AZE | RUS | ENG |

Uğurlu siyasətin bəhrəsi: rəqəmlər hər şeyi deyir - Fotolar

Uğurlu siyasətin bəhrəsi: rəqəmlər hər şeyi deyir - Fotolar
Azərbaycan regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilib

Azərbaycanda həyata keçirilən islahatlar, "qara qızılın” insan kapitalına çevrilməsi istiqamətində atılan addımlar, uğurla icra edilən regional inkişaf proqramları ölkəmizin hərtərəfli inkişafına səbəb olub. Bu inkişaf və tərəqqi, müasir dövrün tələblərinə, xalqın rifahına və milli maraqlarımıza söykənən siyasi kurs Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirib. Fərəhli haldır ki, bu reallıqlar yalnız yerli mütəxəssislər tərəfindən deyil, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də etiraf olunur. Dünya Bankının "Doing Business” reytinqində ölkəmizin hər il bir qədər irəliləməsi də bu qəbildən olan hadisədir. Heç şübhəsiz, bu, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət kursunun uğurlarını özündə ehtiva edən daha bir göstəricidir. Bu göstərici onu deməyə əsas verir ki, dövlət başçısının sosial-iqtisadi siyasəti alternativsizdir.
 
 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət, o cümlədən mühüm iqtisadi islahatlar dünyada baş verən iqtisadi böhranlar fonunda da ölkəmizin inkişafını təmin edib. Ötən illərdə reallaşdırılan iqtisadi islahatlar nəticəsində maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub, bir çox sahələrdə, xüsusilə də kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda mühüm irəliləyiş əldə edilib. Şübhəsiz ki, bütün bu nailiyyətlərdə Prezident İlham Əliyevin imzası ilə həyata vəsiqə alan regional inkişaf proqramlarının öz payı var.
 
 
 
2004-cü ildən indiyə qədər reallaşdırılan 3 dövlət proqramı sayəsində Azərbaycanın bütün regionlarının siması tamamilə dəyişib, kənd və şəhərlər, qəsəbələr arasındakı fərqlər aradan qalxıb, iqtisadi tərəqqi əldə edilib, insanların sosial rifah halı yaxşılaşdırılıb. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransa səsləndirilən statistik göstəricilər də deyilənləri bir daha təsdiqləyir.
 
 

Misal üçün, bu dövlət proqramlarının reallaşdırılması hesabına son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edib, ümumi daxili məhsul 3,3 dəfə artıb. Sənaye istehsalı 2,6, ixracımız 4,7, valyuta ehtiyatlarımız 24 dəfə artıb. Hazırda Azərbaycanın valyuta ehtiyatı 45 milyard dollar təşkil edir. Aparılan uğurlu siyasət ölkəmizə böyük həcmdə vəsaitin, sərmayənin yatırılmasına da səbəb olub. 15 il ərzində Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyulub ki, bunun da yarısı xarici investisiyadır.
 
 
 
Xatırladaq ki, ilk dəfə Azərbaycan Dünya Bankının "Doing Business” hesabatında 2006-cı ildə qeyd olunub və o vaxt Azərbaycan 98-ci yerdə qərarlaşıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan köklü islahatlar, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində son "Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerdədir. 
 
 

Bununla yanaşı, demoqrafik göstəricinin ilbəil artdığı, indiyə qədər əhalimizin sayının 1,6 milyon nəfər çoxaldığı ötən dövrdə Azərbaycanda ümumilikdə 2 milyon yeni iş yeri yaradılıb. Bu iş yerlərinin böyük hissəsi bölgələrin payına düşüb. Kənd təsərrüfatı sahəsində 1,7 dəfə artımın müşahidə olunması da yeni iş yerlərinin yaranmasına təsir edib. Təkcə keçən il 118 min yeni iş yeri yaradılıb. Artan iqtisadi imkanlar sosial məsələlərə diqqətin artırılmasına da səbəb olub. Son 15 il ərzində maaşlar 7, pensiyalar 9 dəfə artıb. Həyata keçirilən tədbirlər sayəsində son 15 ildə yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşüb, işsizlik Azərbaycanda 5 faiz səviyyəsinə enib. Vətəndaşların sağlamlığının qorunması üçün hər il təxminən 5 milyona yaxın insan dövlət xətti ilə pulsuz tibbi müayinədən keçirilib.
 
 
 
Son 15 ildə 3 min 200-dən çox məktəb, 640 tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub, bölgələrdə 44 olimpiya mərkəzi yaradılıb. Son illərdə dörd böyük su anbarı tikilib. Bunlar Taxtakörpü, Şəmkirçay, Göytəpə, Tovuzçay su anbarlarıdır. Onların tutumu 470 milyon kubmetrdir. Bununla yanaşı, hər il dövlət vəsaiti ilə minimum 300 subartezian quyusu qazılıb. Ötən 15 ildə 15 min kilometr avtomobil yolu çəkilib və bu proses davam etdirilir. Builki Dövlət İnvestisiya Proqramına əsasən yüzlərlə kəndin yolları abadlaşdırılacaq, o cümlədən magistral yolların tikintisi təmin ediləcək. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən, avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Bütün bunlar əldə edilən nailiyyətlərə gözəl nümunədir.
 
 

Xatırladaq ki, Azərbaycan bu nailiyyətlərə ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuş halda imza atıb. Məhz bu işğal nəticəsində Azərbaycan iqtisadiyyatına böyük ziyan vurulub, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Lakin ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gətirilməsindən sonra ölkəmiz qısa müddətdə bütün çətinliklərin öhdəsindən gələ bilib. Ulu öndərin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev iqtisadi-siyasi böhrandan çıxan Azərbaycanı daha da inkişaf etdirib. Bu inkişaf çərçivəsində qaçqın və məcburi köçkünlərin, müharibə əlillərinin, şəhid ailələrinin sosial problemləri də öz həllini tapıb.
 
 
 
Misal üçün, son illər ərzində 102 yeni qəsəbə salınıb, bu kateqoriyadan olan üç yüz minədək vətəndaşın mənzil şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb. Qarabağ müharibəsi, 20 Yanvar əlillərinə, şəhid ailələrinə ötən dövrdə 6654 mənzil təqdim edilib. Yalnız 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla, yəni 626 mənzil verilib. 2019-cu ildə də bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulub. Bu vaxta qədər müharibə əlillərinə 6144 minik avtomobil verilib. Hazırda da bu proses davam etdirilir. Prezident İlham Əliyevin imzaladığı fərmanlarla Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi prosesinə də başlanılıb. Ümumilikdə 12268 şəhidin vərəsələrinə birdəfəlik 11 min manat ödəmənin verilməsi üçün 135 milyon manat vəsait ayrılıb.
 
 

Sadalanan faktlardan da göründüyü kimi, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilib. Məhz regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. Bu inkişaf və tərəqqinin davamlılığını təmin etmək üçün Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Şübhə etmirik ki, bu fərmandan irəli gələn vəzifələrin uğurla icra edilməsi Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri ilə eyni səviyyəyə qaldıracaq.
 
Alpər TURAN

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.927
GEL 1 1 Gürcüstan larisi 0.6404
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2148
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.6979
KWD 1 1 Küveyt dinarı 5.6001
TRY 1 1 Türkiyə lirəsi 0.3195