, kapuçino və ya makiyatoya, habelə qəhvə əlavə edilmiş südlü kokteyllərə üstünlük verir. Amma onu da qeyd edim ki, qəhvə istehlakına nəzarət etmək məsləhətdir. Bir fincan səhər, bir fincan nahar vaxtı içmək normaldır. Axşamlar qəhvə içməkdən çəkinsəniz yaxşıdır, çünki insanı nəzərəçarpacaq dərəcədə gümrahlaşdırır”.
Qəhvənin cəmiyyətə düzgün təqdim olunması
Baristo Nəcəf Əliyev qəhvənin əsrlərdir davam edən mədəniyyət olduğunu bildirir: "Son dönəmlər nəinki gənclərin, hətta, orta yaşlı şəxslərin də kofeyə olan marağı artıb. Qəhvə, ümumilikdə bir mədəniyyətdir, əsrlərdir davam edir. Amma bir-iki il əvvələ nisbətən bu il ona olan tələbat daha çoxdur. İnsanlar artıq nə içmək istədiklərini anlayır və bilirlər. Bu artıma və tələbata isə bir çox nüans təsir edir. Turizmin inkişafı, turistlərin kofeyə olan marağı da burada böyük rol oynayır. Əhalimizin dünya görüşünün artması və ən əsası da qəhvənin cəmiyyətə düzgün təqdim olunması marağa və istəyin artmasına gətirib çıxardıb”.
Həmsöhbətimiz qeyd edir ki, qəhvəni həddindən artıq qəbul etmək sağlamlığa fəsadlar törədər: "Ürək ritminin dəyişməsinə səbəb ola bilər. Gündə 3 fincandan artıq içmək qadınlar üçün böyük fəsad yaradar. Belə ki, hamilə qalmaq şansını 50% ə qədər azalda bilir. Ümumiyyətlə, ürəyi zəif, mədə problemi olanların içməsi məsləhət deyil. Təzyiq qalxmasına səbəb ola bilər. Fəsadlarla bağlı siyahını daha da uzatmaq olar”.
Əsas məsələ keyfiyyətdir
Tibb üzrə ekspert Adil Qeybulla keyfiyyət parametrləri yüksək olan kofelərin içilməsini tövsiyə edir: "Ümumiyyətlə, nəinki qəvhə, bir çox qida və içki məhsulundan istifadə Avropadan götürülüb. Sovet dövründə belə məhsullar az tapılırdı, geniş şəkildə idxal olunmurdu. İndi isə istənilən məhsulu idxal etmək mümkündür. Qəhvə məsələsinə gəlincə isə hazırda bu sahə ölkəmizdə də o qədər inkişaf edib ki, kofenin hər növündən istifadə edilir. Əvvəllər qəhvə qəbuluna yanaşma tamam baş idi. Deyirdilər ki, mədədə müəyyən törəmələr əmələ gətirir, ürək bulandırır, sinir sistemini yorur. Amma indi həmin yanaşmalar dəyişib. Belə ki, bəzi hallarda kofenin maddələr mübadiləsini sürətləndirdiyi, piyləri əritdiyi, iştahanı açdığı və. s müsbət təsirlərinin olduğu qeyd edilir. Burada bir digər məsələ isə məhsulun keyfiyyətidir. Ölkəmizə bir sıra kofe növləri idxal edilir ki, bunların arasında çox ucuz və bahalıları var. Keyfiyyət parametrləri aşağı olan kofelərin içilməsi tövsiyə edilmir”.

Həkim aludəçilik məsələsinə də toxundu. O, qeyd edir ki, nəinki kofenin istənilən məhsulun normadan artıq qəbulu ziyandır: "Xüsusilə, kofenin çox içilməsi sinir sisteminə yora bilər. Ümumiyyətlə, ölkədə qida mədəniyyəti ilə bağlı ciddi problemlər var. Bunu təkcə qəhvəyə aid etmək olmaz. Düşünürəm ki, bu sahədə maarifləndirmə işi aparılmalıdır”.
Günel Azadə

banner

Oxşar Xəbərlər