Uşağın ürəyi tez-tez döyünürsə…

Bəzən valideynlər uşaqların ürək ritmlərinin çox olmasından
şikayətlənirlər. Onlar köprənin nəbzini tutub ürəyin tez döyünməsini müşahidə
edirlər və həkimə müraciət edirlər. Azərbaycan Tibb Universitetinin (ATU)
Tədris Cərrahiyyə Klinikasının pediatrik-invaziv kardioloqu
Elşən Rzayev isə bunun adi hal olduğunu bildirir.
E.Rzayevin sözlərinə görə, uşaqların
ürəyi böyük insanlara nisbətən daha tez vurur: "Məsələn, böyüklərdə ürək dəqiqədə
60, 70, 80 dəfə döyünürsə, uşağın yaşından asılı olaraq döyüntü 110, 120, 130
da ola bilər. Bu, xəstəlik deyil. Bir halı da nəzərə almaq lazımdır ki, hətta
uşağın kardioqramması çəkiləndə belə, döyüntüləri yüksək göstərilir. Bunun
səbəbləri müxtəlifdir. Yeni doğulmuş körpənin bədənində kardio alətlər normal
dayanmaya bilər. Orta yaşlı uşaq müayinədən qorxa bilər. Bilirik ki, qorxu zamanı
da ürək döyünmələri arta bilir. Lakin, istənilən halda yoxlanmaq lazımdır.
Çünki hər bir halda problem ola da bilər. Ona görə də hansısa narahatlıq
yaranarsa, kardioqramma çəkilməsi vacibdir”.

Həkim Elşən Rzayev bildirir ki,
ürək döyünmələrinin aşağı olması daha ciddi problemdən xəbər verir: "Əgər doğurdan
da uşağın ürək döyüntüsü zəif və azdırsa, o halda uşaqda ciddi kardioloji
müayinə aparılmalıdır. Bəzən valideynlər bizə müraciət edirlər ki, uşağın nəbzində
döyüntü 60-dır, qolunda isə 120. Bu halda, yalnız və yalnız ölçmə səhvi ola
bilər”.
Həkimin sözlərinə görə, ürəklə
bağlı hansısa narahatlıq yarandıqda, uşağı ümumi pediatr və ya nevropatoloqa yox,
sırf kardioloqun yanına aparmaq lazımdır: "Pediatr uşağın ümumi durumunu dəyərləndirir.
Respublikamızda peşəkar pediatrlar var, onlar çox sərbəst qaydada ürəkdə küyü
də eşidə bilirlər, patologiyanı da aşkar edə bilirlər və növbəti müayinə -
müalicəyə yönəldirlər. Amma bir uşaqda nədənsə şübhə varsa, uşaq fiziki inkişafdan qalıbsa,
yaşına uyğun normal kilo ala bilmirsə, fiziki tolerantlığı, yəni qaçmağı,
oynamağı o biri uşaqlardan daha zəifdirsə, yaşıdlarından daha tez yorulursa,
onun ürəyini heç olmasa bir dəfə yoxlamaq daha faydalı olar”.
Elşən Rzayev xatırladır ki, ürək
müayinələrinin - kardioqramma, exokardioqrafiya müayinələri zamanı ultrasəs
dalğalarından istifadə olunur ki, bunun da uşaqlara heç bir ziyanı yoxdur.
