• cümə axşamı, 28 mart, 18:30
  • Baku Bakı 13°C

Vasitəçilik missiyası tərəflərə bərabər yanaşma tələb edir

14.11.18 20:26 745
Vasitəçilik missiyası tərəflərə bərabər yanaşma tələb edir
Azərbaycanla Fransa arasında həm siyasi, həm iqtisadi, həm də Avropanın enerji təhlükəsizliyi məsələlərində ciddi əməkdaşlıq mövcuddur. Lakin rəsmi Parisin Ermənistanla, o cümlədən Dağlıq Qarabağla bağlı tutduğu mövqe haqlı olaraq Azərbaycanda birmənalı qarşılanmır. Çünki Fransa ATƏT-in Minsk qrupunun həmsədrindən biridir və Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik missiyasını həyata keçirir.
Buna görə də bir çox hallarda Fransanın birtərəfli mövqe sərgilədiyini görməzdən gəlmək olmur. Elə bu günlərdə Ermənistanda keçirilən Frankofoniya sammitində iştirak etmək üçün Fransa prezidenti Emmanuel Makronun Yerevana gəlməsi də məhz qeyd edilən məqamlardandır. Minsk qrupunun həmsədri kimi Fransanın dövlət başçısının bu səfərinin bütövlükdə Cənubi Qafqaz ölkələrini əhatə edəcəyi gözlənilən idi. Lakin Makron Ermənistana gəlməklə kifayətləndi. Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən Fransanın dövlət rəhbəri tərəfindən atılan bu addım növbəti birtərəfli mövqe olmadımı?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc bildirdi ki, hələ 1995-ci ildə, yəni Azərbaycanın müstəqilliyinin cəmi 4 yaşı olanda Fransa cəmiyyətinə qarşı haqlı iradlar, etirazlar və tənqidlərin qat-qat böyük olduğunu görməkdə idik: "Çox yaxşı xatırlayıram ki, ulu öndər Heydər Əliyev Minsk qrupu formatında Avropadan yer alan bu dövlətin rolu haqqında danışarkən söyləyirdi ki, Parisdə görüşləri zamanı Jak Şirak ona səmimi etiraf edərək, Azərbaycanda həm rəsmi dövlət orqanlarında, həm də cəmiyyətdə Fransanın mövqeyinə, bu regiondakı konfliktlərdə barışcıl davranışlar sərgiləməyəcəyinə əminlik olduğunu deyibmiş. Fransanın Ermənistanla qardaşlıq nümayiş etdirəcəyinə və hərbi cəhətdən yardım göstərəcəyinə inam mövcud idi. Bu nöqteyi-nəzərdən açıq deməliyik ki, bu şübhələr cəmiyyətin müəyyən təbəqələrində hələ də qalmaqdadır. Onu da deməliyik ki, dövlət siyasəti yalnız hansısa faktı konstatasiya etmək, onun təsvirini vermək deyil, əgər arzu etmədiyimiz şərait mövcuddursa, onu dəyişdirməkdir. Ötən illər ərzində Fransa ilə Azərbaycan arasında yaxşı iqtisadi-siyasi münasibətlər formalaşıb və bu da özü-özlüyündə Ermənistanla olan münasibətlərə də təsir göstərdi. Yəni, Azərbaycan seyrçi, passiv mövqedə durmadı ki, Paris-İrəvan əlaqələri bizim mənafelərimizi təhdid etsin. Təbii ki, 100 il ərzində Paris çevrəsində qərarlaşmış böyük erməni cameəsi var. Ermənilər 26 bələdiyyədə üstünlüyə malikdirlər, onlarla şəhərlərin, qəsəbələrin küçələri erməni adları daşıyır. Şarl Aznavura öz parlaq simaları kimi ehtiram göstərirlər, yaxud Fransa dövlətinin rəhbərliyi onun mərasiminə qatılır. Digər yandan, Frankofoniya tədbiri baxmayaraq ki, fransız dillilərin forumudur, lakin ermənilər bu dilə üstünlük verdiyini deyərək, özlərini bura siyasi cəhətdən pərçim ediblər. Buradan da xal qazanmağa cəhdlər göstərirlər. Məhz bu tədbir çərçivəsində Şuşaya, Xankəndinə, hətta Laçına meriya institutlarının, bələdiyyə orqanlarının nümayəndələrini gətirirlər və hansısa iş birlikləri haqqında saziş imzalayırlar. Bunu da Fransa dövlətinin siyasəti kimi təqdim etməyə çalışırlar”.
Z.Oruc vurğuladı ki, Makron gənc insandır və bu gün Avropanın çox böyük qayğıları altındadır: "Qədim qitə olaraq burada birincilik uğrunda, xüsusilə Merkeldən sonra rəqabət daha da güclənib. Makron Avropanın ordusunu yaratmaq, NATO qolundan ayırmaq, Amerikanın təhlükələrinə qarşı çıxmaq və sair istəyindədir. Bu səbəbdən də Qafqaza bütöv baxmaq imkanında deyil. Açıq bildirməliyik ki, Fransa vasitəçilik missiyasında yer alsa da, irəli sürülən təşəbbüslər Parisdən qaynaqlanmır. Biz onu görmürük ki, Fransa dövləti tərəfindən ədalətli mövqe ortalığa qoyulsun, ölkə rəhbərləri Parisdə görüşsün. Hansı ki, bunlar zamanında baş veribdir. Məsələn, Ukrayna hadisələrində necə ki, Fransua Ollandın iştirakı ilə 17 saatlıq Minsk görüşündə öz ölkələrinin problemlərini kənara qoyub Krım, yaxud da Donbas və ətrafındakı vəziyyəti sabitləşdirmək istəyirdilər. Ona görə ki, Avropa İttifaqında rəqabət aparan Fransa və Almaniyanın postsovet məkanına böyük maraqları var. Fransa bizim ölkəyə 2 milyard avrodan yuxarı investisiya qoyub və bir sıra şirkətlərin Azərbaycanda çox ciddi dayaqları mövcuddur. Belə olan təqdirdə, biz hərtərəfli şəkildə, yəni həm siyasi, həm iqtisadi, həm enerji sahəsində, eyni zamanda diplomatik xətlərlə Yelisey sarayının mövqeyinə təsir göstərməyə çalışırıq. Əminəm ki, Makron Azərbaycana gələcək, çünki ölkə rəhbərliyi ilə görüşdə bu yöndə açıqlamalar verilib. Birtərəfli qaydada erməni mövqeyini tutmaq ilk növbədə Makronun özünün prezidentlik mənafelərinə zərbə vuracaq. Çünki əgər qlobal siyasətdə olmaq istəyirsənsə, mütləq ədalətli tendensiyaları stimullaşdırmalısan. Sən bu gün Qafqaza gəlib Qarabağı ikinci erməni dövlətinə çevirib də öz mənafelərini sürdürə bilməzsən. Çünki bu dərhal münaqişəni alovlandıra bilər və şübhəsiz ki, Azərbaycan ikinci, üçüncü dairələrin əli ilə əleyhimizə savaş aparılmasına yol verməmək üçün tədbirlərini davam etdirəcəkdir”.

