• şənbə, 20 Aprel, 02:59
  • Baku Bakı 15°C

Uşaqlarla böyüklər arasında “Yumruca” körpü - Örnək

19.06.20 16:00 15542
Uşaqlarla böyüklər arasında “Yumruca” körpü - Örnək
Layihənin müəllifləri: Onun uğurunu gözləyirdik, amma bu qədər yox
"Mənim adım Yumrucadır, 4 yaşım var. Sizinlə birlikdə dünyanı kəşf edəcəyik. Bir-birindən maraqlı və fərqli mövzuları müzakirə edəcəyik, bildiklərimizi bir-birimizlə bölüşüb, bilmədiklərimizi soruşaraq öyrənəcəyik”.

Bu fikirlər Youtube, İnstaqram və Facebook kanalları vasitəsilə uşaqlarla söhbət edən "Yumruca”ya aiddir. "Yumruca” adi oyuncaqlar kimi deyil. Uşaqlarla danışır, öz problemlərini bölüşür və həll yollarını izah edir. Biz də uşaqların həmsöhbəti olan "Yumruca”nın yaradıcıları, layihə rəhbərləri ilə söhbətləşdik. Görək, "Yumrucan”ın cəmiyyətə ötürmək istədiyi mesaj nədir?

Bu dəfəki həmsöhbətlərimiz "Yumruca” kukla layihəsinin həmmüəllifləri Fatimə Məmmədova, İlqar Məmmədov və Tofiq Sadıxovdur.

İlqar Məmmədov Ağsu rayon Ərəbmehdibəy kənd tam orta məktəbində 10 ildir ki, riyaziyyat muellimi kimi fəaliyyət göstərir. Layihəni həyat yoldaşı Fatimə müəllimə ilə birgə ərsəyə gətiriblər. Deyir ki, layihəni ərsəyə gətirməkdə məqsədləri bütün dünyanı cənginə alan pandemiya dövründə Azərbaycan təhsilinə öz töhfələrini verməkdir: "Onlayn təhsil dövründə məktəbəqədər təhsilin inkişafının səngiməməsi, uşaqlarda maraq oyatmaq üçün belə bir layihə yaratdıq. "Yumruca” kuklanı tikdik, ərsəyə gətirdik. Bunun hər detalı və incəliyi bizə aiddir. Bu kukla uşaqlara müəyyən maarifləndirici məlumatlar ötürür. Burada məqsəd asudə vaxtın keçirilməsi deyil, şagirdlərin kukla vasitəsilə maarifləndirici bilgilər əldə etməsidir”.

Fatimə müəllimə isə Ağsu rayon Sarvan kənd ümumi orta məktəbində ibtidai sinif müəlliməsidir. HəmçininAzərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən həyata keçirilən "İcma əsaslı qrupların iştirakı ilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması" layihəsinin Ərəbmehdibəy kənd icmasında müəllimə kimi fəaliyyət göstərir. Kuklaya dizayn verən, tikən, geyindirən də odur: "İcma müəllimi olduğum üçün 3-4 yaşlı və ibtidai sinif uşaqları ilə işləyirəm. Birinci sinfə gedən uşağın əlindən oyuncaqları almırıq. Çünki onlar həm oyuncaq, həm də dərs arasında qalırlar. O dönəmi bir az yüngül keçirmək lazımdır. Uşaqlar da oynayaraq öyrənirlər. Fikirləşdim ki, kuklanı elə düzəltməliyəm, uşaqlar üçün daha cəlbedici olsun. "Yumruca” bütün uşaqlarla çox mehriban danışır. Heç kimin xətrinə dəymir, mübahisələri düşmür. Onları çox istəyir, nə isə səhv edəndə də, onu mülayim başa salırıq ki, belə olmaz. Videolarda "Yumruca” səhvini mənə deyir, mən ona izah edirəm ki, belə olmaz. O, uşaqlara psixoloji təsir edir. "Yumruca”nın üzündə bir şirinlik var. Hərəkətləri, mimikaları, danışığı insana xoş təsir bağışlayır”.


Tofiq Sadıxov:
- Bu bizim, Təhsil İnstitutu tərəfindən həyata keçirilən "İcma əsaslı qrupların iştirakı ilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması" layihəsindən yola çıxaraq ərsəyə gətirdiyimiz bir ideyadır. Layihə çərçivəsində estoniyalı mütəxəssislər müəllimlərimiz üçün məktəbəqədər təhsil prosesində kuklalarla bağlı təlim keçirdilər. Fatimə müəllimə bu ideyanı daha çox mənimsəyərək belə kuklalar tikməyə başladı. Proses zamanı gördük ki çox gözəl effekt verir və uşaqların marağına səbəb olur. Biz də ona dəstək olaraq, ideyanı peşəkar formada ərsəyə gətirdik. Beləcə, "Yumruca” kukla kanalı meydana gəldi. Layihənin iki ayı hələ tamam olmayıb. Amma artıq medianın və ictimaiyyətin diqqətini çəkməyi bacarmışıq. Bu haqda nə qədər çox insan bilsə, "Yumruca” bir o qədər məşhur olacaq. Uşaq inkişafı mütəxəssisləri danışan kuklaların erkən uşaq inkişafında əvəzsiz rol oynadığını deyirlər. Ana və yaxud müəllimə obrazını kuklanın dilindən dinləyəndə, uşaqlara daha maraqlı olur. Mənim qızımın 5 yaşı var və o "Yumruca”nın paylaşımlarını diqqət və maraqla izləyir. Eləcə də digər uşaqlarla söhbətdə görmüşəm ki, onlar da eyni hisslər keçirirlər. "Yumruca”ya maraq böyükdür. İkinci məsələ odur ki, Azərbaycan dilində məktəbəqədər tədris proqramında material çox azdır. Bizim məktəbəqədər təhsil layihəmiz var ki, 3-4 yaşlı uşaqları əhatə edir. Əsasən də bölgələrdə harda ki bağça təhsili yoxdur, həmin kənd məktəblərində 3-4 yaşlı uşaqlar tədrisə cəlb olunurlar. O layihədə görürük ki, barmaqla sayılası normal resurs var. Bu 3-4 ildə bu layihə çərçivəsində yeni resurslar yaratmağa çalışırıq. "Yumruca” kukla da ayrıca bir vəsaitdir. İcma layihəsinə birbaşa aidiyyəti yoxdur. Həmin layihədən qaynaqlanaraq yaransa da, tam müstəqil olaraq inkişaf edən bir layihə olacaq. Və layihənin gələcəyini onda görürəm ki, bu davamlı bir Youtube kanalı olacaq. Daha çox erkən uşaq inkişafı ilə bağlı öyrədici bir kanala çevriləcək. "Yumruca” kukla təkcə uşaqlar üçün deyil, həm də gənc valideynlər üçün çox faydalı bir resurs olacaq. "Yumruca”nın uğurunu gözləyirdik, amma bu qədər yox. Ayyarımlıq nəticə üçün "Yumruca”nın yaşı çox balacadır. Onun bu qədər diqqət çəkməsi bizim üçün böyük fəxr və uğurdur.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər