bazar ertəsi, 30 yanvar, 07:53

Baku Bakı 6°C

Uşaqları 6 aydan bir həkim-stomatoloq müayinəsindən keçirmək lazımdır

icon 287 icon 22 noyabr 2022 | 18:30 Uşaqları 6 aydan bir həkim-stomatoloq müayinəsindən keçirmək lazımdır

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, stomatoloq İlqar Qacarov uşaqlarda diş fırçalama yaşı, erkən diş çürümələri, süd dişləri, diş xəstəlikləri ilə bağlı sualları cavablandırıb. Kaspi.az həmin müsahibəni təqdim edir.

- İlqar müəllim, uşaqlar diş fırçalamağa nə vaxt başlamalıdır?

- Uşaqların dişləri 6-7 aylığından təmizlənməyə başlanılmalıdır. Fırça ilə təmizləmək məsləhət görülmür. Uşaqlar üçün xüsusi rezin barmağa keçən vasitə və ya pambıqla su ilə təmizləmək lazımdır. 2-2.5 yaşından başlayaraq dişləri valideyn nəzarətində fırça ilə təmizləmək məsləhət görülür. 3 yaşından başlayaraq uşaqlara dişlərini özlərinin fırçalamağı öyrənməlidir. Onlara dişləri fırçalamağı sevdirmək üçün valideynlər də uşaqlarla birlikdə eyni vaxtda dişlərini yumalıdır.

- Erkən diş cürümələrinə (kariyes) nələr səbəb ola bilər?

- Uşaqlarda diş minası yumşaqdır. Buna görə dişlərdə çürümə daha tez olur. Çürüklərin simptomları - ağ və qəhvəyi ləkələr, diş ətində qızarıqlıq və şişkinlik, dişdə oyuqlardır.

Diş çürümələrinə səbəb bakteriya, karbohidrat tərkibli yeməklərdən istifadədə ortaya çıxır. Bu tip yeməklərə süd, konfet, şirniyyatlar, meyvə suları, çörək aiddir. Normalda ağızda yaşayan bakteriyalar karbohidratları parçalayıb turşu halına gətirir. Bununla da ağızda turşu, bakteriya və tüpürcək birləşərək diş ərpləri əmələ gətirir. Bu da gələcəkdə dişlərin çürüməsinə gətirib çıxarır. Dişlər yaxşı yuyulmadıqda və diş iplərindən istifadə edilmədikdə çürüməyə səbəb olur.

Bundan başqa, qida qəbulu pozuntuları, bulemiya (nevrozla bağlı iştahanın artması), anoreksiya (nevroza bağlı iştahanın azalması) da dişlərin erkən çürüməsinə şərait yaradır. Bunun qarşısını almaq üçün uşaqların dişləri çıxan kimi gündə 2 dəfə dişləri, diş ətlərini və dilin üzərini təmizləmək lazımdır.

- Uşaqlarda ən çox hansı diş xəstəlikləri yayılıb?

- Uşaqlarda ən çox yayılan xəstəlik diş-çənə anomaliyalarıdır (ortodontik xəstəliklər). Xəstəliyin səbəbləri müxtəlifdir - genetik səbəb (valideynlərdən irsən keçir), uşaq ana bətnində olarkən hamiləliyin riskli keçməsi, süd dişlərinin vaxtından əvvəl çəkilməsi, zərərli vərdişlər, düzgün qidalanmama.

Bundan başqa, uşaqlar arasında kariyes xəstəliyi də geniş yayılıb. Kariyesləri mütləq vaxtında müalicə etmək lazımdır. Əgər uşaqlarda kariyes müalicə olunmazsa, gələcəkdə ürək-damar xəstəliklərinə gətirib çixara bilər.

- Süd dişlərinin vaxtından əvvəl çəkilməsi və tökülməsi gələcəkdə hansı fəsadlara səbəb ola bilər?

- Uşaqlarda süd dişlərində kariyes yarandıqda mütləq müalicə olunmalıdır. Kariyes yarandıqda və müalicə olunmadıqda nəticədə iltihab yaranır ki, bu da dişlərin vaxtından əvvəl çəkilməsinə səbəb olur. Dişlərin vaxtından əvvəl tökülməsinin başqa səbəbi isə diş travmaları, əmzikdən çox istifadə, ana südü ilə qidalanmama, barmaq əmmə və digərləri aiddir.

Süd dişləri daimi dişlər çıxana qədər onlar üçün yer hazırlayır. Süd dişlərində yaranan problemlər uşaqların inkişafına və böyüməsinə təsir göstərir. Əsasən qabaq dişlər vaxtından əvvəl çəkildikdə nitq pozulur və estetik cəhətdən də yaxşı görünmür, bu da uşaqlarda ciddi psixoloji problemlərin yaranmasına səbəb olur. Əgər diş vaxtından əvvəl çəkilərsə, digər dişlər sürüşərək çəkilən dişin yerinə oturur.

- Azyaşlı uşaqlarda hansı vərdişlər sağlam daimi dişlərin çıxmasına mane ola bilər?

- Uşaqlar dişlərinə, ağız içində yumşaq toxumalarına qalıcı və ya keçici olaraq zədələr verirlər. Bunlar da pis vərdişlərdir. Pis vərdişlərə barmaq, dodaq və dil əmmə, dili ilə diş arasındakı boşluğu doldurması, əmzik, dişləri bir-birinə qıcama, dırnaq yemə və digərləri aiddir.

Bundan əlavə pis vərdişlər dişlərdə aşınma, çatlama, diş köklərinin əriməsi, diş ətlərində çəkilmələr, üst çənədə dişlərin bir-birindən aralanması, üst çənə dişlərin dodaqlara tərəf əyilməsi, dişlərin damaqda qalmasına da (ağız boşluğuna çıxmaması) səbəb olur.

- Valideynlərə uşaqların ağız və diş sağlamlığı ilə bağlı məsləhətiniz nə olardı?

- Burada valideynlərin üzərinə böyük məsuliyyət düşür. Uşaqlara gündə 2 dəfə dişləri fırçalamağı öyrətmək, konfet və şokoladdan istifadəni azaltmağın səbəbini izah etmək vacibdir. Gecə uşaqlar süd içdikdən sonra ağız mütləq yaxalanmalıdır, çünki süd gecədən səhərə qədər ağızda qaldıqda dişlərin tez çürüməsinə səbəb olur. Axşam yemək saatlarını tezləşdirmək və yeməkdən sonra dişlər mütləq fırçalanmalıdır.

Bundan başqa, uşaqları 6 aydan bir həkim-stomatoloq müayinəsindən keçirmək lazımdır.