• şənbə, 20 Aprel, 09:09
  • Baku Bakı 14°C

Uşaqları ovsunlayan, böyükləri “uşaqlaşdıran” Yeni il tamaşaları - Fotolar

08.01.20 09:00 2053
Uşaqları ovsunlayan, böyükləri “uşaqlaşdıran” Yeni il tamaşaları - Fotolar
Bayram günlərində mədəniyyət ocaqlarımız, xüsusən də teatrlarımız bir-birindən maraqlı proqramlar hazırlamışdılar

2020-nin ilk həftəsini geridə qoyduq. Bayram günlərində mədəniyyət ocaqlarımızın, xüsusən də teatrlarımızın uşaqlar üçün təşkil etdikləri əyləncə dünyasında, uşaq tamaşalarında biz də iştirak etdik. Uşaqkən Yeni il ərəfəsində valideynlərimizin bizi teatra aparmasını böyük bayram hesab edirdik. Səhnədə bir kukla görəndə, sevincimizin həddi-hüdudu olmazdı. Uzun müddət baxdığımız tamaşanın təsiri ilə yaşayardıq. O zaman hər teatrda indiki kimi Şaxta babalar, Qar qızlar, yolkalar olmaz, bayram tamaşaları hazırlanmazdı. Yalnız Heydər Əliyev Sarayında və Bakı Dövlət Sirkində Şaxta babalarla şəkil çəkdirmək imkanımız olurdu. Şəkilləri də fotoqraf çəkirdi və bir neçə saatdan sonra gəlib pulunu ödəyib, şəklini ala bilirdin.

İndi isə dövr də başqadır, uşaqların istəkləri də. Artıq nəinki Heydər Əliyev Sarayı və Bakı Dövlət Sirki, eyni zamanda teatrlarımız da Yeni ilə xüsusi hazırlaşırlar. Belə ki, uşaqların sevimli qəhrəmanlarını bir araya toplayıb, uşaqların maraq dairəsinə uyğun əyləncəli tamaşalar hazırlayırlar. Adətən uşaqları nağıl dünyasına səyahətə apararaq əsil bayram ab-havası bəxş edən tamaşalardan öncə teatrların foyesində uşaqların Şaxta baba və Qar qızla görüşmək, onlarla bərabər əylənmək imkanı olur. Bəzən ən maraqlı hadisələr də burda yaşanır. Şaxta babaya məktub yazan kim, şeir deyən kim, ona arzularını çatdıran kim...

Bayram günlərində bir neçə teatrın qonağı olduq. Uşaqların timsalında biz də onların bu rəngli dünyasına səyahət etmiş olduq.

Dövlət Akademik Musiqili Teatrı uşaqları bayram əhval-ruhiyyəli "Şaxta baba, Bremen musiqiçiləri və Penin nağılı”​ tamaşası ilə qarşıladı. Maraqlı və macəra dolu Yeni il tamaşası 27 dekabrdan yanvarın 5-nə qədər hər gün dörd seansla nümayiş olundu. Tamaşada Yeni il bayramının rəmzləri olan Şaxta baba, Qar qız və balacaların sevimli nağıl qəhrəmanları onları duzlu-məzəli söhbətləri ilə​ əyləndirdi. Rəngarəng dekorasiyaları, işıq effektləri, şən musiqiləri və teatrın balet truppasının rəqsləri ilə zövq oxşayan tamaşanın quruluşçu rejissorları Anar Babalı və Zaur Əliyev idi. Tamaşanın quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena​ Ağayevlər,​ quruluşçu rəssamı Afaq Bayramova, rejissoru Elməddin Dadaşov idi.​

Zaur Əliyev deyir ki, Yeni il tamaşası hazırlayarkən daha çox hadisələrin uşaqların yaşadığı dövrlə səsləşməsinə önəm verir: "Tamaşa hazırlayarkən uşaqlara indiki dövrdə hansı qəhrəmanların maraqlı olduğunu nəzərə alıram. Bu işdə 60 faiz uşaqların marağı vacibdirsə, 40 faiz də valideynlərin marağına önəm verirəm. Çünki uşaqları teatra valideyn gətirir və teatra gəlmə mərhələsinə qədər tamaşanın adı, afişası ilk növbədə valideynin diqqətini çəkməlidir. Əvvəllər uşaqlar rəngli tamaşalara daha çox önəm verirdi. İndi uşaqların marağı başqadır. Hazırladığım "Şaxta baba, Bremen musiqiçiləri və Penin nağılı”​ tamaşası qarışıq nağıllardan ibarət bir bayram tamaşası idi. Piter Pen indiki dövr uşaqların tanıdığı, Bremen musiqiçiləri isə onların valideynlərinin dövrünün qəhrəmanlarıdır. Hər iki dövrün nağıl qəhrəmanlarını bir-biri ilə əlaqələndirib, bir tamaşa hazırladım ki, həm valideynlərə, həm də uşaqlara maraqlı olsun. Elə də oldu, tamaşa böyük maraqla qarşılandı. Artıq tamaşanın seansları bitsə də, uşaqlar hələ də o tamaşanın təsiri altındadır. Tamaşadan sonra uşaqlar nağıl qəhrəmanları ilə görüşdülər. Onlar aktyorları qəhrəman kimi görürdülər və qəhrəmanlara olan reaksiyaları möhtəşəm idi”.

Rejissor deyir ki, uşaq vaxtı Yeni il bayramında valideynləri onu Bakı Dövlət Sirkinə və Heydər Əliyev Sarayında keçirilən bayram şənliklərinə aparardı: "4-cü sinfə qədər Şaxta babanın və Santa Klausun həqiqətən ayrı-ayrı ölkələrdən gəldiyini düşünürdüm. Bu yaxınlarda bilmişəm ki, Şaxta babanın içindəki aktyor imiş. Əvvəl elə bilirdim ki, indiki uşaqlar Şaxta babanı yalançı hesab edir. Müasir texnologiyaların onların gözünü açdığını düşünürdük. Ancaq elə olmadığının şahidi olduq. Belə ki, tamaşa boyu uşaqlarla sual-cavab etdikdə görürdük ki, uşaqlar sehrli sözlərin olmasına və Şaxta babanın sehrli çubuğuna inanırlar. Onlar hər nə qədər telefonlarla, planşetlərlə oynasalar da, içlərindəki saflıq qalır”.

Z.Əliyev deyir ki, hazırladığı tamaşa müasir standartlara cavab verdiyi üçün uşaqların diqqətini cəlb edə bilib: "Bizim tamaşanın əvvəlində Pəri uşaqları nağıllar aləminə aparır və o, uşaqlarla birlikdə meşəyə doğru irəliləyir. Biz o anı 3D effekti ilə canlandırmışıq. Daha sonra meşə fırlanıb, göl olur, burada kapitanın gəmisi görünür və bütün bunlar effektlərlə təsvir olunur”.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu il ən maraqlı bayram tamaşası ilə yadda qaldı. Qış tətili günlərində teatrın səhnəsində 4 seans (saat 12:00, 14:00, 16:00, 18:00) olmaqla "Qrinç” tamaşası nümayiş olundu. Teatrın yaradıcı kollektivinin iştirak etdiyi tamaşa vasitəsilə uşaqlar əyləncəli dünyaya qonaq oldular. Tamaşanın rejissoru Elşad Rəhimzadənin quruluşunda hazırlanan tamaşada fərqli dizayn və maraqlı nağıl dünyası uşaqlara əsil Yeni il ab-havası bəxş etdi. Rejissor bizimlə söhbətində qeyd etdi ki, bu mövzuya 2016-cı ildə müraciət etsə də, 2019-cu ilin son günlərində bu tamaşaya yenə müraciət etməli olub. Çünki tamaşada gedən proses bu gün uşaqların maraq dairəsinə daha çox uyğundur: "Tamaşa uşaqlar və valideynlər tərəfindən böyük marağa səbəb oldu. Qrinç qışı oğurlayan biri kimi uşaqların maraq dairəsindədir. Bu obrazın bu qədər sevilməyində bəlkə də onun haqqında çəkilən filmin də böyük rolu var. Tamaşada hadisələr müasir texnologiyalarla, sovet dönəmindən qalma bəsit formalarla deyil, sərt və konkret şəkildə nümayiş olunur. Uşaqlar seçim qarşısında qoyulur. Onlar düşünməyə vadar olurlar ki, nə pisdir, niyə pisdir, nə yaxşıdır, niyə yaxşıdır və necə oldu ki, belə oldu. Artıq uydurma yalan, mifologiya, yalançı təsvir gündəmdə deyil. Bu günün uşaqları planşetlərdən, müasir avadanlıqlardan istifadə edirlər, onları aldatmaq çox çətindir. Onlar dəmir insanların, betmenlərin həqiqət olduğunu görür, onları özlərinə daha yaxınlaşdırırlar. Sadəcə olaraq, bu hekayə bir az yumşaq bir dramaturgiya olduğu üçün uşaqların daha çox marağına səbəb oldu”.

Gənc Tamaşaçılar Teatrı bayram günlərində nəinki maraqlı tamaşa, həm də Şaxta baba və Qar qızı ilə də diqqət çəkdi. Belə ki, bizim teatrda olduğumuz gün teatrın istedadlı aktyoru, əməkdar artist İlham Əsədov Şaxta baba qismində uşaqlarla şəkil çəkdirir, onların dili ilə uşaqları danışdırırdı.

Yenicə təmir olunub tamaşaçıların ixtiyarına verilən Şuşa Dövlət Musiqili Dram Teatrıbu il azyaşlı tamaşaçılarını öz binasında salamladı. Əməkdar artist, teatrın direktor müavini Azad Məmmədov deyir ki, qış tətili günlərində məktəbliləri Yeni il şənliyi ilə sevindirmək üçün hazırladıqları bayram tamaşası böyük maraqla qarşılanıb: "Yeni il uşaqların ən çox sevdiyi bayramdır. Şuşa Teatrı olaraq biz də maraqlı bayram tamaşası ilə azyaşlı tamaşaçılarımızın görüşünə gəldik. Bayram günlərində Şuşa Teatrınınsəhnəsində Ağəddin Babayevin "Nağıllar aləmində” tamaşası göstərildi. Tamaşanın quruluşçu rejissoru əməkdar artist, teatrın baş rejissoruLoğman Kərimov,quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, rəqslərinquruluşçusu Təranə Əliyeva idi”.

A.Məmmədov qeyd edir ki, "Nağıllar aləmində” tamaşası, adından da göründüyü kimi, uşaqları nağıl dünyasına səyahətə apardı: "Biz bu tamaşada yuxuya gedən uşağın nağıllar aləminə səyahətini göstərdik. Nəinki uşaqlar, hətta valideynlər də "uşaqlaşdılar” və uşaqlarla bərabər əyləndilər. Teatrımız yeni təmirdən çıxdığı üçün indi burda tamaşa göstərmək üçün hər cür imkanlar yaradılıb. Əvvəllər bir tamaşa nümayiş etdirmək üçün bina götürür, tamaşaçıları ora cəlb etməyə çalışırdıq. İndi isə belə problemlərimiz yoxdur. Tamaşaçılar sevərək teatra gəlir, kassadan biletləri alırlar. Uşaqlar da burada doyunca əylənirlər. O ki qaldı yeni tamaşamıza, bu tamaşanı məhz Yeni ildə uşaqlar üçün hazırlamışıq. Bu tamaşa həm Yeni ildə oynanıldı, həm də bundan sonra da repertuarımızda olacaq”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər