• cümə, 29 Mart, 10:23
  • Baku Bakı 5°C

Və həm də xeyirxah Mirzə Cəlil

07.02.19 12:00 1909
Və həm də xeyirxah Mirzə Cəlil
19-cu yüzilliyin sonu 20-ci yüzilliyin əvvəlləri Azərbaycan mühiti bir-birindən nəhəng şəxsiyyətlər yetişdirdi. Bu nəhənglər amalları və əməlləri ilə bütün türk və müsəlman dünyasını işığa bürüdülər. O, nəhəng oğullardan biri də bütöv və böyük insan, yazıçı-publisist, naşir, redaktor, "Molla Nəsrəddin”i yaratmaqla xalqımızın mətbu həyatında dirçəliş, dönüş yaradan Cəlil Məmmədquluzadə idi.

Bu günlərdə M.F.Axundzadə adına Milli Kitabxananın dövrü mətbuat zalında 1960-70-ci illərdə Azərbaycanda çap olunan bir necə qəzeti gözdən keçirirdim. Bu zaman "Bakı” qəzetinin 22 yanvar 1966-cı il tarixli, 18-ci sayında çap olunan "Ədibin evində keçirdiyim günlər” sərlövhəli xatirə diqqətimi cəlb etdi. Xatirə Mirzə Cəlilin və Həmidə xanımın ailəsində böyüyüb boya-başa çatan Mariya Afanasyevna Jukovaya məxsus idi. O Mariya ki, uşaqlıqdan bu ailədə böyüyüb, tərbiyə alıb, təhsilə sahib olub. Mariya Həmidə xanımın böyük qızı Münəvvərin ən yaxın rəfiqəsi idi (Bildiyimiz kimi, Həmidə xanım Mirzə Cəlildən əvvəl Müzəffər İbrahim bəy oğlu Davatdarov adlı bir zabitlə ailə qurub. Bu nikahdan onların bir qızı, bir oğlu dünyaya gəlib. Davatdarov döyüşlərin birində həlak olur, Həmidə xanım övladları ilə ata evinə qayıdır).

Mariya Mirzə Cəlilin ailəsinə necə gəldiyini xatirələrində belə nəql edirdi: "Bacım Polina Mirzə Cəlil və Ömər Faiqin açdığı pansionda mürəbbi işləyirdi. O, gəlib məni də öz yanına, Tiflisə apardı. Mənim kimi 13 yaşlı yetim bir qızın Mirzə Cəlil kimi böyük yazıçının, alicənab insanın himayəsinə keçməsi nə qədər xoşbəxtlik idi”.

Mirzə Cəlilin və Həmidə xanımın isti münasibəti Mariyanı ailənin doğma bir üzvünə çevirir. Onlar Münəvvərlə yanaşı Mariyaya da gimnaziya təhsili verməyi qarşılarına məqsəd qoyurlar. Bu haqda Mariya xatirələrində yazırdı: "Mirzə məni və qızı Münəvvəri Beybutovskaya küçəsindəki 3-cü qız gimnaziyasına qoydu. İşinin çoxluğuna baxmayaraq, Mirzə Cəlil bizim təhsil və tərbiyəmizlə çox ciddi məşğul olurdu. Biz 4 il orada təhsil aldıq”.

Mariyanın xatirələrindən belə bəlli olur ki, Mirzə Cəlil dərslər sona çatan kimi Münəvvəri və Mariyanı Kəhrizliyə istirahətə gətirir, Bakıya gəzməyə aparırmış.

1917-ci ildə Mariya imtahan verərək kənd müəllimi adını alır və yenidən Kəhrizliyə qayıdır. O, Kəhrizlidə Həmidə xanımla Mirzə Cəlilin açdığı məktəbdə dərs deməyə başlayır. Artıq bu zaman Mariya böyümüş, ailə qurmaq yaşına çatmışdı. Bu haqda Həmidə xanım Cavanşirin (Məmmədquluzadə) "Xatirələrim”dən oxuyuruq: "Mariya artıq on il idi ki, bizimlə yaşayırdı. Ona müəllimlik diplomu ilə yanaşı, tibb təhsili də vermişdik. Cavan bir rus Mariyaya elçi düşmüş, o da öz razılığını vermişdi. İmkan daxilində onun bütün cehizini aldıq, kəbinləri kəsildi və onu ər evinə yola saldıq”.

Əslində Mirzə Cəlilin ailəsində böyüyüb, boya-başa çatan təkcə A.J.Mariya deyildi. Onların evində bir necə kimsəsiz, kasıb uşaqlar ailənin övladları ilə eyni qayğıda, eyni sevgidə böyümüşlər. Məsələn, Həmidə xanımın yetim qalan əmisi nəvəsi Qəmər, heç bir qohumluq əlaqəsi olmayan Leyla Əliyeva, Mirzə Cəlilin bacısının uşaqları (bacısı Səkinə xanım 1913-cü ildə vərəm xəstəliyindən vəfat edir), Mirzənin oğulluğu Heydər (Nazlı xanımın Mirzə Cəlildən əvvəlki nikahdan olan oğlu) bu ailədə yalnız böyüyüb-başa çatmadılar. Onlar həm də bu ailənin xeyir-duası, qayğısı ilə ailə, ev-eşik sahibi oldular.

"Cəlil Məmmədquluzadə Ensiklopediyası”ndan və Həmidə xanımın xatirələrindən belə aydın olur ki, bu ailənin çörəyi, himayədarlığı ilə böyüyən, təhsil alanlardan biri də Leyla Əliyeva adlı bir kimsəsiz gənc olub. Leyla uşaq vaxtlarından Həmidə xanımın himayəsində böyüyüb. Sonra onun Kəhrizli kəndində açdığı toxuculuq emalatxanasında işləyib. Hətta Mirzə Cəlil ailəsi ilə birlikdə 1920-ci ildə İrana köçərkən Leyla xanımı burada tək qoymağa ürək etməyib, özləri ilə aparıblar.
Burada mətləbdən uzaq olsa da, bir faktı qeyd edim ki, Mirzə Cəlil məcburiyyət qarşısında qalaraq bu köçü etmişdir. Bunun səbəbini görkəmli mətbuatşünas alim Əziz Mirəhmədov belə açıqlayırdı: "...fevral və oktyabr inqilabları adı ilə məşhurlaşan hadisələrin imperiya xalqlarına, o cümlədən azərbaycanlılara xoşbəxtlik gətirə bilməyəcəyini dərk edirdi: arvadı Həmidə xanımın malikanə, torpaq, məktəb sahibi, "mülkədar-xeyriyyəçi qadın” olması, qardaşı Ələkbərin isə İran inqilabı fədailərindən və Səttarxanın yaxın silahdaşlarından biri kimi tanınması, erməni-daşnak canilərinin Qarabağdakı vəhşilikləri zamanı silah götürüb Xankəndindəki döyüşlərdə iştirak etməsi və s. kimi səbəblər üzündən Təbrizə mühacirətini labüd etmişdi”.

Mirzə Cəlili səfər ərəfəsində bürüyən hiss-həyəcan, təlaş, onun yolboyu narahatlığı, əziyyətləri, maddi-mənəvi sıxıntıları Həmidə xanımın xatirələrindən də bizə aydın olur. Vətəndən vətənə köç edən ədib çıxılmaz bir durumda qalaraq bu addımı atır. Təbrizdə də çox böyük çətinliklərlə "Molla Nəsrəddin”in 8-sayını çap etdirən Mirzə Cəlil, yenidən ailəsi ilə birlikdə Bakıya qayıtmalı olur. 1921-ci ildə Mirzə Cəlilin ailə üzvləri ilə birlikdə Bakıya qayıdan Leyla xanım, yenidən Həmidə xanımla Kəhrizliyə gəlir və burada təsərrüfat işlərində ona yardımçı olur. Həmidə xanım onun təhsil almasına da şərait yaradır. Təhsilini başa vuran Leyla xanım Xankəndində tibb bacısı kimi fəaliyyətə başlayır. Çoxları kimi, onun da çadranı atması heç də hamı tərəfindən yaxşı qarşılanmır.

Bir gün işdən evə dönərkən bir qəssab caninin bıçağı ilə yaralanır. Bunu eşidən Mirzə Cəlil məktub yazaraq təcili onu Bakıya çağırır. Bu hadisəni illər sonra Leyla xanım belə xatırlayırdı: "Təzəcə sağalmışdım ki, Mirzə Cəlil mənə yolpulu göndərib Bakıya çağırdı. Ədibin köməyi ilə Bakıda tibb məktəbində oxumağa və onun ailəsində yaşamağa başladım. Ədib mənim kimi bir neçə cavana əsl mənada atalıq edirdi”.
Bütün bunlar bir daha sübut edir ki, ömrünün son illərini sovetlərin "səxavəti” nəticəsində çox çətin keçirən Mirzə Cəlil, yenə də xeyirxahlığından qalmayıb. Onun ömrünün son illərini Həmidə xanım belə xatırlayırdı: "Mirzə Cəlil iztirab içində görünürdü. Jurnalla bağlı işləri də yaxşı getmirdi. Evimizdə böyük külfət vardı, xərcimiz borcumuzu ödəmirdi. Bütün bunlar Mirzə Cəlilin səhhətinə pis təsir edir, onu çərlədirdi. 1930-cu il noyabrın 18-də Mirzə Cəlili iflic vurmuş, sol əlinin və ayağının fəaliyyəti zəifləmişdi. Həkimlər ona zehni işlə məşğul olmağı birdəfəlik yasaq etdilər. Biz çox mütəəssir olmuşduq. Dolanışığımız isə günü-gündən pisləşirdi. Mirzənin kiməsə ağız açmağa üzü gəlmir, utanırdı. Ürəyində ağır götür-qoy edir, daim fikir çəkir, ona yetərincə qiymət verilmədiyinə çox üzülürdü”.

Bütün bunları yalnız vicdanını və şərəfini ehtiyacından qat-qat üstün tutan, zamanın çətinliklərinə məğlub olmayan Mirzə Cəlil kimi əzəmətli şəxsiyyət edə bilərdi. Ona görə də Mirzə Cəlil yalnız bir sənətkar kimi deyil, həm də xeyirxah insan kimi daima hörmət və ehtiramla yad ediləcək.
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist

banner

Oxşar Xəbərlər