• şənbə, 20 Aprel, 04:32
  • Baku Bakı 15°C

Türkiyənin qəhrəmanına çevrilən azərbaycanlı həkim

03.07.21 11:00 1569
Türkiyənin qəhrəmanına çevrilən azərbaycanlı həkim
"Dünya əllərində olsaydı, gətirib ovcuma qoyardılar”
Ötən həftə sosial şəbəkələr və türk mediası azərbaycanlı həkimin qəhrəmanlığından danışdı. Ağacdan meyvə toplayarkən yıxılan və ürəyinə 13 santimetrlik dəmir batan 12 yaşlı Həmzə Dağı həmyerlimiz yerindəcə (xərəkdə) müdaxilə ilə xilas edərək həyata qaytarıb. Həmin an xəstəxana kameralarından çəkilən görüntülər ölkədə əks-səda doğurub. Həkimin, uşağı yaşatmaq üçün göstərdiyi səy, peşəkarlıq, ani qərar türk xalqı arasında rəğbətlə qarşılanıb və ölkə gündəminə çevrilib. Türkiyənin qəhrəmanına çevrilən həmyerlimiz uzman ürək-damar cərrahı Sərxan Həsənovla söhbətləşirik...
1984-cü ildə Şəkidə dünyaya gəlib Azərbaycan Tibb Universitetini bitirdikdən sonra Türkiyədə diplomun təsdiqi imtahanında iştirak edib. 2008-ci ildə TUS imtahanını verərək Kartal Koşuyolu Yüksək İxtisas Təhsil və Araşdırma xəstəxanasında ürək-damar cərrahı bölümündə oxuyub. 3 il İstanbulda işlədikdən sonra Azərbaycana qayıdaraq Gəncə Beynəlxalq Xəstəxanasında çalışıb. 2020-ci ildən Türkiyənin Yalova Atakənt xəstəxanasında fəaliyyət göstərir.
- Bu gün qəhrəmana çevrilən həkim həyat qurtarmağa ilk dəfə nə zaman qərar verib?
- Orta məktəbdə insan anatomiyası dərsi idi. Uşaqlar dərsdə səs saldılar. Müəllim elə bildi ki, nadincliyi mən etmişəm və mənə hirsləndi. Dedim ki, müəllim, axı mənim günahım yoxdur, niyə mənə əsəbiləşirsiniz? Dedi ki, sənə bu fəndən yaxşı qiymət yazmayacağam. "Oxuduqdan sonra necə qiymət yazmayacaqsınız?” dedim. Müəllim cavabında "sən oxumayacaqsan, mən də dediyimi edəcəyəm” dedi. Növbəti dərsə qədər kitabı başdan sona əzbərlədim. Müəllim və uşaqlar suallar verir, mən də cavablandırırdım. Çaşdığım yer olmadı, çünki kitabın hər səhifəsini əzbərləmişdim. Yenə də müəllim mənə "5” yox, "4” verdi. O kitabı oxuduqdan sonra insan orqanizmi mənə çox maraqlı gəldi və həkim olmağa qərar verdim. O "4” məni həkim etdi.

- Sərxan həkim, ürək sizin üçün nə ifadə edir? "Ürək nədir” desəm, məcazi mənada necə izah edərsiniz?
- İçində sevdiklərimizin olduğu orqan... Sevdiklərimiz üçün onu qorumalıyıq. Üstəlik, ürək təkdir. İki böyrəyimiz, iki ciyərimiz var, amma başqa ürəyimiz yoxdur. Ona görə də, ona yaxşı baxmalıyıq. İnsan bədənində bütün orqanların tək funksiyası beyni yaşatmaqdır. Yəni insanın içindəki "mən” beyindən qaynaqlanır və bütün orqanlar beyinə xidmət edir. Ürək də digər orqanlar kimi insanın əsas xidmətkarıdır.
- Sizi qəhrəman edən hadisədən danışaq...
- Çox qeyri-adi gün idi. Həmişəki kimi işimlə məşğul idim. Şükürlər olsun ki, o gün əməliyyatda deyildim. Əvvəlcə mavi kod siqnalı verildi. Ürək-damar cərrahları mavi kod komandasına aid olmadığı üçün təcili yardım bölməsinə getmədim. Təxminən 3-5 dəqiqə sonra telefonuma zəng gəldi. Hər şey telefon zəngi ilə başladı. Assistent "həkim, təcili enərmisiniz” dedi və vəziyyəti başa düşdüm. Əgər bir ürək damar cərrahı yardım servisinə təcili çağırılırsa, orada artıq gəzərək yox, qaçaraq getmək lazımdır. İşıq sürəti ilə qaçdım. Otağa girəndə xərəkdə uşağı gördüm. Xəstəni süni tənəffüs borusuna birləşdirmişdilər. Kardioloq ürək yaralanmasını yoxlamaq üçün exokardio edirdi. Xəstənin yaralanma nahiyəsinə baxdım və gördüm ki, ürək olma ehtimalı çoxdur. Kardioloq dedi ki, ürək yaralanmasını exoda görə bilmir. Yəni ürək ətrafında çox miqdarda maye var. O anda tibb işçilərindən birinin səsini eşitdim: "Xəstənin ürəyi dayandı”... Artıq uşağı itirirdik. Peşəmizin verdiyi reflekslə nə etmək lazım olduğuna qərar verdim. Çünki xəstədə ürək yaralanması yoxdursa, qısa müddət ərzində ürəyinin dayanması ehtimalı çox azdır. Üstəlik, yaralanma döş qəfəsində idi...

- Türk mediasına açıqlamanızda "sanki öz övladımı gördüm” deyibsiniz...
- Bəli. İndi də danışanda həyəcanlanıram. Çünki hamının övladı var. Hamının övladı ağaca çıxar, oyun oynayar və başına belə hadisə gələ bilər. Orada da öz övladımı gördüm. Təsəvvür edin, uşaq oyun oynayarkən ürəyi yaralanır. Mən yardım etməli idim və artıq burada dəqiqələr yox, saniyələr önəmli idi. Xərəyin üzərinə çıxdım, ürək masajı edərək, "bizi dərhal əməliyyatxanaya endirin” dedim.
- Əməliyyat necə keçdi?
-12 yaşında ürəyi yaralanmış uşaq... "Qucağıma alıb əməliyyat masasına qoydum” desəm, yanılmaram. Normalda xəstənin steril şəkildə örtülməsi lazımdır. Amma burada vaxt itirə bilmirdik. Xəstənin ürək nahiyəsini təcili olaraq açmaq qərarını verdim və onu masaya qoyduqdan sonra ürəyi açmağım təxminən 1 dəqiqə çəkdi. Ürəyin ətrafında perikard (ürək kisəsi) deyə bir hissə var. Ürək yaralanmalarında ürəyin içərisində olan qan perikardla ürəyin arasında toplanır və onun funksiyasını əngəlləyir. Birbaşa perikardı açmaq lazımdır ki, içindəki qanı boşaldıb, ürəyin funksiyasını təmin edək. Perikardı açanda bol miqdarda qan və qan laxtası var idi. Biz buna ürək tampunadası deyirik. Qanı boşaltdıqdan sonra ürək rahatladı. Əməliyyat masasında ciddi problemlə qarşılaşmadıq. Ən önəmli və can alan nöqtə əməliyyatdan sonra reanimasiya idi. Çünki ürək masajı olan müddətdə beynin nə qədər oksigenlə təmin olunduğunu bilmirdik. Xəstənin oyanmama, beyində problem yaranma ehtimalı da var idi. 4 gözlə xəstənin oyanmasını gözləyirdik. Səhərə yaxın xəstə gözlərini açdı, lakin heç bir əmrə itaət etmədi. "Eşidirsənmi?” deyirik, cavab yoxdur. "Həmzə, Həmzə” çağırırıq, reaksiya vermir. Sanki heç nə eşitmir. Düşündük ki, yəqin uşaqda eşitmə problemi yaranıb. Xəstənin anasını çağırdım. Əsl möcüzə orada baş verdi... Ana, "Həmzə, məni eşidirsənmi?” deyə uşağa səsləndi. Həmzə başını hərəkət etdirdi və əli ilə işarə elədi. Artıq missiyamız müsbət sonluqla tamamlanmışdı.

- Sərxan həkim, özünüz də vurğuladınız ki, xəstə oyanmaya da bilərdi. Yaxud həmin an o qərarı verməklə səhv də edə bilər, karyeranızı riskə atardınız. Bunlar haqqında düşündünüzmü?
- Haqlısınız. Mən orada risk etdim. Ola bilərdi, hər şey normal getməz, uşağın həyatını xilas edə bilməzdik. Yaxud prosedurdan sonra başqa ağırlaşmalar olardı. Düzdür, hüquqi cəhətdən problem olacağını zənn etmirəm, çünki "xəstəyə niyə təcili müdaxilə etdin” deməzdilər. Həmin an veriləcək qərar bəlli idi. Tam tərsinə, yardım etməsəydim, o zaman hüquqi baxımdan "niyə müdaxilə etmədin” deyərdilər. Amma işin, sadəcə hüquqi tərəfini deyil, xəstə yaxınları tərəfini də düşünmək lazımdır. Müdaxilə uğursuz olanda, xəstə yaxınları tərəfindən təzyiqlərə məruz qala bilərik. Orada bunları düşünmək üçün zamanımız yox idi. Biz lazım olan qərarı verdik və etdik. Bunu hesablamaq şansım yox idi. Bəlkə başqa sahələrdə düşünmək üçün vaxt var. Amma ürək, böyük damar yaralanmalarında zaman anlayışı yoxdur.
- Sizcə, ürəyi dayanan xəstəni geri qaytarmaq peşəkarlıqdır, yoxsa qismət və təsadüf?
- Bir quşun qanadının çırpıntısının belə təsadüf olmadığına inanıram. Uşağın həyatda qalması, məncə, qismət, lazımi müdaxilənin olması, peşəkarlıqdır. Yəni uşağın qismətində yaşamaq şansı var idi ki, peşəkar müdaxilə olunmaq şansı qarşısına çıxdı.
- Həmzə sağaldı... Valideynlərinin sizə olan reaksiyaları necə idi?
- Dünya əllərində olsaydı, gətirib ovcuma qoyardılar. Əslində valideynlər işin ciddiyyətini həkimlər qədər anlamırlar. Saniyələrin əhəmiyyətini biz həkimlər bilirik. Valideynlər bu dərəcəsini bilsə, nə edərlər, bilmirəm.

- Sərxan həkim, ürək xəstəlikləri cavanlaşıb. Bunun səbəbləri nədir?
- Bəli, çox cavanlaşıb. Getdikcə də cavanlaşmağa davam edir. Səbəblər çoxdur. Keyfiyyətsiz qidalanma, masa arxası işlər, idmandan uzaq qalma, gərgin, stressli həyat bunların başındadır. Kiçik faktorlar kimi görünsə də, insan həyatı üçün çox önəmlidir. Zərərli vərdişlərdən uzaq qalmaq, hərəkətli yaşamaq lazımdır. Amma bir həqiqət də var ki, bunların hamısını edib, gənc yaşda ürək problemləri ilə rastlaşanlar da az deyil. Bu, genetik problemlə bağlıdır. Genetik xəstəliklərlə bağlı belə bir deyim var: "Genetika silaha mərmini verir, yaşam tərzi tətiyi çəkir”. Yəni genetikada varsa, xəstəlik hazır şəkildə dayanır, gec-tez partlayacaq. Amma yaşam tərzin təhlükəlidirsə, o tətiyi tez çəkirsən.

- Bütün sosial şəbəkələr sizdən danışdı. Reaksiyaları necə dəyərləndirirsiniz?
- Hadisə çox işıqlandırıldı. Xəstəxanamız işə lazımi dəyəri verdi. Mən xəstəxanamızın idarə heyətinə təşəkkür edirəm. Bütün dost, tanış, qohum zəng edirdi. Bu qədər səs-küy doğuracağını düşünmürdüm. Xalqımız əməyimi müsbət dəyərləndirdi. Hər kəsə təşəkkür edirəm.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər