• çərşənbə axşamı, 16 aprel, 13:21
  • Baku Bakı 19°C

“Uşaqlarımız ana dilində danışmır...” - Fotolar

25.10.17 11:00 9157
“Uşaqlarımız ana dilində danışmır...” - Fotolar
Ölkəmizdən kənarda yaşayan azərbaycanlıların övladlarına ana dilimizi sevdirməsi dilimizin qorunması istiqamətində atılan addımlardan biri ola bilər. Hərçənd, bütün həmvətənlərimiz bu işə ciddi yanaşmasa da, dilimizin qorunması istiqamətində çalışanlar da az deyil. Bu hər şeydən əvvəl böyüyən uşaqda öz doğma dilini sevməyə və bu dildə danışmağa məhəbbət yaradır. Tez-tez dəyişən və inkişaf edən müasir texnologiyaların insanları öz təsiri altına saldığı qloballaşan dünyamızda uşaqların ana dilini unutmamasına çalışmağa ehtiyac var.Kanadanın Toronto şəhərində fəaliyyət göstərən ana dili sinfinin də missiyası məhz budur – uzaq ölkədə yaşayan həmvətənlərimizin balalarına dilimizi öyrətmək və sevdirmək. Və nə yaxşı ki, bu işi pedaqoji fəaliyyətdən başqa, vətəndaşlıq borcu hesab edən müəllimlər var - Yeganə Cəfərova kimi.
- Kanadada Azərbaycan dili məktəbinin yaranma zərurətini necə izah edərdiniz?
- Uzaq şimal ölkəsi olan Kanada çoxmillətli bir dövlətdir. Əhalinin ən sıx yaşadığı bölgə olan Ontario əyaləti və bu əyalətin paytaxtı Toronto şəhəri Kanadanın ən boyük şəhəridir. Toronto həm də sənaye şəhəri olduğu üçün burada əhali daha çox cəmlənib. Bu baxımdan azərbaycanlıların da sayı başqa şəhərlərə nisbətən Torontoda daha çoxdur. Hələ 2005-ci ildə Azərbaycan – Kanada (AZCAN) Komitəsi yaradıldı. Bu cəmiyyət Kanadanın paytaxtı Ottava da daxil olmaqla, Ontarionun ətraf şəhər və qəsəbələrində yaşayan həmvətənlərimizi bir arada birləşdirirdi. Azərbaycanda keçirilən bütün bayramlar və mərasimlər yüksək şəkildə təşkil olunurdu. Hətta Azərbaycandan müğənnilər də dəvət olunur, konsertlər təşkil olunurdu. Zaman keçdikcə, Komitə uşaqlardan və böyüklərdən ibarət rəqs dərnəkləri və ansambl yaratdı. Dil dərslərini də təşkil etmək zərurəti yaranmağa başladı. Çünki istər Azərbaycanda və istərsə də Kanadada doğulan uşaqlar ana dillərini unutmaq üzrə idilər. Komitənin rəhbərləri bu məsələ ilə bağlı ciddi məşğul oldular. Məktəbə yaşı düşən azərbaycanlı uşaqların siyahısını tutub Toronto şəhər təhsil şöbəsinin xarici dillər departamentinə təqdim etdilər. Dediyim kimi, Kanada çoxmillətli ölkədir və ingilis və fransız dillərindən başqa 56 dildə dil sinifləri mövcuddur. Beləliklə, Azərbaycan dili sinfi 2006-cı ilin sentyabrında 34 şagirdlə fəaliyyətə başladı. Artıq 11 ildir ki, vətəndən uzaqlarda başqa ölkələrin dilləri ilə yanaşı, Azərbaycan dili də tədris olunur.

- Hazırda neçə azərbaycanlı uşaq məktəbdə təhsil alır?
- Hər il sentyabrın 2-ci və ya 3-cü həftəsi dil siniflərinə əvvəlki illərdə oxuyan və yeni gələn şagirdlərin qeydiyyatı keçirilir. Hal-hazırda Azərbaycan dili sinfində oxumaq üçün 20 şagird qeydiyyatdan keçib. Amma hər il tədris ilinin sonunadək qeydiyyat davam edir və dərslərə qatılan uşaqların sayı artır. Bu il də belə bir artımın olacağı gözlənilir.

- Bölgədə yaşayan azərbaycanlı valideynlərin hamısı övladlarının ana dilini öyrənməsinə maraq göstərirmi?
- Şagirdlərimizin sayını 200-300 və daha da artırmaq olar. Bir məktəbdə deyil, şəhərin müxtəlif məktəblərində siniflər açmaq olar və hətta ən böyük arzum olan özəl Azərbaycan dili məktəbinin fəaliyyətinə başlamaq mümkündür. Amma dərin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bir çoxları bu istiqamətdə çox passivdirlər. Hər dəfə müxtəlif bəhanələrlə və etinasız yanaşmalarla rastlaşıram. Bəzən insanlar "ingilisdilli bir ölkədə yaşayıram, Azərbaycan dili nəyimə lazımdır?” - deyə düşünürlər. Lakin mühüm bir faktı qeyd edim ki, Kanadada psixoloqlar valideynlərə "uşaqlarınıza ilk növbədə öz ana dilinizi mükəmməl öyrədin və sonra ingilis və ya fransız dilini öyrədin. O zaman uşaq bu dilləri mükəmməl mənimsəyər” - deyə tövsiyə edirlər.

- Şagirdlər arasında başqa xalqların nümayəndəsi varmı?
- İndiyədək ana dilində təhsil alan şagirdlərin bir çoxunun valideynlərindən biri – ata, yaxud da ana başqa millətin nümayəndəsidir. Bu sırada Fransa, Rusiya, Əfqanıstan, Ukrayna, Qırğızıstan, Türkiyə, Dağıstan və s. ölkə və bölgələrin adlarını çəkmək olar. Cənubi Azərbaycandan olan soydaşlarımızın uşaqları da çoxluq təşkil edir. 7-8 il bundan əvvəl sinfimizdə türkiyəli uşaqlar da var idi. Amma indi Toronto və ətraf bölgələri birləşdirən böyük Nile Akademiyası adlanan məktəb açılıb. Dünyanın müxtəlif ölkələrindən və öz vətənimizdən də bu məktəbdə təhsil alan şagirdlər var.

- Elə ailələr varmı, ümumiyyətlə övladı ilə ana dilində danışmır, dilini yadırğayır?
- Əlbəttə, belə ailələr çoxdur. Bunun da bir neçə səbəbi var. Kanada yüksək inkişaf etmiş kapitalist ölkəsidir. Sutkada 3 növbəli iş rejimi olduğu üçün valideynlər müxtəlif saatlarda işləyirlər, uşaqlar isə 13 yaşadək uşaq bağçalarına, dərs zamanı isə məktəbə gedirlər. Elə uşaq bağçaları var ki, 24 saat işləyir. Gecə saatlarında işləyən valideynlər uşaqlarını ancaq 1-2 saat evə gətirir, sonra yenidən uşaq bağçasına aparırlar. Ona görə uşaqlar ana dilində danışmadıqları üçün dilimizi unudurlar. Başqa bir amil isə valideynlərin özlərinin ingilis dili öyrənmək istəyi ilə bağlıdır. Ona görə də onlar evdə uşaqları ilə ana dilində yox, ingilis dilində danışırlar.

- Necə etmək olar ki, xaricdə yaşayan azərbaycanlılar öz dillərini qorusunlar?
- Demək olar ki, Azərbaycanla bağlı bütün tədbirlərdə iştirak edirəm - istər siyasi, istərsə də mədəni tədbir olsun. Çox az, hətta barmaqla sayılan həmvətənlərimiz bu tədbirlərə qatılır. Dilimizi qorumaq hər bir azərbaycanlı adını daşıyan şəxsin ümdə vəzifələrindən biridir. Öncə bunu özümüz etməliyik. Kanadada hər bir xalq öz adət-ənənələrini və dilini qoruyub saxlayır. Kanada dövləti bunun üçün böyük imkanlar yaradır.

- Doğma dilimizə maraq yaratmaq baxımından Kanadanın başqa regionları ilə ana dili məktəbinizin əlaqəsi necədir?
- Bu barədə əlaqələrimiz daha genişdir. Hər il dərs ilinin ilk günü müxtəlif millətlərdən olan bütün şagirdlərə xarici dil siniflərinin şəhərin hansı rayonunun hansı məktəbində keçiriləcəyi haqqında dil məktəblərinin siyahısı olan jurnal verilir. Bütün valideynlər özləri arayıb dil dərsləri keçirilən məktəbləri tapırlar. Bundan əlavə, ayrıca Facebook səhifəsi açmışam. Hər bir dərsi ayrıca elan edir və həmvətənlərimiz tərəfindən açılmış müxtəlif Facebook qruplarında da paylaşıram. Cənubi azərbaycanlı, çox fəal həmyerlimiz tərəfindən nəşr olunan "Azərbaycan Star” qəzetinin ön səhifəsində mütəmadi olaraq elanlarımız dərc olunur. 2016-cı ilin sentyabrından fəaliyyətə başlayan "Azərbaycan Star” TV kanalı fəaliyyətinin ilk günlərindən məni studiyaya dəvət edib müsahibə alıb. ana dilinin tədrisi ilə bağlı müsahibəm və elanlarımız indiyədək bu kanalda yayımlanır.

- Sizcə, ana dilimizin qorunması istiqamətində daha hansı addımlar atmağa ehtiyac var?
- Diasporumuzun fəal olması da dilimizin qorunmasına böyük kömək edər. Həmvətənlərimizi bir araya toplamaq, tədbirlərin sayını artırmaq kimi işləri kütləviləşdirmək ən ümdə məsələlərdən biri olmalıdır. Düşmənlərimiz böyük komitələr, məktəblər açır, tədbirlər keçirir. Ən əsası, xaricdə diasporunu möhkəmləndirir, ölkəsini dəstəkləyir və səsini dünyaya yayır. Bizim isə mükəmməl bir komitəmiz belə yoxdur. Birliyimiz və birlikdə fəaliyyətimiz olmasa, dilimiz unudulmaq təhlükəsi ilə qarşılaşacaq.
Söhbətləşdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər