• çərşənbə axşamı, 10 dekabr, 16:27
  • Baku Bakı 7°C

Türkmənistan-İran qarşıdurması dərinləşir

18.01.17 10:00 1304
Türkmənistan-İran qarşıdurması dərinləşir
Bir vaxtlar strateji müttəfiqlər kimi göstərilən Türkmənistan və İran arasında münasibətlərə indi bu sözləri şamil etmək olmaz desək, bəlkə də yanılmarıq. "Eurasianet.org” saytında dərc edilən məqalədə qeyd edilir ki, 1997-ci ildə iki ölkə liderləri 200 km-lik qaz kəmərini istismara verərkən və ona "Dostluq” adını verəndə bəlkə də ümid edirdilər ki, bu dostluq daimi olacaq. Lakin mövcud durum artıq "dostluq”dan xəbər vermir. Nəşrin də qeyd etdiyi kimi, son illər münasibətlər əməlli-başlı tarıma çəkilib. 2016-cı ilin dekabrında isə elə bir həddə gəlib çatıb ki, Türkmənistan İrana nəql etdiyi qazı dayandıracağını bəyan edib. Lakin dekabrın son günlərində belə bir təəssürat yarandı ki, münasibətlər normallaşa bilər. Hətta mətbuat yazdı ki, tərəflər arasında müvafiq razılaşma əldə olunub. Və İran tərəfi buna müvafiq olaraq minimum beş il ərzində türkmən qazını alacaq.
İran kütləvi informasiya vasitələri adlarının çəkilməsini istəməyən məmurlara istinadən belə bir xəbər yayıblar ki, türkmənlər Aşqabada gələn İran nümayəndə heyəti ilə kompromis əldə etməyə çalışıblar. Üçgünlük danışıqlardan sonra İran Milli Qaz Şirkətinin (NİQK) icraçı direktoru Həmid Rza Araki "Fars” agentliyinə bildirib ki, qazın ixracı ilə bağlı memorandumun imzalanması ilə bağlı hazırlıq işləri aparılır. Bu xəbər də İran KİV-ləri tərəfindən türkmən qazının nəqlinin dayandırılmayacağı kimi qarşılanıb. Lakin yanvarın 1-dən bu illüziyalar əriyib. Belə ki, "Türkmənqaz” qəfildən qazın nəqlini dayandırdığını bəyan edib. İran Milli Qaz Şirkətindən "Tasnim” xəbər agentliyinə bildiriblər ki, İran məmurlarının qazın nəqlinin bərpa edilməsi barədə cəhdləri özünü doğrultmayıb. Daha dəqiq desək, türkmən məmurları yeni ili qeyd etdikləri səbəbindən işdə olmayıblar və telefon zənglərinə cavab verməyiblər. Nəqlin dayandırılmasına əsas səbəb borcların ödənilməsi ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılmamasıdır. Türkmən tərəfi hesab edir ki, İran ona qazın çatdırılmasına görə, 2 mlrd. dollar borcludur. Məhz bu rəqəm dekabrın ortalarından bəridir ki, dövriyyədədir.
Tərəflər arasında ən ciddi problem 2007-2008-ci ildə yaşanıb. Türkmən tərəfi İranda qaz qıtlığından istifadə edərək qiyməti doqquz dəfə qaldırmışdı. Belə ki, min kubunu 40 dollara satdığı qazı 360 dollara təklif etmişdi. Türkmən məmurlarının sözlərinə görə, 2 mlrd. dollarlıq borc da həmin vaxtdan bəri yaranıb. Araki də onu bildirib ki, İran və Türkmənistanın qaz şirkətləri mübahisəli məsələlərin həlli üçün birgə komissiyanın formalaşdırılması barədə razılıq əldə ediblər. Lakin belə çıxır ki, bu razılıq da qazın nəqlini dayandırmamaq üçün kifayət etməyib.
Nəşr yazır ki, hər iki tərəfin məsələ ilə bağlı qapalılığa üstünlük vermələri vəziyyəti dərindən analiz etməyə imkan vermir. İran Milli Qaz Şirkəti yaydığı ziddiyyətli açıqlamasında bildirib ki, borcları 2008-ci ildə ödəyib. Lakin İranın beynəlxalq münasibətlər üzr nazirinin müavini Əmir Hüseyn avqust ayında jurnalistlərə açıqlamasında İranın həqiqətən də Türkmənistan qarşısında borcunun yığıldığını etiraf edib. Onun sözlərinə görə, borc 600-1,5 mlrd. dollar arasıdır. Lakin yekun rəqəmi ekspertlərin müəyyən edəcəyini bildirib.
Yeri gəlmişkən, İran tərəfi ilin sonunda onu da bəyan edib ki, türkmən qazından olan asılılığını minimuma endirmək niyyətindədir. Məlumat üçün bildirək ki, İran özü ən iri qaz istehsalçısı olsa da, ölkənin şimal-şərq əyalətlərinin qaza olan tələbatını ödəmək üçün milli qaz şəbəkəsinə qoşulmayan türkmən qazını almağa məcburdur. Bu səbəbdən də 2010-cu ildə "Dostluq” kəmərinə əlavə olaraq Türkmənistanın Dövlətabad qaz yatağından İrana illik gücü 6 mlrd. kub metr olan əlavə qaz kəməri "Dövlətabad-Səraxs-Hanqeran” xətti çəkilib. Bunlar isə İranın ehtiyaclarını ödəmək üçün kifayət edir. 2016-cı ildə Türkmənistandan İrana 9 mlrd. kub metrlik qaz nəql olunub. Bu da əvvəlki illə müqayisədə iki dəfə çoxdur. Qeyd edilir ki, sanksiyaların ləğvindən sonra İran tərəfi qaz şəbəkəsini genişləndirmək niyyətindədir. Qeyd edilib ki, qazın kəsilməsinə baxmayaraq, İran daxili ehtiyatlar hesabına ehtiyacları ödəyəcək. İran Neft Nazirliyinin rəsmisi bildirib ki, ölkə sutka ərzində 700 mln. kub metr qaz istehsal edir. Türkmənistandan daxil olan qaz isə İranın qaza olan tələbatının 1,5 faizini ödəyir.
Onu da qeyd edək ki, Türkmənistandan İrana nəql olunan qazın kəsilməsi əvvəllər də olub. Lakin uzunmüddətli olmayıb. Sonuncu dəfə belə hal 2012-ci ildə baş verib. O da profilaktik tədbirlərlə bağlı olub. Ekspertlər hesab edirlər ki, türkmən tərəfi borcunun tez bir zamanda ödənilməsini tələb etməklə təhlükəli oyun oynayır. Ölkədən daxil olan məlumatlara görə, Aşqabad iqtisadi böhranın öhdəsindən çətinliklə gəlir. Ölkə mağazaları boşalıb, dollar satışı tam dayanıb, əhali aylardır əmək haqqı almır. Bu səbəbdən də hökumət tez bir zamanda borcunun ödənilməsində israr edir. İrana qazın nəqlini dayandırmaqla Türkmənistan çox çətin bir duruma düşüb. İndi onun qazının cəmi bir alıcısı qalıb. Bu ölkə də Çindir. Türkmənistanın bu ölkəyə satdığı qazın qiyməti bəlli olmasa da, bir sıra məlumatlara görə, çox aşağıdır. Bu ölkədən daxil olan pul türkmən büdcəsinə daxil olan yeganə vəsaitdir. Özü də bu pulun bir qismi türkmənlərin Çindən aldığı kreditin faizlərinə gedir.
Beləliklə, yaranmış vəziyyətdə uduzan tərəf hələ ki, türkmən tərəfidir. Onun iqtisadi problemlərini həll etmək üçün qaz nəqlini dayandırıb borcunu tələb etməsi qarşı tərəfə xoş gəlməyə bilər. Nəzərə alaq ki, İrana qarşı sanksiyalar aradan qaldırıldıqdan sonra ölkənin öz neft və qazını ixrac etmək imkanları yaranıb. Bu səbəbdən də türkmən qazına o qədər ciddi tələbat yaranmaya bilər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər