• çərşənbə axşamı, 19 mart, 15:11
  • Baku Bakı 8°C

“Uşaqlardan öyrənəcəyimiz çox şey var” - Mənim balam

01.06.19 11:00 3527
“Uşaqlardan öyrənəcəyimiz çox şey var” - Mənim balam
Onların fərqli bir dünyası var. Namiq Ağayev Türkiyədə və Azərbaycanda kifayət qədər nüfuza sahib bir rejissordur, həyat yoldaşı Vüsalə Ağayeva isə aktrisa və teatrşünasdır. Təməli incəsənətlə yoğrulan ailənin 7 yaşlı qızları Ayla isə fərqli dünyagörüşə sahibdir.

V.Ağayeva deyir ki, qızlarını sevgi ilə böyüdürlər. Aylanın yaşının az olmasına baxmayaraq, kuklaları ilə səhnəciklər göstərir, nənəsindən dinlədiyi nağılların sonunu dəyişərək danışır. Vüsalə Ağayeva "Mənim balam” rubrikamızın qonağı oldu və övladının tərbiyə metodikasından danışdı.

- Övladınızı yetişdirərkən ən çox hansı üsuldan yararlanırsınız? Sizin özünüzə məxsus tərbiyə metodunuz varmı?
- Bacardığım qədər Aylanın özü ilə məsləhətləşirəm. Əlbəttə ki, bu metod çox çətindir. Hərdən adamın səbri tükənir. Ancaq istənilən məqamda Ayla ilə məsləhətləşir, onun fikirlərini öyrənməyə çalışıram. Etdiyi hərəkəti izah edirəm və özündən soruşuram ki, "sən mənim yerimdə olsaydın, necə hərəkət edərdin?” Aylaya onu necə görmək istədiyimi, cəmiyyətdə örnək yetişdirmək kimi bir missiyamın olduğunu deyirəm. Bu işdə mənim ən böyük dəstəkçim Aylanın özüdür.


- 7 yaşlı uşağı necə tərbiyə etmək lazım olduğunu özündən soruşduqda, o zaman özünə sərf edən üsulları demirmi?
- Ortada bir məsələ varsa, hər ikimiz fikirlərimizi deyirik və ortaq nəticəyə gəlirik. Aylaya daha çox anam baxır. Uşağa nəyisə məcburi şəkildə etdirmək istəmirəm. Ona "olmaz”ları deyirəm, ancaq bununla kifayətlənmirəm. Nə üçün olmaz, əgər olarsa ona ziyanlı olan tərəflərini izah etməyə çalışıram. O özü səbəblərini anlayandan sonra bilir ki, bu vərdişlər ona xeyir gətirməyəcək.

- Namiq Ağayevin tərbiyə metodikası ilə razılaşırsınızmı?
- O, yaradıcı insandır və hadisələrə bir qədər fərqli yanaşması var. Ona görə Aylanın tərbiyəsini üzərimə götürmüşəm. Namiqin bu səlahiyyətlərini, demək olar ki, əlindən almışıq. O, Ayla ilə dostdur.

- Bəs Namiq Ağayev necə bir atadır?
- Namiq Aylanı çox sevir. Onunla zaman keçirməkdən böyük zövq alır. Onları kənardan izlədikdə, sanki iki uşağın oynamağına baxırsan. Ancaq Aylanın tərbiyəsi ilə bağlı bütün qərarları mən verirəm. Çünki onunla davamlı olaraq mən məşğul oluram. Bütün səlahiyyətləri tam atasının ixtiyarına buraxa bilmərəm. Ümumiyyətlə, ortaq məxrəcə gəlməyə çalışırıq.

