Valideynlər, uşaqların əsəbi olmasının səbəbkarı sizsiniz - Müsahibə
İndiki
uşaqların daha əsəbi olması ilə bağlı fikirlər tez-tez səsləndirilir, səbəbləri
isə heç də həmişə müzakirə mövzusu olmur. Mövzu ətrafında nevroloq Xəyalə Məmmədovailə söhbətləşdik. Söhbət zamanı bu qənaətə gəldim ki, "uşaqlar ailənin
güzgüsüdür” fikrinə bir az psixoloji tərəfdən də baxmaq mümkündür. Çünki ailədə
necə münasibət qurulursa, uşaq da yaşıdları arasında özünü elə aparır, böyüklərə
qarşı da o reaksiyanı göstərir.
- Deyirlər ki, ehtiyac olmadığı təqdirdə, xəstələrə
dərman yazmırsınız, yaxud çox az dərman təyin edirsiniz. Bizdə isə həkimə gedəndə
böyük resept yazılması gözlənilir. Dərmanı hansı hallarda təyin edirsiniz,
hansı hallarda yox?
- Tam
olaraq dərman təyin etmədiyimi deyə bilmərəm. Xəstədəki patologiyaya uyğun dərman
təyin olunur. Bizdə çox adam böyük resept yazılmasını istəyə bilər, amma mən bu
cür işləmirəm. Məsələn, körpə uşaqları yuxu pozulması səbəbi ilə gətirirlər.
Əslində, sırf insomniyaya (yuxu pozulması) daha çox uşaqlarda rast gəlinir.
Çünki böyüklərdə yuxunun pozulmasını digər problemlərlə əlaqələndiririk. Amma
uşaqlarda yuxunun pozulması daha çox valideynlərin onları düzgün yuxu rejiminə
öyrətməməyindən qaynaqlanır. Özləri uşaqların rejimini pozurlar. Ata-ananın
işini bitirib onu yatırmağını gözləyəndə, uşaq əlbəttə, yatmayacaq, gecə
narahat olacaq. Yaxud, analar adətən, bir yaşına qədər gecə də süd verirlər.
Uşaq reflektor olaraq bu rejimə öyrəşdiyi üçün acır və gecə oyanır. Bu, yuxu
pozulması deyil. Bu kimi hallarda dərman preparatı təyin etməyə qarşıyam. Çünki
bunu özümüz düzəldə bilərik. Uşaqların yuxu rejimini qaydaya necə salmalı
olduqlarını izah edirəm. Məsələn, yatmazdan əvvəl uşaqlar açıq havada olmalı,
çox hərəkətli oyunlar oynamamalıdırlar. Yuxuya yaxın vaxtı daha sakit, rahat
keçirməlidirlər. Bir az böyük yaşlardadırlarsa, axşam yatmağa doğru qorxulu
filmlərinə baxmasınlar. Bunları izah edirəm. Yuxu pozulması olmadığı halda, dərman
təyin edə bilmərəm. Bu kimi hallarda dərman təyinatı ümumiyyətlə, nə dərəcədə
effekt verəcək?
-
Valideynlər belə məqamlarda dərman yazılmasını tələb edirlər?
- Bəli,
özlərinin tənbəlliyindən bunu edirlər. Deyirlər ki, ay həkim, kimdir onu axşam
gəzdirən və s. Yəni öz rahatlıqları üçün dərman yazılmasını istəyirlər. Amma mən
buna getmirəm, durumu izah edirəm. Elə uşaqlar var ki, gecə oyanıb ağlayırlar,
qorxu-həyəcan sindromu olur, onlara təbii ki, dərman yazılır, onsuz alınmır.
- Deyirlər ki, uşaqlar əvvəlki kimi deyil. İndikilərin
salamlığında problem çox olur, daha əsəbidirlər...
- Tək
sinir sistemi deyil, fiziki olaraq da əvvəlki ilə indiki nəsil uşaqlar arasında
fərq var. Bu, qidalarla bağlı olan şeylərdir. Uşaqların əsəbi olmaları isə
ananın hamiləlik vaxtı qidası, yaşadığı stress faktorlarından qaynaqlanır. O
vaxt bizim ata-anamız da indiki valideynlər qədər stress yaşamırdılar.
Valideynlərin stress vəziyyətində olmaları, uşaqlara da təsir göstərir.
- Bu təsir nə
dərəcədə olur?
- 80
faiz hallarda uşaqların əsəbi olmasının səbəbkarı valideynlər olur. Evdə olan
münaqişə, münasibətlər hamısı uşağa təsir edir. Uşaqlar ailənin güzgüsüdür. Biz
özümüzlə, həyat yoldaşımızla necə münasibət qururuqsa, uşaq da öz yaşıdları
arasında özünü elə aparır. Böyüklərə qarşı da o reaksiyanı göstərir.
- Uşaqların əsəbi olmağını genetika ilə əlaqələndirənlər
də var...
-
Genetik də deyirik, amma nevrozdan əziyyət çəkən valideynlərin uşaqlarının tam
sağlam olduğunu da görürük. Ona görə, tam genetik demək də düzgün deyil. Sırf,
bizim gündəlik həyatımızdan, ailə münasibətlərimizdən dolayı, belə hallar
uşaqlarda baş verə bilir.
- Uşaq yoxlanışa gələndə problemin nə olduğunu
anında müəyyən etmək olur?
- Bir xəstəyə
5-10 dəqiqə ərzində baxmıram. Bu müddətdə mən uşaqdan istədiyim informasiyanı
toplaya bilmərəm. Ən azından 30-40 dəqiqə baxılmalı, tam anamnez toplanmalıdır.
Bu söhbətin nəticəsində bir çox hallarda məlum olur ki, problem uşaqda yox, ya
atada, ya da anadadır. Dəfələrlə olub ki, uşağı gətiriblər, valideynə müalicə
yazmışam. Müalicədən sonra da öyrənmişəm ki, hər şey normaldır, artıq uşaqda
problem yaşanmır. Hətta gəlib deyirlər ki, özümü ələ alandan sonra görürəm ki
uşağım da sakitdir.
- 30-40 dəqiqədə
əsas nəyi öyrənirsiniz?
- Ana bətnində
olan dönəmdən indiki dövrə qədər olan vəziyyəti. Xəstəyə "şikayətiniz nədir”
sualını nadir hallarda verirəm. Ananın hamiləlik dövründən yanıma gəldikləri
vaxta qədər, ümumi məlumat toplamağa çalışıram, sual verirəm. Hamiləlik dövründə
hansısa preparatları qəbul etməsi ilə maraqlanıram. Ümumi məlumatı toplayandan
sonra şikayətlərini soruşuram.
- Uşaq vaxtı problem həll olunmayanda, gələcəkdə
onların şəxsiyyət kimi yetişmələrində nə kimi təsirləri olur?
- Bəzən
uşağın vəziyyəti elə hala gəlib çıxır ki, orda nevroloqun yox, psixiatrın və
psixoloqun rolu daha çox olur. Mən valideynlərə izah etməyə çalışıram ki,
uşaqlarını psixoloq, yaxud psixiatrlıq olanda, mütəxəssis yanına aparmasalar,
onlarda müxtəlif psixopatiyalar yaranmağa başlayır. Onlar üçün gələcəkdə
yaşamaq çətin olur. Uşaq var ki, hansısa əşyanı istəyəndə vermirsən, bu zaman
özünü yerə yıxıb ağlayır. Belə olanda, əgər valideyn tez ona istədiyini verirsə,
artıq uşağın xarakterini pozur. Uşaq böyüdükdə, onda konversiyalar - isterik
tip bayılmalar baş verə bilər. Artıq psixiatrlarda, psixoterapevtlərdə gəzirlər.
Ona görə, problemi vaxtında aşkarlamaq lazımdır.
- Bizdə çox valideyn uşağı nə vaxt psixiatra, nə
vaxt psixoloqa, nevroloqa və s. aparacağını bilmir. Məlumatsız olanda, adətən,
psixoloqa yox, dərman yazılan yerə gedirlər...
- Bu,
düzgün yanaşma deyil. Uşağa dərman verim, onun psixi durumu düzəlsin - deyə bir
şey yoxdur. Ona görə də, psixoloqlarla sıx işləyirəm. Demək olar ki, çox zaman
tək psixoloqun köməyi ilə uşaqları vəziyyətdən çıxarıram. Dərmanlar o zaman təyin
olunur ki, artıq bu, vacib olur. Məsələn, 13-15 yaşından sonra elə problem olur
ki, onu tək psixoloqun köməyi ilə düzəltmək alınmaz, xəstəliyi kəskinləşməsin
deyə, bu zaman dərman təyin etmək olar. Amma 5-6 yaşlar elə dövrdür ki, onu
psixoloq dəyişə bilir.
- İndi valideynlər özləri, bir çox şeyləri uşaq
vaxtı edə bilmədikləri üçün övladlarına o istiqamətdə şərait yaratmağa
çalışırlar. Dərslər, hazırlıqlar və s. Bu da uşağın yüklənməsinə gətirib çıxara
bilir. Bu, uşaqlara necə təsir edir?
- Beyini
yükləmək yaxşı deyil. Amma baxır uşağı hansı kurslara aparırlar. Məsələn, musiqi, rəqs, idmanın uşağı yüklədiyini
hesab etmirəm. Hətta yanıma gələn valideynlərə bəzən deyirəm ki, dərslərə
ayrılan vaxtı bir az azaldıb, musiqiyə, idmana yazdırsınlar. "Mən həkiməm, atan
həkim olub, sən də çox oxuyub həkim olmalısan” deyib, uşağı yükləmək də düzgün
deyil. Elə uşaqların çoxunda bir müddət sonra nevrotik tik dediyimiz hal baş
verir. Tikin başqa səbəbləri də var, amma elə yüklənmiş uşaqlarda nevrotik tiklər
sırf emosional gərginlik fonunda əmələ gəlir. Bir də uşaqları məktəbə qoymaq məsələsi
var. Bəzi valideynlər deyirlər ki, 5 yaşı tamam oldu, aparım məktəbə qoyum, bəziləri
6 yaşda belə düşünürlər. Amma mən heç də hər uşağı məktəbə tez qoymağı tövsiyə
etmirəm.
