• cümə axşamı, 28 mart, 12:30
  • Baku Bakı 16°C

Ukraynada qumar oyunlarına icazə verilir

29.07.20 16:40 739
Ukraynada qumar oyunlarına icazə verilir
Kredit borcu, alimenti olanlar oyun zallarına buraxılmayacaq

Ukrayna hakimiyyəti son 11 ildə qadağa altında olan oyun biznesini yenidən bərpa etmək qərarına gəlib. Artıq "Qumar oyunlarının təşkil edilməsi və keçirilməsi barədə dövlət nizamlanması haqqında” qanun layihəsi parlamentə qəbul edilib və təsdiq üçün prezident Vladimir Zelenskiyə göndərilib. Dərhal da qanun layihəsi müxalifətin sərt tənqidlərinə tuş gəlib. 2009-cu ildə hökumətə rəhbərlik etmiş "Batıkivşina” Partiyasının lideri Yuliya Timoşenko o zaman oyun biznesi sahibləri ilə sərt mübarizə aparması ilə yadda qalmışdı. Həmin illərdə oyun biznesi Ukrayna cəmiyyətinin ən ağrılı problemlərindən birinə çevrilmişdi. Məhz Timoşenko ölkədə bu biznesin ləğv edilməsinə nail oldu. İndi isə hökumət qumar oyunlarını leqallaşdırdığı bir vaxtda xanım siyasətçi bəyan edib ki, hakimiyyət mafiyaya insanların pullarını əllərindən almaq üçün hər cür şərait yaradır. O əlavə edib ki, məqsəd "dünya boyu mafiyanı ölkəyə cəlb etməkdir. Bununla da əcnəbi korporasiyalara oyun biznesini yaratmaq imkanları verilir. Ukrayna prezidenti kriminal dairələrin sifarişi ilə bunu həyata keçirir”.
Parlamentdə fraksiyaya malik olmayan "Müxalifət bloku” Partiyasından olan deputat Vadim Novinski "Bizim” telekanalına müsahibəsində bildirib ki, 2009-cu ilə qədər kimlərin kazinolarda işlədiyi barədə məlumatlıdır: "Nə qədər özünəqsəd, cinayətlər baş verib. Mən hesab edirəm ki, bu qanun Ukrayna cəmiyyəti üçün çox təhlükəlidir”. Novinski əmindir ki, dövlət bu məsələdə düzgün addım atmır. Onun sözlərinə görə, qeyri-leqal kazinoya qarşı mübarizə aparmaqdansa, onu leqallaşdırırlar: "Gəlin onda fahişəliyi, narkomaniyanı da leqallaşdıracaq”. O, ümidvardır ki, prezident Zelenski veto hüququndan istifadə edəcək.
Ekspertlər hesab edirlər ki, belə bir ssenari baş verməyəcək. Axı deputat yerlərinin əksəriyyəti Zelenskinin lideri olduğu "Xalqın qulluqçusu”ndadır. Parlamentdə müzakirələr zamanı müxalifət fraksiyalarının əksəriyyəti tam tərkibdə qanun layihəsinin əleyhinə səs verib. Əvvəlki çağırışlarda Ali Radanın deputatı olmuş Artur Palatnıy bildirib ki, oyun biznesinin leqallaşdırılmasını Zelenski hakimiyyətə gəlməmişdən əvvəl də müzakirə ediblər: "Bizim komanda hələ əvvəlki prezident Petro Poroşenkonun dövründə oyun biznesini leqallaşdırılan və sərt nəzarət olunan konsepsiya üzərində iş aparırdı. Lakin təəssüf ki, müxtəlif qrupların təsiri ilə onu qəbul etmək mümkün olmadı”. Palatnıy bildirib ki, müxtəlif ölkələrdə oyun biznesini ləğv etmək cəhdləri olub, lakin bu, heç bir halda uğur gətirməyib - sadəcə bu məsələ kölgəyə keçir. Bu, çox gəlirli biznesdir və bu səbəbdən də hər zaman mövcud olacaq. Fərq ondadır ki, indi dövlət nəhayət ki, vergiləri ala və sərt nəzarət həyata keçirə biləcək. Prezidentə imzalamaq üçün təqdim olunan qanun layihəsi bütün növ qumar oyunlarının leqallaşdırılmasını nəzərdə tutur. Bura lotereya oyunları, internet vasitəsilə kazino oyunlarının keçirilməsi, bukmeyker məntəqələrində internet vasitəsilə bukmeyker fəaliyyəti, oyun zallarında oyun avtomatları, eləcə də, qumar oyunlar və onlayn poker oyunları daxildir. Qanun layihəsi altı ay müzakirə olunan müddətdə ən çox müzakirə olunan məsələ kazinoların harada yerləşməsi olub. Bəziləri bunu beşulduzlu mehmanxana, ya da üç və yaxud dördulduzlularda yerləşməsinin tərəfdarı qismində çıxış ediblər. Yekun versiyada 4 və beş ulduzlu otellərin üzərində dayanılıb. Bunu parlamentin maliyyə, vergi və gömrük komitəsinin sədr müavini Yaroslav Jeleznyak bildirib. Bununla yanaşı, kazinoların xüsusi oyun zonalarında açılması da nəzərdə tutulub. Onlar barədə hökumətin xüsusi qərarı olacaq. Hər oyun biznesi lisenziya alınmasını nəzərdə tutur.
KİV-in məlumatına görə, Kiyevdə kazino açmaq ildə altı milyon dollara başa gələcək. Oyun avtomatları üçün ildə 50 min dollar və əlavə olaraq hər oyun avtomatına aylıq 100 dollar ödəmək gərək olacaq. Lisenziyasız işləməyə görə inzibati və cinayət cəzasının tətbiqi də nəzərdə tutulur. Lisenziyalar 5 illiyinə veriləcək. Biznesmenlər üçün sərt tələblər nəzərdə tutulub – barəsində məhkəmə qərarı olmaqdan tutmuş hüquqi şəxslərin şərti kapital məhdudiyyətlərinə kimi qadağalar var. Deputatlar oyun biznesinə "işğalçı dövləti” təmsil edən şirkətlərin daxil olmasını yekdilliklə məqbul hesab etməyiblər. Ukrayna qanunvericiliyində belə dövlət Rusiyadır. Deputatlar oyunçular üçün bir sıra məhdudiyyətlər də tətbiq ediblər. Bütün oyun yerləri sosial yerlərdən 1-2 km. kənarda olmalıdır. Hakimiyyət orqanları, yaşayış evləri və kiosklarda oyun zalları açmaq qadağandır. İştirakçılar girişdə mütləq indenfikiasiyadan keçməlidirlər. Oyunlara yaşı 21-dən yuxarı insanlar buraxılır. Kredit borcu, alimenti olanlar isə oyun zallarına buraxılmayacaq. İqromaniyadan əziyyət çəkənlərin də zallara buraxılmaması nəzərdə tutulur. Bu zaman ailə üzlərinin məhkəmə iddiası əsas götürüləcək. İqtisadçı Aleksandr Şubin "Kommentari” nəşrinə bildirib ki, qanunda qumar oyunlarının sərt sosial problemə çevrilməməsi üçün normalar müəyyən olunub. Digər bir hüquqşünas Rostislav Kraveç hesab edir ki, oyun biznesinin leqallaşdırılacağından danışmaq tezdir: "Dövlət əvvəlcə qumar oyunlarının nizamanması üzrə yeni orqan yaratmalıdır. Məhz bu orqan komissiya bazar iştirakçılarının monitorinqi, lisenziyalaşdırılması və fəaliyyətlərinə nəzarəti müəyyən edəcək. Hələ ki, bu nizamlayıcı orqanın tərkibi ilə bağlı suallar var”.
Timoçenkonun partiyasında isə hesab edirlər ki, artıq hər şey həll olunub. Deputat, Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Valentin Nalivayçenko sosial şəbəkədə yazıb ki, oyun biznesinin təşkilatçıları və oyunçular 2024-cü ilə kimi vergi verməkdən azad olunacaqlar. O. hakimiyyət partiyasının dövlət büdcəsinə əlavə 150 mln. dollar daxil olacağı barədə proqnozlarını da şübhəli sayır. Ən maraqlısı isə odur ki, büdcəyə vəd olunan 150 mln. dolları almaq üçün kazinolarda 2 mlrd. dollar uduzmalıdırlar.

Azər
banner

Oxşar Xəbərlər