cümə, 20 May, 01:20

Baku Bakı 16°C

Uşaqların kəpənəkşəkilli oturuş tərzi bud-çanaq oynağı və dizin inkişafını pozur

icon 192 icon 20 yanvar 2022 | 11:00 Uşaqların kəpənəkşəkilli oturuş tərzi bud-çanaq oynağı və dizin inkişafını pozur

Bəzi uşaqlarda vərdiş halını almış "W" şəkilli oturuş tərzi vaxt keçdikcə bir sıra problemlərə yol aça bilər. Bu oturuş mövqeyinə, həmçinin kəpənəkşəkilli oturuş da deyilir. "W" oturuş tərzi zərərlidir, çünki bu, uşağın bud və ayaq əzələlərinin qısa və gərgin olmasına səbəb olur. Bu, həmçinin uşağın koordinasiya və tarazlığı idarəetməsinə mənfi təsir göstərir. "W" oturuş mövqeyində oturan uşaq üst bədənində dönüş edə bilmir. Adətən belə oturan uşaq hər iki əlini istifadə etmək lazım gəldikdə çətinlik çəkir. Bu, uşağın əl bacarıqlarının passivləşməsinə gətirib çıxarır. Eyni zamanda, "W" şəklində oturmağa öyrəşmiş uşaqlar masa arxasında oturarkən çətinlik çəkirlər. Ona görə də valideynlər bu kimi detalları diqqətdən qaçırmamalı və belə olan halda, həkim məsləhəti almalıdırlar. Kəpənəkşəkilli oturuş mövqeyindən istifadə vərdişi uşaqlar arasında geniş yayılıb.
AZƏRTACxəbər verir ki, həkim-pediatr Günay Rəsulova bu barədə tövsiyələrini bölüşüb.
Həkim-mütəxəssis qeyd edib ki, bu şəkildə oturmaq uşaqlarda bud-çanaq oynağı və dizin inkişafını pozur: "Vaxt keçdikcə həmin uşaqlar yeriyərkən ayaqlarını içəri doğru atmağa başlayırlar. Nəticədə, yerimə və qaçma zamanı müəyyən problemlər yaranır. Bu oturuş şəklinin uşaqlarda vərdiş halını almamasına çalışmaq lazımdır. Övladlarının kəpənək şəklində oturduğunu müşahidə edən valideynlərin onların bu vərdişi tərgitməsinə çalışmalıdırlar. Əks halda, gələcəkdə yarana biləcək fəsadların aradan qaldırılması uzun vaxt tələb edir. Bəzi valideynlər iddia edirlər ki, onlar da uşaq vaxtı belə oturublar, amma heç bir problem yaranmayıb. Bu, yanlış yanaşmadır. Uşaqların düzgün oturuş şəklindən istifadə etməsi çox vacibdir”.