- Uşağı məktəbə
tez qoymağın tərəfdarı deyilsiniz?
- Baxır
hansı uşağı. Dəyişkən olan uşaqları istəmərəm, çünki onlar gərginliyə düşürlər
və psixoloji durumları pozula bilir. Nevrotik tiklər və s. bir-birinin
arxasında gedir. Tam normal uşaqdırsa, 6 yaşında qoymaq olar.
- Bizdə məktəbdə şagirdlərə evə tapşırığının verilməməsi
nə qədər təbliğ olunsa da, yenə də verilir. Dərs yükü uşaqlar üçün nə dərəcədə
problem olur?
- Bəli,
tapşırıq verirlər, həddindən artıq da çox. Həkim yox, elə ana kimi öz uşağıma
deyirəm ki, gündəlik dərslərini oxu, qiymətlərin yaxşı olsun, səni artıq nəsə
oxumağa məcbur etmirəm. Bilirsiniz, elə uşaq var ki, riyaziyyatı çox yaxşı
bilir, dərsdən əlavə on məsələ də versələr, öz istəyi ilə xoşluqla edir. Amma həmin
uşaq məsələn, biologiya, tarixi eyni qaydada istəmir. Valideyn o uşağın üstünə
düşməməlidir ki, riyaziyyat kimi bu biri fənləri də oxu. Çünki bu, düzgün
yanaşma deyil. Uşaq həmişə hansısa fənnə meyilli olur. Mən bir müddət Avropada
yaşamışam, uşaqlarım orda məktəbə gediblər. Oranın məktəb rejimi, dərsləri ilk vaxtlar
məni şoka salsa da, dərindən fikirləşəndə, görürsən ki, onlar şəxsiyyət
yetişdirirlər. Dərs olur, uşaqlar yüklənmir. Ona görə, uşaqlarda nə nevrotik
tiklər olur, nə hansısa nevroloji problem. Anadangəlmə problemlər olur, amma
sonradan yaranmalar az olur. Məktəbin ilk illərində uşaqlıqlarını keçirirlər.
Ona görə, valideynlərə deyirəm ki, uşaqların üstünə çox getməyin.
- Neçə ildir
nevroloq kimi çalışırsınız?
- 2005-ci ildən.
- Bunun neçə
ilini xaricdə olubsunuz?
- Əsasən
Azərbaycanda çalışmışam, iki il Almaniyada fəaliyyət göstərmişəm.
- Alman və azərbaycanlı valideynlərinin uşaqlara
yanaşmasını müqayisə edirsiniz?
- Onlar
uşağa bir qədər az diqqət yetirirlər, bizimkilər isə hiper diqqətcildirlər.
Bizdə hərdən analar elə şeylərə fikir verirlər ki... İnternetdə oxuyub, öz
sualları və cavabları ilə gəlirlər. Almaniyada uşağı tam mənada həkimə etibar
edirlər.
- Uşaqlarla işlədiyiniz üçün öz övladlarınıza
yanaşmanız da maraqlıdır...
- İki
övladım var. Valideyn kimi onlarla daha çox söhbət etməyə çalışıram. Mən də
insanam, səsimi qaldırdığım an da ola bilər, amma döymək, qorxutmaqla uşaqları
tərbiyə etməmişəm. Söhbət etməklə də hər dəfə istədiyim nəticə alındığını deyə
bilmərəm. Bəzən oğlumla söhbət etmişəm, görmüşəm ki, dediyim heç nə ona çatmır,
o vaxt özüm də psixoterapevtə müraciət etmişəm. Nə olsun ki, həkiməm,
qavramamaq, başa düşməmək, əks reaksiya vermək kimi vəziyyətləri olub ki,
psixoterapiya seanslarına gedib. Nəticəsi də yaxşı olub. Döyəndə, uşaq
aqressivləşir, valideynlərinə münasibətində aqressiya yaranır. Bu da, uşaqların
inkişafına təsir göstərir. Hətta onlar böyüyüb valideyn olanda öz uşaqlarına
münasibətinə də təsir göstərəcək. Döyməklə heç nə əldə etmək olmaz. Mən
övladlarımla çox danışıram, başa düşdükləri də olur, düşmədikləri də, amma yenə
də danışıram. Uşaqla maraqlanmaq lazımdır. Dərsdən gələndə gününün necə keçməsi,
dərsləri ilə bağlı sual verilməlidir. Əgər bunlar olmasa, uşaqla valideyn
arasında divar yaranır, sonra artıq nə etsən, desən də, uşağa çatmır.
Aygün Asimqızı