Uşaqlarımızı qışda necə geyindirək?-Gənclərə məsləhət
Qarşıdan
soyuq qış ayları gəlir. Bu isə o deməkdir ki, artıq geyimlərimizə xüsusi diqqət
yetirməliyik. Çünki hələ payız gəlməmiş, müxtəlif növ soyuqdəymə və virus
xəstəlikləri qapımızı döyür. Xüsusilə uşaqlarda bu məqama diqqət yetirmək
lazımdır. Çünki əksər uşaqların immun sistemi xəstəliklərlə mübarizə aparmaq
iqtidarında olmur. Amma bəzən valideynlər özləri uşaqların xəstələnməyinə
şərait yaradır. Düzgün seçilməyən geyim, övladlarımızın tez-tez xəstələnməyinə gətirib
çıxara bilir. Bəs görəsən düzgün geyimi
necə seçməliyik?
Psixoloq
Nərgiz Süleymanlı deyir ki, təkcə qışda yox, ilin bütün fəsillərində uşaqlara
geyim seçərkən, valideynlər diqqətli olmalıdır. Çünki bu, onların həm fiziki,
həm də psixoloji sağlamlığına ciddi təsir göstərir: "İstər qış, istərsə də
digər fəsillərdə uşağın geyiminə diqqət yetirilməlidir. Çalışmaq lazımdır ki,
azyaşlı uşaqlara geyim seçərkən onun rənginə, dizaynına xüsusi fikir verilsin. Çünki
bunlar, uşaq psixologiyasına ciddi təsir edən amillərdəndir. Həddindən artıq
tünd və qalın geyimlər uşaqlarda qıcıq
yarada bilir. Həmçinin, əgər paltarın üzərində aqressiyanı təmsil edən şəkil və
bəzəklər varsa, onları uşağa geyindirmək olmaz. Bu, uşaqların şüuraltına zamanla
mənfi təsir göstərir”.
Psixoloq
qeyd etdi ki, qış aylarında uşaqları həddən artıq qalın geyindirmək düzgün
deyil: "Qarşıdan soyuq aylar gəlir. Hər bir ana istəyir ki, övladını
xəstəlikdən qorusun. Buna görə də, bir çox ana öz uşağını altdan-üstdən
qatbaqat geyindirir. Amma bu, düzgün deyil. Çünki uşaqlar daim hərəkətdədirlər.
Xüsusilə hiperaktiv uşaqlarda bu məqama diqqət etmək lazımdır. Onlar daim aktiv
olduqlarına görə, tez-tez tərləyə bilirlər. Bu isə tez bir zamanda uşaqların
xəstələnməsinə yol açır. Yaxşı olar ki, valideynlər öz övladlarının xarakterinə
uyğun geyim seçsinlər. Çünki hər şey uşağın özündən, onun tipindən asılıdır. Hər uşaq fərqli xüsusiyyətə
malikdir. Amma ümumilikdə götürsək, əksər uşaqlar qalın geyinməyi sevmirlər.
Bəzən hətta onlar buna kəskin reaksiya verə bilirlər. Çünki qış geyimləri
onların əyninə dar olur və müxtəlif narahatlıqların yaranmasına gətirib çıxarır. Anaların böyük
bir qismi fikirləşir ki, uşağı qalın geyindirmək, onu xəstəlikdən qoruyur.
Düşünmürlər ki, əksinə, bununla daha çox xəstəliyin yaranmasına şərait yaradırlar. Soyuq aylarda həddən artıq
nazik geyindirmək də olmaz. Amma geyimlərlə uşağı bezdirmək də lazım deyil. Bu,
ən çox danışmağı bacarmayan uşaqlarda müxtəlif problemlərə yol açır. Çox vaxt
analar uşağın hansı səbəbdən ağladığını bilmir. Çünki bizim analar uşağı o
qədər qalın geyindirirlər ki, körpənin ürəyi sıxılır. Bu mənada, çalışmaq lazımdır ki, uşağın, üşüməyəcəyi
və tərləməyəcəyi paltarlara üstünlük verilsin”.
Mütəxəssis
qeyd etdi ki, indi əksər valideynlər qış geyimlərini seçərkən və uşaqları geyindirərkən,
onları yetkin yaşlılara bənzətməyə çalışır: "Elə olur ki, 4-5 yaşlı qız
uşaqlarına yetişkin qadın obrazında geyimlər seçilir. Bu, onların
psixologiyasına erkən yaşlarda təsir etməyə başlayır. Ona görə də, valideynlər
belə məqamlara diqqət etməlidir. Uşaqların geyimləri yaş dövrünə və fəslə uyğun
olaraq seçilməlidir. Çünki geyim uşağın dünyaya baxış tərzini formalaşdırır. Zamanla
belə hallar yeniyetməlik dövrünə qədəm qoyduqda, müəyyən problemlərə səbəb ola bilir.
Düşünmədən seçilən geyimlər, uşaqlara müxtəlif şüuraltı mesajlar verə bilir. Bu,
elə bir yaş dönəmidir ki, uşaqlara imkan verməliyik ki, onlar öz uşaqlıqlarını
yaşasın”.
Şəbnəm Mehdizadə