• cümə, 29 Mart, 14:00
  • Baku Bakı 14°C

Ukrayna-Rusiya gərginliyi yenidən gücləndi

01.02.17 09:00 1001
Ukrayna-Rusiya gərginliyi yenidən gücləndi
Ukrayna ilə bağlı nüfuzlu beyin mərkəzlərinin proqnozları özünü doğrultdu. Həmin proqnozlarda xüsusi vurğulanırdı ki, 2017-ci il Ukrayna üçün yaxşı heç nə vəd etmir və yeni ABŞ administrasiyası üçün Kiyev prioritet olmayacaq. Elə yeni administrasiya, konkret olaraq Donald Tramp da bunu deyirdi. Beləliklə, Ukraynada hərbi əməliyyatlar bütün gücü ilə start götürüb.
Yayılan məlumatlara görə, Donetsk separatçılarının qüvvələri Rusiya ordusu ilə birlikdə Avdeyevka qəsəbəsini intensiv atəşə tutur. Dünən səhər saatlarında qəsəbəyə 4 "Qrad” qurğusundan 160 raket buraxılıb, ciddi dağıntılar var. Ukrayna tərəfi bildirir ki, Rusiya atəşin dayandırılmasına dair müraciətlərə reaksiya vermir və hazırda da artilleriya-raket zərbələri davam edir. Ukrayna ordusunun antiterror əməliyyatları üzrə qərargahının bildirdiyinə görə, separatçılar Avdeyevka rayonunda dəfələrlə həmlə ediblər, lakin Ukrayna hərbçiləri onları geri oturda bilib. Donbas separatçıları Ukrayna ordusunun itkiləri barədə məlumat yayıb. Məlumatda son iki günlük savaş ərzində 80 ukraynalı əsgərin öldüyü, 70 əsgərin isə yaralandığı iddia edilir. Donbas separatçılarının operativ komanda mərkəzinin rəhbəri Eduard Basurin bu rəqəmlərin Ukrayna Baş Qərargah rəisi Viktor Mujenkonun hesabatında əksini tapdığını bildirib. Basurin iddia edib ki, onların "kəşfiyyatı” bu məlumatı əldə edib. "Bizdə olan təsdiqlənmiş məlumata görə, Selidovo şəhər morqunda 29, Krasnoarmeysk şəhər morqunda 41 meyit, Çasov Yare hərbi hospitalında 60 yaralı, "Novıy trud” hospitalında 8 meyit və 14 yaralı var”, - Basurin deyib.
Qeyd edək ki, Ukrayna ötən gün rəsmi olaraq qarşı tərəfin itkilərini açıqlayıb. Ukrayna ordusunun məlumatına görə, savaşda 100-dən çox separatçı öldürülüb ki, bunlardan 60-a qədəri rus əsgəridir. Onların meyitləri Donetskin Kalinin rayon morqundadır.
"Ukrayna hərbçiləri Avdeyevka rayonu istiqamətində rusiyayönlü separatçıların hücumunu dəf edib”. Bu sözləri öz Feysbuk səhifəsində Donetsk Hərbi-mülki Administrasiyasının rəhbəri Pavel Jebrivski paylaşıb. "Əvvəlcə onlar özləri atəşkəs istədilər, amma 10 dəqiqə sonra hücuma keçdilər. Bu barədə mənə 72-ci briqadanın komandiri məlumat verdi. Hərbçilərimiz hücumun qarşısını aldılar. Bir neçə döyüşçü öldürülüb, onlar arasında "Konsul” ləqəbi ilə məşhur olan terrorçu da var”, – deyə o bildirib.
"Donbasda vəziyyətin gərginləşməsi ondan xəbər verir ki, Ukrayna hakimiyyətinin Minsk razılaşmasına əməl etmək niyyəti yoxdur”. Bu sözləri isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, rəsmi Kiyev düşünülmüş şəkildə bu razılaşmanın reallaşmasına qarşı çıxış edir. O, əlavə edib ki, Moskva razılaşmanın təminatçı tərəflərindən biri kimi çıxış edir və bu səbəbdən də Ukraynaya qarşı təzyiqləri gücləndirməyə çağırıb.
Yeri gəlmişkən, işğal altında olan şərq vilayətlərində başlanan döyüşlər Ukrayna prezidenti Petro Poroşenkonu Almaniyaya səfərini yarımçıq qoyaraq ölkəsinə qayıtmağa məcbur edib. P.Poroşenkonun mətbuat katibi Avdeyevka ətrafında durumun ağır olduğunu, humanitar fəlakət həddinə çatdığını deyib. Almaniya kansleri Angela Merkellə görüşündə P.Poroşenko deyib ki, Minsk razılaşmasına əməl olunmasa, Qərb Rusiyaya sanksiyalarını artırmalıdır. Merkellə Poroşenkonun görüşündə əsas məsələ həm də Ukraynaının Donbası öz ərazisi hesab edəcəyi ilə bağlı olub. P.Poroşenko Ukrayna münaqişəsini Almaniyanın xarici işlər naziri Siqmar Qabriellə də müzakirə edib.
Beləliklə, Avdeyevkada baş verən qarşıdurma son aylar ərzində baş verən ən ciddi gərginlikdir. Bəs görəsən, bu nə ilə bağlıdır? Ukrayna nəşrləri yazır ki, bu, ola bilsin, Birləşmiş Ştatlarda Trampın hakimiyyətə gəlməsi ilə bağlıdır. Lakin başqa səbəb də ola bilər. Mümkündür ki, bununla separatçılar Poroşenkonun Berlinə səfərinə mane olmaq istəyiblər. İstənilən halda, bu insident separatçılar tərəfindən törədilən təxribat kimi qiymətləndirilib. Rusiya isə vəziyyəti gərginləşdirməkdə Ukrayna tərəfini ittiham etmək və onu Minsk razılaşmasını pozmaqda günahlandırmaq istəyir.
Bu arada, Rusiya tərəfi rəsmi Kiyevi "rels müharibəsi” aparmaq cəhdində günahlandırıb. Qeyd edilib ki, separatçılar istiqamətinə gedən dəmir yolu xətti sökülüb. Bunun kim tərəfindən edildiyi bəlli deyil. Hazırda polis bununla bağlı araşdırma aparır. Rəsmi Kiyevin bu addımı atanlara qarşı sərt tədbirlər görəcəyi barədə bəyanatına isə dərhal cavab gəlib. Separatçılara qarşı mühasirə siyasətinin tərəfdarı olan qüvvələr sosial şəbəkələrdə bildiriblər ki, əgər onlara qarşı sərt addımlar görülsə, Ukrayna hakimiyyətinə qarşı partizan müharibəsi aparacaqlar. Onu da qeyd edək ki, hərbi əməliyyatlara baxmayaraq, separatçıların idarə etdiyi Donbasla Ukrayna arasında ticarət davam edir, lakin öz qaydaları ilə. Belə ki, Ukrayna tərəfi bu regiondan kömür nəqlinə qadağa qoymayıb. Hələ dekabr ayında Ukrayna hökumətinin nümayəndələri bəyan etmişdilər ki, Luqansk və Donetskdən kömür daxil olmasa, Ukraynanı enerji böhranı gözləyə bilər. Rəsmi məlumatlara görə, Ukraynanın istilik stansiyalarının normal işləməsi üçün nəzarətsiz ərazilərdən ildə 9 mln.ton kömür almaq gərəkdir. Məmurlar qeyd edirlər ki, kömür nəql edən və çatdıran müəssisələr Ukraynada qeydiyyatdan keçib. Bu günlərdə Ukraynanın müvəqqəti işğal olunan ərazilərlə bağlı naziri Vadim Çernış bildirib ki, Donbasda Ukrayna "qeydiyyatlı” bir neçə şirkət var. Ukrayna Təhlükəsizlik Şurası da dəmir yollarının mühasirəsini qanunsuz sayıb. Qeyd edilib ki, mühasirəni təşkil edən qüvvələr öz hərəkətləri ilə nəinki qanuna, həm də dövlətin maraqlarına zərbə vururlar. Lakin mühasirəni dəstəkləyənlər onlarla razı deyillər. Onlar Ukrayna hökumətini separatçıları müdafiə etməkdə günahlandırırlar. Məsələn, Ukrayna Ali Radasının deputatı, könüllülərin batalyonunun keçmiş rəhbəri Semyon Semeçenko Ukrayna KİV-lərinə bildirib ki, "Rusiya bizim əraziləri işğal edib, müharibə gedir. İnsanlara kömək etmək istəyirsinizsə, bu əraziləri azad edin. Bizin məqsədimiz - müharibəni başa çatdırmaqdır. Bizim əsirləri azad etmək də başlıca məsələdir”.
Yeri gəlmişkən, belə bir mürəkkəb vəziyyətdə sabiq baş nazir Yuliya Timoşenko Birləşmiş Ştatlara səfər edib. Onun Vaşinqtonda növbədənkənar seçkilər keçirilməsi barədə müzakirələr apardığı iddia edilir. Lakin ukraynalı ekspertlər hesab edirlər ki, ABŞ hazırda Ukrayna məsələsini prioritetlikdən çıxarıb. Rəsmi Vaşinqton hələ ki daxili məsələlərin həllinə çalışır. Sadəcə, Timoşenko bu səfəri qabartmaqla ölkə daxilində öz piarını qurmağa çalışır. Ukraynada sosial şəbəkələrdə belə bir xəbər yayılıb ki, ABŞ Poroşenkonun yerində Timoşenkonu görür. Eləcə də, qeyd olunur ki, əvvəlki ABŞ administrasiyası da Ukrayna hökuməti ilə ünsiyyətdən qaçmağa üstünlük verirdi. Ən əsası isə, Poroşenko hökumətindən narazılığını açıq ifadə edirdi. Ötən ilin sonunda BVF Ukraynaya vəd etdiyi 4 mlrd. kreditin cəmi 1 mlrd. dollarını verdi. AŞPA isə Ukraynadaxili problemlərin ciddi olduğunu, korrupsiya ilə mübarizə və islahatların ləngidildiyini vurğulayıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər