• çərşənbə axşamı, 23 aprel, 10:32
  • Baku Bakı 20°C

Varlıq, hərəkət və bilinməzlik

22.01.20 11:30 2218
Varlıq, hərəkət və bilinməzlik
Ən təhlükəli basqı fəlsəfi basqıdır
Vəhdətin daxilindəki kəsrət onu parçalayır, yoxsa daha da möhkəmləndirir? Kəsrət zərurətdir, yoxsa xaos? Bəlkə xaosun özü bir zərurətdir? Vəhdət təklikdir, yoxsa çoxluğun birliyi? Ən nəhayət - əvvəl vəhdət yaranıb, yoxsa kəsrət? Bunları cavablandırmağa çalışaq. Kəsrət həm zaman, həm də məkan bölgüsüdür. Vəhdət isə bunun əksinə, zamanın da, məkanın da birliyidir. Kəsrətin olmaması, eyni zamanda yoxluq anlamına gəlir. Əgər vəhdət varsa, deməli, nə zaman mövcuddur, nə də məkan. Yuxarıdakı son sualı bir az başqa cür təkrarlasaq, varlıq tək parça halında yaranıb, yoxsa parçalar halında yaranıb, bütövləşməyə doğru gedir? Bunların ikisi də həm başlanğıc, həm davamiyyət ola bilməz. Monolaşmış dini düşüncə belə iddia etməyə çalışır ki, hər şey bütöv yaranıb və bütövlüyə doğru gedir. Yəni din bir növ kəsrəti inkar edir. Hətta müxtəlif dinlərin içərisindəki fəlsəfi dərinliklərə baş vurmuş ayrı-ayrı məktəblər daha da irəli gedərək, varlığın
parçalanmasını Tanrının parçalanması anlamına gəldiyini deyir. Yəni belə çıxır ki, Tanrı birdirsə, deməli, varlıq da birdir.
Bu cür düşüncələr fəlsəfi hürriyyətlə bərabər, inancın gizli basqısı altında meydana gəlir. Çünki inkar edilən heç bir şey azad düşüncənin məhsulu deyil. Burada isə çox böyük bir şey - kəsrət inkar edilir. Necə deyərlər, vəhdət diktatura halına keçir. Belə zənn edirik ki, bu da basqıdır. Azadlıq - mövcud olan heç bir şeyi inkar etməməkdir. Əslində, azad olması gərəkən, düşüncənin özüdür. Yəni basqı sahibi özü-özündən azad olmalıdır. Bəlkə cəmiyyət anlayışında, dövlət və ailə institutlarında baxış sahibinin azad düşüncəni rədd etməsi müəyyən mənada realdır. Ancaq ən təhlükəli basqı fəlsəfi basqıdır. Bunun da ən bariz örnəyi dindir. Din hər zaman vəhdəti hakimiyyətlə qarışdırıb. Yəni "Tanrının hakimiyyəti elə Tanrının vəhdəti deməkdir” deyib və bu israrında da davam edir. Lakin əbədi dialektika belə bir məntiqlə çıxış edir ki, basqı altında olan hər şey ayaqlanan, əzilən, şumlanan torpaq kimi, daha da verimli, daha da zəngin olur. Kəsrəti inkar etdikcə, hər şey daha çox parçalanır. İnkar, ümumiyyətlə uydurmadır və təbiətdən gəlmir. İnkarı fəlsəfəyə çevirən isə dindir. Din hətta zaman-zaman elmi də buna alət edir.
Ən kiçik bir nəsnənin beləinkarı, mükəmməl yazılmış bir simfoniyadakı hər hansı bir musiqi alətini və ya melodik parçanı partituradan çıxarmağa bənzəyir. Bu isə həmin simfoniya ilə bərabər, onun müəllifini də inkar etmək deməkdir. Əlbəttə, varlıq simfoniya deyil və onun bəstəkarı da o qədər ahəngdar, sülhsevər və sadəlövh deyil. Ancaq nə etmək olar?! Varlıq varlıqdır. Onu düşünməyi istəməmək mümkündür, ancaq düşünməmək mümkün deyil. "Hər şeydə hər şey var" demək çox doğru olardı. "String teori"yə - yəni "Tel nəzəriyyəsi"nə etimad etsək, hər şey bir-birinə bağlıdır və deməli, hər şey bir şeydir. Bağlı olmaq, həm əlaqəli olmaq deməkdir, həm də birlikdə hərəkət etmək. Ən müasir fizikadan imdad istəməyimiz isə qayət təbiidir və bu, bütün filosofların haqqıdır. Çünki fizikanı Tanrı yaradıb, fəlsəfəni insan. Dolayısı ilə, fəlsəfə fizikanın əsasında yaranıb - necə ki, insan Tanrının əsasında yaranıb. Fizika kimi, Tanrı da bazadır. Sıralamanı ona görə belə etdim ki, fizikanı anlamaq üçün, Tanrıya inanmaq deyil, Tanrıya inanmaq üçün fizikanı anlamaq lazımdır. Bu mənada elm Tanrıya fəlsəfədən bir addım daha yaxındır. Tanrıya yaxınlıq, Ondan uzaqlaşdıqca mümkün olur! Düşüncə dolaşdıqca, Tanrı öz varlığını daha açıq büruzə verir. Tanrını inkar edənlər, əslində Onu dərk etmək üçün bunuediblər.
Tövhidçilərin dərdi isə Hindistandakı otuz milyon tanrını bir tanrı etmək deyil. Onların dərdi otuz milyon tanrını bir tanrı etməklə, həmin otuz milyona tapınanları bir çatı altında birləşdirməkdir. Yoxsa, sənə nə, dünyanın o biri ucunda kim nəyə inanır?! "Bütün dünya əvvəl-axır bir din altında birləşəcək" deyənlər, əslində "Bütün dünya əvvəl-axır bir bayraq altında birləşəcək" demək istəyir. Bir Bektaşi dərvişinin təkbaşına Avropada gördüyü işi, yüz minlərlə silahlı ordular Hindistanda görə bilməyib. On dörd əsrdir hələ də Kəşmirdə qan axır. Niyə? Çünki bu genişlənmənin təməli qanla qoyulub. Bektaşi dərvişlər isə Avropadakı xristianlığı inkar etmirdilər. Çünki oralara İslamı yaymaq üçün getməmişdilər! Özünlə bir ad aparsan, getdiyin yerdəki başqa bir adı mütləq şəkildə inkar etməli olacaqsan. Kəsrət adların, şəkillərin cəmi olsa da, onların birliyi deyil. Birliyin adı üstündədir - "bir". Yəni tək. Burada isə söhbət cəmdən gedir. Cəmin bir araya gəlməsinə ehtiyac yoxdur. O, zatən bir aradadır. Həqiqi cəm, bu mənada eyni fikirlərin deyil, müxtəlif fikirlərin bir arada olmasıdır. Zira, İslamdakı "cəmaət" sözü ilə "cəm" sözü qrammatik cəhətdən eyni köklü olsa da, məna və mahiyyət baxımından tamamilə ayrı, hətta bir-birinə zidd anlayışlardır. Son dövrlərdəki sufi cəmiyyətləri yavaş-
yavaş cəm halından cəmaət halına dönüşdüyü üçün, Şərqin bir az mütərəqqi düşüncəyə sahib olan insanları oralardan da qaçaq düşdülər. Rəhbərin yeri dövlətdir, ailədir, şirkətdir, düşüncə deyil. Düşüncəyə rəhbər təyin edilənlərin məqsədi mövcud kəsrəti inkar etməkdir. Mövcud kəsrət isə elə mövcudiyyət deməkdir. Klassik təsəvvüfdəki "vəhdəti-mövcud" anlayışı kəsrətin təsdiqinə nisbətən yaxınlaşan bir zehniyyətdir. Lakin bütün zehniyyətlərdə olduğu kimi, orada da sistemləşmə getdi.
Əvvəl şərti olaraq sıralanan şeylər sonradan şərt olaraq ortaya qoyuldu və məhəbbət qanuna çevrildi. Hər şeyi inkar edən Şəms Təbrizi İmam Qəzzalini də inkar edirdi. Həqiqətdə isə Şəms inkarçı yox, inkarın inkarçısı idi. Kəsrəti inkar etmək vəhdətə aparmır. Ancaq vəhdəti inkar etmək kəsrətin vəhdətinə, yəni əsl vəhdətə götürür insanı. Həllac Mənsur da, Şəms Təbrizi də bu inkarçılardan idilər. Elə buna görə də Əlaəddin Keyqubada Mövlana lazım idi, Şəms yox! Əvvəldəki sözümüzü bir az da irəliyə apararaq, demək istərdik ki, kəsrət müxtəlif zamanları və müxtəlif məkanları qovuşduran bir anlayışdır. Sokratı Şəmslə, Aristoteli Farabiylə qovuşduran bir zehniyyətdir kəsrət. Əslində isə kəsrət deyil, sadəcə mövcudiyyətdir. Zehniyyət mövcudiyyət haqqındakı düşüncədeməkdir. Kəsrət isə dediyimiz kimi, zatən mövcuddur. Kəsrətdən qorxanlar Tanrını itirməkdən qorxurlar. Həqiqətən də, o tanrı ki, bu gün təsəvvürlərdə var, onu kəsrətlə bir araya sığdırmaq mümkün deyil. Kəsrət olmasaydı, fəlsəfə yaranmazdı. Elm haqqında isə ümumiyyətlə, təsəvvürlər var ola bilməzdi. Kəsrət, hər şeyin var olduğunu, ancaq hər şeyin gözəl olduğunu qəbul etmək deyil. Haqq və gözəllik özü də bir basqıdır. Hər şeyin gözəl olduğunu və Haqq olduğunu iddia etməyin özü də kəsrəti inkar etmənin başqa bir yoludur. Yenə də hər şey bir çatı altına gedir, hər şey bir əldən idarə edilir və həmin əl də bu dünyada birilərinin çiynindədir! Nəticədə, Tanrı yenə də insan nəfsinə xidmət edir! Əslində isə kəsrət tam anlamı ilə bölünməkdir, ziddiyyətdir, ancaq qətiyyən müqayisə və mübarizə deyil. Tarix elmində müharibənin tərifi tərəflərin arasındakı ziddiyyətlərin kəskinləşməsi olaraq verilir. Ancaq varlıqdakı ziddiyyətlər arasındakı münasibətlər heç zaman kəskinləşmir və bu ziddiyyət müharibəyə deyil, harmoniyaya hesablanıb. Bu dəfə Tanrı bəstəkarla insan bəstəkar bir-birinə çox bənzəyir. Onların ortaq nöqtəsi ayrı-ayrı dissonansları bir araya gətirərək, ümumi konsonanslıq yaratmaq bacarığıdır.
Gerçək vəhdət görünməz bir əlin görünən basqısı altında bütünyaranmışların üzünü bir qibləyə çevirmək deyil. Bu, qeyri-mümkün olduğu qədər də, ədalətsizdir! Bəli, mümkünü namümkünə çevirmək nə qədər böyük ədalətsizlikdirsə, namümkünü mümkünə çevirmək ondan da böyük ədalətsizlikdir. Mümkünlük bir mərtəbədir. O mərtəbə bitdiyində Tanrı bitir. Tanrı zordan qaçır. Hətta ona meydan verir! Çünki, zor da kəsrətin bir inkarı olmaqla, qeyri-mümkün olan vahid bir Tanrı yaratmaq istəyir. Minlərlə adı olan tanrı ilə, minlərlə heykəli olan tanrının heç bir fərqi yoxdur. Adlar da, heykəllər də insanların ehtiyacından yaranmışdır. Necə ki, qədim Yunanıstanda tanrının biri qəzəb, digəri mərhəmət saçırdısa, İslamdakı Tanrının da bir adı "Rəhman", bir adı "Qəhhar"dır! Müqayisə əlbəttə ki, bir qədər qüsurlu görünə bilər. Ancaq həqiqət burasındadır ki, o mərhəmət də, o qəhrü-qəzəb də insanların ehtiyacı, onların sifətləridir. İstəyəndə qəzəb, istəyəndə mərhəmət eləyən bir tanrını çox-çox uzaqlara, əlçatmazlara, dərkolunmazlara çəkib aparan zehniyyət, əslində Tanrının deyil, insanın gerçəkliyidir! Gizli tanrı yoxdur, gizlədilən tanrı var! Görünməyən tanrı yoxdur, göstərilməyən tanrı var!
Başqa bir həqiqət isə budur ki, insanlar Tanrını deyil, hakimlər özlərini gizlədirlər! Əgər hakimlər aşkara çıxsalar, o zaman onların kitablarına qeybdəki imamın vurduğu möhürü hamı görəcək. Hər kəsin gözü önündə Roma Papası Həzrəti İsa ilə görüşəcək. Bəli, onlar məhz bunu gizlədirlər, Tanrını yox. Onlar bunu da yaxşı bilirlər ki, Tanrını insanlardan gizlətsələr də, insanları Tanrıdan gizlətmək olmaz. Kəsrət ilk növbədə məhz bu gizliliyi ortadan qaldırır. Məhz kəsrətin sayəsində "qız uşaqlarına oxumaq haramdır" deyən mollanın arvadı xəstələnəndə ona qadın həkim axtarır. Məhz kəsrətin sayəsindədir ki, hicabın pozulması üstündə qadınları edam edən Səudiyyədən "Hacı" titulunu alan Zeynalabdin Tağıyev Məkkədən qayıdandan sonra Bakıda qızlar üçün məktəb açdı. Halbuki, vəhdətə əsasən, belə bir şey mümkün deyildi. Kəsrət insan zehnində açılan geniş meydan deməkdir. Kəsrətə talib olmayan bir zehniyyət sahibi, əgər məzlumdursa, daha da məzlum, zalımdırsa, daha da zalım olacaq. Bəs onda vəhdətə ehtiyac haradan yaranıb? Hər halda, inanıram ki, vəhdət düşüncəsi ilk başda hakimiyyət aqressiyasının məhsulu olmayıb. Hər halda, bu fikir yenə də məfkurə sahiblərinin ağlına gəlib - yəni kəsrəti görə-görə vəhdəthaqqında düşünmək.
Belə bir nəticəyə gəlmək olar ki, alim və arifləri özünə cəlb edən şey, ziddiyyətlər arasındakı bağlantı və əlaqədir! Yəni bir növ "String teori". Onlar varlığın ziddiyyətlərlə dolu olmasını, hətta ziddiyyətlərdən təşəkkül tapmasını, ancaq bu ziddiyyətlərdən doğan feliyyətin qətiyyən bir təsadüf əsəri olmadığını fərq etmişlər. Lakin bütün zamanlarda belə bir acı mənzərə meydana gəlmişdir - məfkurənin qələbəsi çox qısa bir müddətdən sonra hakimlərin əlinə keçmişdir. Tanrı bir olandan sonra padşah da bir olmağa başladı (mərhum Hüseyn Caviddən iqtibas). Əslində peyğəmbərlərin çıxdıqları dağ, sığındıqları mağaralar, necə deyərlər, laboratoriya rolunu oynayırdı. İsveçrə SERN laboratoriyasındakı "Tanrı parçacığı" enerji şirkətlərinin əlinə düşdüyü kimi, peyğəmbərlərin əqli-mənəvi ilhamının bəhrəsi olan, adına "vəhy" dedikləri ilahi məstlik də xəlifələrin əlinə düşərək, kitaba, hədisə, şəriətə çevrildi! Halbuki, bir-birinə zidd olan, hətta bir-birinin ziddinə dayanan fiqurlar ən pis halda həndəsədir. İnsan şüuru inkişafa davam etdikcə, həndəsi fiqurlar da mürəkkəbləşir. Bugünkü akkordları, harmoniyaları iki yüz il bundan öncə kilsə "şeytani intervallar" adlandırırdı. Mən əminəm ki, təxminən iki yüz il də keçəcək vəmusiqidə, ümumiyyətlə, dissonanslıq anlayışı qalmayacaq. Bilmədiyimiz rənglər Tanrının rəngləridir və biz hər zaman bir şeyləri bilmirik. Və onları bildikcə, bilmədiklərimizin sayı artır. Bu mənada kəsrət həm də eninə, uzununa və dərininə doğru durmadan irəliləyən bir mexanizmdir! Sonda isə əvvəlki suala cavab verək: fəlsəfə, yoxsa Tanrı! Əlbəttə, hər ikisi. Ancaq bir şərtlə; nə filosof bir Tanrı, nə də tanrıçı bir fəlsəfə! Sadəcə, varlıq, hərəkət və bilinməzlik!
Fəxrəddin Salim
banner

Oxşar Xəbərlər