• cümə, 19 Aprel, 09:41
  • Baku Bakı 13°C

“Uğurlu yalan məni ovsunlaya bilər”

06.07.15 16:53 1616
“Uğurlu yalan məni ovsunlaya bilər”
Dünya ədəbiyyatının daim yeni müzakirə dalğası yarada biləcək nüfuzlu nümayəndələrindən filosof-yazar, akademik, tanınmış fikir adamı Umberto Eko 1932-ci ildə İtaliyada anadan olub. Eko dünya ədəbiyyatında “Qızılgülün adı”, “Fukonun rəqqası”, “Bir gün əvvəlki ada”, “Praqa məzarlığı”, “Avropa tarixində qüsursuz dil axtarışı”, “Əxlaq haqqında beş şərh”, “İnam və inamsızlıq” əsərlərinin müəllifi kimi tanınır.Onun əsərləri 1960-cı illərdən etibarən kütlə mədəniyyətinə, ictimai psixologiyaya hesablanıb. Son illərdə isə daha çox qlobal yüklü ictimai-siyasi məsələləri ələ alıb. Onu Roberto Bartesdən sonra “detalların mənasını axtaran” ikinci adam hesab edirlər. 2005-ci ildə “Foreign Policy” və 2008-ci ildə “Prospect” dərgisinin internet oxucuları arasında apardığı genişmiqyaslı sorğularda “dünyanın ilk 100 intellektualı” arasında müvafiq olaraq 2-ci və 14-cü sırada yer alıb. Publisistik yazılarının əksəriyyətini Dedalus imzası ilə yazıb. Son kitabı “Sıfır nömrə”nin (“Numero Zero”) təqdimat mərasimi və imza günündə müasir çağda sosial və çap mediasının problemlərindən danışıb. Filosof olduqca yüksək gərginlik şəraitində inkişaf sürətini fantastik dərəcədə artırmağa və milyonlarla rəqibini qabaqlamağa cəhd edən hər bir media orqanının ən böyük problemini tənqid edənlər və tənqid dinləyənlərinin olmamasında gördüyünü deyib. Media orqanlarının ayrı-ayrı şəxslərin və iri şirkətlərin reklam və piar işlərinə cəlb edilərək, qərəzsizlik məqsədinin məhv edildiyini iddia edən Eko jurnalistlərə əsas vəzifələrindən birinin də yalan və şirnikləndirmə, vəziyyətdən sui-istifadə və təhdidlə mübarizə etmək olduğunu xatırladıb.
Görüşdən sonra “Le Monde” qəzetinə müsahibə verən müəllifin söhbəti Britaniya mətbuatında da əks olunub. Eko müsahibəsində medianın problemlərinə toxunub, cari vəziyyəti ilə bağlı ümumi dəyərləndirmələr aparıb. “Telegraph”da yer almış söhbətin bəzi hissələrini təqdim edirik.
“Qəzet oxumaq müasir insanın günlük duasıdır”
“Dünən baş vermiş hadisəni istər ekrandan, istərsə də sosial mediadan oxuyursan, hətta qəzetin bütün sayını həsr etsə də verə biləcəyindən daha çox məlumat alırsan. Amma qəzetlər bu faktı israrla görməzdən gəlir. Səhər qəzeti əlinə alırsan, artıq beynin yeyib həzm etdiyi bütün məlumatlar orada lüzumsuz yerə əks olunub”.
Özü də hazırda bir gündəlik qəzetin və bir həftəlik dərginin daimi yazarı olan Eko “Hələ də günə qəzet oxumaqla başlayır və çox qəzet oxuyursunuz?” sualını cavablayarkən hər səhər iki qəzeti diqqətlə oxuduğunu, digər əsas xəbərləri isə internet saytları və sosial şəbəkələrdən izlədiyini deyib: “Günə mətbuata göz gəzdirib, gündəmdən xəbərdar olmadan başlamıram. Hələ də Hegelin o məşhur fikri ilə razılaşıram:“Qəzet oxumaq müasir insanın günlük duasıdır”. Bu mənim ən sevdiyim vərdişimdir, bu qədər xeyirli vərdişi niyə atım? Amma etiraf edim ki, bəzən başlıq, yarımbaşlıq və girişdən uzağa getmirəm. Çünki qəzetlər dünən baş vermiş hadisəni israrla bu gün də təkrarlayırlar. Bu məlumat təkrarçılığı qeyri-peşəkarlıq əlamətidir”.
“Gündəlik mətbuatın ötürülən məlumatlara dərinlik və analitik şərhlər qatmadan təkrarlaması, eyni xəbərin və mətnin üzərindən dəfələrlə keçməsi medianın gələcək nüfuzunu şübhə altına alırmı?” sualını cavablandıran Eko peşəkar strukturların sosial mediaya qarşı dura bilmək üçün inanılmaz cəhdlər etdiyini, lakin bu tip mətbu orqanların digərləri ilə müqayisə olunmayacaq dərəcədə az olduğunu bildirib: “Bu gün mətbuat heç bir dəyər qatmadan, mübarizə vermədən inkişaf etmək istəyir. Bunun da keyfiyyətsiz nəticələri göz önündədir. Eyni xəbər eyni mətn formasında dəfələrlə efirə verilir. Bu yetmirmiş kimi, eyni məlumat toplusu səhər qəzetlərdə də yer alır. Bu isə böyük bir böhrandır və tarixi televiziyanın yarandığı günlərə qədər uzanır”.
“Mətbuatda tənqid və analitikanı reabilitasiya etməliyik”
İtalyan yazar “gündəmi canlandıran”, “hücumçü mövqeyi”ndə dayanan analitik və tənqidçilərin getdikcə yox olduğunu müşahidə etdiyini deyib: “Mətbuatda tənqidi və analitikanı reabilitasiya etməli, onun mövqeyini möhkəmləndirməli, imkanlarını genişləndirməliyik. Xüsusilə də internet mediası sürətlə xəbər ötürən məkan olduğu üçün bu media orqanlarının tənqidçi və analitiklərlə daimi əlaqədə olması vacibdir. Burada məsələ təkcə xəbərin və hadisənin tənqidindən getmir. Tənqidçilər, media ekspertləri insanların zövqünü korlayan, yalan məlumat ötürən saytları, qəzetləri izləməli, onlar haqqında tənqidi çıxışlar etməlidirlər. İnsanların etibarlı xəbər mənbəsi olan qəzetlər, saytlar bu tip yazılara, belə mütəxəssislərə geniş yer verməlidir. İnsanların gündəlik həyatda tətbiq etdiyi ictimai qınağı onlar da medianın öz daxilində etməli, təmizlənməyə xidmət göstərməlidirlər. Çünki həqiqətən media insanların istər dünyagörüşünün, istər zövqünün, istərsə də düşüncəsinin formalaşmasında böyük rol oynayır. İşimizin dəyərini bilən insanlar formalaşdırmaq üçün işimizi dəyərdən salan qüvvələri sıradan çıxarmalıyıq. Qəzetlər əvəzolunmaz filtrdir, istənilən qəzet demokrat kimi qala bilər”.
Medianın bəzi iri strukturların əlində cəmləşməsinin və onların istəkləri ilə istiqamət müəyyənləşdirməsinin medianın hələ də qlobal mənada üzləşdiyi problem olduğunu vurğulayan Eko deyib: “İtaliyada bütün qəzetlər güclü bankların, biznes strukturu və holdinqlərin əlindədir. Fransada da bu miqyasda olmasa da, bu problemin olduğu açıq-aşkar görünür. Belə mətbu orqanlar təzyiqlərə qarşı gələ, özünü müdafiə edə və uğurlu mübarizə yolu keçə bilmir. Mətbu orqanın əngəli aşmasının ilk şərti onun idarəçilik mexanizmində asılılıq olmamasıdır. Qəzetlərə güclü idarəedici heyətlər lazımdır”.
“Mediaya klişelər hakim kəsilib”
Eko son kitabı “Sıfır nömrə”də mediaya hakim kəsildiyini iddia etdiyi klişelərin siyahısını tərtib etdiyini deyib. Ekonun sözlərinə görə, hətta demokrat kimi qalmağı bacaran və asılılıq problemi yaşamayan mətbu orqanlarda işləyən peşəkar jurnalistlər belə, klişelərin baş alıb getdiyini və bundan yaxa qurtarmağın hardasa mümkünsüz olduğunu təsdiqləyirlər. Yazarın fikrincə, klişe üsullar və üslublar əslində birbaşa tənbəllikdən qaynaqlanır: “Bu mənada ədəbiyyatın rolu danılmazdır. Ədəbiyyat dil oyunudur, gündəlik zehin idmanıdır. İfadə imkanlarını zənginləşdirir, dili canlı edir, onu hər zaman hazır vəziyyətdə saxlayır, klişelərdən qoruyur. Mətbuatın da məqsədi bu olmalıdır. Günə qəzetlə başlamaq sadəcə, məlumat ehtiyacından qaynaqlanmır. Mediaya klişelər hakim kəsilib. Mümkün olduqca bundan qaçmaq lazımdır. Klişelər dili iflic edir”.
“Tarix böyük yalanlardan formalaşıb”
“Sosial mediada baş alıb gedən xəbərdarlıq, tələ olduğu hər halından bəlli olan çağırış, məsləhət tipli yazılara, nəzəriyyələrə maraq duyursunuz? Niyə?” sualını cavablamaq üçün bir qədər düşünməli olduğunu, əslində əsl səbəbi bilmədiyini deyib. Eko bildirib ki, bunun daxilində olan gizli güclərə inam və ya qorunmağa meyilliliklə əlaqəsi ola bilər: “Ola bilər ki, mən də şüuraltımda bununla mübarizə aparan qrupdanam. Eyni zamanda, yalan olduğunu bilsəm də, uğurlu yalan məni ovsunlaya bilər. Yalan olanı, yanlış olanı düzəltməyə, onu incələməyə meyilliyəm. Hətta lazım olsa, uğursuz hesab edilən kitabları belə yığaram bunun üçün. Kitabxanamda Qalileyin əsərlərini saxlamamışam, amma Batlamyusun o məşhur yanlış nəzəriyyəsi durur. Kimyagərləri, illuzionistləri, cadugərləri də sevirəm. Onlarda fəaliyyət tamam başqa cür gedir, burada məsələ nə qədər doğru demək deyil, nə qədər mükəmməl yalan danışa bilməkdir. XII əsrdə rahib Conun müsəlman ölkələrində əldən-ələ gəzən məşhur məktubu var idi. Məktubda müsəlman dünyasının ortasında xristian bir kral tərəfindən idarə olunan mükəmməl və möhtəşəm bir krallıqdan bəhs edilirdi. İnana bilməzsiniz bəlkə də, amma bu faktdır ki, Marko Polo o məktubdakı krallığı tapmaq üçün dünya səyahətinə çıxıb və axtarışlar sonunda Çinə səyahət edib. Bununla da nəhəng bir tarix, coğrafi məlumatlar, yeni yerlər yazılıb. Tarix böyük yalanlardan formalaşıb. Bu və ya digər yollarla olmasının bir mənası yoxdur, həqiqət budur ki, yalanların tariximizdə böyük rolu olub”
Jurnalistlərin yalanlar və təhdidləri meydana çıxarmaqda əvəzsiz rolunun olduğunu iddia edən Eko onların əsas vəzifələrindən birinin icra edilməsində hər zaman nümunəvi mövqe sərgiləməli olduqlarını da deyib: “Tənqid ruhunu canlı saxlamaq və həm özlərinin, həm də oxucuların düşüncələrinin standartlaşmadan uzaq qalmasını təmin etmək lazımdır”.
Tərcümə etdi:
Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər