• çərşənbə, 24 Aprel, 01:37
  • Baku Bakı 14°C

Uzun incə bir yoldayam, canımda can...

22.01.16 10:45 1452
Uzun incə bir yoldayam, canımda can...
1990-cı ilin yanvarında qurdu “Yuğ”unu – “Yuğ”umuzu... ilk sözü “Salam” oldu... Salam, Vətən, dedi, yeni çağın mübarək, yeni adın mübarək, döz dedi “Oğul”, döz, hər şey düzələcək, azadlıq “Yol”undasan. Azadlığa “Açar”dır əzab-əziyyət, qurbanlar vermək... Əzizlərini başına yığdı, “Gəl, gedək” dedi, “Leyli demə” deyibəni “Dad” eləmə “Məcnun” kimi... Düzələcək, görəcəksən, düzələcək... Hələ sən, “Bir-iki” yox, çox “Yuxu”lar görəcəksən. Görəcəksən ki, “Balaca Şahzadə”yə çevrilmisən... Onun kimi səmanın ənginliklərində “Sentimental vals”lar oynayırsan. Sıxma ürəyini, üzümüz “Gündoğan”adır. Hər şey yaxşı olacaq... Mən sənin əlindən tutacağam, hər zaman yanında olacağam, “Dürlü xəbərlər” verəcəyəm.
Bir anlıq dayandı, baxdı və dedi: Ey, “Güzgüdəki adam”, “Ağrı” səni öldürür, amma “Bircə qarış” qalıb, döz, alınacaq. “Solğun çiçəklər” kimi boynubükük axtardığın o “İtmiş saat”ını mütləq tapacaqsan. İnan mənə, inan və gözlə, “Efirdə görüşənədək”, gözlə...
“Also sie sind qe sommen”, yox, yox, “Əl faciə” deyil, “Ən gülməli ölü”m mənim, “Nəhayət ki, siz gəldiniz” deyirəm, gəlməyə bilməzdiniz, axı bu “Modus vivendi”dir... yaşam tərzimizdi... Bu “Sonuc” deyil hələ, “Finiş”dir. Əzablı-əziyyətli günlərimizin finişi...
“Cənab Ö”, məqamdır, “5-ci ölçü”nün məqamı. “Uzun incə bir yoldayam”, “Canımda can” olduqca yolumdan dönməyəcəyəm, sən də dönmə, “Otello”cum! “Zindan güşəsi”ndən “Üz tuturam tanrıya”, tanrım mənə bir ocaq ver – odum özümün, külüm özümün olsun, hamam olsun, qala olsun, hücrə olsun, nə olur olsun, yetər ki, olsun, mənim olsun. Oldu... o da oldu... Budur, “Sən həmişə mənimləsən”, mənim də olacaqsan. Gözün aydın, vətən, mənimsən, nəfəsimsən, ocağımsan, evimsən... “Dəvə yağışı” kimi əcaib yağsan da, şükür ki, yağırsan...
Sən “Can üstə” olanda “O susurdu” yenə də susacaq, dərd eləmə... Amma bir gün mütləq deyəcək, özünə verəcək bu sualı – nə baş verir “Axırdan sonra”? Hər nə baş versə də, əvvəl-axır anlayacaq. Anlayacaq ki, “O məni sevir”.
Budur, “Vəsl”inə yetir – “Birinci akt”ını qurur...
2016-cı ilin yanvarında üz tuturuq Salama, Allaha, Tanrıya... “Kafkadan salam” deyirik... İbrahimoğludan salam deyirik... Salam deyirik, vətənimizin dar günündə sevdiklərimizə. Hər zaman sizinlə olmuşuq, siz də bizimləsiniz – bu günümüzdə.
Üz tuturuq tanrıya...
Könül Əliyeva Cəfərova
Teatrşünas
banner

Oxşar Xəbərlər