Vaşinqton görüşü ərəfəsində davamlı erməni təxribatı
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqların
davam etdirilməsi ilə bağlı razılıq əldə edilib. Lakin görünən odur ki,
Ermənistanın yeni Paşinyan hakimiyyəti beynəlxalq diplomatik qaydalara da əməl
etmək istəmir. Belə ki, Azərbaycan və
Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü ərəfəsində erməni tərəfi
təmas xəttində və sərhəd boyunca təxribatlar törətməkdə davam edir. Bir müddət
əvvəl cəbhədə Azərbaycan Ordusunun iki hərbçisi ermənilər tərəfindən şəhid
edildi. Bundan sonra hərbi təlimlər zamanı Ermənistan tərəfindən Azərbaycanın
hərbi helikopterlərinə atəş açıldı. İndi isə Ermənistan hərbi birləşmələri təmas
xəttində atəşkəsi minaatanlarla pozmağa başlayıb. Bütün bunların fonunda isə
Ermənistanın siyasi hakimiyyəti üzərinə öhdəlik kimi götürdüyü sülh danışıqlarını
şübhə altına alaraq hərbi ritorikalı bəyanatlar verir. Ermənistanın heç bir
məntiqə sığmayan bu addımlarına hələlik ATƏT-in Minsk qrupu tərəfindən reaksiya
verilməyib. Həmsədrlər indiki halda işğalçıya təzyiqi artırmaq əvəzinə,
danışıqların davam etdirilməsi fikrindən o yana keçə bilmirlər. Bəs görəsən
belə bir vəziyyətdə Azərbaycan tərəfi necə davranmalıdır?
BƏXTİYAR
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirdi ki, bu
məsələdə Azərbaycanın mövqeyi birmənalıdır: "Biz bir tərəfdən torpaqlarımızın
azad edilməsi üçün hazırlıq görürük, digər tərəfdən isə Ermənistanın
təxribatlarına layiqincə cavab verilir. Azərbaycanın müdafiə naziri, general-
polkovnik Zakir Həsənov bir neçə gün əvvəl keçirdiyi əməliyyat müşavirəsində, o
cümlədən yeni açıqlamasında da bildirdi ki, Ermənistan tərəfi layiqli cavabını
alır. Bu gün Ermənistanın geniş döyüş əməliyyatı aparmaq üçün müasir silahları
yoxdur. Həmçinin, bu ölkənin ordusunda kadr çatışmazlığı var, zabitlərin və
əsgərlərin əlindən zorla pullarının alındığı, korrupsiyanın hökm sürdüyü bir
şərait mövcuddur. Ermənistan əsgəri və zabiti özgə torpağında olduğunu və
Azərbaycan tərəfdən hər an həmlənin gözlənildiyi yaxşı dərk edir. Bizim
cavabımız adekvatdır və Ermənistan tərəfi etdiyi hər bir təxribatın cavabını
layiqincə alacağını özü üçün birdəfəlik aydınlaşdırmalıdır”.
A.Mirzəzadə diplomatik sahədə atılacaq addımlara toxunaraq qeyd etdi
ki, Azərbaycanın xarici işlər naziri Ermənistanın qeyri-konstruktiv mövqeyi barədə
vaxtaşırı bəyanat verir: "Azərbaycan tərəfi Ermənistanı beynəlxalq hüquq
normalarına riayət etməyə çağırır. Eləcə də beynəlxalq ictimaiyyəti və
təşkilatları Ermənistanın fəaliyyəti barədə məlumatlandırır. Bunun nəticəsidir
ki, bir müddət əvvəl Fransa məhkəməsi bu ölkənin bəzi şəhərlərinin işğal
altında olan Azərbaycan torpaqlarında yaradılmış separatçı rejimlə bağlanmış
"dostluq xartiyaları”nı qüvvədən düşmüş hesab etdi. Ümumiyyətlə, Ermənistan həm
daxili, həm də xarici siyasətdə uduzur. Bu vəziyyətdə Paşinyan rejimi
Sarkisyanın atdığı addımları təkrarlayır. Paşinyan bununla hakimiyyətdə qalmağa
və öz ictimaiyyətini aldatmağa çalışır. Amma nə qədər aldadacaq? Bu gün
insanlara sözlər yox, iş yeri, yüksək əmək haqqı, artımlı pensiya və sabaha
təminat lazımdır. Bunlar isə Ermənistanda yoxdur”.
Politoloq Elşad
Mirbəşiroğlu bildirdi ki, Ermənistanın Dağlıq Qarabağ danışıqlarında vacib
görüşlər ərəfəsində təxribatlar törətməsi birinci dəfə deyil: "Hər şeydən öncə
məqsəd ondan ibarətdir ki, Azərbaycanın belə təxribatlara sərt reaksiyasına
nail olunsun. Bu cavab reaksiyasına istinad edərək Ermənistan tərəfi təmas
xəttində atəşkəs rejiminin pozulmasına görə məsuliyyətin Azərbaycan üzərinə
qoyulmasına çalışır. Ardınca isə Azərbaycana qarşı əlavə beynəlxalq təzyiqlərə
nail olmaq istəyir. Bu baxımdan hesab edirəm ki, belə vəziyyətlərdə Azərbaycan
təmkinini pozmamalıdır. Təbii ki, təxribatların qarşısı sərt şəkildə alınır.
Azərbaycan təkcə müdafiə mövqeyində dayanmayıb. Bildiyimiz kimi, düşmən tərəfi
təxribat törətdiyi zaman Azərbaycan tərəfi həmişə onun qarşısında sərt bir
formada öz gücünü göstərir və düşməni itkilərə məruz qoyur. Düşünürəm ki,
ermənilərin təxribatı zamanı ehtiyatlı olmaq lazımdır”.
E.Mirbəşiroğlu əlavə etdi ki, Vaşinqtonda nəzərdə tutulan görüşdə
Azərbaycan tərəfi yenə də beynəlxalq hüquq və ölkəmizin ərazi bütövlüyü
prinsipləri çərçivəsində münaqişənin tənzimlənməsinin tərəfdarı olduğunu bir
daha səsləndirəcəkdir: "Bundan başqa, Ermənistanın işğalçılıq siyasəti həyata
keçirdiyini bir daha nəzərə çatdıracaqdır. Azərbaycanın xarici işlər naziri həm
də Ermənistan tərəfinin təxribatları haqqında da məlumat verəcək. Həmçinin
nazir bu təxribatlarda işğalçı Ermənistanın regionda pozuculuq fəaliyyəti ilə
məşğul olmasını bir daha təsdiq etmiş olacaqdır. Düşünürəm ki, bütün hallarda Azərbaycan
hazırkı siyasətini davam etdirməlidir. Fikrimcə, münaqişə vəziyyətində
bütövlükdə Azərbaycanın potensialı davamlı olaraq güclənməkdədir. Azərbaycanın
özünün siyasi, hərbi və iqtisadi potensialını gücləndirməklə münaqişə
vəziyyətində qətiyyətli mövqeyini ortaya qoyaraq Dağlıq Qarabağ probleminin
ölkəmizin ərazi bütövlüyü çərçivəsində tənzimlənməsinə nail ola biləcək”.
BƏXTİYAR