Valideyn himayəsindən məhrum uşaqların üzü efirdə göstərilməlidirmi? - Araşdırma - Fotolar

Zaman-zaman efirdə, internet resurslarının yaydığı xəbərlərdə 18 yaşı
tamam olmayan şəxslərin, uşaqların üzünü aydın şəkildə görürük. Bu yazıda
ümumilikdə 18 yaşı tamam olmayan şəxslərin deyil, sırf valideyn himayəsindən məhrum
uşaqların üzünün efirdə göstərilməsinin nə dərəcədə doğru olduğunu araşdırmağa
çalışacağıq. Qeyd edək ki, Azərbaycanda belə bir nümunə var və onlar heç bir
halda uşağın üzünü efirdə göstərmirlər. Söhbət "SOS Uşaq Kəndləri-Azərbaycan”
Assosiasiyasından gedir.
Qurumun İctimai
Vəkillik üzrə mütəxəssisi Cavid İmamoğlu bizimlə söhbətində bildirdi ki,
uşaq hüquqlarının müdafiəsi sahəsində çalışan şəxslər, bu haqda məlumatı
olanlar bilirlər ki, uşaqların hüquqlarının müdafiəsindən biri də onların məxfiliyinin
qorunub saxlanmasıdır: "İstər BMT Uşaq Hüquqları Konvensiyası, istər Azərbaycanda
uşaq hüquqları ilə bağlı mövcud qanunlar uşaq hüquqlarının müdafiəsini təmin
edir. Uşaqlarla bağlı çəkiliş edəndə birinci növbədə, onların özündən və ya
himayədarlarından razılıq alınmalıdır. Təəssüf ki, bir çox məqamlarda razılıq
alınmadan belə, uşaqlarla bağlı materiallar sosial şəbəkələrdə, efirdə, xəbərlərdə
yayımlanır, onlar haqda məlumatlar dərc olunur, üzləri görünür. Ən azından, tərbiyəçinin
razılığı alınmalıdır. Ümumiyyətlə, uşaqları hər hansı bir məqamda göstərərkən
onları yazıq durumda təqdim etmək olmaz. Məsələn, özləri, keçmişləri haqda məlumat
vermək, adamlardan yardım istəmək olmaz. Bu kimi məqsədlərlə uşaqlardan istifadə
etmək yolverilməzdir. Biz adətən belə halları televiziyada, sosial mediada
müşahidə edirik”.

Media diqqətli olmalıdır
Sosioloq qeyd etdi ki, media nümayəndələri uşaqlarla bağlı məlumatlar
hazırlayarkən diqqətli olmalıdırlar. Xüsusilə, həssas xəbərlər zamanı. Məlumat
ailədaxili problemlər, ailədə mənfi davranış və s neqativ hallarla bağlıdırsa,
uşaqların adlarının da məxfiliyi qorunmalıdır: "Uşaqları öz adları, soyadları
ilə vermək olmaz. İnformasiyanı dəqiqliyi ilə yaymaq düz deyil. Bu da uşaqların
hüquqları sırasına daxildir. Vizual məlumatları hazırlayarkən də diqqətli
olmalıyıq. İlk növbədə, başa düşməliyik ki, uşaqların məxfilik hüququ var.
Uşağın həyatının müəyyən hissələrini, kimliyini ortaya qoyan, onun haqqında
bütün informasiyanı verən video-çarxlar, şəkillər və s. mətbuatda verilməməlidir.
Əgər ortada razılıq yoxdursa, heç bir məlumat yayılmamalıdır”.
C.İmamoğlu bu kimi məqamların gələcəkdə uşaqlara hansı fəsadlar törədəcəyindən
danışarkən dedi ki, onlar böyüdükcə özləri barədə informasiya ilə rastlaşarkən
utanc hissi keçirə bilərlər. Özlərinə güvənləri aşağı düşə, təklik tələbatı
yarana bilər: "Media material hazırlayarkən diqqətli olmalıdır ki, uşaq indi və
ya gələcəkdə özünə baxarkən emosional gərginlik keçirməsin. Bunun daha ciddi fəsadları
ola bilər. Emosional gərginlik keçirən, stressə düşən insandan hər şey gözləmək
olar. Ona görə də uşaqların belə vəziyyətindən qətiyyən istifadə edilməməlidir.
Onlara nə keçmişlərinə, nə düşdükləri duruma görə yuxarıdan aşağı baxılmasına,
narahatlıq hissi keçirmələrinə səbəb olmamalıyıq. Razılaşdırılmış tədbirlər və
pozitiv məlumatların efirdə verilməsi müəssisə rəhbərinin, uşaqların razılığı
ilə mümkündür. Tutaq ki, hansısa biri yaxşı şeir demək qabiliyyətinə malikdir.
Bacarıqlarının göstərilməsi razılaşdırılmış şəkildə həyata keçirilirsə, bu,
ziyanlı, problemli deyil. Biri də var ki, hansısa bir şirkət, təşkilat
uşaqların vəziyyətindən istifadə edib öz reklamlarını qurur, onları çarəsiz
kimi göstərməyə çalışırsa, media reytinq üçün uşaqları yazıq durumda göstərib
tamaşaçıları ağlatmağa çalışırsa, bu, yolverilməzdir”.
Müəssisədə yaşayanlar
hüquqsuz deyillər
C.İmamoğludan bu cür uşaqların hüquqları pozulduqda məsuliyyəti kimin
daşıdığını və bu məsələ ilə uşağın əvəzinə kimin məşğul olmalı olduğunu
soruşduq. Həmsöhbətimiz qeyd etdi ki, valideyn himayəsindən məhrum uşaqların qəyyumları
olur: "Dövlət müəssisəsindədirlərsə, qəyyumları dövlət hesab olunur. Eləsi var
ki, qohumları tərəfindən qəyyumluğa götürülüb. Yəni uşaq kimin himayəsindədirsə,
o adam bu işləri apara bilər. Uşaqların dinlənilmək, münasibət bildirmək, özləri
haqda qərar vermək hüquqları var. Hansısa müəssisədə yaşaması heç də onun hüquqsuz
olması anlamına gəlmir. Uşaq müdafiəsi ilə bağlı problemlər ortaya çıxarkən,
hüquqları pozularkən, hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülməlidir.
İnzibati xətalar və ya Cinayət məcəllələrinə əsasən”.
SOS uşaq kəndlərində uşaqların məxfilik hüququ qorunur
Sosioloq bildirdi ki, SOS uşaq kəndlərində uşaqların üzü mediada birmənalı
şəkildə göstərilmir: "SOS uşaq kəndlərində uşaqların hamısının məxfilik hüququ
qorunur. Bütün məsələlərdə, xüsusilə, çəkilişlərdə onlardan icazə alınır. İstər
vizual, istərsə də mətn məlumatlarının verilməsində mütləq uşaqların razılığı
olmalıdır. Razılıq yoxdursa, adları fərqli şəkildə verilir. Hansısa bir xəstəlik
və yaxud ailə hekayəsindən söhbət gedirsə, orada uşaq haqqında əsas məlumat məxfi
saxlanılır. Uşaqların məxfilik hüququ SOS tərəfindən birmənalı şəkildə qorunur.
SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası öz fəaliyyətində daima uşaq
hüquqlarının müdafiəsini prioritet məsələ edib və uşaqların kimliyinin
qorunması məsələsində beynəlxalq və yerli qanunları dəstəkləyib. İstər Uşaq
Hüquqlarının Müdafiəsi Haqqında beynəlxalq konvensiyalar, istərsə də yerli uşaq
müdafiə sənədlərində göstərilən uşaqların hər cür zorakılıqdan qorunması
prinsipinə uyğun işlərini həyata keçirir. İcazəsiz reklam materiallarının
hazırlanması (şəkillər, filmlər və s.) və ya uşağın kimliyini göstərən
kontekstdə həssas məlumatın dərc olunması uşağın məlumatlarının
konfidensiallığının pozulması anlamına gəlir. Uşağı əks etdirən reklam
materialları hazırlanarkən həm uşaq, həm rəsmi qəyyumun (ən azı tərbiyəçi şəxsin)
icazəsini alınmalıdır”.

Qanunvericilik nə deyir?
Ölkədə belə bir nümunə olsa da, müəyyən vaxtlarda efirdə bu cür həssas
təbəqəyə daxil uşaqların üzünü görürük. Uşaqlar üçün təşkil olunan tədbirlərdə,
hətta neqativ məsələlərlə əlaqədar, efirdə uşağın üzünün göstərilməsi halları baş
verib. QİÇS xəstəsi Elnarə Əhmədovanın üzünün açıq göstərilməsindən tutmuş, valideyn
himayəsindən məhrum uşaqların musiqi yarışının keçirilməsinə qədər müxtəlif məqamları
xatırlayıram. Bəs bu kimi hallar nə dərəcədə düzgündür? Hansı hallarda valideyn
himayəsindən məhrum uşağın üzünü açıq göstərmək məqsədəuyğun, hansı hallarda
arzuolunmazdır? Qanunvericilik bu məsələdə nə deyir? Sərhəd nədir, "qızıl orta”nı
tapmaq mümkündürmü?
"Bakı Hüquq Mərkəzi”
MMC-nin baş hüquq məsləhətçisi Tahir Əliyev dedi ki, uşaqların üzünü
efirdə göstərmək olmaz kimi bir qanunvericilik norması yoxdur: "Söhbət təkcə çəkilişdən
getmir. Uşağı ümumiyyətlə, istəmədiyi bir şeyə məcbur etmək onun iradəsinə
qarşı çıxmaq deməkdir”.
Hüquqşünas valideyn himayəsindən məhrum uşaqların üzünün efirdə göstərilməsində
pis heç nə görmür. Düşünür ki, belə uşaqları televiziyada görən şəxslər onlara
yardım etmək, hətta övladlığa götürmək istəyə bilərlər: "Belə məqamlar uşağın
rifahı üçün yaxşıdır. Üzünün efirdə aydın görünməsinin uşaq üçün hər hansı fəsadının
olacağını düşünmürəm. Valideynlərinin olmamasına görə heç kim onlar haqda pis
düşünə bilməz. Jurnalistlər özləri fikirləşməlidir ki, bu uşağı efirdə göstərək,
ya yox?”.

QHT rəhbəri, hüquqşünas
Sahib Məmmədov müəyyən məsələlərin qanunvericilikdə əksini
tapmadığını və açıq qaldığını bildirdi. Qeyd etdi ki, neqativ məqamlarda, tutaq
ki, uşaq pis işlə məşğul olubsa, cinayət törədibsə, zorakılığa məruz qalıbsa, onun
üzünü göstərmək olmaz: "Üzləri müəyyən məqamlarda görünə bilər. Məsələn, dövlət
tədbirləri, şənliklər təşkil olunur. Bu məqamda məqsəd onlara yardım etməkdir.
Belə hallarda heç bir qadağa yoxdur. Çünki uşağın mənafeyinə zidd deyil.
Neqativ hallarda, həmçinin çətin həyat keçirən, dilənçiliklə məşğul olan uşağın
üzünü göstərmək doğru deyil. İnternat məktəbində oxuyan uşaqlar da üzünün göstərlməsini
istəmirsə, vermək olmaz”.
S.Məmmədov bildirdi ki, üzlərinin göstərilməsilə uşaqlara problem
olacaqsa, buna getmək olmaz: "Ümumilikdə, adamlar çəkiliş təşkil olunan tədbirə
gəliblərsə, artıq üzlərinin çəkilməsinə razılıq vermiş hesab oluna bilərlər. Amma
bu qanun konkret olaraq uşaqlara münasibətdə açıq qalır. Düşünürəm ki,
ümumilikdə bu mövzunu qanunla tam tənzimləmək olmayacaq. Çünki bu zaman həddindən
artıq detal nəzərə alınmalıdır. Bu cür uşaqlar arasında istedadı olanlar da az
deyil. Əgər səhnəyə çıxa bilərlərsə, istedadları varsa, onları ictimailəşməkdən
məhrum etmək olmaz. Amma hansısa şirkətin bu cür uşaqların vəziyyətindən
sui-istifadə edib öz reklamını qurması yolverilməzdir. Efirdə və ya xəbərlərdə
bu uşaqların hər hansı xoşməramlı tədbirdə göstərilməsi elə formada olmalıdır
ki, uşaqlar aşağılanmasın. Uşağın üzü o istəmədən çəkilsə, çəkən və buna icazə
verən məsuliyyət daşıya bilər. İnsanların razılığı olmadan onunla bağlı hər
hansı bir çəkiliş aparılması ilə bağlı maddələrə bir bölmə də uşaqlarla bağlı əlavə
oluna bilər. İddianı uşağın əvəzinə qəyyumları qaldıra bilər. TV-lərə qarşı
iddia qaldırmaq mümkündür. Amma video sosial şəbəkədə yayılıbsa, bununla bağlı
hələlik qanunvericilik aktı yoxdur. Amma videonu yayanı tapmaq mümkün olarsa,
ona qarşı iddia qaldırıla bilər”.

"Üzlərinin görünməsi
onlarda travma yarada bilər”
Sosioloq-jurnalist Lalə
Mehralı qeyd etdi ki, valideyn himayəsindən məhrum uşaqlar üçün tədbirlər təşkil
olunur. Bu zaman telekanallar, qəzet, sayt nümayəndələri də dəvət olunur: "Bəzi
tanınmışlar, müğənnilər, şirkətlər məsələnin əsil əhəmiyyətini başa düşmürlər.
Onlar üçün vacib olan oradan şəkil çəkdirib paylaşmaqdır. O uşaqların gələcək
taleyi belə adamları maraqlandırmır. Düşünmürlər ki, şəklini paylaşdıqları
uşaqlar atıldıqları, valideynləri tərəfindən istənmədikləri barədə pıçıltılar
eşidəcəklər. İndi informasiya əsridir, efirdə yayımlanan, qəzetdə dərc edilən,
saytda verilən hər bir xəbər internetdə qalır. Onların keçmişini istənilən vaxt
internetdə tapmaq mümkündür. Bəzən TV-lər tamaşaçını təsirləndirmək, ağlatmaq,
bu yolla reklam qazanmaq üçün o uşaqları ağlamağa məcbur edirlər. Bu görüntülər
onlarda travma yarada bilər. Bundan əlavə, könüllü şəkildə internat evlərinə
yardım aparan gənclər orada çəkdikləri şəkilləri sosial şəbəkədə paylaşırlar.
Bilirəm ki, onların pis niyyəti yoxdur, sadəcə, gördükləri mənzərəni daha geniş
auditoriyaya çatdırmaq istəyirlər, amma paylaşanda nəzərə almaq lazımdır ki, o uşaqların
həyatı qabaqdadır. Tək valideyn himayəsindən məhrum olmuş uşaqlar yox, cinayət əməli
törətmiş, buna məcbur edilmiş uşaqların da üzünü göstərmək olmaz. Telekanal, qəzet,
sayt auditoriya yığmaq üçün uşağın gələcəyini məhv etməməlidirlər. Ağrıyan
barmağı kəsmək ən asan yoldur, onu müalicə edib əlin bütövlüyünü qorumaq isə cəsarət
və səbir tələb edir”.

Psixoloq Gülnarə Əliyeva qeyd etdi
ki, mediada valideyn himayəsindən məhrum uşaqların üzünün göstərilməsi onlara
psixoloji travma yaşada bilər. Psixoloqun fikrincə, onsuz da, bu uşaqların
psixologiyası digərlərindən fərqlənir. Ona görə də onlara əlavə çətinlik
yaşatmaq lazım deyil: "Valideyn himayəsindən məhrum uşaqlarda inamsızlıq hissi
olur. Onlar ətrafa güvənmirlər. Çünki əksəriyyətin ilk olaraq, inandığı şəxslər
onun ailə üzvləridir. Onlar isə buna sahib deyillər. Onlarda həmçinin
natamamlıq kompleksi olur. Özlərini tamamlanmış fərd, şəxsiyyət kimi hiss etmirlər.
Valideynlərini nə qədər günahlandırsalar da, özlərində də qüsur görürlər.
Düşünürlər ki, məndə nə çatmırdı ki, məni atdılar, mən niyə dünyaya gəlmişəm və
s. Qısası, onlarda özlərinə və ətrafa qarşı daxili aqressiya olur. Özlərini digər
uşaqlardan aşağı hiss edirlər. Bu uşaqların ekranda üzlərinin görünməməsinin tərəfdarıyam.
Ona görə ki, efirdən sonra cəmiyyət içinə çıxanda və ya müstəqil həyata
atılanda ekranda göründükləri üçün onları tanıyanlar ola bilər və bu uşaqlara
yazığı gəlirmiş kimi baxa bilərlər. O uşaqlar bundan hədsiz narahatlıq hissi
keçirirlər. Kiminsə onlara acımasını sevmirlər. Daxili depressiya belə, keçirə
bilirlər. Məlumdur ki, kimsəsiz uşaqlar 18 yaşdan sonra həmin evlərdən çıxır və
müstəqil həyata atılırlar. Ətrafda hamı yaxşı adam deyil. İnsan alveri, orqan
mafiyası ilə məşğul olan pis adamlar da var. Üzləri göründüyünə görə onları tanıya
bilərlər, müxtəlif yollarla aldada bilərlər. Təbii ki, kimsəsiz uşaqdan istifadə
etmək ailəsi olan birini aldatmaqdan daha asandır. Ona görə də belə uşaqları
efirdə göstərərkən 2 dəfə düşünmək lazımdır”.

"Jurnalistlər məsuliyyətə cəlb
oluna bilər”
Uşaq hüquqları üzrə
ekspert, uşaq hüquqları üzrə QHT Alyansının milli koordinatoru Nabil Seyidov mediada uşaqların
adlarının çəkilməsinin, üzlərinin göstərilməsinin məxfiliyə zidd olduğunu
bildirdi. Dedi ki, bu, onların maraqlarına ziddir. Belə məqamlar həmin
uşaqların psixoloji, emosional sarsıntısına səbəb ola bilər. Bu isə onların gələcəyinə
mənfi təsir göstərir: "Təəssüf ki, bəzi jurnalistlər həssas məqamları nəzərə
almırlar. İnzibati Xətalar, həmçinin şərəf və ləyaqətin alçaldılması ilə bağlı məsuliyyətə
cəlb oluna bilərlər. Təkcə jurnalist yox, materialı yayan redaktor da məsuliyyət
daşımalıdır. Çəkilişə şərait yaradan müəssisə rəhbərinin məsuliyyət daşımalı
olduğunu düşünmürəm. Çünki o, çəkilişə şərait yaradıb. Amma deməyib ki, üzlərini
açıq yay. Müəssisə rəhbərləri jurnalistləri ora buraxmaqla qanuna zidd hərəkət
etmirlər. Çünki bütün müəssisələr ictimaiyyətə açıqdır. Materialı uşaq
maraqlarına zidd şəkildə yayan jurnalistdir”.

Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdiri Taliyə
İbrahimova qeyd etdi ki, valideyn himayəsindən məhrum olmuş uşaqların simasının
efirdə göstərilməsi ilə bağlı hər hansı bir qadağa yoxdur. Əksinə, uşağın mənafeyi
baxımından, onlar haqda video-roliklərin göstərilməsi, məlumatların verilməsi gələcək
talelərinə müsbət təsir edə bilər, kimsə onu övladlığa götürmək istəyər: "Hüquq
pozuntusu törətmiş yetkinlik yaşına çatmayanlar, eyni zamanda, hüquq
pozuntusuna məruz qalmış uşaqlar, habelə cinayətin şahidi olan uşaqlarla bağlı
KİV-də məlumatlar yayılmasında məhdudiyyətlər var. Buna yalnız qanuni nümayəndələrinin
– valideynlərinin, yoxdursa, qəyyumların razılığı ilə yol verilə bilər. Dünya
praktikasında da valideyn himayəsindən məhrum olmuş uşaqların KİV-də göstərilməsində
qadağa yoxdur”.
T.İbrahimova qeyd etdi ki, bu mövzuda hüquqlarının pozulması ilə
bağlı heç bir uşaq və ya qəyyumu onlara müraciət etməyib: "Əksinə, komitə özü
müxtəlif verilişlərdə bu hallarla rastlaşıb və həmin televiziya kanallarının rəhbərliyi
qarşısında bununla bağlı məsələ qaldırılıb. Onu da qeyd edim ki, bu mövzuda
komitə tərəfindən qanun layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim
olunub. Layihənin adı belədir – "Uşaqların sağlamlığına və inkişafına ziyan
vuran informasiyadan qorunması haqqında”. Gözləyirik ki, qanun qəbul ediləcək və
orada bu məsələrlə bağlı müəyyən tənzimləmələr olacaq”.

Ombudsman Aparatının rəhbəri,
hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı da bizimlə söhbətində dedi
ki, istər Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sənədlərdə,
istərsə də milli qanunvericilikdə dövlət orqanlarının, bütün fiziki və hüquqi şəxslərin
öz fəaliyyətində uşaqların mənafelərini üstün tutması, onların hüquqlarının təmin
olunmasına şərait yaratması kimi vəzifəsi təsbit olunub: "Kütləvi informasiya
vasitələri haqqında” qanunda təsbit olunub ki, kütləvi informasiya vasitəsi
redaksiyasının və ya jurnalistin yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən
və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin
və onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına yol verilmir. Əvvəlcə,
qanunun bu müddəası yalnız cinayət törətməkdə təqsirləndirilən yetkinlik yaşına
çatmayanlar üçün nəzərdə tutulurdusa, 29 aprel 2016-cı il tarixdə həmin normaya
əlavə və dəyişikliklər edilib. Milli Televiziya və Radio Şurası tərəfindən
"Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına
ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks
etdirən proqramlar üçün Xüsusi Qaydalar” təsdiqlənib. Bu Qaydalar "Televiziya və
radio yayımı haqqında” qanunun 33.1-ci maddəsinə uyğun olaraq hazırlanıb və
uşaqların, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına
ziyan vura bilən və kodsuz yayımlanan proqramların yayımı qaydalarını tənzimləyir.
Bu sahədə həm dövlət nəzarəti, həm də ictimai nəzarət var. Belə ki, Milli
Televiziya və Radio Şurası televiziya və radio yayımlarının fəaliyyətini tənzimləyən,
onların müstəqilliyini və yayım zamanı ictimaiyyətin maraqlarını qoruyan,
televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti
həyata keçirən bir qurum kimi bu sahədə müvafiq işlər aparır. Azərbaycan Mətbuat
Şurası isə bu sahədə yazılı mətbuatla bağlı üzərinə düşən funksiyaları yerinə
yetirir. Qəzet, jurnal və informasiya agentliklərində şərəf və ləyaqətinin təhqir
olunduğunu, işgüzar nüfuzuna zərər gətirildiyini, jurnalistlər tərəfindən peşə
etikasının prinsiplərinin pozulduğunu iddia edən vətəndaşlar, hüquqi və fiziki
şəxslər şikayət ərizəsi ilə Mətbuat Şurasına müraciət edə bilərlər”.
Həmsöhbətimiz qeyd etdi ki, Ombudsman milli insan hüquqları təsisatı
olaraq, müntəzəm şəkildə uşaqların hüquqlarının KİV-də pozulması hallarının
monitorinqini aparır, bu hallarla rastlaşdıqda müvafiq qurumlara müraciət edir
və bir çox hallarda pozulmuş hüquqların bərpası istiqamətində qanunvericiliyə
uyğun zəruri tədbirlər görülür: "İnzibati Xətalar Məcəlləsinin 384-cü maddəsinə
əsasən, teleradio yayımçıları tərəfindən televiziya və radio yayımı haqqında
qanunvericiliyin, o cümlədən, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi
inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı
əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına görə
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Uşaqların hüquqlarının pozulması halları baş verdikdə uşağın qanuni nümayəndələri
məhkəməyə və ya digər aidiyyəti qurumlara, o cümlədən ombudsmana müraciət edə
bilərlər. Eyni zamanda, uşaqlar özləri də valideynləri və ya digər qanuni nümayəndələri,
habelə digər şəxslər tərəfindən hüquqları pozulduğu hallarda aidiyyəti dövlət
qurumlarına müraciət etmək hüququna malikdirlər. Yeri gəlmişkən, hüququ
pozulmuş uşaqların problemləri ilə bağlı Müvəkkilə dərhal müraciət etmək imkanı
verən "916”
nömrəli "qaynar xətt” təşkil edilib. 24 saat fəaliyyət göstərən həmin "qaynar xətt”ə
daxil olan məlumatlar əsasında araşdırmalar aparılaraq müvafiq tədbirlər
görülür, ehtiyac olduqda zəruri hüquqi məsləhətlər verilir”.
A.Səfixanlı bildirdi ki, uşaqların şəxsiyyətinin, onlarla bağlı baş
verən hər hansı bir xoşagəlməz hadisənin ictimaiyyətə açıqlanması uşağın
psixoloji sarsıntı keçirməsi, onun özünə qapanması, evdən qaçması və hətta
intiharı ilə nəticələnə bilər. Məlumatların ictimaiyyətə açıqlanmasından sonra
uşağın hərəkətlərinin və ya onunla bağlı baş verən hadisənin məktəb yoldaşları,
dostları və ya çevrəsində olan uşaqlar, o cümlədən müəllimləri, qohumları tərəfindən
müzakirə olunması onun daim basqı altında olmasına və xoşagəlməz hallara cəhd
etməsinə səbəb ola bilər. Bu kimi hallar isə onun gələcək həyatına öz mənfi təsirini
göstərər: "Bu baxımdan, belə məsələlərə həssas yanaşmaq və son dərəcə ehtiyatlı
olmaq lazımdır. Bunun üçün qanunvericiliyin tələblərini öyrənmək və əməl etmək
kifayətdir”.

Efirdə yaşanan belə hallarla bağlı media eksperti Ələsgər Əhmədoğlu ilə də danışdıq və jurnalistlərin
qaydalara nə dərəcədə əməl etdiklərini soruşduq. Ekspert qeyd etdi ki, uşaqların
üzünün göstərilməsi birbaşa qadağan deyil. Əgər uşaqların mənafeyi tələb edərsə,
üzləri göstərilə bilər. Amma bu, uşaqların rəsmi təmsilçilərinin xəbəri olmadan
edilməməlidir: "Valideyn himayəsindən məhrum olduğuna görə üzünün gizlədilməsi mütləq
deyil. Uşaq dövlət nəzarətindədirsə, uşaq evinin rəhbərliyi çəkilişə icazə
verirsə, o zaman problem yoxdur. Çünki onun mənafeyinə zərər verəcək heç bir məqam
yoxdur. Amma KİV qanunu pozarsa, məsuliyyət nəzərdə tutulur. Həm mülki məcəllə,
həm də inzibati xətalar məcəlləsində məsuliyyət var. Düşünürəm ki, jurnalistlər
özləri vəziyyətə uyğun qərar verə bilməlidirlər. Məsələlərə individual yanaşmaq
lazımdır. Hər şeydən öncə, jurnalist etikasına əməl olunmalıdır. Uşaqların mənafeyi
nəzərə alınmalıdır. Jurnalist reytinq xətrinə yanlışlığa yol verməməlidir”.
Şəfa Tapdıq
Məqalə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ)"Cənubi
Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı çərçivəsindəjurnalistlər
arasında "Uşaq hüquqlarının qorunması: milli/beynəlxalq qanunvericilik və
təcrübə”mövzusunda keçirdiyi müsabiqəyə təqdim etmək üçündür
