• şənbə, 20 Aprel, 14:10
  • Baku Bakı 23°C

“Uydurma soyqırımı böyük dövlətlərin əlində siyasi vasitədir”

16.04.19 20:28 3702
“Uydurma soyqırımı böyük dövlətlərin əlində siyasi vasitədir”
Dünyanın müxtəlif ölkələrindəki erməni lobbisinin dəstəyi ilə hər il 24 aprel tarixi "erməni soyqırımının anım günü” kimi qeyd edilir. Bu tarix öncəsi dünya erməniləri daha da fəallaşır, yaşadıqları dövlətlərin ərazisində uydurma soyqırımın tanınması üçün müxtəlif vasitələrə əl atırlar. Təəssüf doğuran məqam burasıdır ki, tarixdə heç zaman baş verməyən, yalnız ermənilərin əsassız iddialarına dəstək verilməsi üçün ortaya atılan bu qondarma soyqırımı bəzi dövlətlər tanıyır, ona "siyasi don geyindirərək”, bu "hadisədən” Türkiyəyə, ümumilikdə türk dünyasına qarşı istifadə etməyə çalışırlar. Təəssüf doğuran məqam həm də burasıdır ki, 1992-ci il fevralın 26-da Xocalıda bütün dünyanın gözü qarşısında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı "görməyən” bəzi dövlətlər, XX əsrin əvvəlində törədildiyi iddia edilən, lakin heç bir ciddi sənədə, fakta əsaslanmayan erməni uydurmalarını "həqiqət” kimi qəbul edirlər. Mövzu ilə bağlı "Kaspi” qəzetinin suallarını tarixçi-alim, millət vəkili Fəzail İbrahimli cavablandırır.
- Fəzail müəllim, hər ilin aprel ayında dünyadakı erməni diaspor təşkilatları qondarma soyqırımı ilə bağlı dezinformasiya təbliğatlarını daha da artırır, yaşadıqları ölkələri də bu yalanın təbliğatçısına çevirirlər. Ümumilikdə bu prosesi necə qiymətləndirirsiniz?
- "Erməni soyqırımı”nın tanıdılması Ermənistan xarici siyasətinin, eləcə də dünyadakı ermənilərin prioritetlərindən biridir. Ermənilər bu hay-küyün, ağlaşmanın üzərində bütün həyatlarını qurublar. Onların qonşuluq münasibətləri də uydurma soyqırımı üzərində qurulub. Özləri barəsində "məzlum”, "yazıq” xalq obrazını yaradıblar. Bu yolla onlar Türkiyəyə, türk dünyasına nifrətlərini ifadə edir, bundan kifayət qədər divident əldə edirlər. Bu uydurma soyqırımı məsələsində iki maraqlı tərəf var. Bunlardan birincisi erməni tərəfidir. Guya onlar türklər tərəfindən təzyiqlərə, soyqırımılara məruz qalıblar. Əslində erməni nə qədər qışqırsa, bağırsa, əsassız hay-küy salsa da bunun heç bir nəticəsi olan deyildi. Onlara bu məsələdə dəstək olan digər maraqlı tərəf – Amerika və Avropa dövlətləridir. Həmin dövlətlərin də bu məsələdə öz mənafeləri var. Yəni, hər iki tərəf uydurma soyqırımı məsələsindən yararlanır. Erməni tərəfi özünü "soyqırımına məruz qalan xalq” kimi dünyaya təqdim etməklə türk millətini beynəlxalq ictimaiyyətin gözündən salmağa çalışır. Bunun davamı olaraq ərazi, torpaq iddiaları irəli sürülür, təzminat məsələsi gündəmə gətirilir. Beləliklə də Türkiyə və türk xalqı dünyaya həm "qaniçən” dövlət - xalq kimi tanıdılır, həm də imperialist dövlətlər tərəfindən basqıya məruz qalır. İyirminci illərdə İtalyanın baş nazirinin vurğuladığı kimi, elə ki türklər birinci dünya müharibəsində məğlub oldu bütün dünya türklərin vəhşi obrazını yaratmağa başladı. Ümumiyyətlə, qondarma soyqırımı ilə əlaqədar Avropa dövlətlərinin öz maraqları var. Türkiyə nəyi isə vermək istəməyəndə, yaxud bu ölkəyə nəyi isə vermək istəməyəndə dərhal uydurma soyqırımı məsələsi ortaya atılır, Türkiyəyə təzyiq göstərilir. Bunlar "soyqırımı”nın fəlsəfəsini açan əsas amildir.
- Ermənilərin uydurduqları tarixdən fərqli olaraq, əsl reallıqda 1915-ci ilin aprel ayında nə baş verib? Nə olub ki, Osmanlı Türkiyəsində sadiq millət adı almış ermənilərə qarşı münasibət dəyişdi?
- Bütün arxivlər açılıb, tədqiqatlar aparılıb və ortaya çıxarılıb ki, tarixdə ermənilərə qarşı heç zaman soyqırımı törədilməyib. Əsl reallıq bundan ibarətdir ki, ermənilərin dövlət çevrilişi etmək planlarından məlumatlanan o zamankı Türkiyə hökuməti 1915-ci il 24 aprel tarixdə İstanbulda və ölkənin digər iri şəhərlərində erməni komitələri mərkəzlərinin dərhal bağlanması, sənədlərinin müsadirə edilməsi, rəhbərlərinin həbsi barədə qərar verib. İlkinmənbələrdə bu qərar əsasında 600 nəfər erməni separatçısı, həmçinin terrorçu və qatillərin ideya rəhbərləri həbs olunub. Ermənilərin uydurma soyqırımı günü kimi qeyd etdikləri 24 aprel tarixinin mahiyyətində bu dayanır. Lakin buna qədər dünyada baş verən ictimai-siyasi proseslərə də nəzər salmaq gərəkdir. 1914-cü ildə başlanılan birinci dünya müharibəsi ərəfəsində Rusiya çarı II Nikolay Qafqaza gələrək geniş xalq kütləsi qarşısında çıxış etmişdi. O qeyd etmişdi ki, rus bayrağı Dardaneldə, Bosforda dalğalanmalı, Türkiyə ərazisində "Böyük Ermənistan” dövləti yaradılmalıdır. Onun bu çıxışı ilə Osmanlıdakı ermənilərə mesaj verildi ki, əgər türklər bu müharibədə məğlub olarsa, ruslar qalib gələrsə, o zaman Osmanlı ərazisində "Böyük Ermənistan” dövləti yaradılacaq. Bu da Osmanlıdakı erməniləri fərəhləndirdi və onlar yaşadıqları ölkənin daxilində antitürk əhval-ruhiyyəsinə kökləndilər, müxtəlif təşkilatlanmalar apararaq, birinci dünya müharibəsinin gedişində Osmanlıya daxildən silahlı zərbə vurdular. Xüsusən də Sarıqamış döyüşündə türklərin ruslara məğlubiyyəti ermənilərin daha da baş qaldırmasına səbəb oldu. Rusların hücumundan ruhlanan Türkiyə erməniləri indi "Qərbi Ermənistan” adlandırdıqları Şərqi Anadolunun Ərzurum, Van, Bitlis, Xarput, Diyarbəkir, Sivas vilayətlərində müstəqil dövlət qurmaq üçün kütləvi qırğınlar törətdilər, hər yerdə türkləri məhv etməyə başladılar. Osmanlı hökuməti məcburiyyət qarşısında qalaraq cəbhə zonalarında yaşayan və kütləvi surətdə Osmanlı dövlətinə itaətsizlik nümayiş etdirən, xüsusiləyerli dinc müsəlman əhalisinə qarşı açıq müharibə aparan erməni əhalisinin bu ərazilərdən köçürülməsini məqbul saydı. Burada yeganə məqsəd qiyam ocaqlarını söndürmək və günahsız insanların qırğınının qarşısını almaq idi. Hətta ötən əsrin 20-ci illərində "Times” qəzeti yazırdı ki, Osmanlı hökumətinin qəbul etdiyi bu qərarda köçürülmüş ermənilərin müharibə qurtarandan sonra öz yaşadıqları ərazilərə təkrar qaytarılması barədə bənd olub. Əsl reallıqda o dövrdə ermənilər yaşadıqları ölkəyə xəyanət etmiş, Osmanlı dövləti Rusiya ilə müharibə apardığı bir vaxtda ona arxadan zərbə vurmuşdular. Xəyanətkarların cəzası isə bütün dövlətlərdə ölümdür. Heç bir dövlət xəyanətkara güzəşt etmir. Lakin Osmanlı hökuməti erməniləri köçürmək barədə qərar qəbul edib. Köçürülmə prosesində yolda aclıqdan, susuzluqdan və sair səbəbdən ermənilərin ölməsi halı olub. Ancaq bu, düşünülmüş və məqsədli şəkildə edilməyib.
- Nə zamandan etibarən ermənilər əsl tarixi reallıqları saxtalaşdıraraq "ermənilərin soyqırımına məruz qalması” məsələsini gündəmə gətirdilər?
- Birinci dünya müharibəsindən sonra qalib ABŞ və Antanta ittifaqı tərəfindən Osmanlı imperiyasının bölüşdürülməsinə siyasi bəraət qazandırmaq üçün ABŞ prezidenti Vudro Vilsonun təşəbbüsü ilə amerikalı generalın rəhbərliyi altında xüsusi missiya yaradılmışdı. Bu missiya Osmanlı ərazisini gəzib araşdırma aparırdı. Onlar kütləvi şəkildə öldürülən insanların cəsədlərini analiz edəndə gördülər ki, qətlə yetirilənlər türklərdir. Onlar öz-özlüyündə müəyyən etdilər ki, soyqırımına məruz qalanlar əslində türklərdir. Fakt qarşısında qalan missiya üzvləri məyus oldular və hazırladıqları raportda "erməni soyqırımı” məsələsini gündəmə gətirmədilər. Bununla da uydurma soyqırımın ictimailəşməsi istiqamətində birinci dəfə Amerikanın atdığı addım uğursuz oldu. İkinci dünya müharibəsinə qədər də bu məsələ heç zaman gündəmdə olmayıb. Yalnız müharibə başa çatandan sonra ermənilərin liderləri ABŞ, İngiltərə və SSRİ-yə müraciətlər edərək "Ermənistan torpaqları”nın geri qaytarılmasını istədilər. Burada söhbət Türkiyənin 20 min kvadrat kilometrdən çox ərazisindən gedirdi. Təbii ki, ABŞ və İngiltərə heç vaxt bu məsələyə rəvac verə bilməz, NATO üzvü olan müttəfiqinin ərazisini sovet ittifaqının üzvü olan ölkəyə güzəştə getməzdi. Ona görə də ABŞ və İngiltərə bu məsələdən yan keçdi. Amma SSRİ üçün bu, bir fürsət oldu və Türkiyədən həmin ərazinin geri qaytarılmasını istədi. Hətta qaytarılacaq ərazinin Ermənistan və Gürcüstan arasında bölünməsi barədə söhbətlər də meydana gəlmişdi. 1953-cü ildə SSRİ rəhbəri İosif Stalinin ölümü növbəti dəfə bu məsələyə son qoydu. Qonşuluq münasibətlərinə xələl gəlməsin deyə, məsələ gündəmdən çıxarıldı. Ancaq 1991-ci ildə SSRİ dağıldıqdan sonra "erməni soyqırımı” bu dəfə Avropa ölkələri tərəfindən ortaya atıldı. Çünki, o zaman Türkiyənin NATO və Avropa üçün əhəmiyyəti azalmışdı. Dünənə qədər düşmən SSRİ-nin cinahında yerləşən Türkiyə Avropa üçün əhəmiyyətli idi. Lakin SSRİ dağıldığından böyük düşmən daha qalmamışdı. Belə bir vaxtda Türkiyənin Avropa İttifaqına üzvlüyünü əngəlləməyə xidmət edəcək "erməni soyqırımı” Avropa ölkələrinin əlində siyasi təzyiq alətinə çevrildi. Son illərdə də dünyadakı proseslər, Avropanın mötəbər qurumlarının qərarları hər kəsə məlumdur. Bir sıra dövlətlər "soyqırımı” tanıyıblar. Hətta Fransada uydurma soyqırımı inkar edənlərə qarşı cəza tədbirlərinin görülməsi üçün qərar da qüvvədədir. Müasir dövrdə bütün bu oyunların yeganə məqsədi Türkiyənin Avropa İttifaqına üzvlüyünü əngəlləmək, bu dövlətin güclənməsinin, beynəlxalq aləmdə nüfuzunun artmasının qarşısını almaq, hətta ərazisini parçalamaq, təzminat verməyə məcbur etmək, yeri gələndə "soyqırımından” ona təzyiq aləti kimi istifadə etməkdir. Artıq "erməni soyqırımı” tarix və faciə deyil, böyük dövlətlərin əlində siyasi vasitədir.
- 1954-62-ci illərdə Əlcəzairdə, 1994-cü ildə Ruandada törədilən soyqırımılarda bilavasitə rolu olan Fransa və onun kimi dövlətlərin bu gün Türkiyəni soyqırımı törətməkdə ittiham etməyə hansı mənəvi haqqı var?
- Müasir dünyada güclü və qalib olan tərəflər özlərini haqlı sayır. Fransa Avropanın böyük və güclü dövlətidir. Kim onun yaxasından tutub deyə bilir ki, sən soyqırımının müəllifisən? Düzdür, müasir Türkiyə də güclü və qüdrətli dövlətdir, müstəqil xarici siyasəti var. Lakin bu məsələlərdə də bir xristian-müsəlman ayrı-seçkiliyi, yanaşması ortadadır. Osmanlı İmperiyası o qədər güclü bir dövlət olub ki, bu gün fransızlar və başqaları o tarixə boylananda qorxur, vahimə hissi keçirirlər. Ona görə də müasir Türkiyənin güclənməsinin qarşısını almaq üçün ən müxtəlif vasitələrə, təzyiq və təhdidlərə əl atırlar. Bu baxımdan, uydurma soyqırımı məsələsi də siyasiləşdirilir, təzyiq rıçaqı kimi Türkiyə əleyhinə istifadə olunur. Təəssüf ki, bəzi dövlətlər, mötəbər beynəlxalq təşkilatlar da bir sıra hallarda bu oyunda rol alır, qondarma soyqırımı ilə əlaqədar qərarlar qəbul edir, qeyri-obyektiv rəy formalaşdırırlar. Halbuki, XX əsrin əvvəllərində baş verdiyi iddia edilən bu hadisə barədə tutarlı faktlar yoxdur. Ancaq XX əsrin sonlarında, konkret olaraq 1992-ci ilin 26 fevralında Azərbaycanın Xocalı şəhərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımına obyektiv münasibət bildirmirlər. Bir çox hallarda bunu görməzdən gəlirlər. Əgər söhbət ədalətli yanaşmadan getsəydi, dünya ictimaiyyəti Xocalı soyqırımını qəbul edərdi. Dünya da bilərdi ki, soyqırımını törədən xalqın, millətin adı ermənidir, türk deyil. 30 ilə yaxındır ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayır, 1 milyondan artıq azərbaycanlını qaçqın və məcburi köçkünə çevirib, onların hüquqlarını kobud şəkildə pozub. Lakin dünya birliyi bu işğalın, ədalətsizliyin aradan qalxması üçün ciddi tədbirlər görmür. Beynəlxalq aləm, böyük dövlətlər, o cümlədən də Fransa işğalçı Ermənistanı öz adı ilə çağırmır, ona qarşı hər hansı təzyiq, sanksiya tətbiq etmir. Ancaq gedib arxivləri eşələyir, uydurma soyqırımının real hadisə kimi beynəlxalq ictimaiyyətə sırınması üçün hər vasitəyə əl atır, Türkiyəni nələrdəsə ittiham edirlər.
- Türkiyə və Azərbaycanın dünyada erməni yalanlarının ifşası, o cümlədən onların uydurma soyqırımı təbliğatlarının qarşısının alınması istiqamətində gördüyü birgə işləri necə dəyərləndirirsiniz? Sizcə, bu istiqamətdə daha hansı addımların atılmasına ehtiyac var?
- Türkiyə ilə Azərbaycan arasında əlaqələr ən yüksək səviyyədədir. Hər iki dövlət dünyada, beynəlxalq platformalarda ortaq maraqlardan çıxış edirlər. Hətta vaxtilə Ermənistanın prezidenti Serj Sarkisyan Türkiyəni ittiham edəndə Azərbaycan dövlət başçısı İlham Əliyev, - "Türkiyə Prezidenti burada yoxdur, amma mən varam” – deyərək onun cavabını vermişdi. Bu, sadəcə Ermənistana deyil, bütün dünyaya verilən mesajdır. Hər iki dövlətin birliyi naminə vaxtilə Mustafa Kamal Atatürkün, Heydər Əliyevin söylədiyi fikirlər bu gün də qüvvəsində qalır. Biz birlikdə gücümüzü, qüdrətimizi artırır, beynəlxalq platformalarda dövlət və milli maraqlarımızı qoruyur, erməni yalanlarına qarşı da elmi, siyasi və sair sferalarda birgə mübarizə aparırıq. Bu birlik dövlətlərimizin, xalqlarımızın milli mənafeyinə xidmət edir. Lakin demək olmaz ki, bütün problemlər, məsələlər öz həllini tapıb. Nə qədər ki, dünyanın gözü kor, qulağı kar olacaq, Azərbaycan və Türkiyə haqq səsini, ədaləti daha yüksəkdən səsləndirməli, dilə gətirməlidir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər