• cümə, 29 Mart, 04:19
  • Baku Bakı 7°C

Vandallardan geri alınan yaralı təbiət

28.11.20 16:30 915
Vandallardan geri alınan yaralı təbiət
İşğaldan azad olunan ərazilərdəki ekoloji tarazlığın bərpa edilməsinə uzun illər lazım olacaq

30 ilə yaxındır ki, torpaqlarımız düşmən tapdağı altında idi. Ərazilərimizi işğaldan azad etdikdən sonra gördüyümüz mənzərə təəssüf ki, təsəvvür etdiyimizdən də dəhşətlidir. Erməni işğalçılarının tək xalqımıza qarşı deyil, təbiətimizə və təbii sərvətlərimizə qarşı da böyük terrorçuluq siyasəti həyata keçirmələri, təbii resursların talanması həmin ərazilərdə fauna və floraya külli miqdarda ziyan vurmasına, nadir növlərin məhv olmasına gətirib çıxarıb. Təsadüfi deyil ki, erməni işğalçılarının tapdağı altında qalmış 43 min hektar sahəsi olan xüsusi mühafizə olunan təbiət ərazilərində - Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında "Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş 24 fauna və 69 flora növü qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv edilib.
Bəs işğaldan azad olunan ərazilərin ekoloji tarazlığını bərpa etmək üçün nə etmək lazımdır?
"Qırmızı Kitabı”ın III nəşrinin nəşri planlaşdırılır
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib ki, işğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i dünyanın heç bir yerində təbii halda bitməyən endemik bitkilərdir: "İşğal altında olan Dağlıq Qarabağ və ətraf rayonların florası barədə geniş məlumatlar yoxdur. Bunu nəzərə alaraq, həmin ərazilərdə nadir və nəsli kəsilməkdə olan flora növlərinin araşdırılmasına başlanılacaq. Bu məqsədlə Azərbaycan Respublikası "Qırmızı Kitabı"nın III nəşrinin hazırlanması və nəşri planlaşdırılır”.
Yeni kateqoriyalı milli parkın yaradılması gündəmdədir

BDU-nun ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Nazim Şəmilov deyir ki, Qarabağın qüdrətli Azərbaycan Ordusu tərəfindən düşmən qüvvələrindən azad edilməsinin həm də mühüm elmi-təcrübi əhəmiyyəti var: "Xüsusi mühafizə olunan təbiət ərazilərimizdən Bəsitçay və Qaragöl Dövlət Təbiət qoruqları, həmçinin Laçın, Daşaltı və Arazboyu yasaqlıqlarında biomüxtəlifliyin mühafizəsi nəzarətsiz qaldığından 30 il müddətdə mənfur düşmənin hərbi-siyasi rejiminin iqtisadi fəaliyyəti nəticəsində flora və fauna vandalcasına istismar olunub. Dünyada çinarın cəmi 7 növü vardır. Respublikamızın dilbər guşəsi olan Zəngilan rayonunun ərazisində 107 ha-lıq sahədə mövcud olan Bəsitçay Dövlət Təbiət Qoruğu adı Azərbaycanın "Qırmızı Kitabı”na yazılmış şərq çinarlarını qorumaq məqsədilə yaradılmışdı. Çox təəssüf ki, son 30 ildə erməni təcavüzkarları bu nadir təbiət incisini də məhv ediblər. Laçın rayonu ərazisində dəniz səviyyəsindən 2650-2700 m hündürlükdə Qaragöl Dövlət Təbiət Qoruğu yerləşir. Bu qoruq xüsusi maraq doğuran yüksək dağ göllərindən biri olub, Alp landşaft kompleksinə malikdir və mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir. Qoruğun müasir vəziyyəti heç də qənaətbəxş deyil. Ətraf çəmənliklərin bitki örtüyü işğalçılar tərəfindən sistemsiz olaraq daim otarılmaqla korlanıb. Laçın rayonunun ərazisində Laçın Dövlət Təbiət Yasaqlığının yaradılmasında əsas məqsəd buradakı məməliləri (cüyür, qayakeçisi, çöl donuzu) və quşları (turac, kəklik) qoruyub artırmaq idi. Təəssüf olsun ki, işğal dövründə qeyd olunan canlıların vəziyyətindən məlumatsızıq. Daşaltı Dövlət Təbiət Yasaqlığı Şuşa şəhərinin ətrafında yaradılmışdı. Azərbaycanın ən səfalı və füsunkar təbiətli, zəngin tarixi abidələri olan sahələrindən biridir. Onların qorunmasının, etalon ərazi kimi saxlanılmasının təbiət və tarixi baxımdan mühüm əhəmiyyəti vardır. Yasaqlığın ərazisi zəngin meşə, kol və ot bitkilərinin təbii muzeyi idi. Arazboyu Dövlət Təbiət Yasaqlığı Tuqay meşələrinin qorunması və bərpası məqsədilə yaradılıb. Təəssüf ki, işğalla əlaqəli onun da fəaliyyəti tamamilə dayandırılıb. İşğaldan azad olunan ərazilərimizdə biomüxtəlifliyin mühafizəsi üçün xüsusi mühafizə olunan təbiət ərazilərimizin (qoruq və yasaqlıqlar) bərpası, həmçinin ekoturizmin inkişafı baxımından yeni kateqoriyalı milli parkın (və ya parkların) yaradılması gündəmdə olan məsələdir”.
"Meşə örtüyünün və yaşıllıqların bərpası istiqamətində tədbirlər görülür”
Ekologiya təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, təcavüzkar Ermənistan tərəfindən işğal altındakı ərazilərdəki flora və faunanın məhvi, xüsusən də Cəbrayıl, Zəngilan, Qubadlı və işğaldan azad olunmuş digər ərazilərimizdə yaşı iki min ildən artıq olan təbiət abidələrinin - çinarların kəsilməsi, Şuşa ətrafındakı Topxana meşəsinin qadağan olunmuş ağ fosforla yandırılması, indi də Kəlbəcərdə ağacların kəsilməsi, meşələrin yandırılması və ətraf mühitə qəsdən zərər verilməsi təbiətə qarşı ən ağır cinayətlərdir: "Biz bu barbarlığa yayılan foto və videolarda bir daha şahid olduq. Həmin ekoloji cinayətlər illərlə "Azərkosmos”dan alınmış foto faktlarda da təsdiq olunub. Eyni zamanda, yaşıllıqlara, meşə sahələrinə, bölgənin biomüxtəlifliyinə qarşı törədilən soyqırımı, yaradılmış əməliyyat qrupunda təmsil olunan nazirliyimizin əməkdaşlarının keçirdiyi monitorinqlərin ilkin nəticələrində də öz əksini tapıb”.
Nazir müavini qeyd edib ki, mövcud faktlar müvafiq beynəlxalq konvensiyaların katibliklərinə təqdim edilib: "Təbiətin məhv edilməsinə, qonşu xalqa nifrət və düşmənçiliyin bu cür vəhşi formada ifadəsinə son qoyulması, talançılığın qeydə alınması və ziyanların hesablanması üçün beynəlxalq müşahidə və qiymətləndirmə qrupları Azərbaycana dəvət olunacaq. Ekoloji terror faktlarına qiymət verilməsi üçün səylərimizi davam etdirməklə yanaşı, işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində işlərə artıq başlamışıq. İşğaldan azad olunmuş ərazilərdə noyabrın 11-dən başlayaraq müxtəlif növ ağac tingləri əkilir, meşə örtüyünün və yaşıllıqların bərpası istiqamətində tədbirlər görülür. Qarabağ ərazisində fəaliyyətimiz bundan sonra daha da intensivliklə davam etdiriləcək”.
"Kütləvi yaşıllaşdırma tədbirləri həyata keçirilməlidir”
Ekoloq Rövşən Abbasov deyir ki, işğaldan azad olunan ərazilərdə çirklənmə müxtəlif istiqamətlərdə baş verib. Onun sözlərinə görə, əsas istiqamətlərdən biri Kəlbəcər rayonu ərazisində və Tərtər çayının hövzəsində yerləşən Söyüdlü – Zod qızıl yatağının düzgün istismar edilməməsi nəticəsində çayın çirklənməsi və içməli su ehtiyatlarına vurulan ziyandır: " Həmin yataqdan qızıl çıxarılan zaman Tərtər çayının suları müxtəlif ağır metallar və toksik maddələrlə çirkləndirilib. Bundan başqa, digər çaylarda da çirklənmə müşahidə olunur. Məsələn, Zəngilan ərazisinə gələn Bazarçay və Oxçu çayları da Ermənistan ərazisindən daxil olur və onlar da ağır metallar və toksik maddələrlə çirklənib. Eyni zamanda, ekoloji təsirlərin ən əsası işğaldan azad olunmuş ərazilərdə meşələrin yandırılmasıdır. Ümumiyyətlə, bu 30 il ərzində düşmənimiz daima olaraq cəbhə xəttində yanğınlar törədib. Həmin ərazilərdə yerli ekosistem tamamilə məhv edilib. Meşələrlə bağlı da çox ciddi problemlər var və yanğınlar yerli faunaya ciddi ziyanın dəyməsi, ərazilərə məxsus heyvanların qaçması ilə nəticələnib. Bu ərazilərin bərpa edilməsi üçün təbii ki, kütləvi yaşıllaşdırma tədbirləri həyata keçirilməli, çirklənmiş suların vəziyyəti öyrənilməli və müvafiq təmizləmə proqramları icra edilməlidir. Bu işlər sistemli şəkildə həyata keçirilməlidir. Həmçinin torpağın vəziyyəti öyrənilməlidir. Çünki Zəngilanda Vecnəli yatağında, Kəlbəcərdəki Zod yatağında toksik maddələrlə çirklənmə çox olub. Bütün zəruri məlumatlar topladıqdan sonra müvafiq proqram çərçivəsində təmizləmə işləri aparılmalıdır”.
Məlumat üçün bildirək ki, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatlarının qiymətləndirilməsi üzrə İşçi Qrupu tərəfindən aparılmış ilkin qiymətləndirməyə görə biomüxtəlifliyin, meşələrin məhv edilməsi, torpaqların sıradan çıxarılması, istifadədən məhrum olunması, ətraf mühitin, o cümlədən su mənbələrinin çirkləndirilməsi ilə bağlı, eyni zamanda faydalı qazıntı yataqlarının talanı nəticəsində təbiətə dəymiş ziyan işğal dövrü ərzində 244,4 milyard ABŞ dolları həcmindədir.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər