AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Unudulmaz obrazlar yaradan sənətkar

Unudulmaz obrazlar yaradan sənətkar

Mədəniyyət
22 İyun 2020, 14:51 667
Bu gün Xalq artisti Ağadadaş Qurbanovun anım günüdür

Misilsiz aktyorluq istedadı ilə dərin məzmunlu, unudulmaz surətlər yaradaraq tamaşaçıların qəlbinə yol tapan Ağadadaş Qurbanov zəngin və mənalı yaradıcılıq yolu keçib. 53 illik ömrünün, demək olar ki, 40 ilini sənətə, teatra həsr edib.

AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Ağadadaş Qurbanovun vəfatından 55 il ötür.

Ağadadaş Qurbanov 1911-ci il martın 8-də Bakıda anadan olub. Hələ yeniyetmə ikən dram dərnəkləri təşkil edib, orada bir çox rollar oynayıb. 1925-ci ildə H.A.Abbasovun "Sabirin məhkəməsi” adlı tamaşasında Sabirin oğlu rolunu çox gözəl ifa edib. 1927-ci ildə Bakıda uşaqlardan ibarət dram dəstəsi təşkil olunur və Lətif Kərimlinin "Fırtına” adlı pyesi tamaşaya qoyulur. 16 yaşlı Ağadadaş tamaşanın quruluşçu rejissorluğunu üzərinə götürür. Onun tamaşadakı rolu isə hamını valeh edir.

1928-ci ildə A.Qurbanovun yaradıcılıq taleyi Bakıda yaradılan "Fəhlə Uşaqları Teatrı”na (sonralar Gənc Tamaşaçılar Teatrı adlandırılır) bağlanır və bu teatrın təməl daşını qoyan ilk sənətkarlardan biri olur. Sənətkar Gənc Tamaşaçılar Teatrının səhnəsində 50-dək rol oynayıb. O, C.Cabbarlının "Aydın” əsərində Aydın, F.Şillerin "Qaçaqlar” əsərində Karl Mor, N.V.Qoqolun "Müfəttiş” əsərində Xlestakov, M.F.Axundovun "Molla İbrahim Xəlil kimyagər” əsərində Molla İbrahim Xəlil kimyagər, N.B.Vəzirovun "Hacı Qəmbər” əsərində Hacı Qəmbər və s. yaddaqalan obrazlar yaradıb, oynadığı tamaşalar teatrın qızıl fonduna daxil edilib.

Gənc Tamaşaçılar Teatrında şöhrət qazanan A.Qurbanov 1952-ci ildə Dövlət Akademik Dram Teatrına dəvət alır. Bu teatrda da o, tamaşaçılar tərəfindən daim sevilən, alqışlanan sənətkarlardan biri olub. Teatrın səhnəsində L.Vaqanın "Sevilya ulduzu” əsərində Sanço, V.Şekspirin "Otello” əsərində Otello, H.Cavidin "Şeyx Sənan” əsərində Şeyx Sənan, "Səyavuş” əsərində Səyavuş, "İblis”də İblis, C.Cabbarlının "Almas” əsərində Mirzə Səməndər, "Od gəlini” əsərində Əbu Übeyd, "Dönüş” əsərində Ötgün, R.Əlizadənin "Qış nağılı” əsərində Kamillo, M.F.Axundovun "Hacı Qara” əsərində Hacı Qara, S.Rəhmanın "Toy” əsərində Dəmirçi Musa, S.Vurğunun "Vaqif” əsərində Vaqif və s. rəngarəng, mürəkkəb və müxtəlif parlaq rollar ifa edib.

Xalq artisti Ələsgər Ələkbərovdan sonra hər bir sənətkar Vaqif kimi dərin məzmunlu, poetik və mürəkkəb bir rolun ifasını boynuna götürməyə can atmazdı. Lakin A.Qurbanov bu çətin və məsuliyyətli rolun ifasından ustalıqla gəlməyi bacarıb. O, Vaqifin böyük şair, müdrik dövlət xadimi surətini dərin bir inam və səmimiyyətlə yaradıb.

Şeyx Sənan surəti də onun yaradıcılığının uca zirvəsi oldu. Hər çiçəyin öz ətri olduğu kimi, hər aktyorun da ifasında öz məlahəti olur. H.Cavidin "Şeyx Sənan” əsərindəki Şeyx Sənan rolunun ilk ifaçısı Rza Əfqanlı olub, ondan sonra bu rolu A.Qurbanov ifa etmişdi. O, Şeyx Sənanı od ürəkli bir aşiq və eşqi uğrunda hər şeyi fəda edən bir insan kimi yaradıb.

Aktyor 1943-cü ildə respublikanın "Əməkdar artisti”, 1954-cü ildə "Xalq artisti” fəxri adlarına layiq görülüb.

A.Qurbanov, eyni zamanda mahir kino aktyoru idi. "Koroğlu” filmində Həsən xan, "Bir qalanın sirri”ində Usta, "Bizim küçə” filmində Bəhram, "Qızmar günəş altında” filmində professor, "Telefonçu qız” filmində Zakirin atası və s. rollarda çəkilib. Aktyorun Azərbaycan kinosunun incilərindən olan "Arşın mal alan” filmində yaratdığı Soltan bəy obrazını xüsusi qeyd etmək gərəkdir.

O, müğənni Gülxar Həsənovanın həyat yoldaşı, aktyor Hamlet Qurbanovun və aktrisa Gülşən Qurbanovanın atasıdır.

Sənətkar 1965-ci il iyunun 22-də faciəli şəkildə həlak olub. Bakıda Fəxri xiyabanda dəfn edilib.

A.Qurbanovun şəxsi fondu S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunur.