Uşaq adı ilə böyüyür

Əvvəllər tez-tez istifadə olunan adlar artıq unudulmaq üzrədir. Belə
davam etsə, Müşfiq, Hamlet, Məcnun kimi adlarla yalnız kitablarda
rastlaşacağıq. İndi valideynlər qeyri-adi adlara üstünlük verirlər. Hətta istədikləri
adı övladlarına qoymaq üçün dəridən-qabıqdan çıxanlar da var. Məsələn, Azərbaycanda
bir uşaq 6 aydır adsızdır. Buna səbəb atanın oğluna "Musab" adını
vermək istəyidir. Adın qeydiyyat idarəsində qəbul edilməməsi isə ona əks təsir
edib vəmüraciəti dəfələrlə təkrarlayıb. Nəticədə isə, uşaq 6 ay adsız
qalıb.
Bənzər halların artması valideynlər tərəfindən Nazirlər Kabineti
yanında Terminologiya Komissiyasına edilən müraciətlərə də təsir edib. Məktub
göndərənlərin əksəriyyəti "Ə” hərfini "A” ilə əvəzləmək istəyirlər.
Əli kimi məşhur adı Ali, Əzimi isə Azim deyə yazdırmaq istəyənlər var. Müraciətlərin
ən diqqət çəkəni isə soyadını dəyişdirmək istəyən şəxsə məxsusdur.
Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın sözlərinə
görə, Şekspir, Meyvəli, Əbuturab kimi adları övladına vermək istəyən valideynlərin
tələbi də rədd edilib. Əbülfəz adını Əbülfəzl kimi yazdırmaq istəyən ana-ataya
da "yox” cavabı verilib. Oğlana qız, qız uşağına isə oğlan adı qoymaq istəyən
valideynlər də komissiyaya məktub göndəriblər.
Bəs görəsən niyə bizdə valideynlər uşaqlarına belə qəribə adlar verməkdə
israrlıdır. Bu düzgündürmü? Ekspertlərin rəyini öyrəndik.
Sosioloq Lalə Mehralı sözügedən məsələyə öz münasibətini bildirdi: "Əvvəlcə
qeyd edim ki, Musab ərəb mənşəli addır, bizim dilimizdə heç bir məna və anlam kəsb
etmir, amma İslam tarixinə görə Məhəmməd Peyğəmbərin Musab adlı bir dostu olub.
Ərəb dilində bu ad güclü, dözümlü mənasını verir. Ola bilsin övladına bu adı
vermək istəyən valideyn bunu bilir və məhz bu səbəbdən bu adı uşağına qoymaq
istəyir. Ona bu adı qoymağı qadağan edən qurum nədənsə Esra, Ceyla kimi adları
normal hesab edir. Halbuki bu adlar da dilimizdə heç bir məna kəsb etmir, məntiqlə
bu adların da qoyulmasına icazə verilməməlidir. Mən hər millətin övladına öz
milli kökünə xas, dilində dolğun mənası olan ad qoyulmasının tərəfdarıyam. Ad
insanın ruhu ilə bütövləşir, gələcəyini təyin edir, yaşayacaqlarına təsir göstərir.
Bir azərbaycanlı öz soy-kökünü unudub övladına ərəb mənşəli ad verəndə bilməlidir
ki, onun taleyini ikitirəli edir. Körpənin soyu-kökü azərbaycanlı, adı ərəb
adıdırsa, bu haçalanma onun taleyində öz əksini göstərəcək mütləq. Mən övladına
Xırda, Məstan adı vermək istəyən adamlar tanıyıram. Bir dəfə şahidi oldum, Asan
Xidmətdə bir ata oğluna Kral adı verilməsi üçün var gücü ilə israr edirdi. Xidmət
əməkdaşı bu adı verə bilməyəcəkərini deyəndə isə, ata şöbədə hay-küy saldı,
polislər işə qarışmalı oldu. Yəni əslində valideynlər nə istədiklərini anlasalar,
mənası, kökü olmayan adların körpəyə qoyulmasının doğru olmadığını bilsələr bu
cür problemlər yaşanmaz”.
Sosioloq deyir ki, bəzən adı sənədləşdirən qurumun əməkdaşları da
milli köklü adı seçməkdə çətinlik çəkirlər: "Onlara verilmiş siyahıda olmayan
adı milli də olsa münasib hesab eləmirlər. Öz başıma da oxşar əhvalat gəlib,
qızım anadan olanda Asan Xidmətdən şəhadətnamə alarkən uşağa vermək istədiyimiz
Elana adını milli mənşəli hesab etmədiklərini, buna görə də sənədə yaza bilməyəcəklərini
dedilər. Dəfələrlə açıqlayandan, adın el və ana sözlərindən yarandığını, mənasının
"el anası” olduğunu başa salandan sonra şöbədə ümumi məsləhətləşmə edib adı sənədə
yazmağa razı oldular. Pakistan hökuməti 4-5 il əvvəl ölkədə doğulan uşaqlara Məhəmməd
adının qoyulmasını bir müddətlik qadağan etmişdi. Səbəbi də ölkədəki kişilərin
demək olar ki, əksəriyyətinin adının Məhəmməd olması, üstəlik, cinayətkarlar
arasında Məhəmməd adlı adamların sayının çoxalması göstərilmişdi. Məncə, bizim
ölkəmizdə də Məhəmməd, Əli, Hüseyn, Həsən, Zeynəb, Fatimə, Aişə kimi dini adlar
həddindən çox qoyulur. Bunu düşünəndə həmişə yadıma "Çalıquşu” əsərindəki Fəridə
müəllimənin sinfindəki uşaqların adlarının Aişə, Zəhra olması düşür. Bizim yüzlərlə
milli adlarımız, gözəl mənalı sözlərimiz var. Bu qədər ad içindən bir ad bəyənməyib,
ərəb sözlərinə meyl salmaq soy-kökümüzə qarşı hörmətsizlikdir”.
Sosial psixoloq Nail Cəlil bizimlə söhbətində bildirdi ki, ad məsələsinə
müvafiq dövlət strukturlarının belə diqqət, həssaslıqla yanaşması təqdirəlayiqdir:
"Valideynin israrı isə anlaşılan, başadüşülən deyil. Burada valideynin seçim
imkanları istənilən halda böyükdür. Digər tərəfdən, valideynin üzərinə burada
övladın gələcəyi, taleyi ilə bağlı böyük məsuliyyət payı düşür. Elə adlar
seçilməlidir ki, övladları bu ada görə sonradan utanmasınlar, təəssüf hissi
keçirməsinlər Bu mənada, valideynin israrı, bəyənilməyən, qəbul edilməyən bir
ada görə övladını altı ay adsız qoyması çox yanlışdır və belə hallar ciddi
icimai qınaq obyekti olmalıdır”.
Psixoloq Aydan Talıbova da deyir ki, valideynlər övladlarına ad seçərkən diqqətli
olmalıdır: "Çox vaxt valideynlər uşaqlarına öz valideynlərinin adlarını qoymağa
üstünlük verirlər. Belə olan təqdirdə isə, çox vaxt uşağı öz adı ilə
çağırmırlar. Bu həm də uşağın tərbiyəsinə müəyyən formada yansıyır. Çünki ata,
yaxud ana öz valideynlərinin adını övladına qoyanda, digərinə icazə vermirlər
ki, o uşağı danlasınlar. Bununla da uşaqlarda davranış pozuntuları formalaşır.
Uşaq aqressivləşir, stressə davamsız olur. Çünki valideynlərdən biri daima onu
müdafiə edir. Bu da uşağın psixologiyasına mənfi təsir göstərir. Bəzən isə
uşağa xarici adların verilməsinə üstünlük verilir ki, bu da düzgün deyil. Bu
zaman uşaq öz milliyətindən və mentalitetindən uzaqlaşır. Çünki insanlar bu adı
normal qarşılamır. Bu da uşağın davranış və psxiologiyasına əhəmiyyətli təsir
göstərir. Yaxşı olar ki, uşaqlara ad seçərkən bu kimi amilləri nəzərə
alsınlar”.
Şəbnəm Mehdizadə