- İncəsənət ailəsində doğulan uşaq hansı ab-havada böyüyür?
- Bütün uşaqlar dünyaya gözəl, saf, məsum gəlirlər. Hər uşaq bir şəxsiyyətdir. Onlar doğulduğu gündən etibarən xarakterləri formalaşır. Sadəcə olaraq, biz valideynlərə diqqətli olub onları yönləndirmək düşür. Uşaqlıqdan onların bütün hərəkətlərinə nəzər yetirməliyik ki, övladlarımızın nədə daha çox istedadı olduğunu aşkara çıxaraq. Ancaq uşaqların tam arzularının arxasınca getməyinin də tərəfdarı deyiləm. Bir az nizam-intizam da lazımdır. Aylanın fantaziyası genişdir, özündən nağıllar uydurur, kuklalarla tamaşalar qurur. İzlədiyi animasiya filmlərini mənə danışır, onu analiz edir. Hər dəfə qızımla söhbət edəndə ondan nələrsə öyrənirəm. Dünən məndən soruşur ki, pinqvinlər suyun dərinliyinə enə bilirlərmi? Açığı, onun bu sualına cavab tapa bilmədim. Ancaq o gedib tapır və öyrənir. Deyir ki, mən izlədiyim filmlərdə görmüşəm ki, pinqvinlər suyun dərin qatına enmə imkanına malikdirlər. Mənə dinozavrlar haqqında danışır. Rəsm çəkməyi çox sevir. Mən də uşaq yaşlarımda rəsm çəkməyi sevirdim. Aylaya baxanda öz uşaqlığım yadıma düşür. Hətta qızımdan ilham alıb, yeni bir animasiya ssenarisi yazmışam. Bizim uşaqlardan öyrənəcəyimiz çox şey var.

- Bəlkə bu, gendən gələn bir şeydir?
- Gen faktorunun da böyük rolu var. Nağıl danışmaq ona Namiqdən gəlir.

- Qızınızın tam arzularının ardınca getməyinin tərəfdarı olmadığını dediniz. Hesab edirsiniz ki, yanlış istiqamətə yön alar?
- Uşağı yönləndirmək lazımdır. Hər nə qədər zəmanə uşağı olsa da, bir çox şeyləri dərk etməyə təcrübəsi imkan vermir. Aylanın yaşı azdır, hələ ki onun qarşısına böyük sədlər qoymaq vaxtı deyil. Böyüdükdə onunla məsləhətləşərək, izah edərək özünün doğru bildiyi yolların əslində elə olmadığını göstərməyə çalışacam. Başa düşmədiyini onsuz da qəbul etməyəcək. Mən onu nəyəsə məcbur etmək istəmirəm.

- Adətən incəsənətlə məşğul olan valideynlər övladlarının onların davamçısı olmasını istəmirlər.
- Desəm ki qızımı incəsənət üzrə oxumağa qoymayacağam, bir az böyük səslənər. Əgər aktrisa olmaq istəsə çalışacam ona dəstək olum. Ancaq içimdə onun bu sənətlə məşğul olmasını istəmirəm. Çünki bu, yaradıcı və bir o qədər də çətin sənətdir.

- Ən çox nədə çətinlik çəkirsiniz?
- İncəsənət sahəsində çalışan yaradıcı insanlar həyatlarını maddi baxımdan təmin etməkdə, ailədə bir çox çətinliklər yaşayırlar. Nə kinoda, nə teatrda bu işi inkişaf etdirə biləcək prodüserlərimiz yoxdur. Yaradıcı insan bazarda ərsəyə gətirdiyi məhsulu sata bilmir. Hansı ki, indi dünyada ən böyük dəyər yaradıcı məhsula verilir. Biz hələ bu mərhələyə gəlib çıxmamışıq. Hansısa bacarığının olduğunu görsəm, çalışaram ki, düzgün yola istiqamətləndirim. İstəmirəm ki, bizim səhvlərimizi Ayla təkrarlasın.

- Cəmiyyətə yararlı övlad yetişdirmək üçün hardan və necə başlamaq lazımdır?
- Yaponlar deyir ki, 5 yaşına qədər uşağı sərbəst buraxmaq lazımdır. Onun kiçik dünyasına çox da müdaxilə etmək olmaz. Ancaq bəzi alimlər uşağı dünyaya gəldiyi gündən yetişdirməyə başlamağın vacib olduğunu vurğulayırlar. Mən uşağı qorxaq böyütməyin tərəfdarı deyiləm. Uşaq arxayın, azad və sərbəst şəkildə böyüməlidir. Uşaqlıqdan sənə etibar etməlidir ki, sabah bir problemi olanda valideyni ilə bölüşsün. Əgər uşaq valideynindən qorxursa, ona yalan danışacaq, səhvlər edəcək və valideyni ilə məsləhətləşməyə çəkinəcək. Valideyn uşaqla qarşılıqlı anlaşmağın yolunu tapmalıdır. Əgər övladım məndən nəyisə gizlədirsə, ilk növbədə günahı özümdə axtarmalıyam. Görəsən harada səhv etmişəm ki, o məndən bu qədər ehtiyat edir?


- Bəs necə edək ki, uşaqlar qorxaq böyüməsin?
- Onlara hər şeyi ən xırda detalına qədər izah etmək lazımdır. Övladın fikirlərini dinləmək, yeri gələndə haqq qazandırmaq, onun fikirləri ilə razılaşdığını hiss etdirməyiniz vacibdir. Uşaqla bir şəxsiyyət kimi rəftar etməyin, onun fikirlərinin dəyərli olduğunu göstərməyin tərəfdarıyam. Hərdən olur ki, əsəbiləşirəm, gərgin zamanlarım olur. İstər-istəməz, səsimin tonunu qaldırıram. Sonra peşman oluram. Heç kim ideal deyil.

- Bu günün uşaqları da fərqlidir, onlar həyata daha açıq gözlə baxırlar.
- Bu gün sosial şəbəkələr, internet, telefonlar var. Bizim dövrümüzdə hər şey fərqli idi. Misal üçün, mən günü bu gün də telefonda oyunlar oynamıram. Uşağıma da qətiyyən istifadə etməsinə imkan vermirəm. Boş vaxtlarında şəkil çəkir, nağıl danışır, kompyuter arxasında cizgi filmlərinə baxır. Təbii ki, izlədiyi filmlərə nəzarət edirəm. Onu internetlə baş-başa buraxmıram. Çox vaxt Azərbaycan nağıllarını, cizgi filmlərini izləyir. Bəzən izləyir, ancaq nəticəni bəyənmir. O zaman deyirəm ki, gəl bu cizgi filminin sonluğunu dəyişək. Biz onunla maraqlı bir cizgi filmi ssenarisi hazırlamışıq. Mən onu öyrədirəm, həm də özüm öyrənirəm. Məsələn, "Tıq-tıq xanım”a baxıb deyir ki, niyə o, sudan boynubükük çıxır, məyus olur ki, o, pis bir şey etmirdi.

- Məktəbə rus, yoxsa Azərbaycan bölməsində təhsil almasını istəyirsiniz?
- İndi uşaqları rus bölməsində oxutmaq dəbdədir və bir çox valideynlər bununla öyünür. Mən bunun tərəfdarı deyiləm. Mən Azərbaycan bölümündə oxumuşam, həvəsim olduğu üçün rus dilini öyrənmişəm. İnanıram ki, Aylada da belə olacaq. Öz dilində danışa bilməyən insan başqa dildə "cəh-cəh” də vursa, heç bir mənası yoxdur. O öz doğulduğu torpağı, Vətəni, bayrağını doğma dilini mənimsəməlidir. Və bunu da mütləq öz ana dilində öyrənməlidir.

- Çox zaman valideynlər öz arzularını övladlarının üzərində həyata keçirmək istəyirlər. Bəs siz necə?
- Mənim üçün yenə də gec deyil. Bundan sonra da istədiyim sənətin arxasınca gedə bilərəm. Uşağı yükləməyin tərəfdarı deyiləm. Uşaq deyə bilər ki, mən bu peşəyə sahib olmaq istəyirəm. Ancaq bacarığı yoxdursa, bu onun üçün vaxt itkisidir. Valideynlər uşaqlıqdan övladlarına qarşı diqqətli olmalı, nəzarət etməlidirlər. Onun kənardan müşahidə qabiliyyəti formalaşmalıdır. Uşaq gəlib sənə hansı mövzuda sual verir - bu məsələdə diqqətli olmalısan. Uşaq azad və sərbəst olduğunu bilməlidir, ancaq kənardan nəzarət mütləq olmalıdır.

- Cəzalandıranda, hansı üsuldan istifadə edirsiniz?
- Döymək heç vaxt tərbiyə üsulu olmayıb. O, məyus olanda mən ondan artıq məyus oluram. Uşağı döydükcə aqressivləşir. Mən ondan küsürəm və söz verdiyim, onun arzusunda olduğu hansısa bir şeyi almıram. Və bunu izah edirəm ki, sənin bu hərəkətinə görə bu istədiyini etməyəcəyəm. Bunun özü ona böyük cəzadır.

- Evin tək uşaqları, o cümlədən nənə himayəsində böyüyən uşaqlar bir ərköyün olurlar. Siz bununla necə mübarizə aparırsınız?
- Ayla ərköyündür, ancaq bunun da bir dərəcəsi var. Onun şıltaqlığı evdə keçir, evdən kənarda yox. Qonaq gələndə və yaxud qonaq gedəndə, onun ərköyünlüyü mənə keçmir.

Xəyalə Rəis
banner

Oxşar Xəbərlər