• cümə, 19 Aprel, 19:12
  • Baku Bakı 24°C

Uşaqlarımız daha klassik nağıllara inanmır

06.09.19 10:00 2671
Uşaqlarımız daha klassik nağıllara inanmır
- Mənim balam, Şəngülüm, Şüngülümün anası canavarın onun balalarını yediyini biləndə, buynuzlarını itiləyir və canavarın qarnına batırır. Şəngülümlə Şüngülüm canavarın qarnından çıxaraq analarının qucağına qaçırlar.
- Dayan e, bəs canavar onları yeyibsə, necə sağ qalıblar? Bir də ki, iki keçi balası bir canavarın qarnına necə sığışır? Sən deyəsən, bizə yalançı nağıllar danışırsan...
Övladımla olan bu dialoqdan sonra, açığı, ona deməyə söz tapmadım. "Yat balam, artıq gecdir” – deyəndə isə, "axı heç bundan qabaq danışdığın nağıldakı Cırtdan da yatmırdı” cavabını eşitdim.4 yaşında iki övladım var, ancaq onlar mənim anamdan eşidərək böyüdüyüm nağıllara inanmırlar. Bunun üçün də məcburam özümdən yeni nağıllar uydurum. Digər tərəfdən, onların bizim nağıllarımızı bilməyini, həm də "Maşa və ayı”, bir binadan o biri binaya tullanan Spiderman kimi nağıl qəhrəmanlarını özlərinə örnək götürməsini də istəmirəm. Bizim klassik nağıllarımızda çox uydurmalar var. Evdə böyüyən uşaqlarımızı nənələrimizdən, analarımızdan eşitdiyimiz nağıllara inandıra bilmədiyimiz halda, bəs görəsən teatrlarımız bu nağılları səhnələşdirərkən, balacaları inandırmaq üçün hansı üsullardan istifadə edirlər? Bu sualla mütəxəssislərə müraciət etdim.
Əgər övladınız nağıllara inanmırsa...
Bakı Uşaq Teatrının direktoru, əməkdar artist İntiqam Soltan mövzu ilə bağlı danışarkən qeyd etdi ki, bu günün uşaqları daha dinamik, çevik və gözüaçıq böyüyürlər: "Teatrımızın səhnəsində hazırlanan tamaşalara çox həssaslıqla yanaşırıq. Belə ki, müraciət etdiyimiz nağıllarda uşaqlara ötürəcəyimiz mesajlar bizim üçün çox önəmlidir. Çalışırıq ki, nağılları olduğu kimi təqdim etməyək. Misal üçün, "Şəngülüm, Məngülüm, Şüngülüm” nağılında canavar keçini yemir, sadəcə onu oğurlayır. Biz nağıl qəhrəmanlarını məhz o nağılın içində deyil, başqa hadisə zamanı istifadə edirik. Bizim üçün əsas personajdır, nağılın özü deyil. Məsələn, Tıq-tıq xanım özünə dost axtarmaya və məktəbə gedə bilər. Biz hazırladığımız tamaşalarda uşaqları beyinlərinin avtomatlaşdırılmasından kənara çıxarmağa, onlara adət etdikləri ssenaridən fərqli bir hadisə göstərməyə çalışırıq. Ona görə ki, nağılı izləyən uşaq yalnız bu situasiyada ilişib qalmasın. Düzdür, bəzi klassik nağılların mövcudluğundan mən də narazıyam. Elə götürək, "Cırtdan” nağılını. Bu nağılın böyük siyasi tərəfləri var. Məmnuniyyətlə bu nağılı böyüklər üçün hazırlayardım. Nağılda Cırtdan liderlik edir, dostlarının belində gəzir və sair”.

İ.Soltan klassik nağılların formatını dəyişərək, müasir zamana uyğunlaşdırmağın tərəfdarı olduğunu bildirdi: "Əlbəttə ki, bütün nağıllar dəyişiklik edilib səhnələşdirilməlidir. Bu gün bəzi rejissorlarımız klassik nağıllara və əsərlərə səhnə həlli verirlərsə, orada heç bir dəyişiklik etmirlər, hər hansı cümləni dəyişməyə ehtiyat edirlər. Ancaq bu, absurd fikirdir. Əsas odur ki, ideya dağılmasın. Hər rejissorun öz yanaşması var. Bizim məqsədimiz hadisəni uşaqlara çatdırmaqdır. Əgər nəyinsə qarşısına "quş” qoymaq xatirinə bu əsəri hazırlayıramsa, əlbəttə ki, hər şey başdansovdu olacaq və uşaqlar baxdıqları tamaşaya inanmayacaq. Mənim üçün hər şey təqdimatdan asılıdır. Yetər ki, uşaqlara qarşı səmimi olasan. Hələ indiyə qədər bizim tamaşalarımızda "mən buna inanmadım” - deyib zalı tərk edən uşaqlar olmayıb. Əgər övladınız nağıllara inanmırsa, siz həmin nağılları ifadə etməyin formasını dəyişin”.
"Uşağın nağıl eşitməyə ehtiyacı var”
Abdulla Şaiq adına Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərən "Oyuq” uşaq teatr studiyasının rəhbəri, yazar, rejissor Səidə Haqverdiyeva deyir ki, uşaqları nəyəsə inandırmaq, onları hər hansı bir yalanın içinə salmaq o qədər də çətin deyil: "Hətta müasir uşaqlar belə nağılları sevir. Hansı dövrdə yaşamasından asılı olmayaraq, əgər sən nağılçı olaraq hər hansı bir nağılı gözəl danışırsansa, uşaq bütün diqqətini nağılçının üzərinə yönəldəcək və diqqətlə sona qədər qulaq asacaq. Əgər nağıl bitdikdən sonra suallar verməyə başlayacaqsa, demək ki, onu nəsə maraqlandıran var və o, bu hekayədə nəyəsə inanmayıb. Yox əgər sual vermirsə, demək, bu sənin qazancındır və sən onu inandıra bilmisən. Çox vaxt ayıq, gözüaçıq uşaqları nağıllara inandırmaq olmur. Hiss edir ki, burda nələrsə düz deyil. Müqayisə etməyə başlayır və bəzi məqamlar onu narahat edir. Uşağa elə dəqiq danışmalısan ki, onu inandırasan. Nağıllarsız dünya mümkün deyil. Hər uşaq nağıl eşitmək istəyir. Çünki uşağın nağıl eşitməyə ehtiyacı var. Valideynlər övladlarını yola vermək üçün onlara həvəssiz, başdangetdi nağıl danışmamalıdır, bunu sevgi və istəklə etməlidir. Əgər uşaq nəyəsə inanmırsa, başqa nağıla keçmək lazımdır. Təəssüf hissi ilə qeyd edim ki, bu gün valideynlərimiz cəmi 3-4 nağıl bilir - "Göyçək Fatma”, "Cırtdan” və "Məngülüm, Şəngülüm, Şüngülüm”. Nağıl uşağı yatızdırmaq, beynini sakitləşdirmək üçündür. Uşaq yatdığı yerdə fikirləşməməlidir ki, görəsən bu keçilər canavarın qarnında necə sağ qalıb? Bu tip düşündürücü nağıllarla uşağı dərin mövzunun içərisinə də salmaq olmaz”.

S.Haqverdiyeva qeyd etdi ki, "Oyuq” teatr studiyasında sonu xoşbəxt sonluqla bitən tamaşalar hazırlanır: "Hər hansı bir nağılın sonunda qəhrəman ölürsə, bu, uşağa mənfi təsir göstərir. Misal üçün, "Qoğal” nağılının sonunda qoğalı yeyirlər. Bu, uşaq üçün dram və faciədir. Biz "Oyuq” teatr studiyasının səhnəsində uşaqlarla "Qırmızı papaq” nağılını nümayiş etdirdik, orada canavar Qırmızıpapağı yemədi, biz zamanı geri çəkdik”.

