• çərşənbə, 24 Aprel, 05:29
  • Baku Bakı 14°C

Turşu və göbələk - zəhərlənmələrin əsas iki səbəbi

15.01.14 11:45 4009
Turşu və göbələk - zəhərlənmələrin əsas iki səbəbi
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən mətbuata verilən məlumata görə, ötən il Azərbaycanda 1278 qida zəhərlənməsi hadisəsi baş verib. Bu hadisələr nəticəsində 1525 nəfər zəhərlənib. Həmin hadisələrin 31-i botulizm olub. Botulizm hadisələrindən 42 nəfər zərər çəkib. Ötən il qida zəhərlənmələri nəticəsində 4 nəfər dünyasını dəyişib. Onların 2-si botulizm (turşu), 2-si isə qeyri-mənşəli qida qəbulu (göbələk) nəticəsində zəhərlənib. Ötən il qidadan (göbələk) zəhərlənən bir qadının vəziyyəti hələ də ağır olaraq qalır.
Statistikadan da məlum olur ki, hər il olduğu kimi bu il də qida zəhərlənməsindən ölüm halları daha çox botulizm hadisələri nəticəsində baş verib. Bəs qida zəhərlənmələrinin qarşını necə almaq olar? Adi insanlar zəhərli turşuları aşkarlaya bilərlərmi və aşkarlamaq üçün nə etmək lazımıdır?
“Evdə turşu bağlamayın”
Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin qida gigiyenası şöbəsinin müdiri İmran Abdullayev “Kaspi”yə açıqlamasında bildirdi ki, adi alıcı normalara cavab verməyən məhsulu, xüsusilə də turşunu ayırd edə bilməz. Onun sözlərinə görə, insanlar daha çox istehsalat şəraitində hazırlanan konservləşdirilmiş məhsullardan istifadə etməlidirlər: “Konservləşdirilmiş məhsulların normalara cavab vermədiyini yalnız laboratoriya şəraitində aşkarlamaq mümkündür. Adi alıcının tutmanın normalara cavab vermədiyini bilməsi mümkün deyil. İstehlakçılara məsləhətim budur ki, istehsalat şəraitində hazırlanan konservləşdirilmiş məhsullardan istifadə etsinlər. Çünki ev şəraitində çoxları nəyi necə etməyi, tutmanı necə hazırlamağı bilmirlər. Bəzən düzgün sterilizasiya aparmırlar, elə bilirlər ki, tutma bağlamaq çox asandır. Amma əslində tutma hazırlayarkən diqqət edilməli çox məqamlar var. Məsələn, tərəvəz də, tutmanın bağlanacağı qab da təmiz suyla yaxşı-yaxşı yuyulmalıdır. Qabda torpaq qırıntıları, toz hissəcikləri qalmamalıdır”.
Botulizm mikrobunun fəsadları
İqtisad Universitetinin professoru, ərzaq malları əmtəəşünaslığı və ekspertizası kafedrasının müdiri Əhməd-Cabir Əhmədov da bizimlə söhbətində zəhərlənmənin əsasən konservləşdirmə zamanı bankanın və tərəvəzin təmiz yuyulmadığına görə baş verdiyini dedi: “Bu zaman bankada yaranan botulizm mikrobu inkişaf edir və qidalanma zamanı zəhərlənmə gedir. Bu da müxtəlif insanlarda özünü bir cür büruzə verir. Əgər insanın orqanizmi mikroba tab gətirirsə, o, ölümdən qurtula bilir, amma orqanizm zəifdirsə, zəhərlənmə ölümlə nəticələnir”. Ekspertin sözlərinə görə, adi insanlar tutmanın zəhərlənməyə səbəb olub-olmayacağını ayırd edə bilərlər: “Bunun üçün öncə turşu qoyulan qabın qapağına fikir vermək lazımdır. Əgər qapaq şişibsə, həmin qabdakı tutmanı qəti surətdə yemək olmaz. Bir də turşunun suyundan onun zəhərlənmə verə biləcəyini aydınlaşdırmaq mümkündür. Əgər pomidor, yaxud başqa bir tərəvəzin turşusunun suyu bulanıqdırsa və ağ çöküntü verirsə, demək zəhərlənmə verəcək”.
Xatırladaq ki, botulizm hadisələri nəticəsində əmələ gələn qida zəhərlənmələri ən ağır bakterial qida zəhərlənməsidir və 20 faizi ölümlə nəticələnir.
Göbələk qəflətən öldürür
Statistikaya görə, qida zəhərlənmələri sırasında ikinci yerdə göbələkdən zəhərlənmələr dayanır. Fövqəladə Hallar Nazirliyinin saytında gedən məlumata görə, göbələklə zəhərlənmənin səbəbi, onların tərkibində olan bir sıra birləşmələrin, orqanizmin orqan və sistemlərində ağır pozğunluqlara səbəb olması ilə izah edilir. Göbələklə zəhərlənmə, adətən, göbələk yedikdən 6-12-40 saat sonra qarında qəflətən kəskin ağrı, fasiləsiz qusma və ishal əlamətləri ilə başlayaraq qusuntu kütləsində göbələk qırıntıları aşkar edilir. Tezliklə orqanizmdə susuzluq və su-elektrolit mübadiləsinin pozulması üçün səciyyəvi əlamətlərdən, kəskin zəiflik, baş ağrısı, baş gicəllənməsi, dərinin avazıması, nəbz vurğularının zəif, sapvari olması və taxikardiya müşahidə olunur. Temperatur yüksəlir, sinir sistemi pozğunluqlarından yuxululuq və ya əksinə, oyanma, ölüm qorxusu hissiyyatı, bəzən isə əzələnin qıclığı qeyd olunur. Həmin əlamətlər getdikcə inkişaf edərək birinci günün axırında və ya bir qədər sonra dəridə və selikli qişalarda sarılıq olur. Bəzən 1-2-ci günlərdə nisbətən yaxşılaşmış ümumi əhval fonunda qəflətən koma inkişaf edir. Digər təsadüflərdə isə xəstəliyin 4-8-ci günlərində qastroenterit əlamətləri azalır, böyrək və qara ciyərin fəaliyyətinin pozğunluğu əlamətləri üstünlük təşkil edir. Bu hala damar mənfəzinin iflici qoşularsa, sağlamlığın bərpa edilməsi çətinləşir, çox vaxt qəflətən ölüm baş verir.
Qeyd edək ki, 2012-ci ildə isə Azərbaycanda 1193 qida zəhərlənməsi baş verib. Bu hadisələr nəticəsində 1466 nəfər qidadan zəhərlənib. Zəhərlənmə hadisələrinin 26-sı botulizm olub. Bu hadisələrdən 40 nəfər zərər çəkib. 2012-ci ildə qida zəhərlənməsi nəticəsində 3 nəfər dünyasını dəyişib.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər