Ukraynanı köməksiz qoydular

Qərb ölkələri
hərbi təcavüzlə üz-üzə qalan ölkəyə heç bir real yardım göstərmədi. Ancaq o qədər
də ciddi olmayan sanksiyalar gündəmə gətirildi. Amma əksər ekspertlər düşünürlər
ki, Rusiyaya qarşı sanksiyalar effektli olmayacaq. Çünki Moskva sanksiyaların
iqtisadiyyata təsirini minimuma endirmək üçün uzun illər hazırlaşıb.
Rusiya növbəti addımı ilə
dünya gündəmini zəbt edib. Söhbət Ukraynanın beynəlxalq hüquq və sənədlərlə
təsdiqlənmiş torpaqlarında yaradılan separatçı qurumların rəsmən tanınmasından
gedir. Ardınca isə proqnozları alt-üst edərək Ukraynaya hücum edən Rusiya
bununla da ağlasığmaz bir qərara imza atmış oldu. Rusiyanın hərbi əməliyyatları
qarşısında Ukrayna faktiki olaraq tək qaldı. Ukrayna
Prezidenti Volodimir Zelenski də etiraf edib. "Biz
tək qaldıq. Heç kim bizim üçün döyüşmək istəmir. Bizi NATO-ya qəbul etmək
istəmirlər, təhlükəsizlik zəmanəti verməkdən qorxurlar. Bu gün 27 Avropa
liderindən Ukraynanın NATO-ya üzv olub-olmayacağını soruşdum, birbaşa soruşdum.
Hamı qorxur. Cavab vermirlər”.
Rusiya uzunmüddətli
"Donbas bataqlığı”na daxil olub
Rusiyanın
bu müharibədən qalib və yaxud məğlub çıxacağını proqnoz etmək isə çətindir. Bəziləri
bu qənaətdədir ki, Rusiyanın bu addımı ABŞ üçün göydəndüşmə oldu. Onlar fikirlərini
belə əsaslandırırlar ki, Rusiya bununla da uzunmüddətli "Donbas bataqlığı”na
daxil olub, növbəti ağır xərc və hərbi konfliktə cəlb edilib. İndi hər kəsi bir
sual düşündürür: Rusiya beynəlxalq təhdid və sanksiyalara nə qədər davam gətirəcək?
Sözsüz ki, müharibənin Rusiya iqtisadiyyatına ciddi təsirləri olacaq. Rusiya
Ukraynanı tez bir zamanda ələ keçirə bilsə, çevriliş olsa, yeni prezident və
hökumət seçilsə, rəsmi Moskva müharibənin iqtisadi təsirlərini o qədər də hiss
etməyə bilər. Amma əksi olsa, yəni Ukraynanın qərbi və şərqi bir-birindən
ayrılsa, burada toqquşmalar davam etsə, Avropanın mərkəzindəki müharibənin
Rusiya üçün ağır nəticələri olacaq.
İlk və
ağır zərbə - "Şimal Axını-2"
İlk ciddi
sanksiya "Şimal Axını-2" ilə bağlı olub. Almaniya kəmərin
lisenziyasını ləğv edib. Bu kəmər Rusiya qazının Ukraynadan yan keçməklə
Avropaya nəqli üçün düşünülmüş plan idi. Hazırda Rusiya qazı Ukrayna vasitəsilə
Avropaya ötürülür. Ukrayna bu tranzitdən həm ildə 3 milyard dollar gəlir əldə
edir, həm də Rusiyaya iqtisadi təzyiq imkanı qazanır. 1234 km uzunluğunda olan
bu qaz kəməri beş ölkənin - Rusiya, Finlandiya, Danimarka İsveçin və
Almaniyanın iqtisadi zonalarından və ərazi sularından keçir. "Şimal
Axını-2"nin sertifikatlaşdırılmasının dayandırılması Rusiyaya yalnız ciddi
maddi zərbə vurmur, həm də Avropanın Rusiya qazından gələcək asılılığını aradan
qaldırır. Almaniyanın iqtisadiyyat naziri Robert Habek bildirib ki, Almaniya
Rusiyanın "Şimal Axını-2" layihəsini tamamilə dayandıra bilər və
Berlin bu barədə Avropa və Amerika tərəfdaşları ilə danışıqlar aparır.
Növbəti
sanksiya Aİ-dən gəldi
Növbəti
reaksiya Avropa İttifaqından gəlib. Aİ-nin Rusiyaya qarşı qəbul etdiyi sanksiya
paketi qüvvəyə minib. Siyahıya Rusiyanın müdafiə naziri Sergey Şoyqu, prezident
administrasiyasının rəhbəri Anton Vayno, Dövlət Dumasının vitse-spikeri Pyotr
Tolstoy, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Rusiyanın təbliğatçıları
- RT-nin Baş redaktoru Marqarita Simonyan, teleaparıcı Vladimir Solovyov və
Rusiya Silahlı Qüvvələrinin yüksək rütbəli hərbçilərinin adı daxil edilib.
Avropa İttifaqı, həmçinin Dövlət Dumasının 351 deputatını, Rusiyanın "Vaqner”
özəl hərbi şirkətinin (ÇVK) yaradıcısı və sahibi, milyarder iş adamı Yevgeni
Priqojinin anası və həyat yoldaşını, Kommunist Partiyasının (RFKP) lideri
Gennadi Züqanovu da "qara siyahı”ya salıb.
ABŞ-ın ilkin
sanksiyaları
ABŞ
prezidenti Co Bayden Rusiyaya yeni sanksiyalar tətbiq edib. Prezident bildirib
ki, Rusiyanın VTB bankının ABŞ-ın maliyyə sistemi ilə əlaqəsi kəsilir. Bayden əlavə
edib ki, yeni sanksiyalar, habelə Rusiya oliqarxlarını və bu ölkənin
texnologiya sektorunu hədəfləyəcək: "Bu müharibə Putinin seçimidir, nəticələrini
də o və Rusiya çəkəcək”. Ağ Evdə jurnalistlər qarşısında çıxış edən prezident
Rusiyaya qarşı yeni sanksiyaları sərt tədbir adlandırıb: "Bu tədbirlər
Rusiya iqtisadiyyatı üzərinə dərhal ağır yük qoyacaq”. Co Bayden deyib ki, ABŞ
sanksiyaları Avropa müttəfiqləri ilə koordinasiyalı şəkildə tətbiq edir. O
deyib ki, Avropa müttəfiqləri Rusiyanın 4 ən böyük bankının aktivlərini
bloklayıblar. Bayden Rusiyanın SWIFT ödəniş sistemindən çıxarılması ilə bağlı
suallara cavab olaraq bildirib ki, indi qoyulan sanksiyalar həmin addımdan heç
də az sərt deyil.
"Aeroflot”dan
tutmuş Putinin kürəkəninədək
Britaniya da
Rusiyaya qarşı indiyədək misli görünməmiş sanksiyalar elan edib. Rusiyanın əsas
hava şirkəti "Aeroflot”un təyyarələrinin Britaniya hava limanlarına enişi
olunub. Bu barədə məlumatı baş nazir Boris Conson verib. Britaniya ən böyük
Rusiya banklarına məhdudiyyətlər qoyub. VTB bankın aktivləri dərhal dondurulub.
Yeni sanksiyalar iri Rusiya şirkətlərini hədəfləyir. Bundan başqa, Rusiyaya hərbi
məqsədlər üçün istifadə oluna biləcək malların ixracına da qadağa qoyulub.
London, habelə istisnasız olaraq bütün Rusiya vətəndaşları üçün bank
hesablarında 50 min funtadək pul saxlamaq limiti tətbiq edib. Boris Conson
deyib ki, sanksiyalar Rusiyanın müttəfiqi Belarusa da şamil ediləcək. Bu da xəbər
verilir ki, sanksiya siyahısına salınanların arasında Putinin keçmiş kürəkəni
Kirill Şamalov da var. O, Putinin kiçik qızı – Rusiyanın ən gənc milyarderi
Katerinanın əri olub.
Sanksiyalar
effektli olacaq?
Bəs fövqəldövlət
ABŞ-ın tətbiq edəcəyi iqtisadi təzyiqlərin effektivliyi nə qədər ola bilər? Sualı
cavablandıran ekspertlər sanksiya siyasətinin uğurlu olmayacağını düşünürlər. "Rusiya
hökuməti gələcək sanksiyaların ölkə iqtisadiyyatına təsirini minimuma endirmək
üçün uzun illərdir maliyyə və büdcənin restrukturizasiyası işlərini həyata
keçirir. Bu işdə Moskvaya neft və qaz qiymətlərinin yuxarı olması kömək edib.
Hazırda Rusiyanın xarici borcu çox aşağıdır. Bundan əlavə, 2014-cü illə müqayisədə
indi Kremlin xarici maliyyə institutlarından kredit götürməyə elə də ehtiyacı
yoxdur. Ən vacib məqam isə ondan ibarətdir ki, Rusiyanın xarici valyuta ehtiyatı
631 milyard dollardır. Rusiya dünyanın ən çox xarici valyuta ehtiyatına malik 4-cü
ölkəsidir”, – deyə "Nyu-York Tayms” qəzeti yazır.
Azər
NURİYEV
