Ukrayna-Rusiya müharibəsi: ssenari və proqnozlar
Siyasətçilər,
hərbi ekspertlər müxtəlif versiyalar irəli sürürlər. Bu versiyaların bir çoxu
inandırıcı görünməsə də, proseslər o qədər sürətlə cərəyan edir ki, ən
ağlasığmaz ssenari ilə də üzləşmək mümkündür.
Bütün
müharibələr kimi Ukrayna ilə Rusiya arasındakı müharibənin də sonu olacaq. Yüz
minlərlə insanı ev-eşiyindən edən, öldürən bu qanlı hadisələrin necə
yekunlaşacağı indi hər kəsi düşündürür. Müharibədən kim qalib çıxacaq - bütün
dünyanın üz döndərdiyi Rusiya, yaxud Ukrayna? Siyasətçilər və hərbi strateqlər
hansı ssenariləri araşdırırlar? Onların əksəriyyəti proqnoz verməyin çətin
olduğunu desə də, bəzi təxminlər var.
Qısamüddətli
müharibə
Qərb və
Türkiyə mediasında belə bir ssenari daha çox hallanır: Rusiya hərbi əməliyyatların
sayını artırır, mülki əhali arasında itkilərin çoxalmasına əhəmiyyət vermədən
Ukraynanın hər yerində artilleriya və raket hücumlarını sürətləndirir. İndiyə qədər
prosesə müdaxiləsi xüsusi olaraq müşahidə edilməyən Rusiya Hərbi Hava Qüvvələri
dağıdıcı hava zərbələri endirir. Böyük kiberhücumlarla kritik infrastruktur
obyektləri hədəf alınır. Elektrik və kommunikasiya xətləri kəsilir. Minlərlə
dinc sakin ölür. Qəhrəmancasına müqavimət göstərməsinə baxmayaraq, Kiyev bir
neçə gün ərzində məğlub olur. Hökumət devrilir və Moskvanın nəzarətində olan
marionet qüvvələr hakimiyyətə gəlir. Prezident Vladimir Zelenski öldürülür və
ya qaçmağa məcbur edilir. Putin qələbəsini elan edib Rusiya hərbi qüvvələrinin
bir hissəsini geri çəkir, bu ölkədə Ukraynanı nəzarətdə saxlamağa yetəcək qədər
qoşun saxlayır. Minlərlə insan Qərbə qaçır. Belarus kimi Ukrayna da Rusiyanın
peyk dövlətinə çevrilir. Bu ssenari tam da mümkünsüz deyil, amma bir neçə
faktorun dəyişməsindən - məsələn, Rusiya ordusunun üstünlüyü ələ keçirməsindən
və Ukrayna ordusunun müqavimətinin qırılmasından asılıdır. Bu variantda Putin
Kiyevdə rejim dəyişikliyinə nail olmaq və Ukraynanın Qərblə inteqrasiyasına son
qoymaq kimi hədəflərinə çata bilər. Amma Rusiyayönümlü hökumət qeyri-legitim
hesab oluna və etirazla qarşılaşa bilər. Ona görə də bu, qeyri-sabitlik və
iğtişaşlarla nəticələnmə ehtimalı yüksək olan ssenaridir.
Müharibə
uzana bilərmi?
Münaqişənin
uzunmüddətli müharibəyə çevrilməsi ehtimalı daha çoxdur. Döyüş ruhunun aşağı,
maddi-texniki təminatın və rəhbərliyin zəif olması səbəbindən Rusiya hərbi qüvvələri
irəliləməkdə çətinlik çəkə bilər. Rusiyanın iri şəhərləri küçə-küçə döyüşərək ələ
keçirməsi daha çox vaxt ala bilər, uzun sürən mühasirələr yaranar. Bu, 1990-cı
illərdəki qanlı müharibə nəticəsində böyük hissəsi dağıdılmış Çeçenistanda baş
verənlərə - Rusiya qoşunlarının paytaxt Qroznını ələ keçirməsi əməliyyatına bənzəyə
bilər. Rusiya qoşunları Ukraynanın iri şəhərlərinə daxil olsalar belə, total nəzarət
mühiti yaratmaqda çətinlik çəkə bilərlər. Bəlkə də, Rusiya nəhəng bir ölkəni nəzarət
altında saxlamağa yetəcək sayda hərbi qüvvənin olmasını təmin edə bilməz.
Ukraynanın silahlı qüvvələri yerli əhali tərəfindən də dəstəklənən üsyançı gücə
çevrilə bilər. Qərb onlara silah-sursat göndərməyə davam edər. İllər sonra
Moskvada hakimiyyət dəyişəndə Rusiya hərbçiləri əlləri qanlı və başları aşağı
bir şəkildə Ukraynanı tərk edə bilərlər. 1989-cu ildə Əfqanıstanı tərk etdikləri
kimi.
Müharibə
Avropaya uzanır?
Bu döyüşlərin
Ukrayna sərhədlərindən kənara çıxması ehtimalı da varmı? BBC növbəti ssenari ilə
bağlı yazır ki, Rusiya Qərbin Ukraynaya silah verməsini müdaxilə kimi qiymətləndirib
qisas almaq istəyə, NATO üzvü olan Baltik ölkələrinə qoşun yeritməklə təhdid edə
bilər. Bu isə NATO ilə müharibə riskinin yaranmasına gətirib çıxarar. Amma
Putin bu planı hakimiyyətdə qalmağın yeganə yolu hesab edərsə, belə bir riskə
gedə bilər. Məsələn, Ukraynanın artıq uduzmaqda olduğunu görərsə, gərginliyi
daha da artırmaq istəyə bilər. Ekspertlərin çoxu nüvə silahlarının işə
salınmayacağını düşünsə də, Rusiyanın hərbi doktrinası buna icazə verir.
Diplomatik
həll
Bütün baş
verənlərə rəğmən, müharibəni diplomatik yolla durdurmaq mümkün olarmı? Əlbəttə,
dialoq davam edir. Diplomatlar Moskvanın ovqatını öyrənməyə davam edirlər.
Rusiya və Ukrayna rəsmiləri Belarus sərhədində görüşürlər. Ciddi nəticələr əldə
olunmasa da, Putinin bu prosesi davam etdirməsi, atəşkəs ehtimalını mümkün
saydığını göstərir. Burda əsas məsələ Qərb diplomatlarının Rusiya üçün məqbul
olan təkliflər verib-verməyəcəyidir. Onlar deyirlər ki, Rusiya lideri
sanksiyaların götürülməsi üçün ondan nələr gözlənildiyini bilməlidir. Müharibədə Rusiyanın mövqeyi zəifləyər.
Prosesə
Çinin təsiri ola bilər?
Çin
Moskvaya siyasi razılaşma ilə bağlı təzyiq edər, gərginlik azalmayacağı təqdirdə
Rusiyadan neft və qaz almayacağını bildirər. Bundan sonra Putin çıxış yolu
axtarmağa başlayar. Ukrayna rəsmiləri ölkənin dağılmasını və insan tələfatını nəzərə
alaraq müharibənin bitməsi üçün siyasi razılaşmaya üstünlük verərlər. Məsələn,
Donbasın bir hissəsinin müstəqilliyini və Krımın Rusiya tərəfindən ilhaqını qəbul
edərlər. Buna cavab olaraq Putin Ukraynanın Qərbə inteqrasiyasına etirazdan vaz
keçər. İndi bütün bunlar inandırıcı görünməyə bilər. Amma qanlı döyüşləri
durdura biləcək mümkün ssenarilərdən biri də budur. Beləliklə, bunlar bir-birinə
zidd ssenarilər deyil, müxtəlif elementlərin bir araya gəlməsi fərqli nəticələr
verə bilər. Amma bu müharibə necə bitir-bitsin, bir nəticəsi artıq ortadadır -
dünya artıq köhnə dünya deyil. Köhnə status-kvoya qayıtmaq mümkün olmayacaq.
Rusiyanın digər ölkələrlə münasibəti fərqli şəkil alacaq. Avropanın təhlükəsizlik
siyasəti dəyişəcək. Beynəlxalq qaydalara uyğun, liberal nizamın qurulmasını
vacib edən səbəb unudulmayacaq.
Azər
NURİYEV