• cümə, 29 Mart, 15:10
  • Baku Bakı 14°C

Unudulmaz sənətkarın xatirəsinə

16.06.19 13:19 1600
Unudulmaz sənətkarın xatirəsinə
Korifey sənətkarlar pleyadasının axırıncı mogikanlarından biri, görkəmli teatr və kino aktyoru, 54 il müddətində milli teatr və kino sənətinin aparıcı simalarından olmuş Amaliya Pənahovanın anadan olmasından 74 il ötür.
Bu münasibətlə dramaturq Çingiz ƏləsgərlininAZƏRTAC-a təqdim etdiyi yazını oxucularla bölüşürük.
Yaşasaydı bu günlər 74 yaşını qeyd edəcəkdi sevimli sənətkarımız Xalq artisti Amaliya Pənahova. Sənətkar nəyinki amansız xəstəliklə mübarizə aparır, həm də çox böyük sürətlə öz teatr layihələrini reallaşdırmağa çalışırdı. Kənardan hamı onun gördüyü işlərə heyranlıqla baxırdı. Elə mən də. Amaliya xanım teatrla bağlı hər bir işi sevgi və məhəbbətlə görürdü. Elə bil harasa tələsirdi. Yaşından asılı olmayaraq bütün aktyorları öz övladı qədər sevir və onları hər zaman sevindirməyə çalışırdı. Çoxları onun xəstəliyini bilmirdi. Mən də onun xəstəliyini ölümünə lap az qalmış, təsadüfən öyrəndim. Çox kədərləndim. Onun səhnədə yaratdığı "Sən həmişə mənimləsən”də Nargilə, "Pəri Cadu”da Pəri, "Oqtay Eloğlu”da Firəngiz, "Vaqif”də Xumar, "Nişanlı qız”da, Şəlalə və Zərifə, "Təhminə və Zaur”da Təhminə, "Xurşidbanu Natəvan”da Natəvan, "Mənim günahım”da Ayqız, "Unuda bilmirəm”də Nərmin, "Mahnı dağlarda qaldı”da Şahnaz, "Bizim qəribə taleyimiz”də Nərmin, "Qəribə oğlan”da Kəmalə, "Şeyx Xiyabani”də xanım Mahnur, "Büllur sarayda” Aynur, "Tənha iydə ağacı”nda Sürəyya, "Sevgililərin cəhənnəmdə vüsalı”nda Mədinə, "Hamlet”də Birinci cadugər, "Məkr və məhəbbət”də Luiza, "Cehizsiz qız”da Larisa, "Nazirin xanım”da Anka, "Medeya”da Medeya, "Adsız ulduz”da Naməlum qadın, "Meşşanlar”daTatyana, "Qanlı Nigar”da Nigar və digər rollar, televiziya və bədii filmlərində yaratdığı saysız-hesabsız, rəngarəng obrazlar hər zaman yada düşür. M.Əlizadənin "Mən gözəl deyiləm”, Ç.Aytmatovun "Qırmızı yaylıqlı qovağım mənim”, M.Bayciyevin "Duel”, N.Hikmətin "Bayramın son gecəsi”, J.Koktonun "İnsanın səsi”, L. Zorinin "Varşava təranələri”, R.Qasımovanın "Ömrün yollarında”, M.F.Axundzadənin "Lənkəran xanının vəziri”, İ.Əfəndiyevin "Beş manatlıq lüstr”, M.İbrahimovun "Mədinənin ürəyi” və başqa teletamaşalarında rəngarəng, baxımlı və yaddaqalan obrazlar qalerayasa hər zaman göz qarşısında canlanır. Amaliya xanımın istedad və aktyor bacarığı "Əhməd haradadır?”da Qız, "Babək”də Zərnisə, ”Arxadan vurulan zərbə”də Ziba, "Həyat bizi sınayır”da Münəvvər, "Xatirələr sahili”ndə Xalidə, "Səmt küləyi”ndə Xədicə, "Qərib cinlər diyarı”nda Zərri, "Qəribə adam”da Qadın, "Mən mahnı qoşuram”da Sonanın anası, "Musiqi müəlliməsi”ndə riyaziyyat müəlliməsi, "Bircəciyim”də Zabitə, "Mənim ağ şəhərim”də direktorun arvadı, "Sən niyə susursan?”da Qız, "Mən tezliklə qayıdacağam”da Xanım, "Gözlə məni”də Fəxrəndə və sair bədii filmlərdəki obrazlara rəngarənglik, bədii bütövlük və təravət verib. Bəzən insan inana bilmir ki, bütün bu bədii obrazlar qalereyasını yaradan eyni aktrisadır. Bəli, bu insan, bu sənətkar, yarım əsrdən artıq ömrünü sənətə bəxş etmiş, xoş siması, gözəl görkəmi və səsi ilə yaddaşlara həkk olunmuş unudulmaz Amaliya xanım Pənahovadır. Amaliya Pənahovanın sənət ulduzu çox erkən -19 yaşında parladı və ömrünün sonuna qədər sönmədi. Özündən sonra seçib, teatra dəvət etdiyi istedadlı aktyorlardan ibarət Bakı Bələdiyyə Teatrı adlı sənət ocağını bizə yadigar qoyub getdi....
Həyatımda bir neçə insanla görüşdüyüm üçün taleyimdəm çox razıyam. Onlardan biri də hər zaman sənətinə rəğbət bəslədiyim Amaliya Pənahovadır. Təəssüflər olsun ki, taleyim məni Amaliya xanımla gec görüşdürdü. O, Bələdiyyə Teatrı üçün mənə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı epik janrda əsər sifariş etdi. Yeri gəlmişkən qeyd edim ki, bu da təsadüfü olmamışdı. Haqqımda ona ətraflı məlumatı yazacağım əsərin rejissoru olacaq Xalq artisti Mərahim Fərzəlibəyiov vermişdi. Mən əsəri yazmağa başladım və yaza-yaza bir neçə dəfə Mərahim müəllimlə birgə Amaliya xanımla görüşüb, hazır hissələri ona oxuyur və məsləhətlər alırdım. Bu görüşlər əsnasında, mən Amaliya xanımın həyatsevərliyinə, dünya görüşünə, sənət sahəsindəki dərin bilgisinə, yumor hissinə və insani xüsusiyyətlərinə heyran oldum. Əsər yazıldı, məşqlər başladı. Amaliya xanım demək olar ki hər məşqə gəlirdi. Tamaşadan nigaran idi. Xəstəliyi şiddətlənəndə, məşq prosesini çəkib ona göndərirdilər. O da çəkilişə baxa-baxa, dərhal məsləhətlərini verirdi. Tamaşa artıq hazır idi. Afişa vurulmuş və çox böyük alicənablıqla Akademik Milli Dram Teatrının bədii rəhbəri, direktoru, Xalq artisti Azər Paşa Nemətov təmənnasız olaraq, tamaşanın oynanması üçün səhnəni Bələdiyyə Teatrına vermişdi. Tamaşa günü hamı Amaliya xanımı gözləyirdi. Amaliya xanım tamaşaya gəlməyə hazırlaşarkən, birdən-birə halı pisləşir və o, təcili olaraq xəstəxanaya aparılır. Teatrın bütün heyəti bunları bilsə də, stress və həyəcana qalib gələrək tamaşanı oynadı.
Artıq Amaliya Pənahova soyadlı əfsanə yoxdur. Ancaq əfsanələr heç vaxt unudulmur, yaddan çıxmır. Əfsanələr əbədidir. Deməli, Amaliya xanım əfsanəsi də xatirələrdə, onun haqqında yazılan əsərlərdə və yaddaşlarda əbədi yaşayacaq.

banner

Oxşar Xəbərlər