Politoloq Elşad Mirbəşiroğlu bildirdi ki, ümumiyyətlə Frankofoniya təşkilatının sammitinin Ermənistanda keçirilməsinin heç bir əsası yox idi: "Bu təşkilat əsasən fransız dilli ölkələri özündə birləşdirir. Bir daha qeyd edim ki, bu təşkilatın tədbirinin Ermənistanda keçirilməsi əsassızdır. Hesab edirəm ki, sammitin Ermənistanda keçirilməsinin əsas hədəfi bu ölkədə növbədənkənar parlament seçkilərində Paşinyana dəstək olmaqdan ibarət idi. Yəni, artıq aydındır ki, Paşinyan qərb tərəfindən birmənalı olaraq dəstəklənir və qərbin istəyi ondan ibarətdir ki, nəyin bahasına olur-olsun, Ermənistanı Rusiyanın təsirindən çıxarsın. Bu baxımdan da qərb ölkələri tərəfindən Ermənistana çox ciddi dəstək mövcuddur”.
E.Mirbəşiroğlu əlavə etdi ki, Fransa Minsk qrupunun həmsədr dövlətlərindən biridir: "Fransanın regionda Ermənistana yaxın mövqe sərgiləməsi onun vasitəçiliyinin səmərəliliyini və səmimiliyini sual altında qoyur. Ümumiyyətlə, hər zaman Fransanın mövqeyində Ermənistana fərqli münasibət özünü göstərib. Amma onu da nəzərə almaq lazımdır ki, Azərbaycanla Fransa arasında münasibətlərin səviyyəsi heç də Ermənistanla Fransa arasında olan əməkdaşlığın səviyyəsindən aşağı deyil. Hesab edirəm ki, hətta son illər Fransa Azərbaycana daha çox önəm verməkdədir. Nəzərə almaq lazımdır ki, Fransanın rəsmi nümayəndələrinin Azərbaycana səfəri də baş tutmuşdur və iki ölkə arasında münasibətlər dinamik inkişaf edir. Bu baxımdan düşünürəm ki, Fransada erməni diaspor təşkilatının təsiri özünü göstərir, amma rəsmi səviyyədə Fransanın Azərbaycana önəm verdiyi də göz önündədir”.

Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər