• cümə axşamı, 28 mart, 23:02
  • Baku Bakı 13°C

Vəkillərin üzvlük haqqına güzəştlərin tətbiq edilməsi məsələsinə baxılıb

13.07.20 19:00 624
Vəkillərin üzvlük haqqına güzəştlərin tətbiq edilməsi məsələsinə baxılıb
Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmişdir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov son günlər cəbhə xəttində baş vermiş hadisələr barədə fikirlərini bölüşmüş, xüsusilə Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində təxribat törətməsi nəticəsində şəhid olan əsgər və zabitlərimizin ailələrinə Rəyasət Heyətinin bütün üzvləri adından başsağlığı verərək səbr diləmişdir. Eyni zamanda, Anar Bağırov öz çıxışında ölkəmizin ərazi bütövlüyünün qorunması işində vəkillərimiz hər zaman mübarizəyə hazır olduqlarını əminliklə bildirmişdir.
Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş vəkilliyə namizədlərin onlayn andiçmə mərasimi keçirilmiş, hazırda dövlət qulluğunda olan bəzi vəkilliyə namizədlərin vəkillik fəaliyyətinə başlamalarına möhlət verilməsinə dair müraciətlərə baxılmış və bir sıra vəkillərin mükafatlandırılması məsələlərinə dair müsbət qərarlar qəbul olunmuşdur.
Ölkəmizdə COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq edilən karantin rejiminin şərtlərini nəzərə alaraq Vəkillər Kollegiyasının üzvlərinin cari ilin iyul ayı üçün Vəkillər Kollegiyasına ödəməli olduqları üzvlük haqqının güzəşt olaraq vəkilliyin inkişaf fondundan ödənilməsi barədə Rəyasət Heyəti tərəfindən qərar qəbul olunmuş, bu çərçivədə pandemiya dönəmində vəkillər tərəfindən vəkil qurumlarına ödənilən saxlanma xərclərinin həcminin azaldılması məsələsi ölkə üzrə bütün vəkil qurumlarına tövsiyə olunmuşdur. Eyni zamanda, səhhətlərindəki problemlərlə və onların müalicəsi ilə bağlı Kollegiyaya müraciət etmiş vəkillərin müraciətlərinə baxılmış, onlara maddi dəstəyin verilməsi barədə müvafiq qərarlar qəbul olunmuşdur.
İclasda Sumqayıt "ASAN xidmət” mərkəzində vəkil kabinetinin yaradılması barədə təqdimata baxılmış və müvafiq qərar qəbul olunmuşdur.
Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq aidiyyəti qərarlar qəbul edilmişdir.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.
banner

Oxşar Xəbərlər