Müsahibim deyir ki, "Oyuq” teatr studiyasında hazırlanan tamaşaların bəzilərini özü yazır: "Studiyada çalışan uşaqları tanıdığım üçün onların xarakterinə uyğun obrazlar yazıram. Bəzən uşaqlar özləri mənə yaxınlaşıb, canlandırmaq istədikləri obrazları deyirlər. Biz o uşaqlara öz rollarını seçmək imkanları veririk. Belə olduğu halda, o uşaqlar daha gözəl oynayırlar”.
"Uşaqların fantaziyasının inkişafı üçün belə nağıllar lazımdır”
Uşaq ədəbiyyatı yazarı Elvira Məmmədova deyir ki, hər dövr üçün yeni nağıllar yaranmalıdır. Ancaq klassik nağıllara gəldikdə, bu, uşaqdan da asılıdır: "Müasir dövrdə inkişaf etmiş tibbin sayəsində ən balaca uşaq da bilir ki, insanın, hətta heyvanın da qarnından qeysəriyyənin köməyi ilə canlı çıxır. Canavarın qarnından Qırmızıpapağı çıxarmaq bəlkə də indiki uşaqlar üçün uydurma yalan kimi görünmür. Bu, həyati bir faktdır. Uşaqlar hər şeyə tez inanırlar, onların qavrama, dünyagörüşləri məsələsi var. Uşaqlar daha tez inkişaf edir və müəyyən yaşa qədər bu nağıllara inanırlar. Amma bu günün uşağı hər şeylə maraqlanır və bunun üçün də davamlı olaraq suallar verir. Bu suallar əvvəlki nəslin uşaqlarının verdiyi suallardan çox fərqlənir. Alimlər araşdırmalar edib, belə bir qənaətə gəliblər ki, klassik nağılların alt mənaları varmış. Bizim əzbər bildiyimiz Puşkinin "Qızıl balıq” nağılındakı qarı hiyləgər, tamahkar, naşükür bir insan kimi tanınırdısa, amma əslində müəllif nağılın alt qatında başqa bir mesaj ötürməyə çalışıb. Qoca kişi yaşlı, gözəl olmayan, pis xasiyyətli qadının nazını çəkirsə, bu, insanın insana sevgisini tərənnüm edir. Burada tamamilə başqa alt mənalar gizlənir. Klassik nağıllarımızın çoxunda belə alt mənalar var. Sadəcə olaraq, biz o alt qatdakı mənaları uşaqlara izah edə bilmirik. Hər dövrün uşaqlarına uyğun nağıllar yazılmalıdır. Onların dünyagörüşü ilə ayaqlaşmağı bacarmalıyıq”.

Ekspert oxuduğumuz nağılları hər yaş dövründə fərqli şəkildə qəbul etdiyimizi deyir. Bildirir ki, uşaq yaşlarında o nağılları oxuyanda tamam fərqli anlayıb: "Bir neçə ildən sonra o nağılı oxuyanda başqa cür dərk edir, anlayırsan. Elə cizgi filmləri var ki, onlar başdan-ayağa fantaziya ilə doludur. Uşaqlar bunlara inanırsa, niyə də klassik nağıllarımıza inanmasınlar? Klassik nağılların çoxunda baş verənlərə inanan uşaqlar kifayət qədərdir. Uşaqlarla işlədikcə görürəm ki, onların gözəl fantaziya və ideyaları olur. Nağıllarda bu fantaziya o qədər çox olur ki, uşaqların fantaziyasının inkişafı üçün belə nağıllar lazımdır. Bəzən deyirlər ki, 5 yaşa qədər olan uşağın beyninin fantaziyası və onun verə biləcəyi məhsul 6 alimin beyninə bərabər olur. Yəni deməyim odur ki, uşaqlarda bu fantaziyanı inkişaf etdirmək lazımdır. Çünki bu, uşaqlarda yaradıcılığa və kreativliyə yol açır. Onlar bizə yeni ideya verir, yeni düşüncə tərzi yaradırlar. Nağıllar isə bu ideyaların yaranmasına əsas yardımçı olan vasitədir”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər