• cümə, 26 Aprel, 19:54
  • Baku Bakı 22°C

Ukrayna ikinci inqilab ərəfəsində?

03.12.13 08:37 1437
Ukrayna ikinci inqilab ərəfəsində?
Ukraynada hadisələr özünün pik həddinə çatıb. Artıq hər kəs ölkədə ikinci bir inqilabın yaşandığı qənaətindədir. Ən şok qərar dünən qəbul edilib. Belə ki, Ukrayna Ali Radasının Dövlət quruculuğu və yerli idarəetmə Komitəsi hökumətə etimadsızlıq göstərilməsi barədə qərar layihəsini qəbul edib. Bunu “Batkivşina” fraksiyasının lideri Arseni Yasenyuk deyib. Faktı komitənin üzvü, UDAR fraksiyasının lideri Vitali Kliçko da təsdiqləyib. Ali Rada dekabrın 3-də keçirilək iclasında bu qərar layihəsini müzakirə edəcək. Dövlət quruculuğu və yerli idarəetmə Komitəsinin sədri David Jvaniya hökumətin istefası üçün lazımi miqdarda səs toplanacağına əmin olduğunu deyib. O, Nazirlər Kabinetini istefaya göndərmək üçün tələb olunan minimum 226 səsdən daha artıq səs veriləcəyini bildirib: “Hökumətin istefası ilə bağlı problem yoxdur”.
Ölkəni isə etiraz aksiyaları bürüməkdədir. Bazar günü - dekabrın 1-də Kiyevin Müstəqillik Meydanında 800.000 insanın iştirak etdiyi aksiya hakimiyyəti şoka salıb. Sabiq daxili işlər naziri Yuri Lutsenko dünən meydanda çıxışında deyib ki, bazar günü Müstəqillik Meydanında səkkiz yüz min insan olub. “Bu, rəsmi məlumatdır” - deyə o söyləyib. Y. Lutsenko insanları meydana gəlməyə və öz gələcəyini müdafiə etməyə çağırıb: “Bu, narıncı meydan hərəkatının təkrarı deyil, tamam başqa şeydir. O vaxt biz inanırdıq ki, seçdiyimiz prezident gəlib hər şeyi edəcək. İndi isə hər şeyi biz özümüz etməliyik”.
Ukrayna müxalifətinin paytaxtın mərkəzi küçələrində mitinqi dünən də davam edib. Avrointeqrasiya tərəfdarları paytaxtın əsas prospekti olan “Kreşatik”i və Müstəqillik Meydanını tutublar. Səhər saatlarından Taras Şevçenko adına parkdan yürüşə başlayan avrointeqrasiya tərəfdarları “Maydan”a istiqamətləniblər. Onlar polis barrikadasını yararaq “Maydan”a daxil olublar.
“Svaboda” partiyasının lideri Oleq Tyaqnibok çıxışı zamanı tətillərə başladıqlarını bildirib: “Bu dəqiqədən başlayaraq biz burda, Müstəqillik Meydanında qalacağıq”. O, aksiya iştirakçılarını Maydanda çadırlar qurmağa da səsləyib.
Yuri Lutsenko çıxışında kütləvi aksiyaların yenə inqilaba doğru getdiyini bildirib.
Daxili işlər naziri məhkəməyə verilməlidir

Keçmiş daxili işlər naziri mitinq iştirakçılarını Maydanda, Nazirlər Kabinetinin və Prezident Administrasiyasının qarşısında toplaşmağa çağırıb: “Ayın 30-da baş verənlərə görə, daxili işlər naziri məhkəməyə verilməlidir”.
Avrointeqrasiya tərəfdarlarının yürüşünə Avropa Parlamentinin vitse-prezidenti Yasek Protasoviç, Avropa Parlamentinin keçmiş prezidenti Yeji Buzek, Polşanın “Qanun və Ədalət” Partiyasının lideri, sabiq baş nazir Yaroslav Kaçinski də qatılıblar. Bir qrup üzü maskalı gənc fayerlər yandıraraq polisə dəmir pullar və daş atıblar. Polis mitinq iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Məlumata görə, toqquşmalarda aksiyaçılardan və polis qüvvələrindən xeyli sayda yaralanıb. Təxminən 5-6 min mitinqçi hökumət binasının qarşısına gələrək “Banda – get!” deyə qışqırmağa başlayıb. Müxalifət fəalları hökumət binasının bütün girişlərini, eləcə də Milli Bankın binasını nəzarətə götürüblər.
Yanukoviçin partiyasından istefalar

Ukrayna prezidenti Viktor Yanukoviçin liderlik etdiyi Regionlar Partiyasının (RP) parlament fraksiyasından daha bir deputat istefa verib. İnna Boqoslavskaya, David Jvaniya və Nikolay Rudkovskidən sonra Vladimir Melniçenko da istefa verdiyini açıqlayıb. Bununla da RP-dən çıxan deputatların sayı 4-ə çatıb.
Qeyd edək ki, V.Melniçenko İ. Boqoslavskayanın həyat yoldaşıdır.
Kütləvi aksiyaların keçirilməsinə qadağa

Kiyev məhkəməsi isə Ukrayna paytaxtının mərkəzində, inzibati hökumət binaları önündə kütləvi aksiyaların keçirilməsini 2013-cü ilin dekabrın 1-dən 2014-cü ilin yanvarın 7-dək qadağan edib. Qadağa o cümlədən paytaxtın Nezalejnost (Müstəqillik) və Avropa meydanlarına şamil edilir. Kütləvi aksiyaların keçirilməsinə qadağanın qoyulması qərarı Kiyev şəhər administrasiyasının vəsatəti əsasında qəbul edilib.
Arseni Yatsenyuk: “Ya biz onları, ya onlar bizi - Ukrayna üsyan etməlidir”

Bu arada Ukrayna müxalifətinin digər nümayəndəsi Arseniy Yatsenyuk sərt bəyanatla çıxış edib: “Ya biz onları, ya onlar bizi - Ukrayna üsyan etməlidir. Biz Maydanda qərargah yaratmaq qərarına gəlmişik. Qərb partnyorlarımıza üzümüzü tutaraq Yanukoviça qarşı sanksiyalar tətbiq etməyə çağırırıq, baş nazir Azarovun istefasını tələb edirirk.... Yanikoviç - daha bizim prezidentimiz deyil, o, getməlidir”. Qeyri-rəsmi məlumatlara görə, prezident Viktor Yanukoviç Kiyev ətrafında iqamətgahında təhlükəsizlik şurasının iclasını keçirib. Parlamentin spikeri Vladimir Rıbak bildirib ki, rəsmilər bazar ertəsi parlamentdə müxalifət liderləri ilə hakimiyyət təmsilçiləri arasında Dəyirmi masa təşkil etməyə çalışırlar. Müxalifət liderləri artıq Ukraynada baş verənlərin sadəcə nümayiş deyil, inqilab olduğunu deyirlər. Onlar iddia edirlər ki, aksiyaçılar arasında təxribatçılar doluşub, zorakılıq etməyə çalışırlar. Müxalifətçilər tərəfdarlarını təxribatlardan və zorakılıqdan uzaq durmağa çağırırlar.
Kiyevdən başqa Odessa, Simferepol və Dnepretrovsk şəhərlərində də etirazlar davam edir.
ABŞ və Avropa Birliyi mitinqçilərə qarşı zorakılığı pisləyib

ABŞ və Avropa Birliyi rəsmiləri də dinc mitinqçilərə qarşı zorakılığı pisləyib. NATO baş katibi Anders foq Rasmussen Ukrayna xalqına yazılı müraciət edib. Rasmussen müraciətində bildirib ki, Ukrayna xalqı, ölkələrinin Avropa Birliyi ilə münasibətlərini bərpa etmək üçün təşkil etdiyi dəstək xarakterli aksiyaları bu gecə də davam etdirib. O, bütün tərəfləri, nəyin bahasına olursa olsun, şiddətdən uzaq durmağa çağırıb: "Şiddət və güc, demokratik cəmiyyətdə siyasi problemləri həll etmək yolu deyil. Hər kəsi konstitusion və demokratik normalara uyğun hərəkət etməyə dəvət edirəm". Rasmussen NATO-nun bütün Ukrayna xalqının demokratik ideallarına hörmət etdiyini qeyd edib. “Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) rəhbərlik edən Ukraynanı söz və azad toplanma haqlarına hörmət etməyə və götürdüyü beynəlxalq öhdəliklərə sadiq qalmağa çağırıram”.
Ukraynaya Rusiya qoşunları yeridilə bilər?
Sevastopol Şəhər Sovetinin deputatı Sergey Smolyaninov Ukraynaya Rusiya qoşunlarının yeridilməsi təşəbbüsü ilə çıxış edib. Bu xahişlə o, Rusiya prezidenti Vladimir Putinə müraciət edib. Müraciətdə qeyd olunur ki, hazırda Ukraynada Qərb xüsusi xidmət orqanları və onların casusları tərəfindən qanuni hakimiyyətin devrilməsi təşəbbüsü həyata keçirilir: “Ölkənin suverenliyinin, Krımın rus əhalisinin və Ukraynanın digər regionlarının qorunması üçün hərbi və digər yardımlar etməyinizi xahiş edirəm. ABŞ və NATO təcavüzkarlarından qorunmağımız məqsədilə Rusiya Silahlı Qüvvələrinin Ukraynaya yeridilməsini Ukrayna hökuməti ilə razılaşdırın”.
Son məlumatlara görə, Ukrayna prezidenti Viktor Yanukoviç yaxın zamanda Rusiyaya səfər edəcək. Bu haqda baş nazir Nikolay Azarov məlumat verib. Onun sözlərinə görə, səfər zamanı iki ölkənin əməkdaşlığı ilə bağlı “Yol xəritəsi”nin imzalanması nəzərdə tutulur. Azarov deyib ki, həmin sənədin imzalanması Ukrayna ilə Rusiya arasında iqtisadi-ticarət əlaqələrinin normallaşmasına xidmət edəcək.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər