AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Uşaqların tərbiyəsində möhkəm bünövrənin qurulması

Uşaqların tərbiyəsində möhkəm bünövrənin qurulması

Təfsilat
24 Fevral 2021, 18:45 331
Bu gün bp və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - "SOCAR”, "TPAO”, "PETRONAS”, "MOL”, "LUKOİL”, "NİCO”, "Equinor”, "İNPEX”, "ExxonMobil”, "SGC”, "İTOCHU”, "ONGC”, "TOTAL” və "Eni” – uşaqların tərbiyəsinin, valideynlərin uşaq böyütməsinin və ümumilikdə məktəbəqədər təhsilin təməl prinsiplərini əhatə edən ensiklopedik tövsiyələr kitabını ictimaiyyətə təqdim edib. Bu layihə bp və tərəfdaşlarının təhsilin inkişafına və bütün səviyyələrdə yerli potensialın və bacarıqların gücləndirilməsinə dəstəyi çərçivəsində maliyyələşdirilib.
"Ömrün uğurlu bünövrəsi” kitabı uşaqların tərbiyəsində ən effektiv beynəlxalq təcrübələri, üsulları, modelləri və prinsipləri araşdırıb onların arasından ən yaxşılarını körpə çağından altı yaşadək uşaqların fiziki, emosional, sosial və intellektual inkişafına aid milli ideyalar, metodlar, təcrübələr və ənənələrə uyğunlaşdırmaqla və birləşdirməklə Azərbaycana gətirən ilk bu tip nəşrdir.
Kitab valideynlərin, pedaqoqların və müəllimlərin uşaqların tərbiyəsi ilə bağlı gündəlik fəaliyyətlərinə bələdçilik etməklə onların ən son araşdırmaların nəticələrindən istifadə etməsinə, beynəlxalq və milli miqyasda məlum olan qabaqcıl təcrübələrdən faydalanmasına yardım edir. Bu, sağlam cəmiyyətin və sağlam gələcəyin bünövrəsində sağlam təhsilin önəmini vurğulamaqla elmi araşdırmalara və təcrübəyə əsaslanan bir kitabdır.
Kitab Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi müvafiq dövlət qurumlarını, məktəblər və bağçaları, habelə bir sıra özəl təşkilatları təmsil edən geniş ekspertlər qrupu tərəfindən hazırlanıb.
bp-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: "Ötən 28 il ərzində biz tərəfdaşlarımızla birlikdə çox sayda uğurlu layihələr vasitəsilə məktəb və universitetlər səviyyəsində təhsilə dəstək vermişik. Lakin, təhsil uşağın dünyaya gəldiyi gündən başlayır və uşağın tərbiyəsində və inkişafında istifadə edilən metodlar, nəzəriyyələr və təcrübələrin sayı xalqların və hətta ailələrin sayı qədər çoxdur.
Biz çox şadıq ki, uşaqların tərbiyəsində və valideynlərin uşaq böyütməsində alimlərə və pedaqoqlara məlum olan ən yaxşı biliklər indi artıq bir əsaslı tövsiyələr kitabında birləşdirilib və həm də kitab uşaqların tərbiyəsində və təhsilində istər valideyn, istərsə də mütəxəssis kimi iştirak edən hər bir kəs üçün sadə və aydın dildə yazılıb. Mən deyərdim ki, bu, uşaqların tərbiyəsinin elmi əsaslarını və praktikasını birləşdirən bir kitabdır və öz fundamental məzmun və həcminə görə Azərbaycan dilində hazırlanmış ilk bu növ nəşrdir. İnanırıq ki, böyük bir mütəxəssis qrupu tərəfindən hazırlanmış bu kitab geniş şəkildə istifadə ediləcək və ölkədə məktəbəqədər təhsil sahəsində elm və təcrübənin daha da inkişaf etməsinə töhfə olacaq.”
Layihənin dəyəri 80 200 AZN-dir.
Layihənin icrası təhsil layihələrində ixtisaslaşmış yerli şirkət olan "Azedu” tərəfindən həyata keçirilib.
Ötən 28 il ərzində bp və tərəfdaşları çox sayda iri sosial investisiya layihələrinə dəstək veriblər. Bu layihələrə təhsil və potensialın yaradılması proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturdan istifadə imkanının yaxşılaşdırılması, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsi, mədəni irs və idmanın inkişafına dəstək verilməsi və eləcə də hökumət qurumlarına texniki kömək göstərilməsi daxildir.
2020-ci ildə bp və onun idarə etdiyi birgə müəssisələrdəki tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə 3,2 milyon ABŞ dollarından çox vəsait xərcləyib.
Bundan əlavə, 2020-ci ildə təkcə bp ölkədə müxtəlif sosial layihələr çərçivəsində 4,2 milyon ABŞ dollarından çox sərmayə qoyub.
Buraya COVİD-19 pandemiyası ilə bağlı yaranmış vəziyyətin aradan qaldırılması üçün ölkədə aparılan mübarizə tədbirlərinə dəstək məqsədilə bp-nin 3 milyon ABŞ dolları həcmində töhfəsi də daxildir. Bu vəsait xüsusi olaraq COVID-19-un diaqnostika və müalicəsi üçün ümumi, biokiəmyəvi və PCR laboratoriyaların xaricdən alınması və ölkəyə gətirilməsi, onların TƏBİB-in tabeliyində olan Yeni Klinikada istifadəyə tam hazır vəziyyətdə quraşdırılması, 100,000 ədəd koronavirus PCR test dəsti, bu testləri həyata keçirmək üçün bütün lazımı laborator sərfiyyat materialları və reagentlərin, həmçinin xüsusi təhlükəli yoluxucu xəstələrin təxliyyəsi üçün nəzərdə tutulmuş 3 ədəd izolyasiya kapsulunun alınması və ölkəyə gətirilməsinə xərclənib. Bu dəstəyin məqsədi ölkədə COVİD-19 hallarının effektiv diaqnozu və müalicəsi imkanlarını artırmağa və ümumilikdə ölkənin səhiyyə xidmətlərini gücləndirməyə yardım etməkdir. Bundan əlavə, ölkəyə bp-nin Azərbaycandakı əməkdaşları tərəfindən eyni məqsədlər üçün 100000 AZN-dən çox vəsait və bp Türkiyə tərəfindən TƏBİB-in təcili yardım maşınları üçün nəzərdə tutulmuş 10000 ABŞ dolları dəyərində "Castrol” sürtkü yağları da bağışlanıb.
Ümumilikdə, bp və tərəfdaşları bu vaxtadək Azərbaycanda sosial inkişaf proqramları vasitəsilə təxminən 90 milyon ABŞ dollarından çox sərmayə qoymuşdur.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün Azərbaycanda bp şirkətinin www.bp.com/azerbaijan vebsaytına müraciət etmək olar.