Uzun saç yaraşıqdır, yoxsa...

Sağlam
saçlar uşağın ümumi sağlamlığı və genetikası ilə bağlıdır. Orqanizmin sağlamlıq
durumunda problem yaranarsa, bu, saçlara da təsirsiz ötüşmür
"Uzun saç həqiqətən uşağın inkişafına mane olurmu?
Ortancıl qızımın saçı uzundur, özü isə zəifdir. Çox adam deyir saçını kəsdir,
uşaq inkişaf etsin” – bu fikirləri jurnalist həmkarımız Həbibə Abdulla sosial şəbəkədə
qeyd etmişdi. Ümumiyyətlə, uzunsaçlı,
arıq uşaqlar görəndə, "yediyi saçına gedir” deyə bir iddia səsləndirilir.
Qohum-qonşu deyir ki, uşağın saçı kəsilsə, daha yaxşı inkişaf edəcək. Yaxud
uşağın 40 günü tamam olandan sonra saçını tez-tez kəsməyi vacib bilirlər. Həm
saç daha qalın çıxsın, həm də uşağın qəbul etdiyi vitaminləri saçları almasın
deyə. Bunlar daha çox el arasında yayılan fikirlərdir. Bəs bu yanaşmada həqiqət
payı nə qədərdir? Uzun saçlar uşağın inkişafına nə dərəcədə mane olur?
Saç
genetik olaraq məlumatlanır ki...
Pediatr
Aytən İsmayılzadə deyir ki, tibbi cəhətdən yanaşanda bu fikirlərin hər hansı
elmi təsdiqi yoxdur: "İnsanın digər orqanları kimi saçların da inkişaf tempi
genetikdir. Yəni orqanizm inkişafı üçün lazım olan qidanı alır. Eləcə də, saç
genetik olaraq məlumatlanır ki, bu cür qidalanacaq. Saç üçün keratin, zülal,
minerallar vacibdir. Onlar da hamısı bədəndən qəbul olunur. Necə ki dəmir az
olan kimi saç tökülməsi baş verir. Yəni orqanizmə qəbul edilən qidanın saçlara,
təbii ki, təsiri var. Ancaq "uşağın yediyi saça gedir” demək də olmaz. Çünki
bunun hər hansı elmi əsası yoxdur”.
Ehtimal
olaraq məsləhət görülür
Pediatr
deyir ki, zəif qidalanan, uzun, qalın saçı olan uşaqların saçını kəsdirməyi məsləhət
görür: "Kök uşaqlara D vitaminini arıq
uşaqlarla müqayisədə daha çox təyin edirik. Vitaminin bədənə paylanmasını nəzərə
alaraq bu addımı atırıq. Arıq uşaqlara təyin etdiyimizi ona da yazsaq, bədəni
üçün azlıq edə bilər. Saç da çox uzundursa, sıxdırsa, qalındırsa, bu zaman onun
sərf etdiyi vitamin də çox ola bilər. Ola bilər ki, saç uzun olanda, orqanizmdən
daha çox enerji, qida sərf etsin. Uşaqda inkişaf geriliyi hiss edirəmsə, saçı
uzun və qalındırsa, valideynlərə məsləhət görürəm ki, kəsdirsinlər.
Elmi olaraq sübut edə bilmirik, ehtimal olaraq məsləhət görürük. Ola bilər ki,
kəsilməsində fayda olsun”.
Başa
ağırlıq edir
A.İsmayılzadə
bildirdi ki, uzun, qalın saçların uşaq orqanizminə faydası yox, zərəri var:
"Qalın saç sağlamlıq göstəricisidir. Daha yaxşı qidalanır, orqanizmindən daha
çox vitamin qəbul edir. Uşağın qidalanması da normaldırsa, yəni saçı onun
inkişafına problem yaratmırsa, yenə də uşaqda qalın, sıx saçların uzun
saxlanılmasının tərəfdarı deyiləm. Yəni uşağın yediyi saçına getməsə belə, yenə
də kəsmək yaxşıdır. Qalın, uzun saç uşaq üçün yükdür. O yükü azaltmaq lazımdır.
Uzunsaçlı uşaqlarda tez yorulma, baş ağrısı ola bilir. Saçı qısaldanda, uşaq
yüngülləşir, sanki yorğunluğu da aradan götürülmüş olur. Digər tərəfdən, saç
qalındırsa, sıxdırsa, başa ağırlıq edir və boyun əzələlərinə,
uşağın onurğasına ziyan vurur. Gözəllik xətrinə uşaqların saçını uzatmaq lazım
deyil”.
Uzun
saçları yığarkən...
Aytən
İsmayılzadə qeyd etdi ki, uzun saçı olan uşaqların saçını yığarkən, darayarkən
də müəyyən nüansları diqqətdə saxlamaq vacibdir: "Əgər iki yerə ayırıb
yığırlarsa, simmetrik olaraq ortadan saçı iki bərabər hissəyə bölüb yığmaq
lazımdır. Yaxud bir yerdən yığacaqlarsa, tam ortadan olmasına diqqət etsinlər.
Çünki saç uzun olanda, ağırlığı da çox olur. Bir tərəfə düşən yük çox olursa, həmin
nahiyədəki əzələlər daha çox yüklənir. Yaxud açıq saçı darayırlar, saçın çoxu bir
tərəfə meyilli olur. Bu da bir tərəfin əzələlərinin daha çox yüklənməsi deməkdir”.
Kəsilsə də,
kəsilməsə də...
Türkiyəli Prof.Dr Kamal Topaloğlu orqanizmi daha
yaxşı inkişaf etsin deyə, tez-tez uşaqların saçlarının kəsdirilməsilə bağlı el
arasında yayılan fikirlərlə bağlı mətbuata açıqlamasında deyib ki, uşağın qəbul
etdiyi vitaminləri saçların çəkməsi metabolik olaraq mümkün deyil: "Balanslı
qidalanma, normal ətraf mühit, sağlam psixoloji vəziyyət və sevgi uşağın
inkişafında ən önəmli faktorlardır. Bundan başqa, el arasında uşaq inkişafı ilə
bağlı səsləndirilən bir çox rəvayətlər düzgün deyil. Qız, ya oğlan, fərq etmir,
uşaqların körpəlik vaxtından etibarən saçlarının davamlı olaraq qısa kəsilməsinin
bədənin inkişafına heç bir qatqısı yoxdur. Bəzi uşaqlar saçları kəsilsə də, kəsilməsə
də, son dərəcə sağlam olur. Sağlam saçlar uşağın ümumi sağlamlığı və genetikası
ilə bağlıdır. Orqanizmin sağlamlıq durumunda problem yaranarsa, bu, saçlara da
təsirsiz ötüşmür. Saçın uzadılmasının
vücudun gücünü azaldıb böyüməyinə mane olacağı yönündəki fikirlərin heç bir
elmi mənbəyi yoxdur”.
Aygün
Asimqızı
