Vahid məkan, operativ və nəzakətli xidmət - REPORTAJ

Və ya DOST mərkəzinin nəzdində fəaliyyət göstərən
Vahid Əlaqələndirmə Mərkəzindən reportaj
Salam, xoş gəlmisiniz. COVID-19 pasportunuzu təqdim
edin, zəhmət olmasa.
- Oğlum, birinci doza vaksin olunmuşam, problem
olmaz ki?
- Xeyr, müəllim, əgər COVID pasportunuz və ya "Əks
göstəriş sertifikatı”nız varsa, xidmətlərdən istifadə edə bilərsiniz.
Maskasını taxır, əllərini dezinfeksiya edir və qəbul
mərkəzinə daxil olur. Nəzakətlə vətəndaşın hansı xidmətdən yararlanmaq istəməsi
öyrənilir, növbə götürməyinə yardım edilir və xidmət masasına yönəldilir.

Burada 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə
üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçuların və həmin müharibə ilə əlaqədar
əlilliyi müəyyən olunmuş şəxslərin problemləri "bir pəncərə” prinsipi ilə həll
olunur.
Biz də bu "pəncərə”nin işləmə prinsipi ilə
maraqlanmaq üçün DOST mərkəzinin nəzdində fəaliyyət göstərən
Vahid Əlaqələndirmə Mərkəzindəyik (VƏM).

7 dövlət orqanı üzrə 26 istiqamət
Burada 7 dövlət orqanı üzrə 26 istiqamətdə xidmətlər
vahid məkandan təqdim olunur. Mərkəzin yaradılmasında məqsəd vahid məkandan
operativ, şəffaf və nəzakətli xidmət həyata keçirməkdir. Əmək və Əhalinin Sosial
Müdafiə Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, yerli icra hakimiyyəti
orqanları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Dövlət sığorta
kommersiya xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti şəhid
ailələri üzvlərini, müharibə ilə əlaqədar xəsarət alan hərbi qulluqçuları və əlilliyi
müəyyən edilən şəxsləri qarşılayır.

Süründürməçilik və vaxt itkisinə son...
Bundan öncə hər bir orqan fərqli məkanlarda yerləşdiyi
üçün həssas təbəqəyə mənsub olan vətəndaşlarımız müxtəlif məlumatları toplamaqda
əziyyət çəkir, vaxt itirirdilər. Vətəndaş bir ərizəyə görə bəzən 4 ünvana
müraciət edirdi. Artıq buna ehtiyac yoxdur. Yuxarıda saydığımız kateqoriyaya
aid olan insanlar bir mərkəzə yaxınlaşır, müxtəlif orqanlardan onlara lazım
olan məlumatı toplayaraq elə burada yerləşən digər dövlət orqanına təqdim edirlər.
Onlara qarşı süründürməçiliyə yol verilmir. Mövcud problem yerindəcə həll
olunur.

Operativ və şəffaf xidmət
4 saylı DOST mərkəzinin direktor müavini İnqilab Fərzəliyev deyir ki, xidmətlər tam şəffaf və vətəndaş məmnunluğu
çərçivəsində həyata keçirilir: "Hazırda bütün DOST mərkəzlərində Vahid Əlaqələndirmə Mərkəzi
yaradılıb. VƏM-lərin təşkil edilməsində məqsəd vətəndaşlara vahid mərkəzdən şəffaf,
operativ xidmətlərin göstərilməsidir. Xidmətin gedişatında vətəndaşların sualları
yerindəcə cavablandırılır və sistemlər üzərindən verilən məlumatlar arayış şəklində
vətəndaşlara təqdim edilir. Yaxud vətəndaşların müraciətləri qeydə alınaraq lazımi
orqanlara göndərilir. Ümumilikdə, vətəndaş müraciətlərinin həm
cavablandırılması, həm də yerində xidmətlərin göstərilməsi operativ şəkildə həyata
keçirilir. Sonda ümumi xidmət səviyyəsi mərkəzdə quraşdırılmış müvafiq
aparatlarla qiymətləndirilir”.

Birbaşa xidmət, çağrı mərkəzi, səyyar forma
Həmsöhbətimiz deyir ki, vətəndaşların müraciətlərinə
3 formada növbəlilik əsasında baxılır: "Birincisi, birbaşa müraciətlərdir.
Onlar birbaşa DOST mərkəzlərinə müraciət etməklə yerində xidmətlər ala bilərlər.
İkincisi, 142 çağrı mərkəzinə zəng etməklə qeyd edilən istiqamətdə müraciət edə
bilərlər. Onları narahat edən suallara cavab ala, həmçinin təkliflərini bildirə
bilərlər. Çağrı mərkəzi 3 dəqiqə ərzində vətəndaşa məlumat verir. Xidmətlər səyyar
formada da həyata keçirilir. Mərkəzə gələ bilməyən, sağlamlıq imkanları məhdud
şəxslərə səyyar xidmət göstərilir”.

23 avqustdan etibarən fəaliyyətə başlayan mərkəzdə hələ
ki, sakitlikdir. Yeni xidmət olduğu üçün vətəndaşlar məlumatsızdır. Hazırda müraciətlər
daha çox Müdafiə Nazirliyi və səhiyyə strukturu ilə bağlıdır.

Xilaskar könüllülər
VƏM-lə bağlı xidmətin təşkilində könüllülər də
canla-başla işləyir. İlkin mərhələdə könüllülər vətəndaşları dinləyir, müraciətlərini
müəyyənləşdirir və xidmətə uyğun olaraq onları yönəldir. Aparatlarda növbələrin
verilməsini könüllülər həyata keçirir. Həmçinin vətəndaşların tibbi maskadan
düzgün istifadə etməsinə nəzarət edirlər. Könüllülər gün ərzində 3 dəfə bütün
işçilərin temperaturlarını ölçür, aidiyyəti şöbəyə məlumat verirlər. Proses vətəndaşların
sağlamlığını və məmnunluğunu düşünərək həyata keçirilir.

Əvvəl bu sənədi almaq üçün 7-8 binaya gedirdiksə...
Yuxarıda da qeyd etdiyimiz kimi hələ ki, ən çox
müraciət Müdafiə Nazirliyinin strukturları ilə bağlıdır. Nazirliyin əməkdaşı
Nərmin Əsədullayeva deyir ki, müraciətləri səbirlə dinləyir, vətəndaşların
məmnun ayrılmaları üçün əllərindən gələni edirlər: "Bizim strukturda şəhid və şəhid
ailəsi statusunun əldə olunması üçün arayışlar verilir, müharibə veteranı
adının verilməsi ilə bağlı vəsiqələr təqdim edilir. Orden və medallarla təltif
olunma üçün xəsarət, yaralanma, kontuziya almış şəxslərin əlliliyinin müəyyən
edilməsi ilə bağlı arayışları da hazırlayırıq. Bundan əlavə, sığorta ödənişləri
ilə bağlı sənədlərin verilməsi üçün müraciətlər qəbul olunur”.

MN-in xidmətlərindən yararlanmaq üçün müraciət edən
qazi Elnur Əliyevə yaxınlaşırıq: "İkinci Qarabağ müharibəsi
iştirakçısıyam. Veteranlıq vəsiqəsinin alınmasıyla bağlı müraciət etdim. Xidmətdən
çox razıyam. Əvvəl bu sənədi almağa görə 7-8 binaya gedirdiksə, indi bir pəncərədə
bütün işlərimizi həll edirlər”.
"Onlar bizim fəxrimizdir”
İcbari Tibbi Sığorta Agentliyinin əməkdaşı Orxan
Ağababayev də üzündə
təbəssümlə ona müraciət edən vətəndaşları gözləyir: "Qazilərin və şəhid ailələrinin
xəstəxanalar, əlilliklə bağlı problemlərini həll edirik. Bu təbəqədən olan
insanlar məhz xəstəxanalarda xidmətlə bağlı problemlər yaşadıqda bizə müraciət
edə bilərlər. Biz araşdırır və kömək edirik. Məqsədimiz qazi və şəhid ailəsinin
problemlərini həll etməkdir. Onlar bizim fəxrimizdir və onlara canla-başla xidmət
edirik”.

Səhiyyə sistemi ilə bağlı hansı problemləri
varsa...
Lalə Qurbanova Səhiyyə Nazirliyinin əməkdaşıdır. Deyir ki, səhiyyə ilə bağlı nə
problemləri varsa, VƏM-ə müraciət etsinlər: "Bizim işimiz şəhid ailələri və
müharibədə xəsarət alan hərbçilərimizin sağlamlığının qeydinə qalmaqdır. Səhiyyə
Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrinə müalicə və müayinə ilə
bağlı göndəriş verəcəyik. Səhiyyə sistemi ilə bağlı hansı problemləri varsa,
bizə müraciət edə bilərlər”.

"İşimizi çox asanlaşdırıblar”
Xidməti qiymətləndirmək üçün könüllü ilə söhbətləşən
qaziyə yaxınlaşırıq: "Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut uğrunda döyüşlərdə
iştirak etmişəm. Şuşaya daxil olarkən yaralandım. 3-cü qrup əlilliyə təyin
olundum. İndi də vəsiqəmi almaq üçün müraciət etmişdim. Xidmət yüksək səviyyədədir.
İşimizi çox asanlaşdırıblar. Gülərüz personal və bizə kömək etmək üçün çalışan
insanlara təşəkkür edirik”.
"Vətəndaşa DOSTuq”
Çıxışda qəbul mərkəzinin əməkdaşı Kənan Qasımovun aqressiv vətəndaşla söhbətinə şahid oluruq. Təmkinlə,
səbirlə kömək etməyə çalışır. Deyir ki, onun problemi var və aqressiv ola bilər:
"Gələn vətəndaşlar cəmiyyətin ən həssas üzvləridir. İstər problem, istər
isti hava şəraiti onu gərginləşdirə bilər. Biz anlayırıq və sakitləşdirməyə
çalışırıq. Bizim işimiz onlara xidmətdir. Onsuz da vətəndaşa lazımi diqqəti
göstərəndə o sakitləşir. Vətəndaş qapıdan giribsə, qapıdan çıxana, "sağ ol” deyənə
kimi biz ona sözün əsl mənasında DOSTuq”.

Məlumat üçün bildirək ki, hazırda VƏM Bakı şəhəri
üzrə 4 DOST mərkəzində fəaliyyətə başlayıb. 1 saylı DOST mərkəzində Yasamal, Səbail
və Qaradağ, 2 saylı DOST mərkəzində Xəzər və Pirallahı, 3 saylı DOST mərkəzində
Sabunçu, Suraxanı, Nizami, Xətai, 4 saylı DOST mərkəzində isə Binəqədi, Nərimanov,
Nəsimi rayonunda qeydiyyatda olan vətəndaşlara xidmət göstəriləcək.
Aygün ƏZİZ
Fotolar: Tapdıq Abdullayev
