“Uşaqları leylək gətirir” nağılı - Araşdırma
Uşağın hər şeyi başa düşəcəyi dillə izah etmək lazımdır
Yadımdadır, uşaq vaxtı ailəvi film
izləyərkən bəzi kadrlarda valideynlərim dərhal ya kanalı çevirirdilər, ya da
mənə "gözünü bağla” deyirdilər. Açığı, bu, mənə çox maraqlı gəlirdi. Düşünürdüm
ki, görəsən, həmin kadrlarda nə var ki, onu izləməyə qoymurlar? Bu dediklərim
təxminən 20 il əvvəl baş vermiş hadisələrdir.
20 ildə çox şey dəyişsə də,
uşaqların cinsəlliyə olan marağı və valideynlərin buna reaksiyası dəyişməyib.
Dəyişən tək nüans uşaqların bu cür kadrları televiziyada deyil, internetdə
izləməsidir. Belə ki, bu yaxınlarda bir rəfiqəm 7 yaşlı oğlunun planşetdə 18+
kadrları izlədiyini görüb. Həmin an nə reaksiya verəcəyini bilməyən ana dərhal
planşeti uşağın əlindən alaraq, bu cür kadrlara baxmağı qadağan edib.
Məlum məsələdir ki, bu situasiya
ilə sadəcə rəfiqəm yox, bütün valideynlər rastlaşır. Açığı, o, mənə bu barədə
deyəndə maraqlı gəldi ki, bu cür hallarda uşaqla necə davranmalı, onun
suallarına necə cavab verilməlidir?
O
sual bir gün soruşulacaq
Türkiyəli
psixoloq Serap Duyğulu mövzu ilə bağlı məqaləsində
uşaqların valideynlərinə ən çox ünvanladıqları suallardan danışıb. O qeyd edir
ki, uşaqlar verdikləri suallara dərhal cavab almaq istəyərlər və bu sualları
valideynlərin gözləmədikləri anda verərlər: "Mən necə oldu doğuldum?” "Uşaq
ananın qarnında necə yaşayır, oradan necə çıxır” kimi suallar ən çox verilənlər
arasındadır. Təəssüf ki, valideynlərin əksəriyyəti bu suallara cavab verməkdə
çətinlik çəkirlər, çünki hazırlıqlı deyillər. Əslində, bu suallar qəribə
qarşılanmamalıdır. Müasir dövrdə bütün sahələrdə baş verən irəliləyiş uşaqların
da inkişafında müşahidə edilir. Bu kimi nüansları nəzərə alaraq deyə bilərik
ki, uşaq böyütmək həqiqətən də çətin işdir. Valideynlik dünyanın ən
məsuliyyətli, ən çətin peşəsidir. Ona görə uşaqların hərtərəfli məlumatlı
yetişməsində valideynlərin rolu böyükdür. Amma nədənsə, onların böyük
əksəriyyəti uşaqlarının bu mövzuda sual verməyindən qorxur. Çünki nə cavab
verəcəklərini bilmirlər. Hər bir valideyn nə vaxtsa o sualın veriləcəyini
nəzərə alaraq, bu mövzuda özünü inkişaf etdirməli, müəyyən məlumatları
toplamalıdır. Çünki hansısa cavab uşağın gələcəkdəki cinsəl həyatının
inkişafına təsir edə bilər”.
Uşaqları
leylək gətirir yalanı
Psixoloq bildirib ki, valideynlər
uşaqları ilə bu mövzuda danışmaqdan qorxmamalıdırlar: "Məsələyə normal yanaşıb,
onların başa düşəcəyi sadə dildə izah verməlisiniz. Ümumiyyətlə, müəyyən dövr
ərzində uşağın pornoqrafik kadrlarla rastlaşmağını əngəlləmək lazımdır. Bunun
üçün televiziya izlədiyi saatları nəzarətdə saxlamalı və internet sisteminə
filtr tətbiq edilməlidir. Bəzən valideynlər uşaqların suallarına cavab vermək
əvəzinə uydurma hekayələr danışırlar. Məsələn, "uşaqları leylək gətirir” nağılına
balacalar artıq inanmırlar. Bu, əksinə uşaqda mənfi emosiya yaradır. Çünki o,
valideynin onu aldatdığını düşünür. Son olaraq valideynlərin etdiyi ən böyük
səhvlərdən biri də uşaqları ilə eyni yataqda yatmalarıdır. Uşaq müəyyən yaşa
çatdıqdan sonra mütləq şəkildə ayrı otaqda, özünə aid çarpayıda yatmalıdır”.
İlk
valideyndən öyrənmək
Psixoloq
Aytəkin Qurbanlı uşaqlara nələrəsə baxmağı qadağan
etməyin əksər valideynin atdığı yanlış addımlardan biri olduğunu deyir: "Uşağa
nəyisə qadağan etmək yox, onun başa düşəcəyi dildə izah etmək lazımdır. Bu
qaçılmaz faktdır ki, biz uşaqları uyğun bilmədiyimiz şeylərdən nə qədər uzaq
tutmağa çalışsaq da, onlar əvvəl-axır hansı yolla olursa olsun, həmin məlumatı
öyrənirlər. Ona görə də ən yaxşısı hər şeyi ilk valideynlərindən
öyrənmələridir. Bunun üçün də valideynlər bu mövzuda məlumatlı olmalı, hansı
yaşlarda uşaqların nələrə marağının yarandığını bilməlidirlər”.
Uşaq
bu tipli suallar vermirsə...
Mütəxəssis qeyd edir ki, bu
prosesin konkret yaşı yoxdur, normalda uşaqlar 3-4 yaşında bu mövzu ilə bağlı
suallar verməyə başlayırlar: "Əgər övladınız bu tipli suallar verməyə
başlayıbsa, demək ki, bu sahədə ona məlumat vermək, suallarını cavablandırmaq
lazımdır. Amma uşaq müəyyən yaş dövrünü keçibsə və sual vermirsə, bu zaman narahatlığa
ehtiyac var. Uşağın valideyninə sual verməməyinin 2 səbəbi var. Ya uşaq valideynini kifayət qədər
özünə yaxın hiss etmir, ya da bu tipli məlumatları başqa şəxslərdən,
televiziyadan, internetdən alır.Ona
görə valideynlər diqqətli olmalı, bu mövzu ilə bağlı ilk olaraq özləri
maariflənməlidirlər. Bunun üçün bir çox vasitələrdən istifadə edə bilərlər.
Məsələn, internetdən məlumat toplaya və ya psixoloqdan məsləhət ala bilərlər”.
Uşağın
başa düşəcəyi dillə izah vermək
Uşaq
Psixoloq Nərgiz Süleymanlı uşaqların 6-9 yaş arasında
cinsəlliklə bağlı marağının oyandığını və bu mövzuda müxtəlif suallar
verdiklərini deyir: "Bu yaş aralığında uşaqların orqanlarına, yaşca özündən
böyük uşaqlara və ümumi olaraq böyüklərə marağı oyanır. O, daha çox şey bilmək
istəyir. Buna görə də suallar verməyə başlayır. Yaş dövrünə görə bu suallar
dəyişir və konkret bir sual tipi yoxdur, deyək ki, konkret bu sualı verəcək.
Uşağın cinsəl maariflənməsi üçün ideal yaş 6-9 yaş dönəmi sayılır. Bu dövrdə
uşaqlar valideyninə sual ünvanlayırsa, valideyn "ayıbdır”, "yanlışdır” və yaxud gözlərini qaçıraraq kompleks
halında cavab verərsə, uşağın maraq duyğusu yanlış basdırılarsa, bu, gələcəkdə
daha böyük problemlə onun özünə qayıda bilər. Belə ki, valideynindən yetərli,
məntiqli cavab ala bilməyən uşaq özü araşdırır, ondan-bundan eşitdiyi
məlumatlara yönəlir və bu, yaxşı hal deyil. Çünki bununla o, yanlış bir yola
girmiş olur. Mövzu ilə bağlı uşağın məlumatlandırılmasında ən böyük rolu ana,
ata oynayır. Buna görə valideynlər bu barədə çoxlu araşdırma etməli, verilən
suallara uşağın başa düşəcəyi dillə necə izah edəcəklərini
müəyyənləşdirməlidirlər”.
Soruşa
bilər ki...
Psixoloq qeyd edir ki,
Azərbaycanda elə bir maarifləndirici material toplusu yoxdur ki, valideyn
bundan yararlana bilsin: "Biz, daha çox xarici ədəbiyyatlara yönəlirik və hər
valideyn də oxuyub öyrəndiklərini realda tətbiq edə bilmir. Burada praktika çox
önəmlidir. Mən indi uşaqların ən çox verdiyi suallar üzərindən məsələni izah
etməyə çalışacağam. Misal üçün, uşaq soruşa bilər ki, mən necə doğuldum? Necə
olur ki, uşaqlar ananın qarnında olur və yaxud anaların qarnı niyə şiş olur? Bu
salları uşaqlar daha kiçik yaşlarda verir. 2-3 yaşındakı uşağa bunu məntiqlə
izah etmək valideyn üçün bir az çətin olur. Amma böyük yaşlı uşağa deyə
bilirsən ki, orda bir uşaq var, anadan qidalanır, ananın qarnında yaşayır və
s.”
Həmsöhbətimiz məsləhət
görür ki, bu mövzularda oğlan uşaqları ilə ataları, qızlarla isə anaları
danışsa, daha yaxşı olar: "Çünki onların orqanları da, cinsəl üzvləri də
eynidir. Ananın qız uşağı ilə empatiya qurması və qızın 6-9 yaşında yaranan
cinsəlliklə bağlı marağı 9 yaşdan sonra az-az sönməyə başlayır. Amma
yeniyetməlik dövründə yenidən qabarır. Bu qabaran dövrə qədər ana-ata gərək
uşaqları ilə aralarına sədd qoymasınlar”.
18+
bir kadr ekrana gələrsə...
Psixoloq valideynlərin
etdiyi səhvlərdən də danışdı: "Bəzən görürük ki, valideynlər uşaqlarla birlikdə
oturub kino izləyirlər və ani olaraq 18+ bir kadr ekrana gəlir. Bu zaman
oradakı səhnəni görən uşaq maraqla soruşur ki, "onlar nə edirlər?” Suala cavab
verə bilməyən valideyn uşağı danlayır, gözlərini bağlatdırır.Əslində,
orada ən böyük yanlış uşaqla birlikdə o cür film izləyən valideynindir. Yəni o
filmi izləyən ana, ata uşağın bu sualı verəcəyini nəzərə almalıdır. Yaxşı olar
ki, uşaq o səhnələri görməmiş olsun. Amma görübsə və artıq valideynlərinə həmin
sualı ünvanlayıbsa, belə izah edə bilərlər ki, onlar bir-birilərini çox
sevirlər, onun üçün də qucaqlaşırlar. Bununla müəyyən qədər ona cavab vermiş
olurlar”.
N.Süleymanlı sözlərinə
görə, əgər ata, ana uşaqla arasına baryer qoyubsa, mütəxəssislə
məsləhətləşməlidirlər. Mütəxəssisin köməyi ilə aradakı problemi həll
etməlidirlər. Çünki bu bir faktdır ki, uşağın cinsəlliklə bağlı travması
gələcəkdə onun cinsi həyatına, uşaq sahibi olmasına mənfi təsir göstərir.
Onu da qeyd edək ki,
uşaqların cinsi maarifləndirilməsi cinsi istismarın qarşısını almaq üçün çox
vacibdir. Çünki onlar cinsi istismara məruz qaldıqda nə baş verdiyini
anlamırlar. Ona görə də susurlar. Valideynlərə məsləhət görülür ki, uşaqlarla
bu mövzuda necə söhbət edilməsi ilə bağlı məlumat əldə etsinlər, daha sonra
övladlarını maarifləndirsinlər.
Günel Azadə