• cümə axşamı, 28 mart, 22:35
  • Baku Bakı 13°C

“Uğur lazımi anda özü gəlib məni tapır” - Fotolar

08.05.19 09:30 3518
“Uğur lazımi anda özü gəlib məni tapır” - Fotolar
O, mərhum sənətkarımız Vaqif İbrahimoğlunun son 3 tələbəsindən biridir. Müsahibim İlahə Həsənova rejissorun son illər hazırladığı iki tamaşada rol almışdı. Sonra ana teatrımız olan Akademik Milli Dram Teatrının səhnəsində biri-birindən fərqli obrazları ilə özünə yeni bir səhifə açdı.Belə ki, bu teatrın səhnəsində "Psix”-də Dulsineya, "Teleskop”-da qadın, "Sərgüzəşti Vəziri Xani Lənkəran”-da Nisə, "Don Juan”-da Donna Anna, "Kuraj və onun uşaqları”-nda Katrin, "Topal Teymur”-da Olqa, "Kölgə”-də Luiza, "Qanlı Nigar”-da Nedidə kimi obrazlara can verdi. Amma İlahə Həsənova mənim gözümdə Kamal Abdullanın qələmə aldığı, Əlif Cahangirin rejissorluq etdiyi "Bir, iki, bizimki” tamaşasındakı qadın obrazı ilə qalıb. Onun rol aldığı bu tamaşa haqqında çox danışılmışdı. Müəllimi Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunmuş "Boş məkanın dolğunluğu-2” Eskperimental Tamaşalar Festivalında həmin tamaşa "Ən yaxşı tamaşa” nominasiyası üzrə mükafata layiq görüldü.Müsahibim deyir ki, özünü həyatını axarına buraxıb, bütün uğurlar özü gəlib onu tapır. Uğur əldə etmək üçün nə bir formulu, nə də bir cəhdi olub.
Onu film aktrisası kimi sevənlər də var. Aktrisa İlqar Nəcəfin "Nar bağı” filmindəki Sara obrazına görə 15-ci Beynəlxalq Kazan Film Festivalının "Ən yaxşı qadın rolu” mükafatına layiq görülüb. Bu onun sözügedən filmlə qazandığı ilk "Ən yaxşı qadın aktrisası” mükafatı deyil, bundan əvvəl müsahibim Türkiyədə keçirilən Antakya Beynəlxalq Film Festivalının "Ən yaxşı qadın rolu”na görə baş mükafatını almışdı.
Redaksiyamızın qonağı olan İlahə Həsənova əvvəlcə "Nar bağı” filmindəki Sara obrazından və onun uğurlarından danışdı:
- Əlbəttə ki, "Ən yaxşı qadın rolu”na görə mükafata layiq görülmək bir aktrisa üçün sevindirici haldır. Vətəndən kənarda, dinindən, dilindən, milli-mənəvi dəyərlərindən ayrı olan bir məmləkətdə sənin hekayən dinlənilirsə və həmin insanlar səninlə bərabər o hissləri yaşayırsa, onun dəyəri mənim üçün daha yüksəkdir. Bu o deməkdir ki, artıq vətəndən kənarda da səni tanıyır, cizgilərinə bələd olur və işini qiymətləndirirlər. Belə olduqda insan işindən stimul alır.
Hansısa bir işə başlayanda ondan böyük gözləntilərim olmur. Əgər filmdə çəkilirəmsə, sonda mən də hər kəs kimi - tamaşaçı qismində oturub seyr edirəm. Hər şeyi zamanın axarına buraxıram.

- Filmdə Sara əsas obraz olmasa da, tamaşaçının zəif, həssas damarına toxunmağı bacarır. Ola bilərmi ki, bu nüans beynəlxalq film festivallarının münsif heyətinin də diqqətindən yayınmasın?
- Ümumi götürdükdə, "Nar bağı” filmində qadın obrazı o qədər də aktiv deyil. Hissələri, dialoqları ilə ikinci planda olan bir obrazdır. Bu filmdə bizim sosial problemimiz əks olunub. XXI əsr olsa da, bölgələrdə, elə paytaxtımızda da qadınlarımızın yaşadığı problem öz əksini tapıb. Rusiyaya getmiş həyat yoldaşlarının yolunu gözləyən, övladlarını tək böyüdən, nə qadın kimi qadın, nə də ana kimi ana olan xanımlarımız bu gün azdırmı? Onların çoxu təhsil almamış ərə verilənlərdir. Uşaq yaşda ana olan xanımlarımız ailə-məişət problemlərinin içərisində boğulur, normal həyat rejimini yaşamırlar. Saranın hekayəsi həmin xanımlarımızın hekayəsi kimi çox ağrılıdır. Sara cavan gəlindir, övladı xəstədir və onun problemini həll edə bilmir. Hara getsin, kimdən kömək istəsin? Belə olanda bəzən insan intihar həddinə çatır. Ssenarini oxuyanda, Sara obrazı məni çox təsirləndirmişdi.
- Aktrisa üçün oynayacağı obrazın ötürəcəyi hisslər çox önəmli olmalıdır. Hər hansı filmə təklif alanda buna önəm verirsinizmi, yoxsa sizin öz kriteriyalarınız var?
- Film təklifi alanda ssenarini oxuyuram, əgər o obraz mənə təsir etmirsə, həmin layihədən imtina edirəm. Çünki filmdə obrazın gözləri aydın görünür və sən tamaşaçını o qədər də aldada bilmirsən. Ancaq teatr səhnəsində müəyyən şeylərdən keçmək olur. Çünki səhnə tamaşaçı ilə təmas üçün bir qədər uzaqdır. Teatr səhnəsində hər dəfə səhnəyə çıxıb, sənə həvalə olunan obrazı oynayırsan. Hər məşqdə, tamaşada obrazınla bağlı nəyisə özününküləşdirə bilirsən. Ancaq filmdə bu mümkün deyil. Hər dəfə tamaşada oynayanda özünə bir yenilik tapırsan. Filmdə isə bu imkanlar verilmir.
- İlahə xanım, iki il YUĞ Teatrında çalışdınız və daha sonra Akademik Milli Dram Teatrına gəldiniz. Hər iki teatrın həm estetikası, həm də səhnələri arasında böyük fərq var. Bu dəyişiklik çətinlik yaratmadımı?
- Akademik Milli Dram Teatrına gələndə, nə qədər səhnədə hərəkət edirdimsə deyirdilər ki, görünmür. Başa düşdüm ki, ağlamaq üçün sadəcə gözümdən yaş gəlməsi böyük bir səhnə üçün kifayət etmir, ağlamağını göstərmək üçün hayqırtı olmalıdır. Anladım ki, bu səhnədə etdiyin hərəkətləri daha böyük etməlisən ki, tamaşaçı onu görə bilsin. Bundan başqa elə də böyük fərqlilik hiss etmədim.
- "Boş məkanın dolğunluğu-2” festivalında rol aldığınız "Bir, iki, bizimki” tamaşasının qalib olacağını gözləyirdinizmi?
- Əsla. İlk dəfə Kamal Abdullanın bu əsərini oxuyanda Əlif Cahangirin onu necə səhnələşdiriləcəyini təsəvvür edə bilmirdim. Əsəri oxuduqdan sonra rejissorla müzakirə edəndə gördüm ki, onunla fikrimiz üst-üstə düşür. Əsas odur ki, sən onu necə təqdim edirsən. Bu, intuitiv sənətdir. Özün də bilmədən, hiss etmədən görürsən ki, başqa bir şey etmisən. Bəzən nəyisə oxuyuram, deyirəm ki, mən bunu edə bilmərəm. Ancaq məşqdə görürsən ki, sən başqa bir şey edirsən.
- Bəs bu tamaşa üçün təklif gələndə "gənc rejissordur, birdən yaxşı alınmaz, istədiyini səhnədə edə bilməz” kimi düşüncələrə qapıldınızmı?
- Əsla. Orada başqa bir rejissor olsaydı belə, mən öz işimi görəcəkdim. Açıq deyim ki, Vaqif İbrahimoğludan başqa öz obrazım üzərində başqa rejissorlarla işləməmişəm. Ola bilər rejissor desin ki, "bu nizamda dayan”, "belə et”, "burdan gəl”. Ancaq oturub mənimlə nəyisə analiz, izah etməsi prosesi olmayıb. Bu günə qədər bir çox rejissorlarla çalışmışam. Onların hər birinin özünəməxsus iş prinsipləri var. Ancaq Vaqif İbrahimoğlu mənim canlandırdığım obrazlarım üzərində çalışır, hər nüansı mənə xırda aydınlığına qədər izah edirdi.
- Sizcə, rejissor hər tamaşada aktyora oynayacağı obrazın alt qatını açıb, onun izahını verməlidirmi?
- Təbii ki, bu, rejissorun işi deyil. Rejissor aktyorla bunu müzakirə etməməlidir. Aktyora obraz verilirsə, obrazın üzərində işləmək aktyorun işidir. Onu necə hazırlamaq, təqdim etmək aktyorun potensialına qalıb. Rejissor bütün prosesləri birləşdirib, sonda bir məhsul təqdim edir. Aktyorun səhnədəki mizanı üçünsə pedaqoqlar, müəllimlər olmalı, aktyorların oynayacaqları obrazlar həmin pedaqoqlarla müzakirə olunmalıdır.
- İlahə üçün rolun baş və epizodik olmasının bir önəmi varmı?
- Mənim üçün rolun böyüyü, kiçiyi yoxdur. Yaxşı əsərdə balaca bir obrazı belə çox gözəl oynaya bilərəm. Ancaq pis əsərdə baş rolu oynasan belə, onun heç bir mənası yoxdur. Teatrda mənə indiyə qədər nə obraz veriblərsə, oynamışam. Hətta uşaq tamaşasında belə rol almışam.
- Yəni deyirsiniz ki, ürəyinizdə nisgili qalan obrazlar yoxdur?
- İndiyə qədər xarakter baxımından hər bir obrazı canlandırmışam. Bəlkə də bu bir şans idi ki, mən teatra gəldiyim ərəfədə yeni tamaşalar hazırlanırdı, həmin ərəfədə bir çox tamaşada iştirak edirdim, indi də edirəm. Bunun üçün obrazlara qarşı o qədər də "aclığım” yoxdur. Mənə görə hər yaşın öz obrazları var. Mən də hər yaş mərhələmə uyğun obrazlar canlandırdığım üçün elə bir "aclığım” yoxdur.
- Özünüzü xoşbəxt aktrisa hesab edirsiniz?
- Özümü şanslı aktrisa hesab edirəm. Mən heç nə etməmişəm. Uğur lazımi anda, lazımı zamanda özü gəlib məni tapır.
- Niyə mətbuatda çox az-az görünürsünüz? Haqqınızda "mətbuatdan aralı gəzir” deyirlər. Buna səbəb nədir?
- Sənət adamlarının, həmkarlarımın zaman-zaman mediada çıxan müsahibələrini oxuyuram. Tamaşalar haqqında yazılan xəbərlərə, resenziyalara da nəzər yetirirəm. Verilən müsahibələrdə insanların ağıllı görünməyə çalışmasını, məsləhətlər, tövsiyələr verdiklərini görəndə, bu, başqalarında bir ikrah hissi yaradır. Müsahibəni oxuyanda, sadəcə bir insanla söhbət edirmiş kimi ondan müsbət enerji ala bilmirəm. Müsahibələrin çoxunda "mən bunu edirəm”, "mən belə oxuyuram”, "mən belə intellektualam” kimi sözlər və ya mənaları həddindən artıq çox istifadə edilir. Ona görə də mən müsahibələri çox sevmirəm. Ümumiyyətlə, cəmiyyətdə belə bir qəbul olunmuş anlayış var: "Əgər məndən müsahibə alırlarsa, deməli, çox önəmli insanam”. Halbuki, bütün peşələr əziyyətlidir. Amma əgər sən əziyyətsiz nəyəsə nail olursansa, demək, ortada bir iş yoxdur.
- Xoş olmayan bir məsələ də odur ki, ömründə bircə dəfə Vaqif İbrahimoğlunu görənlər də özlərini onun tələbəsi adlandırırlar...
- Vaqif İbrahimoğlunun yanında iki il olmuşam və iki tamaşasında rol almışam. Ondan 2 tamaşada öyrəndiklərimi sonralar 20 tamaşada istifadə etmişəm. Vaqif İbrahimoğlu nə kiməsə istedad verir, nə də ki aktyorların başından istedad tökürdü. Bizim gündəlik olaraq bildiyimiz şeyləri o, necə yaşamaq lazım olduğunu göstərirdi. O deyirdi ki, həmin anı hiss et və onu yaşa. Bəzi şeylər var ki, onu dilimizdə deyirik, sanki yaşamırıq. Mən onları özümdə istifadə etməyi öyrəndim. Sən oturub bütün kitabları oxuya, sistemlərdən xəbərdar ola bilərsən. Ancaq onun bir cümləsini yaşamaq, təcrübədən keçirmək tamam başqa bir şeydir.
- Niyə seriallarda yoxsunuz?
- Serialların bugünkü səviyyəsi məni qane etmir. Getdikcə yaxşılaşmaq əvəzinə, geriyə gedirik. Bilmirəm seriallar həftəlik olduğu üçün, yoxsa maliyyə az olduğu səbəbindən belə alınır? Əvvəlki illərdə bundan daha yaxşı seriallar çəkilirdi. Və serialların hamısında 3-4 nəfər var, başqa insanlar gəlmir.
- İlahə sosial biridirmi?
- Heç də. Hətta dostlarım mənə deyirlər ki, sən daş dövründən qalmısan (gülürük). Nə "Facebook”da, nə "İnstagram”da varam. Hərdən mənə deyirlər ki, səni tapmaq istəyəndə haradan axtarsınlar? Əgər mən o insana vacibəmsə, gəlib teatrda, evdə də olsa tapacaq. Şəkillərimi çəkib sosial şəbəkələrdə paylaşmağı xoşlamıram. İnsan içindəki eqonu böyüdür, yedizdirir və bir də onda oyanır ki, artıq "mən” deyə bir şey yoxdur, məhvə doğru gedib. Sosial aləmə qarışmaq içimdən gəlmir. İnsan nəyəsə başladıqda, getdikcə onu inkişaf etdirir. Bu gün özümə "İnstagram” səhifəsi açsam, ora bir şəkil yerləşdirsəm, sabah ikisini, biri gün üçünü paylaşacam və beləliklə, bu artıq xəstəliyə çevriləcək. Özüm özümə o şəraiti yaratmıram. Ehtiyac duymuram ki, kimsə məni orada tərifləsin, ya pisləsin. Əlbəttə ki, mənə xoş sözlər yazılsa, çox sevinərəm, ancaq dərəcəsi çox olanda, bu, xəstəliyə çevrilir. Mən özümə bunu layiq görmürəm.
Xəyalə Rəis
Bu yazı "İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Teatr mədəniyyətinin formalaşması istiqamətində TV və radio proqramların hazırlanması” layihəsi çərçivəsində hazırlanıb.

banner

Oxşar Xəbərlər