• cümə, 29 Mart, 12:21
  • Baku Bakı 14°C

Uzun və oxunaqlı roman

11.02.19 14:00 1791
Uzun və oxunaqlı roman
"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət edirik. Budəfəki həmsöhbətimizyazıçı, şair Əjdər Oldur. Əjdər müəllimin sevdiyi əsər Qreqori Devid Robertsin "Şantaram” romanıdır.

– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə "Şantaram” romanı sizin sevdiyiniz əsərə çevrildi?
– Öncə qeyd edim ki, mən çağdaş dünya ədəbiyyatı ilə maraqlanan oxucuyam. Çalışıram ki, hər il bir neçə yeni əsər mütaliə edim. Bu gün "Şantaram”dan danışma səbəbim, ilk növbədə, onun adı ilə bağlıdır. Şantaram, yəni sülh adamı. Bildiyiniz kimi, ötən əsrin doxsanıncı illərindən başlayaraq kriminal aləmə düşən müsbət qəhrəmanlar və onların mübarizəsindən bəhs edən əsərlər Azərbaycan ədəbiyyatında da üzə çıxdı. Məsələn, "Diktator Ağakərim”,"Zolotoy mujik”, "TT Nəriman”, "Sanka Zver” və başqaları. Sovet dövründən başlanğıcı qoyulan bu tipli əsər qəhrəmanlarının ortaq cəhəti odur ki, həbsxanada olsalar belə, heç vaxt sınmır, mərdliklə mübarizə aparır və öz həqiqətlərini müdafiə etməkdən bir an belə çəkinmirlər. Həmçinin cəmiyyətin deyil, ayrı-ayrı şəxslərin düşməni olan bu obrazlar, cəzanı özləri kəsərək hüquq və qanunun müdaxiləsini gözləmirlər. Ədəbiyyatı yalnız azadlıqda olan adamlar oxumur, hansısa səbəbdən həbsə düşmüş şəxslər də mütaliə edirlər. Deməli, kimliyindən və nəçiliyindən asılı olmayaraq, ədəbiyyatın materialı insandır. Əsəri mənə sevdirən cəhətlərdən biri də odur ki, baş qəhrəman Avstraliya hökumətindən gizlənir və qanunların pozulduğu, hələ dincliyin hökm sürmədiyi bir mühitə – Bombeyə gəlir. Minlərlə insanın yaşayış qeydiyyatı yoxdur, gecəqondularda sığınacaq tapıblar. Elə buna görə də, Bombey gizlənmək, iz itirmək üçün ideal yerdir. Şantaram belə – xəstəliklərə düçar olmuş, ən zəruri gündəlik ərzaq mallarına möhtac bir cəmiyyətdə yaşayır, mübarizə aparır və sanki balaca qabdakı su ilə böyük yanğını söndürməyə çalışır. O, ali məqsədlər naminə yaşayır, ixtisasca həkim olmasa da, əhaliyə tibbi yardım etməyə çalışır. Əsərdə çox gözəl bir fikir var: "Həqiqət hamımızın yaxasından yapışıb, üzdə özümüzü elə göstəririk ki, biz həqiqətpərəstik”. Doğrudan da, belədir. Ətrafda kimi dindirsən, həqiqətdən danışır, çünki həqiqətdən qaçmaq mümkün deyil. Lakin hər kəs "hökmranlıq” üçün özünə sərf edən həqiqəti arayır. Əsər boyu müxtəlif reallıqlarla, hər cür şəxslərlə, fərqli obrazlarla üz-üzə gəlirsən. Bu obrazlar, adətən, pula sitayiş edir, sonda isə onun mahiyyətsizliyini dərk edirlər. Əsərdə polis rüşvət götürməklə bir tərəfdən qanunsuzluq edirsə, bir tərəfdən də qan tökülməyinə mane olur. Yəni bəzən xeyirxahlıq ədalətsizliyin hesabına başa gəlir. Göründüyü kimi, "Şantaram” obrazlarının çox qəribə həqiqət anlayışları var. Əlbəttə, yaxşı olardı ki, hər şey qanunla tənzimlənsin, amma hələ ki, bu, mümkün olmadığına görə, cəmiyyətdə atılan bəzi xeyirxah addımlarda zorakılıq izləri vardır. Əsərdə bütün bunlar çox gözəl əksini tapıb. Bax, belə uzun, oxucu ilə dialoqa girən, müdrik əsəri sevmə səbəblərim bunlardır.
– Bu kitabı əsrimizin "Min bir gecəsi” adlandırırlar. Bu paralelliklə nə dərəcədə razısınız?
– Əslində, elə həyatımız "Min bir gecə” nağıllarıdır. Çünki hamımız ümidlərlə, inamlarla, səhrada ilğıma qaçan tək, mənzilbaşına tez çatmağa çalışırıq. Və beləcə, aylar günləri, illər də ayları əvəz edir, ömür keçib gedir. "Min bir gecə”də Şəhrizad nağıllar danışa-danışa Şahı sona qədər əlində saxlayırsa, həyat da eyni məntiqlə bizi düz ölümə aparıb çıxarır. Hər iki əsərdə də qorxulu nağıllar var, eyni zamanda qaranlığın sonunda işıq görünür. Bəs nə zaman xilas oluruq? Arzumuz yerinə yetəndə arzudan, cinayət hadisəsi törətdikdə rəqibdən, yolun axırına çıxanda yoldan... Elə həyat da mübarizə və xilaslar cəmindən ibarətdir. "Şantaram”dakı obrazlar da heç bir çətinlikdən, macəradan qorxmurlar. Bu əsəri həm də dinin, həyata inamın, ümidin ən qədim qaynaqlarından olan Hindistan həyatından bəhs etdiyi üçün sevirəm. Çünki "Ədəbi Hindistan”la sonuncu dəfə Taqorun əsərlərində tanış olmuşdum. Əsərdəki Prabaker obrazının, bütün məhrumiyyət və məhdudiyyətlərə baxmayaraq həyata min bir tellərlə bağlılığı, gündəlik çörək pulu üçün ümidli mübarizəsi çox təsirlidir. O, içdiyi bir damcı sudan, sevgilisindən, təbiətdən, işıqdan necə böyük enerji alır. Bu, hər kəsə nəsib olmayan nemətdir. Axı adamlar var ki, əlində çox geniş imkanları olsa da, xoşbəxtliyi dada, həyatdan zövq ala bilmirlər. Hindistan mühitinin insanları isə bu gün beşcə qəpik artıq qazanıblarsa, artıq xoşbəxtdirlər. Əsərdə maraqlı bir hissə var: Şantaram az miqdarda içdiyi viski şüşəsinin ona bağışlandığını öyrənəndə deyir ki, bilsəydim sən bu viskini mənə bağışlayacaqsan, onda heç bir qurtum da içməz, aparıb satardım. Yəni insanın düşdüyü vəziyyətə görə arzuları da dəyişir.

– Sizcə, kriminal-mafioz mövzunu müasir Hindistan şərtlərinə uyğunlaşdırmaq əsərə nələr qazandırıb?
– Hər birimiz, əslində, potensial cinayətkarıq. İstənilən anda özümüzdən çıxa, cinayət törədə bilərik. Mənim həbsxanaya düşmüş bir dostum var idi, o məndən özü ilə fərqini soruşanda demişdim ki, yeganə fərq, təxminən eyni vəziyyətdə sənin özünə əngəl ola bilməyib, cinayəti törətməyində, mənim isə son məqamda özümü saxlamağımdadır. Vəssalam. Mən doxsanıncı illər hadisələri zamanı bəzən gecələr xəyalımda kimlərisə cəzalandırırdım, amma səhər görürdüm ki, həmin şəxslərin dünənkindən də artıq kefləri kökdür
Bu romandakı şəxslərin də əksəriyyəti böyük məqsədləri olan qəhrəmanlardır. Məsələn, Abdulqahhar qaçıb gizlənən cinayətkardır, amma sonda məlum olur ki, Əfqanıstan mübarizəsinə silahla, atla dəstək verən, elə oradaca canından keçən bu obraz – mafiyanın başçısı ən böyük vətənpərvərdir. Əsərdə də həqiqət uğrunda fərdi mübarizə aparan şəxslər toplanıb. Eynilə amerikan filmlərindəki kimi.
Bilirsən, hər bir insan vətəni öz düşüncə səviyyəsində dərk edir. Məsələn, kimsə vətəni müdafiə etməyi öz ailəsini, digəri kəndini qorumaq kimi başa düşür. Biz də bir vaxt xalq olaraq bütün bu hadisələrin içindən keçdik. 90-cı illərdə dövlətçilik ənənəsi zəif olduğu üçün ümumi mübarizəyə qoşula bilməyən nə qədər qəhrəmanlar var idi...
– Əsərin müəllifi Yeni Zelandiya həbsxanasından Hindistana qaçıb, Bombeyə sığınıb, romanın baş qəhrəmanı Lindsey də oxşar tale yaşayır. Lin elə müəllifin özüdür, Lindsey qəhrəmanın (müəllifin) Hindistana gedərək orda qalmasını leqallaşdırdığı saxta pasportdakı soyaddır. İstərdim əsərdəki bu avtobioqrafik elementlərdən danışaq...
– Bilirsən ki, mən də avtobioqrafik elementlərə önəm verən qələm adamıyam. Bəlkə də, elə bu səbəbdən "Şantaram” xoşuma gəlir. Əgər avtobioqrafiya ictimai bir dəyərə çevrilirsə, onda bu həyat ədəbiyyat olmağa layiqdir. Şübhəsiz ki, həbsxanaya düşən hər adamın həyatı roman mövzusu ola bilməz. Şantaram elmdən, mədəniyyətdən, siyasətdən xəbəri olan, baş verən ictimai hadisələrə müdaxilə etmək istəyən adamdır. Bəzi yazarlar "mən öz həyatımı qələmə almışam” kimi iddia ilə çıxış edirlər. Amma unudurlar ki, gərək iddia edənin həyatı ədəbiyyata çevriləcək qədər maraqlı olsun. Biri var inzibati səlahiyyət, biri də var xeyirxahlıq, insanlıq səlahiyyəti. Bu gün hamımıza Şantaramın yaşadıqları, başına gələnlər maraqlıdır. Avtobioqrafiyanın bir maraqlı tərəfi də odur ki, yaşadığın hadisələr sənə nəzarət edir, ədəbi saxtakarlıq etmək olmur. Təxəyyüllə ancaq sevgi romanı yazmaq olar. Baxın, hansı məhəbbət romanında filan ilin, filan günündə filan qıza vuruldum yazılıb ki? "Şantaram” təxəyyül yox, həqiqət romanıdır. Həqiqət bu romanın tərcümeyi-halıdır.
– Əsərin böyük bir hissəsində qəhrəmanın şəhər gecəqonduları və həbsxanalardakı həyatı təsvir edilir. O hissələrdə müxtəlif millət nümayəndələrinin adət-ənənəsi, həyat şərtləri əks etdirilir. Bu təsvirlər, sizcə, əsəri ağırlaşdırmırmı?
– Ümumiyyətlə, bəzi məqamlarda insanlar təbəqələşməni unudurlar. Heç vaxt müharibədə – cəbhə bölgəsində, inqilab, aclıq zamanı, zəlzələdə, həmçinin həbsxanada kimsə digərindən hansı millətdən olduğunu soruşmur. Bunlar dinclik vaxtının məsələləridir. Nazim Hikmət bu halı gözəl ifadə edib:
"30.000.000
30.000.000!
Açlar dizilmiş açlar!
Ne erkek, ne kadın, ne oğlan, ne kız”

Sadəcə ac. Milliyyətinin, irqinin, cinsinin, dilinin elə də çox önəmi olmayan 30.000.000 ac... Belə şəraitdə kimsə kimsənin gözəlliyinə, görünüşünə fikir vermir. Onları təkcə bir içim su və bir parça çörək maraqlandırır. Ola bilər ki, sən azadlıqda çox mötəbər adamsan, amma türmədə döşəməni yuyub-təmizləmək məcburiyyətində qala, bir stəkan çaya möhtac ola bilərsən. Biz bəzən mətnə qəribə yanaşırıq. İstəyirik ki, mətn düşüncəmizə uyğun irəliləsin. Bəli, həqiqətən də, bəzən sənə elə gəlir ki, müəllif kəsədən gedə bilərdi. Amma bu, bizim düşüncəmizdir. Müəllifin qənaətincə isə əsər necə yazılmalıdırsa, elə də yazılıb.
– Romanda çoxmillətli Hindistanda hələ hüquqları müəyyənləşməmiş insanların, qrupların taleyi də önə çəkilir. Sizcə, bu məqamları qabartmaqda müəllifin əsas məqsədi nədir?
Doxsanıncı illərdən sonra dünyada birqütblü super güc formalaşdı: Amerika Birləşmiş Ştatları. Mənzərə dəyişəndən, böyük inqilabi dəyişikliklərdən sonra, təsir dairələri başqalaşdı və ədəbiyyatda belə mətnlər – öz ölkəsinin kəm-kəsirini göstərən romanlar yazılmağa başladı. Sanki keçmiş səyyahlar – indiki missionerlər gəzərək ölkələrarası məlumatlar toplayır və həmin ölkə ilə necə əlaqə quracaqlarının yollarını axtarırdılar: Bu ölkənin zəif cəhəti, güclü tərəfi nədir, sabah işğal etmək istəsək, haradan başlamaq, hara getmək olar. Yəni əsas məsələ strateji məqsədlərlə dünyanı öyrənmək, kəşf etmək idi. Nəhəng ölkələr xırda dövlətlər - onların adət-ənənələri, tarixi, konflikt nöqtələri, coğrafiyası ilə maraqlanırdılar. Bax, məsələn, Xalid Hüseynin "Çərpələng uçuran”ı niyə Qərb üçün maraqlıdır? Çünki Əfqanıstanın SSRİ ilə mübarizəsindən bəhs edirdi. Yaxud, Orxan Pamukun "Qar”ı niyə maraqlı idi? Çünki Türkiyədəki bütün ictimai-siyasi, dini, milli konfliktləri dünyaya faş edir. Sırf bu missiyaya görə 80-90-cı illərdən sonra belə tipli əsərlər yazılmağa başladı. "Şantaram” da bu qəbildən romandır. Bu əsər nəticələri doğuran səbəbləri göstərməyə çalışıb.
– Əsərdə saysız qəhrəman və çoxlu şəhərlər var. Sizcə, bu şəhərləri və bu insanları birləşdirən ortaq dəyər nədir?
– İnsanları birləşdirən ortaqlıq hər zaman taledir, hadisələrdir. Məsələn, müharibə birdən-birə dünyanın böyük əksəriyyətini birləşdirir. Yaxud sülh. Bəzən iqtisadi bağlılıq, bəzən din. Yəni birliyin min bir yolu var. Əvvəl adama elə gəlir ki, bütün şəhərlər bir-birindən fərqlidir. Amma dünyanı gəzəndən sonra görürsən ki, yox, elə hamısı hansı dərəcədəsə bir-birinə bənzəyir. Bütün şəhərlərdə gün eyni problemlərlə doğur, oxşar qəziyyələrlə də bitir. Nizami Gəncəvi "Məhəmmədin meracı” haqqında yazanda qeyd edirdi: "O qədər yüksəldi, yüksəldi ki, tərəflər itdi”. Yəni Allah qatında sağ, sol, cənub, şimal yoxdur. Yazıçı da bəzən elə bir mərhələyə çatır ki, o qatda aşağıların mübahisəyə çevirdiyi məsələlər yoxdur.
– Əsas qəhrəmanın ətrafında bir neçə qrup var. Dünyanı vecinə almayan və müxtəlif səbəblərdən Bombeydəki avropalılar, hindlilər – yəni kasıblar, gecəqondu sakinləri və ərəb ölkələrindən gələnlər, radikallaşmış mafiozlar...
- Dünyada zəif ölkələr hansılardır? İqtisadi cəhətdən səmərəli olan yolüstü ölkələr. Tərkibində az saylı xalqları, dinləri və dini məzhəbləri çox olan ölkələr. Məsələn, elə Hindistanın özü. Həmişə tapdaq altında qalıb və müharibələrdə demək olar ki, qalib gəlməyib. Əksinə, zamanla Pakistana, Nepala, Şri-Lankaya bölünüb...
Əsər də müasir dünyamızın mənzərəsidir. Necə ki, selin gözü açılanda birinci xılt, çör-çöp gəlir, eləcə də ölkələrin qapıları açılanda birinci xırda alverçilər, cinayətkarlar, ələ-ayağa dolaşanlar ölkəyə axın edir. Beləliklə də, ölkəni parçalamağa çalışan başqa dövlətlərin əli uzanır.
- Romanda çoxlu aforizmlər var. Yaxud fəlsəfi cümlələr. Müasir nəsrdə və bu əsərdə belə müdriklik nümunələri nə dərəcədə maraq doğurur?
– Bu əsərdəki müdrik fikirlər çox xoşuma gəlir. Xüsusilə Karlanın aforizm xarakterli fikirləri... Müdriklik nədir? Həyat hadisələrinin sıxılmış şirəsi. Uşaqlıqda belə atalar sözlərinə "sözdür də deyirlər" məntiqi ilə yanaşırdım, amma böyüdüm və həmin hadisələri yaşadıqca hikmətlərini daha yaxşı anladım. Bu mənada aforizmlər həyatın qısaldılmış məzmunudur. Bütün bunlara görə, əsərdə aforizmlərin işlənməsinin tərəfdarıyam. Həyata olduğu kimi mətnə də müdrikə ehtiyac var.
– Baş qəhrəmanın "Şantaram” – "sülh adamı” adlandırılması əsərin əsas ideyası ilə nə dərəcədə bağlıdır?
– Təsəvvür elə, elə bir kriminal mühitdə sən xəstələri sağaldırsan, sülhün carçısısan. Şantaram da o burulğanın içərisinə düşən birisidir. Əsərin ideyası da elə budur: dünya xeyirxahların çiyinlərindədir. 100 nəfər içərisindən heç olmaya biri əzaba qatlaşır, müdrik söz deyir, işığın tərəfdarı olur, çətinliklərdən keçir və hətta həbsxanaya düşür. Əsərin gözəlliyi də budur ki, belə fəci hadisələr yaşamış adam sınmır. Çətinliklərdən keçə-keçə, əyilməyərək həqiqəti qoruyur, özünü bəşəriyyətə həsr edir. Çünki insan bəşəriyyətə həsr olunmayanda həyat üçün o, heç bir əhəmiyyət daşımır. Axı heç kəs həyatda elə-belə sevilmir, əziyyət çəkməsən, sevilə bilməzsən. Mən bu mövzuya bir əsərimdə toxunmuşam: Xalq səni sevirsə, daim yaxşı əməlləri, sevmirsə, naqis işlərini şişirdir. Buna görə də çalışmaq lazımdır ki, səni sevsinlər. Çünki xalq şişirtməyi, dastan düzəltməyi, nağıl danışmağı sevir. Ona görə də, çalışmalıyıq ki, yaxşı əməllərimizdən "dastanlar” yaransın.
– Haqqında danışdığımız əsər haqqında deyirlər: "Dünyada hər gün müzakirə olunan, hər şey haqqında məlumat verən ensiklopediyanı xatırladır”. Bu fikirlə razısınızmı?
– Düzü, mən belə adlandırmanın tərəfdarı deyiləm. Çünki ensiklopediya durğun, hərəkətsiz, hər şey barədə qısaca – ölçülüb-biçilmiş məlumat verən materiallar toplusudur. "Şantaram” isə qətiyyən statik deyil, burada dəyişikliklər var, təlatüm var.
– Əsərdə xüsusi diqqətinizi çəkən detal, dialoq, məqam hansıdır?
– Bir neçə belə məqam var. Amma yadımdadır ki, Karla ilə Şantaramın dialoqlarını çox maraqla oxumuşdum. Bundan başqa Əfqanıstan dağlarındakı müzakirələr, eləcə də Abdulqahharın düz həqiqətin mərkəzinə nişanlanan fikirləri diqqətimi çəkmişdi.
– Devid Roberts "Şantaram”da özü kimi seçimlərinin nəticələri ilə barışmayan bir, baş qəhrəman yaradıb. Sizcə, qəhrəman niyə seçim edə bilmir?
– Əslində, müdrik adamlar heç vaxt heç nəyi sona qədər həll edə bilmirlər. Çünki onların həyatı həqiqət uğrunda bitməyən mübarizədən təşkil olunub. Əsərdə sanki "biz burada hər şeyi həll etmədik, bu ideya mənim sonum gəlsə də, bitməyəcək, başqa ardıcıllar yetişdirəcək” mesajı var. Yəni bu seçim məsələsi deyil, sadəcə Şantaram əsər boyu hadisələrlə yaşayır və elə yaşadığı müddətcə də onları tənzimləyir.
– Əsərin müəllifi ilə bağlı belə bir fakt var. "Qreqori ilə söhbətləşə-söhbətləşə böyük kitabxana-mağazaya çatdıq. "Şantaram”ı işarə edərək, "tez diqqəti cəlb etməsi üçün bu qədər irihəcmli yazmısınız?” – dedim. Gülümsədi: "Bu, mənim yaşayıb sonra yazdığım hekayə deyil, bu, mənim yaşaya-yaşaya yazdığımdır. Ona görə belə irihəcmlidir. Bir günü bir roman boyu təsvir edənlər var, mən 20 ili 900 səhifə ilə tamamlamışamsa, pis nəticə deyil”. Sizcə, əsərin həcmi çox deyil ki?
– Əgər əsəri sona qədər oxuyub bitirə biliriksə, həcmi bizi niyə qorxutsun ki?

Söhbətləşdi: Fərid Hüseyn




banner

Oxşar Xəbərlər