“Uşaqlarımız ana dilində danışmır...” - Fotolar
Ölkəmizdən
kənarda yaşayan azərbaycanlıların övladlarına ana dilimizi sevdirməsi dilimizin
qorunması istiqamətində atılan addımlardan biri ola bilər. Hərçənd, bütün
həmvətənlərimiz bu işə ciddi yanaşmasa da, dilimizin qorunması istiqamətində
çalışanlar da az deyil. Bu hər şeydən əvvəl böyüyən uşaqda öz doğma dilini
sevməyə və bu dildə danışmağa məhəbbət yaradır. Tez-tez dəyişən və inkişaf edən
müasir texnologiyaların insanları öz təsiri altına saldığı qloballaşan
dünyamızda uşaqların ana dilini unutmamasına çalışmağa ehtiyac var.Kanadanın
Toronto şəhərində fəaliyyət göstərən ana dili sinfinin də missiyası məhz budur
– uzaq ölkədə yaşayan həmvətənlərimizin balalarına dilimizi öyrətmək və
sevdirmək. Və nə yaxşı ki, bu işi pedaqoji fəaliyyətdən başqa, vətəndaşlıq
borcu hesab edən müəllimlər var - Yeganə Cəfərova kimi.
- Kanadada Azərbaycan dili məktəbinin yaranma
zərurətini necə izah edərdiniz?
-
Uzaq şimal ölkəsi olan Kanada çoxmillətli bir dövlətdir. Əhalinin ən sıx
yaşadığı bölgə olan Ontario əyaləti və bu əyalətin paytaxtı Toronto şəhəri
Kanadanın ən boyük şəhəridir. Toronto həm də sənaye şəhəri olduğu üçün burada
əhali daha çox cəmlənib. Bu baxımdan azərbaycanlıların da sayı başqa şəhərlərə
nisbətən Torontoda daha çoxdur. Hələ 2005-ci ildə Azərbaycan – Kanada (AZCAN)
Komitəsi yaradıldı. Bu cəmiyyət Kanadanın paytaxtı Ottava da daxil olmaqla,
Ontarionun ətraf şəhər və qəsəbələrində yaşayan həmvətənlərimizi bir arada
birləşdirirdi. Azərbaycanda keçirilən bütün bayramlar və mərasimlər yüksək
şəkildə təşkil olunurdu. Hətta Azərbaycandan müğənnilər də dəvət olunur,
konsertlər təşkil olunurdu. Zaman keçdikcə, Komitə uşaqlardan və böyüklərdən
ibarət rəqs dərnəkləri və ansambl yaratdı. Dil dərslərini də təşkil etmək
zərurəti yaranmağa başladı. Çünki istər Azərbaycanda və istərsə də Kanadada
doğulan uşaqlar ana dillərini unutmaq üzrə idilər. Komitənin rəhbərləri bu
məsələ ilə bağlı ciddi məşğul oldular. Məktəbə yaşı düşən azərbaycanlı
uşaqların siyahısını tutub Toronto şəhər təhsil şöbəsinin xarici dillər
departamentinə təqdim etdilər. Dediyim kimi, Kanada çoxmillətli ölkədir və
ingilis və fransız dillərindən başqa 56 dildə dil sinifləri mövcuddur.
Beləliklə, Azərbaycan dili sinfi 2006-cı ilin sentyabrında 34 şagirdlə
fəaliyyətə başladı. Artıq 11 ildir ki, vətəndən uzaqlarda başqa ölkələrin
dilləri ilə yanaşı, Azərbaycan dili də tədris olunur.
- Hazırda neçə azərbaycanlı uşaq məktəbdə təhsil
alır?
-
Hər il sentyabrın 2-ci və ya 3-cü həftəsi dil siniflərinə əvvəlki illərdə
oxuyan və yeni gələn şagirdlərin qeydiyyatı keçirilir. Hal-hazırda Azərbaycan
dili sinfində oxumaq üçün 20 şagird qeydiyyatdan keçib. Amma hər il tədris
ilinin sonunadək qeydiyyat davam edir və dərslərə qatılan uşaqların sayı artır.
Bu il də belə bir artımın olacağı gözlənilir.
- Bölgədə yaşayan
azərbaycanlı valideynlərin hamısı övladlarının ana dilini öyrənməsinə maraq
göstərirmi?
-
Şagirdlərimizin sayını 200-300 və daha da artırmaq olar. Bir məktəbdə deyil,
şəhərin müxtəlif məktəblərində siniflər açmaq olar və hətta ən böyük arzum olan
özəl Azərbaycan dili məktəbinin fəaliyyətinə başlamaq mümkündür. Amma dərin
təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bir çoxları bu istiqamətdə çox
passivdirlər. Hər dəfə müxtəlif bəhanələrlə və etinasız yanaşmalarla
rastlaşıram. Bəzən insanlar "ingilisdilli bir ölkədə yaşayıram, Azərbaycan dili
nəyimə lazımdır?” - deyə düşünürlər. Lakin mühüm bir faktı qeyd edim ki,
Kanadada psixoloqlar valideynlərə "uşaqlarınıza ilk növbədə öz ana dilinizi
mükəmməl öyrədin və sonra ingilis və ya fransız dilini öyrədin. O zaman uşaq bu
dilləri mükəmməl mənimsəyər” - deyə tövsiyə edirlər.
- Şagirdlər arasında başqa xalqların nümayəndəsi varmı?
-
İndiyədək ana dilində təhsil alan şagirdlərin bir çoxunun valideynlərindən biri
– ata, yaxud da ana başqa millətin nümayəndəsidir. Bu sırada Fransa, Rusiya,
Əfqanıstan, Ukrayna, Qırğızıstan, Türkiyə, Dağıstan və s. ölkə və bölgələrin
adlarını çəkmək olar. Cənubi Azərbaycandan olan soydaşlarımızın uşaqları da
çoxluq təşkil edir. 7-8 il bundan əvvəl sinfimizdə türkiyəli uşaqlar da var idi.
Amma indi Toronto və ətraf bölgələri birləşdirən böyük Nile Akademiyası adlanan
məktəb açılıb. Dünyanın müxtəlif ölkələrindən və öz vətənimizdən də bu məktəbdə
təhsil alan şagirdlər var.
- Elə ailələr varmı, ümumiyyətlə
övladı ilə ana dilində danışmır, dilini yadırğayır?
-
Əlbəttə, belə ailələr çoxdur. Bunun da bir neçə səbəbi var. Kanada yüksək
inkişaf etmiş kapitalist ölkəsidir. Sutkada 3 növbəli iş rejimi olduğu üçün
valideynlər müxtəlif saatlarda işləyirlər, uşaqlar isə 13 yaşadək uşaq bağçalarına,
dərs zamanı isə məktəbə gedirlər. Elə uşaq bağçaları var ki, 24 saat işləyir.
Gecə saatlarında işləyən valideynlər uşaqlarını ancaq 1-2 saat evə gətirir,
sonra yenidən uşaq bağçasına aparırlar. Ona görə uşaqlar ana dilində
danışmadıqları üçün dilimizi unudurlar. Başqa bir amil isə valideynlərin özlərinin
ingilis dili öyrənmək istəyi ilə bağlıdır. Ona görə də onlar evdə uşaqları ilə
ana dilində yox, ingilis dilində danışırlar.
-
Necə etmək olar ki, xaricdə yaşayan azərbaycanlılar
öz dillərini qorusunlar?
-
Demək olar ki, Azərbaycanla bağlı bütün tədbirlərdə iştirak edirəm - istər
siyasi, istərsə də mədəni tədbir olsun. Çox az, hətta barmaqla sayılan
həmvətənlərimiz bu tədbirlərə qatılır. Dilimizi qorumaq hər bir azərbaycanlı adını
daşıyan şəxsin ümdə vəzifələrindən biridir. Öncə bunu özümüz etməliyik.
Kanadada hər bir xalq öz adət-ənənələrini və dilini qoruyub saxlayır. Kanada
dövləti bunun üçün böyük imkanlar yaradır.
- Doğma dilimizə maraq yaratmaq baxımından
Kanadanın başqa regionları ilə ana dili məktəbinizin əlaqəsi necədir?
-
Bu barədə əlaqələrimiz daha genişdir. Hər il dərs ilinin ilk günü müxtəlif
millətlərdən olan bütün şagirdlərə xarici dil siniflərinin şəhərin hansı
rayonunun hansı məktəbində keçiriləcəyi haqqında dil məktəblərinin siyahısı
olan jurnal verilir. Bütün valideynlər özləri arayıb dil dərsləri keçirilən məktəbləri
tapırlar. Bundan əlavə, ayrıca Facebook səhifəsi açmışam. Hər bir dərsi ayrıca
elan edir və həmvətənlərimiz tərəfindən açılmış müxtəlif Facebook qruplarında
da paylaşıram. Cənubi azərbaycanlı, çox fəal həmyerlimiz tərəfindən nəşr olunan
"Azərbaycan Star” qəzetinin ön səhifəsində mütəmadi olaraq elanlarımız dərc
olunur. 2016-cı ilin sentyabrından fəaliyyətə başlayan "Azərbaycan Star” TV
kanalı fəaliyyətinin ilk günlərindən məni studiyaya dəvət edib müsahibə alıb. ana
dilinin tədrisi ilə bağlı müsahibəm və elanlarımız indiyədək bu kanalda yayımlanır.
- Sizcə, ana dilimizin
qorunması istiqamətində daha hansı addımlar atmağa ehtiyac var?
-
Diasporumuzun fəal olması da dilimizin qorunmasına böyük kömək edər.
Həmvətənlərimizi bir araya toplamaq, tədbirlərin sayını artırmaq kimi işləri
kütləviləşdirmək ən ümdə məsələlərdən biri olmalıdır. Düşmənlərimiz böyük
komitələr, məktəblər açır, tədbirlər keçirir. Ən əsası, xaricdə diasporunu
möhkəmləndirir, ölkəsini dəstəkləyir və səsini dünyaya yayır. Bizim isə mükəmməl
bir komitəmiz belə yoxdur. Birliyimiz və birlikdə fəaliyyətimiz olmasa, dilimiz
unudulmaq təhlükəsi ilə qarşılaşacaq.
Söhbətləşdi
Təranə
Məhərrəmova