• cümə, 19 Aprel, 18:47
  • Baku Bakı 24°C

Türkmənistanda MDB ölkələrinin Səhiyyə sahəsində Əməkdaşlıq Şurasının iclası keçirilib

20.07.19 16:30 18524
Türkmənistanda MDB ölkələrinin Səhiyyə sahəsində Əməkdaşlıq Şurasının iclası keçirilib
Aşqabadda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXIX iclası keçirilib. Tədbir cari ildə Türkmənistanın MDB-də sədrliyi çərçivəsində təşkil edilib.
AZƏRTAC"İnformasionnıy portal Turkmenistana” resursuna istinadla xəbər verir ki, qurumun nümayəndələri qismində Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Tacikistan, Özbəkistan və Ermənistanın müvafiq profilli müəssisələrinin, habelə Türkmənistanın Səhiyyə və Tibb Sənayesi Nazirliyinin, elmi-klinik mərkəzlərinin rəhbərləri və aparıcı mütəxəssisləri iştirak ediblər.
Tədbirdə MDB İcraiyyə Komitəsinin, MDB üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyasının, DST Avropa Regional Bürosunun, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının regional nümayəndəliyinin, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün UNAIDS Proqramının, "MDB və Avrasiya ölkələrinin Onkologiya və Rentgenologiya Mərkəzlərinin və İnstitutlarının Direktorları Assosiasiyası”nın təmsilçiləri iştirak ediblər.
Budəfəki görüşün əsas məqsədi sosial sahədə, ən əvvəl səhiyyə xətti üzrə ənənəvi dövlətlərarası dostluq əlaqələrini möhkəmlətməkdir. MDB çərçivəsində tibb sahəsində qarşılıqlı fəaliyyətin prioritet istiqamətləri, Şuranın 2016-2020-ci illərdə şəkərli diabetin profilaktikası və müalicəsi üzrə Əməkdaşlıq Proqramı barədə qərarının, 2020-2024-cü illərdə vərəmin yayılmasının qarşısını alınması üzrə Birgə Fəaliyyət Planının yerinə yetirilməsinin gedişi məsələləri əsas müzakirə mövzuları olub.
2020-2021-ci illər üçün "Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin əhalisinin sağlamlığı” Strategiyasının həyata keçirilməsi, habelə psixiatriya və narkologiya sahəsində baza təşkilatının fəaliyyəti məsələləri də iclasın gündəliyinə daxil idi.
Şəkərli diabet xəstəliyinə tutulma hallarının artmasına qarşı mübarizədə Əməkdaşlıq haqqında Saziş, MDB üzvü olan ölkələrin İctimai Səhiyyə və İnformasiya İnstitutları Şəbəkəsinin layihəsi, Birlik ölkələrinin ərazisinin sanitar mühafizəsi problemləri üzrə Əlaqələndirmə Şurasının, MDB və Avrasiya ölkələrinin Onkologiya və Rentgenoradiologiya Mərkəzləri və İnstitutlarının Direktorları Assosiasiyasının fəaliyyəti iclas iştirakçıları tərəfindən ciddi müzakirə mövzuları olub.
Tədbir iştirakçıları gənc nəslin siqaretçəkmədən və tütünün zərərli təsirindən qorunmasının strateji vasitələrindən biri kimi, siqaretçəkmənin monitorinqindən istifadə məsələlərinə dair fikir mübadiləsi aparıblar.
Görüşdə, həmçinin Dövlətlərarası Stomatologiya Assosiasiyasının, Dərman vasitələrinin, tibbi təyinatlı məmulatın və tibbi texnikanın standartlaşdırılması, qeydiyyatı və onların keyfiyyətinə nəzarət üzrə Dövlətlərarası Komissiyanın, Mülki aviasiya hava gəmilərinin uçuşlarının tibbi və sanitar-epidemioloji təminatı məsələləri üzrə İşçi Qrupun, Diabet Problemləri üzrə Ekspert Şurasının işinə yekun vurulub. Birlikdə milli elektron səhiyyə sistemlərinin inteqrasiyası perspektivlərinə, "Orqan donorluğu haqqında” model qanun layihəsinə xüsusi diqqət yetirilib.
İİÇV ilə yaşayan şəxslərə MDB məkanında səhiyyə xidmətlərindən bərabər istifadə imkanları verilməsi Planı, Birliyin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının 2020-ci il üçün Əsas Tədbirlər Planı da nəzərdən keçirilib. Dünya Səhiyyə Assambleyasının bu il mayın 20-28-də Cenevrədə keçirilmiş 72-ci iclasının yekunları əsas müzakirə mövzularından biri olub.
İclas iştirakçıları təşkilati məsələləri, o cümlədən MDB iştirakçısı olan ölkələrin antimikrob preparatlara qarşı mübarizəyə dair Birgə Fəaliyyət Planının işlənib hazırlanması üzrə İşçi Qrupun bu il sentyabr ayında keçiriləcək iclasına, Şuranın növbəti, XXX iclasının keçirilməsinə hazırlıq və bəzi başqa məsələləri də müzakirə ediblər.
Şura iclasının iştirakçıları iyulun 20-də "Sağlamlıq 2019” Beynəlxalq Sərgisinin və elmi konfransın işində iştirak edəcəklər.

banner

Oxşar Xəbərlər