• cümə, 29 Mart, 02:36
  • Baku Bakı 7°C

“Uğurlarımı anama və xarakterimə borcluyam”

11.01.19 10:33 2845
“Uğurlarımı anama və xarakterimə borcluyam”
"Gözəllik ondursa, doqquzu dondur” anlayışı bir çoxları tərəfindən qəbul olunur. Bu gün moda, dəb aləmində yerli brendlərimiz və moda aləmində mövcud olan və öz sahələri üzrə beynəlxalq aləmdə ölkəmizin tanıdan modelyerlərin gördükləri işlər göz önündədir. Bugünkü müsahibim də onlardan biridir. Türkiyədə yaşayan azərbaycanlı modelyer Ləman Süleyman bir müddət yerli televiziyada çalışıb, yaşının müəyyən dönəmində istəklərinin arxasınca gedib. Müxtəlif təcrübələr topladıqdan sonra Azərbaycanda yerli brend məhsul istehsalına başlayıb. Modelyerimiz öz adını brendə çevirərək bu ad altında geyimlər istehsal edib amma, daha böyük nailiyyətlər əldə etmək üçün Türkiyəyə üz tutub. Orada həyatına yön verib və daha böyük layihələrə imza atmağa başlayıb.
Türkiyənin məşhur simaları və markaları ilə çalışan azərbaycanlı modelyer "Lemans” adı ilə brendini xarici ölkələrə ixrac edir. Bir çox beynəlxalq moda gecələrində öz dəsti-xətti ilə seçilir. Elə bu yaxınlarda Batumidə moda həftəsi çərçivəsində Türkiyənin məşhur ifaçısı Funda Kılıçın Ləman xanımın libası ilə oradakı çıxışı böyük marağa səbəb olmuşdu.
Müsahibimiz Gürcüstanda doğulub. 7 yaşına kimi orada yaşayıb.
- 7 yaşımda Bakıya köçdük. Anam AzTV-də aparıcı işləyirdi. Evimiz sənətçilərlə, musiqi səsləri ilə dolu idi. Anam məni musiqi məktəbinə yazdırmışdı və yaradıcı ruhda böyüdürdü. Müəyyən uşaq verilişlərində və yarışmalarında yer aldım. Hələ də əhvalımı yüksəltmək üçün studiyaya gedib mahnı oxuyuram, ya da mahnı və şer yazıram. Ümumiyyətlə musiqi məni hər zaman güldürə, ağlada bilər. Yeni eskiz üzərində işləyəndə də, mütləq o prosesdə musiqi də olur. O zaman başqa dünyalara dalıram.

- Bəs televiziyaya gəlişiniz tam bir təsadüf idimi?

- Təbii ki, yox. Televiziya sevgisi mənə anamdan keçib. Bu 19 yaşımda gəlmişəm. Ondan öncə televiziya təcrübəm var idi. TV-də bir müddət həm müxbir, həm də aparıcı olaraq işləmişəm. Həyatda qazandığım ən böyük şey təcrübələrimdir. Televiziya mənim üçün həyatımın böyük təcrübələrindən ilki oldu. Çünki bu sahədə çalışdıqdan sonra insan sanki heç bir işdən qorxmur. Var-gücünlə gecə-gündüz işləyirsən. Qarşında duran hər yeni insanla görüşmədən əvvəl onu araşdırırsan, xarakterini açmağa çalışırsan. Bir növ psixoloq olursan. Bu insanı ruhən böyüdür və ciddi təcrübə qazandıran amillərdəndir. Mən televiziyanı çox sevdim. O illərimə və böyüməyimə səbəb olan hər bir insana minnətdaram.
- Moda sahəsində ilk olaraq özünüzü nə zaman sınadınız?

