Valideyn aktyorluq etməyi də bacarmalıdır - Araşdırma
"Uşaqlar,
bu həftənin "wi-fi” şifrəsi romanda Anna Kareninanın geyindiyi paltarın rəngidir.
Uğurlar”. Uşaqlarını kitab oxumağa təşviq edən ananın onlara yazdığı bu not
sosial şəbəkələrdə maraqla qarşılandı. Düzdür, bu, bizdə yox, xarici ölkələrdən
birində ananın istifadə etdiyi üsuldur. Amma hər bir ailədə valideynlər
uşaqlarını kitab oxumağa həvəsləndirmək üçün öz variantlarını tətbiq edirlər.
Hətta
uşaqları daha yaxşı oxumağa həvəsləndirmək üçün məktəblərdə müəllimlər də müxtəlif
təşviqedici üsullardan istifadə edirlər. Məsələn, filan tapşırığı daha yaxşı
kim etsə, kompüterdə oyun oynama şansı qazana bilər. Uşaqların kitaba meyilli
olmasına çalışan valideyn və müəllimlərin fərqli üsullardan istifadə etməsi
faktları məlumdur. Bəs əslində uşaqlara kitab oxuma mədəniyyəti necə
aşılanmalıdır? Necə etmək lazımdır ki, uşaqlar özləri kitab oxumağa meyilli
olsunlar?
"Özümüz nümunəyik”
Şəbnəm Həsənəlizadənin iki qızı var. Deyir ki, lap kiçik vaxtlardan
uşaqlarına kitab oxumağı aşılamaq üçün öz üsullarından istifadə edib: "Lap körpəlikdən
qızlarıma yaşına uyğun kitablar alıb, içindəkiləri maraqlı, obrazlı tərzdə səsləndirərək
onlarda kitaba həvəs oyatdıq. Lap balaca vaxtlarından kitabları seçib gətirirdilər,
amma oxumağa icazə vermirdilər. Kitabların içindəki şəkillərə baxıb onu müzakirə
etməyimizi istəyirdilər. Sonra yavaş-yavaş oxuma prosesinə maraq göstərdilər”.
Şəbnəm
xanım deyir ki, uşağı nə kitab oxumağa məcbur etmək olar, nə də onun kitaba həvəsli
olmasını gözləmək: "Uşaq kitaba meyilli olmaya bilər. Bu zaman biz özümüz kitab
seçib kənarda uca səslə və maraqlı tərzdə, təəccüb, mimika, suallarla dolu
halımızla oxuyaraq onların diqqətini çəkə bilərik. Bu, həqiqətən də alınır”.
Şəbnəm
xanım qeyd etdi ki, onlar uşağa kitab oxumağı aşılamaq üçün özləri nümunə
olmağa çalışıblar: "Uşağı oxumağa məcbur etməklə nə isə əldə etmək mümkün
olduğunu düşünmürəm. Valideyn gərək telefonlarını söndürüb, özü də evdə kitab
oxusun, uşaq da bunu görsün. Bizdə 3 hissəli bir kitab rəfi var. Bir mərtəbəsində
atanın, birində ananın digərində isə qızların kitabları yer alır. Bu, uşağa özü
üçün kitab almaq, rəfinə yerləşdirmək və sonra da istədiyi kitabı seçib oxumaq,
oxutdurmaq imkanı verir, onu həvəsləndirir”.
"Kitab oxumaq qarşılığında mükafatlandırmaq uğurlu
üsul deyil”
Uşaq psixoloqu Narınc Rüstəmova deyir ki, uşaqların kitab oxumağa meyilli
olmamaları ilə bağlı valideynlərin şikayəti çoxdur: "Uşaqlar nəinki bədii, eləcə
də dərs kitablarını oxumaqda çətinlik çəkirlər. Bu barədə müraciətlər həddindən
artıq çoxdur. Bunu bilməliyik ki, uşaq gözünü açandan gördüklərini model olaraq
tətbiq edir. Ona görə evdə atan-ananın kitab rəfinin olması önəmlidir. Böyük
kitabxanaya ehtiyac yoxdur, ən azı, kitablar yığılan bir guşələri olmalıdır. Məsələn,
uşağın ata-ananın yanında kitab olduğunu, əlində oxuduğunu görməsi daha gözəl
nümunədir. Valideyn bütün gün sosial şəbəkələrdədirsə, internet asılılığından əziyyət
çəkirsə, burada uşağın kitab oxumamasından şikayətlənmək olmaz”.
Psixoloq
deyir ki, uşaqları kitab oxumaqları qarşılığında mükafatlandırmaq çox da uğurlu
üsul deyil: "Valideynlər bəzən kitabı oxuyub-bitirməyi qarşılığında uşaqları gəzməyə
aparacaqlarını, yaxud nə isə alacaqlarını deyirlər. Bununla şüuraltı onlara
"kitabı özün üçün yox, mənim üçün oxuyursan” mesajını vermiş olurlar. Bu şəkildə
mükafatlar bəzən işə yarayır, amma mütəmadi şəkildə olan zaman davamlı uşaqda
gözlənti yaradır. Uşağa kitab oxumağı vacib bir vərdiş kimi aşılamaq lazımdır”.
"Mütləq oxunan kitab müzakirə olunmalıdır”
Psixoloqun
sözlərinə görə, uşaqlarda oxuma vərdişini 2 yaşından etibarən formalaşdırmaq
lazımdır: "Bu yola kiçik nağıllarla başlamaq olar. Nə işim olsa da, oğluma gündəlik
nağıl danışmaqdan vaz keçmirəm. Yeməyə, telefona, sosial şəbəkəyə vaxt
ayırırıqsa, uşağa kitab oxumağa da zaman sərf etməliyik. Bu, uşağın dilinin,
intellektual qabiliyyətinin inkişafı üçün çox vacibdir. Söz ehtiyatı çox olanda
uşaq öz hisslərini doğru şəkildə ifadə edə bilir, ünsiyyət problemi yaşamır,
özünü ifadə edə bilir”.
N.Rüstəmova
qeyd etdi ki, uşaqlar elektron kitablara da maraq göstərirlər. Bunlardan da
istifadə etmək olar: "Bu zaman nağıllarda şəkilləri yaxınlaşdırıb baxırlar,
onlara maraqlı gəlir. Bu gün texnika əsridir, uşaqlara internetin bu kimi
imkanlarını aşılamalıyıq. Əsas odur oxusun. Oxunan kitab mütləq müzakirə
olunmalıdır. Nəyə baxdın? Nağılları emosional şəkildə, personajların səsi ilə
oxumaq daha yaxşıdır. Valideyn bir az aktyorluq etməyi bacarmalıdır”.
Psixoloq
əlavə etdi ki, bu gün uşaqların yaşına uyğun nağıl tapmaq da çətindir: "Uşağa
oxunulacaq kitablar gözdən keçirildikdən sonra onlara təqdim olunmalıdır.
Yaşlarını nəzərə alıb, kitab seçilməlidir. Bu gün belə kitabları tapmaq çətindir.
İki həftədən sonra mənim nağıl kitabım çap olunacaq. Psixoloji, qorxusu,
kompleksi, davranış, yuxu pozuntusu olan uşaqlar üçün nağıldır. Yaşlarına uyğun
olması önəmlidir. Nağıl kitabları uşaqlara şüuraltı mesajı olmalıdır”.
"Hər şəkilli jurnalı uşağa vermək olmaz”
Tanınmış uşaq yazıçısı və
nağılçısıGülzar
İbrahimova mütaliənin uşaqlara aşılanmasının valideynlərdən irəli
gəldiyini dedi. Bildirdi ki, lap kiçik yaşlarda uşaq nə bağça görür, nə də məktəb:
"Valideynlər
uşaqlara rəngli, şəkilli kitablar almaqla buna başlamalıdırlar. Rəngli kitablar
da xüsusi seçilməlidir. Hər şəkilli jurnalı uşağa vermək olmaz. Uşağın zövqünü
korlayar. Uşağa qəribə, qorxulu deyil, onlara gözəl təsir edəcək şəkilləri göstərmək
lazımdır. Tələsərək deyil, sevgi ilə yavaş-yavaş kitaba öyrəşdirmək lazımdır. Başqa
ölkələrdə uşaqlar üçün xüsusi kitablar var, amma Azərbaycan dilində yoxdur. Mənim
yaxınlarda yeni kitabım çıxıb. Uşaqların kitaba alışması üçün maraqlı bir vəsaitdir”.
"Hər yaşın öz kitabı var”
G.İbrahimova
deyir ki, valideynlər özləri əvvəlcə nağılı oxuyub, maraqlı olanını seçib
uşaqlara öyrətsələr daha yaxşı olar: "Bəzən valideyn nağıl haqqında məlumatlı
olmur, elə kitabı açıb nə olsa, oxuyur. Uşaq da görür çox maraqsızdır, ona görə
istəmir. Artıq nəinki biz, dünya ölkələri başa düşüblər ki, kitab bütün
internet resurslarından vacibdir. Kitabın uşağa verdiyini heç bir texnika
vermir. Hər yaşın öz kitabı var. Bir az böyük yaşlar üçün olan kitabları
azyaşlılara oxuyanda onlara mənfi təsir edə bilər. Qorxulu hekayə və
nağıllardan uzaq durmalıdır. Uşaqların yaşı artdıqca kitablar da böyüməlidir.
Valideyn uşaqla bərabər mütaliə etməlidir. Mütaliəyə alışan uşaq heç vaxt
savadsız qalmır”.
"Müəllimlər kitaba qarşı sevgini özlərindən uşaqlara
keçirməlidirlər”
Təhsil eksperti, müəllim Almaz Həsrət də kitaba sevginin ailədən başladığını bildirdi:
"Uşaq vaxtı bizə kitabı oxumağı deməyiblər. Çünki gözümüzü açandan evdə rəflərimizdə
çoxlu kitablar varıydı. Görürdük ki, ana-atamız oxuyur, əllərindən kitab
düşmür, bizim də marağımız artırdı. Sonra mütaliə edərkən, digərlərinə nisbətən
daha yaxşı ünsiyyət bacarıqlarımızın formalaşdığını görəndə deyirdik ki, qoy mən
filan kitabı da oxuyum. Bu gün internet əsridir və uşaqlarımızın çoxu internetə
bağlanıblar. Hansısa evdə rəflərdə kitab varsa, böyüklər kitab oxuyurlarsa, o
evdə kiçiklərin də kitaba marağı formalaşacaq”.
A.Həsrət
deyir ki, orta məktəbdə müəllimlər uşaqlara kitaba qarşı sevgini özlərindən
keçirməlidirlər: "Bəzən müəllimlər ancaq dərslikdəkiləri öyrənməyi tapşırır, əlavə
kitaba vaxt ayırmamağı deyirlər. Amma müəllim desə ki, filan bir əsər var, orda
keçdiyimiz mövzuya uyğun hansısa məqamlara toxunulub. Onu, yaxud dərsimizə
uyğun başqa əsərlər də tapıb oxuya bilərsiniz, uşaq oxumağa vərdiş edəcək. Müəllim
şagirdlərə kitabı sevin deməməlidir, özü sevməli, oxuduğunu həm də şüuraltı
olaraq uşaqlara ötürməlidir. Şagirdlər müəllimin dayanacaqda, avtobusda əlində əlavə
kitab olduğunu, oxuduğunu görsələr, bu, artıq bir mesajdır”.
Ekspert
qeyd etdi ki, uşaqların orta məktəblərin kitabxanalarına yazılmasını, oradan bədii
kitabları öz seçimləri ilə götürüb oxumaları üçün daha geniş imkanlar
yaradılmalıdır: "Orta və ali məktəblərdə müsabiqə keçirə bilərlər. Bu həftə ən
çox kitab oxuyan şagirdlərlə bağlı maraqlı adlarla müsabiqələr, oxunulan kitabların
kiçik müzakirələrini təºkil etmək olar. Bu cür təşviqlər uşaqların dərsdən kənar
kitab oxumalarına kömək edər”.
Aygün
Asimqızı