• cümə axşamı, 28 mart, 21:01
  • Baku Bakı 13°C

Uğurlu və uğursuz misralar

09.12.19 14:45 1558
Uğurlu və uğursuz misralar
İndiyə qədər oxuduğum şeir nümunələri içində mənə zövq verən poeziya sadə və aydın olanlardır. Hesab edirəm ki, şeir öz "sözünü” sakit, bər-bəzəksiz deməlidir ki, oxucu da çaşqın düşməsin, öz istəyi ilə nəyi bəyənib-bəyənmədiyini müəyyən etsin. Şeirlərdə "qışqıran” misraları, ifadələri həmişə qeyri-ciddi hesab eləmişəm. Belə şeirlərdə oxucu şairin tam mahiyyəti ilə deyil, onun "gözəgirən” misraları ilə yadda saxlayır, bəyənir yeri gələndə də digərlərinə misal göstərir: Məsələn deyir ki, filan şairin bu misrası və ya bu ifadəsi məni "tutub”, hələ də təsirindən çıxa bilmirəm. Hansısa misra və ya ifadə xoşagələn ola bilər, amma bunu şeir kimi təqdim etmək, poeziya kimi qəbul etmək düşünürəm qeyri-ciddilikdir. Bəzən görürsən ki, şeir haqqında danışanda deyirlər ki, "filankəsin uğurlu misraları var”, və ya "onun şeirlərində uğurlu misralar, müəllifin istedadından xəbər verir.
"Uğurlu və uğursuz misra” məsələsi çox güman ki, sovet dövrünün ədəbiyyatşünaslığının məhsuludur. Bəs bu məşhur ifadəyə çevrilən, şairlərin həmkarları haqqında tez-tez işlətdiyi, istedadını dana bilməyəndə bir-iki uğurlu misrası var deməsi, əslində, nə deməkdir? Təbii ki, misra uğurlu da ola bilər, uğursuz da. Bütöv bir şeirin içində yamaq kimi görünən hansısa misraya uğursuz demək, bəlkə də, olar. Amma bütöv bir şeirdə bir-iki misra nəyisə ifadə edirsə, onu necə uğurlu adlandırmaq olar? Bəs yerdə qalan misralar? Əgər yerdə qalan misralar uğursuzdursa, onda o şeir, ümumiyyətlə, yarasızdır. Şeir haqqında belə bir düşüncə formalaşıb ki, ümumilikdə yaxşı olmasa da, bir-iki uğurlu misra həmin şeiri xilas edir. Bu düşüncənin formalaşması oxucuların başqa hətta yazarların da şeirə münasibətini dəyişir, onu düzgün qiymətləndirə bilmirlər. Düzgün qiymətləndirilmə, düzgün təhlil aparılmayanda uğurlu misra sevən oxucuların "arzusu” ilə naməlum poeziya yaranır.
Bir şeirin içində bir-iki yaxşı misra təsadüfi də ola bilər, müəllifin şüuaraltında "ilişən” hansısa şeirdən gələ də bilər. Bəzən, tənqidçilər müəllifdən bir-iki misra tapıb ona uğurlu misra damğası yapışdırıb məqalənin ana xətti kimi təqdim edirlər. Yerdə qalan misraların uğursuzluğunu isə "unudurlar”.
Misranın uğurunun və ya uğursuzluğunun səbəbi haqqında isə bircə kəlmə də danışan yoxdur. Əgər bu misra uğurludursa, onu bu cür adlandırmaq üçün hansı təhlildən istifadə edib belə qənaətə gəliblər. Və ya uğursuzdursa bunun da izahı, təhlili lazımdır axı. Heç bir analiz aparılmadan, izah verilmədən şeirdən bir-iki misranı götürüb, onun haqqında fikir yürütmək hansı məntiqə uyğun gəlir? Bu o deməkdir ki, hansısa bir məqalədən bir cümləni götürüb təqdim edirsən və kontekstdən çıxarılan cümlə tamamilə başqa məsələni ifadə edir. Şeir də belədir, onun misralarını çıxarıb yaxşı və ya pis misra kimi təqdim edəndə də eyni vəziyyət alınır.
Şeir bütöv olaraq şairin fikrini ifadə edir. Onu uğurlu və uğursuz misralara bölmək düz deyil. Şeir hansısa bir düşüncəsini ifadə edirsə, aydındırsa, bədiilliyi varsa, onu normal hesab etmək olar. Yəni mətn şeir halına gəlibsə ar, yox əgər mətnə çevrilə bilməyibsə yoxdur.
Əvvəllər yazarların ilk kitablarına yazılan "uğurlu yol” ön sözləri də "uğurlu və uğursuz misra” düşüncəsinin məntiqi nəticəsi idi. Bu isə yeni yazının mövzusu olduğundan əlavə sözlərə ehtiyac görmürəm.
"Uğurlu və uğursuz misra” məsələsi artıq ədəbi aləmdə oturuşmuş ifadəyə çevrilib. Yazarlar və ədəbiyyat adamları bu ifadələrdən həm mənfi, həm də müsbət çalarda geniş istifadə edirlər. Bu klişeni dəyişmək isə müəyyən vaxt tələb edir.

Səxavt Sahil


banner

Oxşar Xəbərlər