- Moda sahəsinə gəlmədən əvvəl anladığım tək şey vardı ki, çalışdığım hər hansı bir işi sona kimi sevə bilmirəm və sanki ora mənim yerim deyildi. Bundan başqa gözəl görünməyi, dəbli geyinməyi uşaqlıqdan sevir, modanı hər zaman izləyirdim. Hətta mənim moda rubrikalarım da var idi. Bir ara "Best Model of Azərbaycan”ın aparıcılığını etdim. Hiss edirdim ki, bu mənim maraq dairəmdədir. Televiziyadan sonra artıq öz biznesimə başladım. Başa düşürdüm ki, moda ilə bağlı nəsə etmək istəyirəm. O zaman bu iş Azərbaycanda çox məşhurlaşmamışdı. 25 yaşım olanda, ailəmə moda sahəsində çalışmaq, öz brendimi yaratmaq istəyimi bildirdim. Əvvəlcə Azərbaycanda ilk Jeans geyim markasını yaratmağı düşünürdüm. Ailə üzvlərim bunun çox çətin olacağını bildirdilər, çünki bu sahə o qədər də inkişaf etməmişdi. Ailə üzvlərim işin çətinliyindən bəhs edib, fikrimi yayındırdılar.
- Bəs yenidən belə bir qərara gəlmək çətin olmadı?

- Bu qərarı haradasa 32 yaşımda aldım və bu qərar çox kəskin idi. Bəzən deyirəm ki, həyatımızda "kaş”kilər olmasaydı. Amma demək ki, hər şeyin öz zamanı var. Bu işi başladığımda da hiss etdim ki, xanımlarımız hələ "Made in Azərbaycan” etiketini üzərlərində daşımağa o qədər də hazır deyillər. Müştərilər Ləman Süleymanın kolleksiyasını görür, çox bəyənirdilər. Amma hiss edirdim ki, yerli istehsal olduğunu bildikdə ona fərqli yanaşırlar. Bəzi insanlar düşünürlər ki, başqa bir ölkədə tikilən geyimlər üstün olur. Halbuki, həmin məhsulun ərsəyə gəlməsi üçün eyni parçalardan və eyni aksesuarlardan istifadə olunur. Onları eyni əllər, eyni insanlar tikir. Həmin məhsulları fərqli avadanlıqlar yaratmır. Bu bildiyiniz bir iş prosesdir. Yəqin ki bu, şüuraltı qəbul edilmiş bir anlayışdır. Amma zaman keçdikcə şahidi oluram və sevinirəm ki, insanlar artıq həmin o baryerleri adlayırlar, sevə-sevə yerli markalardan istifadə edirlər.

- Bu qərarınız həyatınızı nə qədər dəyişdi?

- 30 yaşımdan sonra həyatımda bir sıra dəyişikliklər oldu. O vaxt bir qərar verdim ki, bundan sonra həyatımı istədiyim kimi - öz hissiyyatlarım üzərində quracam, istədiyim kimi yaşayıb, yaradıb, hər zaman istədiyim və inandığım şeyləri edəcəm. Hesab edirəm ki, hər bir insan belə yaşamalıdır. Çünki insanlarda müəyyən baryerlər var, istədiklərini müəyyən səbəblərdən həyata keçirmirlər. Yaxşı ki, nəticədə mən doğrudan da istədiyim işə başladım. Ondan etibarən anlayıram ki, yaxşı ki, həyatımı istədiyim kimi dəyişdim. 32 yaşımda həyatımı sıfırdan başladım.
- Bu yolda sizi həvəsdən salan adamlar oldumu?

- Qorxmamaq lazımdır. İnsan doğrudan da heç nəyə baxmayaraq, çox mübarizə aparmalıdır. Həyatda hər şey gözlədiyimiz kimi ola bilməz və olmur. Çünki heç bir nailiyyət asan qazanılmır. Mütləq bu yolda həvəsdən salan insanlar, yoluna çıxan çətinliklər olacaq. Məni də həvəsdən salan adamlar çox oldu, xəyal qırıqlığına uğradığım məqamlar da az olmadı. Bu hallara Azərbaycanda da, Türkiyədə də rast gəldim. Azərbaycanda bir çox layihələr həyata keçirdik. Baxmayaraq ki, geniş çevrəm var amma, bu iş bir növ çevrə ilə görülsə belə, ticarəti tamamilə çevrəyə bağlamaq düzgün deyil. Ticarətin inkişaf etməsi üçün çevrə xaricinə çıxmalısan. Bir sözlə, Azərbaycanda işlər bir az fərqli idi. Sərhədləri aşmaq istəyirdim. İstanbulu seçdim çünki, burada bu işi həyata keçirmək üçün imkanlar daha genişdir. İstədiyini əldə etmək üçün yolun qısalır. Amma bir çox ölkələr var ki, istehsal nöqtələri olmadığı üçün orada bizim kimi insanlar bu işi etməkdə çox çətinlik çəkirlər. Türkiyədə həyat çox fərqlidir. Bura istirahət üçün gəldikdə hər şeyi gözəl tərəfdən görürük. Yaşayarkən isə bir sıra çətin təcrübələrdən, yollardan keçməli olursan. Bir başa ticarətə başlamaq isə böyük riskdir. Mən də bir il araşdırma etdim. Eyni zamanda moda ilə bağlı layihələrdən birində yer aldım.

- Türkiyəyə köçdükdən neçə müddət sonra öz şirkətinizi yaratdınız?

- Türkiyəyə köçdükdən il yarım sonra öz şirkətimi qurmaq qərarına gəldim. Hesab edirəm ki, hansı işi görməyinizdən asılı olmayaraq, ona təmkinlə yanaşıb, yaxşı araşdırma edib, risklərini, çətin və asan tərəflərini dəyərləndirdikdən sonra başlamaq lazımdır. Ən önəmlisi isə sevgidir. İşi həqiqi sevgi ilə görmək lazımdır.
- Uğurlarınızı kimə borclusunuz?

- Uğurlarıma görə ilk başda anama borcluyam. Xaraktercə də anama oxşamışam. Anam hər zaman mənim mükəmməl olmam üçün çox çalışıb. O, övladının üstündə əsən analardan olmayıb. Amma bizə bir şey öyrədib - hər hansı bir işə başladınsa, dayanma, heç bir zaman şikayət etmə. Hər bir uğur ən başda insanın xarakteridir. Xarakter isə güc deməkdir. Mənim üçün gerçək xarakter güclü xarakter anlamına gəlir. Bir insan üçün başqa bir ölkəyə köçüb orada dostsuz, yoldaşsız, təkbaşına bir işə başlamaq doğrudan da çox çətindir. Güclü insan hər zaman öz prizmasından baxdığı üçün inanır ki, nəticədə bu işi bacaracaq. Yetər ki, o uğura doğru irəliləyəsən. Anama Türkiyəyə köçmək istədiyimi bildirdiyimdə tək söz dedi ki, "doğru qərardır, mən sənə inanıram”. Bu sözlər mənim üçün çox önəmlidir. Buna görə də uğurlarımı anama və xarakterimə borcluyam. Şükürlər olsun ki, uğurun bir qismini əldə edə bilmişəm. Bir şeyə inanmadan, ümumiyyətlə həyatda bir işə başlamamaq daha yaxşı olar. Amma başlayırsansa, ən başda inam çox önəmlidir. Mən inandım ki, bunu edə biləcəyəm.

- Deyirlər dəb, moda Azərbaycana bir qədər gec gəlib çıxır. Bu fikirlər doğrudurmu?

- Əksinə, xanımlarımız trendləri çox gözəl təqib edirlər. Doğrudan da biz təqib məsələsində mükəmməlik (gülürük). Azərbaycan xanımları bütün trendləri, ən son yenilikləri bilirlər. Son dəb ayaqqabıdan tutmuş, ən son çıxan parçalara, son model maşınlaradək hər şeydən xəbərdardırlar. Çünki modada çox önəmli şey trendləri bilməkdir. Xalq olaraq biz çox zövqlüyük. Bizim qadınlarımız doğrudan da baxımlı, gözəldirlər. Zövq qandan keçən bir şeydir. Məsələn, italyanlar. Onlar zövqlü doğulublar və belə də yaşayırlar.
- Türkiyədə qısa bir zamanda böyük nailiyyət əldə etdiniz. Bir əcnəbi vətəndaş, gənc bir xanım olaraq bunlara necə nail oldunuz?

- Başqa bir ölkədə oranın sistemi ilə çalışmaq, oranın müştəriləri ilə dil tapmaq, oradakı fərqli psixologiyaya sahib olan insanların xarakterinə əsasən hərəkət etmək özü bir nailiyyətdir. Təbii ki, il yarım müddətində ticarətdə böyük nailiyyətdən danışa bilmərəm. Çünki hələ o yoldayam, bəlli məqsədlərimə doğru gedirəm. Çox böyük planlarım var. Əvvəllər düşünürdüm ki, Ləman Süleyman bir marka olacaq, maksimum bir butik çapında işləyəcək. Amma illər keçəndən sonra anladım ki, bu mənim xasiyyətimə uyğun düşüncələr deyil, mənim xəyallarım daha geniş olmalıdır. Bundan da çox nailiyyətlər əldə etməkdə davam edirəm. Burada sistem fərqli işləyir, ümumiyyətlə tekstil ölkələrində sistem başqa cür qurulub. Təbii ki, sən istehsalın böyük rəqəmlərindən yola çıxmağa başlayırsan. İşi, sistemi ona görə qururuq. Mən işə çətin və bilmədiyim tərəfdən başladım. Ən gözəl təcrübə işin çətin tərəfidir. Asan tərəf təcrübə demək deyil. Hər zaman çətinlikdən keçən işin bəhrəsi sənə daha şirin gəlir. Buna görə də mən daha nailiyyətlərə gedən yolun üzərindəyəm. Həqiqətən də o qədər asan deyil, insanı həvəsdən salacaq məqamlar da olur. Qorxduğum, çətinliklər yaşadığım günlər də olub. Başqa bir ölkədə sıfırdan başlamaq, müştərilərlə anlaşmaq, insanların sənə olan münasibətini istədiyin kimi formalaşdırmaq, sənə güvənlərini təmin etmək o qədər də asan deyil. Önəmli olan hər zaman məqsədə doğru yol almaq və özünə, elədiyin işə inanmaqdır. Bir yola çıxanda, o yolun sonu gələnə kimi maneələri görməmək və səni həvəsdən sala biləcək sözləri eşitməmək çox önəmlidir. İnamını sındıracaq nə varsa, onları görməmək, duymamaq lazımdır. Mən bunu öyrəndim və o hissiyyatla davam edirəm. Böyük nailiyyətləri əldə edən insanlara baxanda inanıram ki, onlar o güclərini əldə tuta biliblər ki, bu yerə gəliblər. Bunu hər birimiz edə bilərik.

- Azərbaycandakı sistemlə burada çalışdığınız sistem arasında nə kimi fərqlər var?

- Burada mən işə istehsalın böyük rəqəmlərindən başladım. Misal üçün, Bakıda 50-100 ədət yaxşı satış göstəricisidirsə bəlli və məntiqi səbəblərdən burada rəqəmlər çox dəyişir. Azərbaycanda çalışdığım sistemlə burada çalışdığım sistemin daha bir fərqi ondadır ki, Azərbaycanda daha çox yaradıcılığa yönəli çalışırıqsa burda daha çox ticarətə yönlənirik. Amma yaradıcılıq iç dünyamız deməkdir. İç dünyamız çox fərqli, rəngli, gözəl ola bilər və bu işdə olmalıdır. O, divardan asılan tablo kimidir. Bu tablonu hər kəs anlamağa məcbur deyil. Amma sən o rəngləri görməlisən. Hər insanın öz həyat rəngləri var. Mən de o rəngləri həyatımda daha əlvan etməyə çalışıram.

Xəyalə Rəis


banner

Oxşar Xəbərlər