AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Türkiyənin Kipr tələbi

Türkiyənin Kipr tələbi

Təfsilat
01 May 2021, 12:00 797
Çavuşoğlu: "Əgər suveren bərabərlik tanınarsa, yeni proses başlaya bilər"


50 ilə yaxıdır ki, həllini gözləyən Kipr problemi yenidən gündəmə gəlib. İkiyə bölünmüş halda yaşayan xalqların vahid dövlət halında yaşaya biləcəklərinə, deyəsən ümidlər yaranıb. ABŞ prezidenti Co Baydenin illır uzunu həllinə çalışdığı problem, gündəmin mövzularından birinə çevrilib. Qərb mediası yazır ki, Cenevrədə BMT-nin himayəsi ilə Kipr probleminin həlli yollarına həsr olunan qeyri-formal konfrans ötən gün başa çatıb. BMT Baş katibinin mətbuat katibi Stefan Dyujarrik keçirilən brifinqdə bildirib ki, BMT-nin Baş katibi Antonio Quterreş Kiprlə bağlı keçirilən konfransa realist baxır. 5+1 formatı ilə keçirilən müzakirələrdə Kipr adasının yunan və türk icmasının nümayəndələri, təminatçı ölkələr - Türkiyə, Böyük Britaniya, Yunanıstan, eləcə də, BMT iştirak edib. "Baş katib realistdir və bu məsələdən çox gözəl anlayışı var. Əvvəllər də danışıqlar prosesində iştirak edib", - deyə Stefan Dyujarrik bildirib. Əlavə edib ki, konfransın əsas məqsədi Kipr məsələsinin tez və sürətli həlli üçün vahid bazanın işlənib hazırlanması olacaq. Baş katib konfransın ilk günündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Şimali Kiprin rəhbəri Ersin Tatar və yunan Kiprinin rəhbəri Nikos Anastasiadla görüşüb. Ötən gün isə Cenevrədə təminatçı ölkələrin- Türkiyə, Yunanıstan və Böyük Britaniya liderlərinin şərəfinə qəbul baş tutub. Sonra Quterreş bütün tərəflərlə ikitrəfli görüşlər keçirəcək. Beləliklə, Kipr problemi durğunluq vəziyyətindən
çıxarılır. Və indi əsas məsələ odur ki, həll problemində hər zaman yumşaq desək, çığallıq edən yunan Kipri kompromissə getməyə məcbur ediləcəkmi?

Çavuşoğlu Cənubi Kipri günahlandırdı

"Şimali Kipr Türk Respublikasına (KKTC) hərtərəfli dəstək verdik” - deyə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Cenevrədə Kiprlə bağlı üç gün davam edən danışıqların nəticəsi barədə danışıb.
"Cənubi Kipr rəhbərliyi müzakirələr zamanı problemin həlli ilə bağlı yeni fikir ortaya qoya bilmədi. Əgər suveren bərabərlik tanınarsa, yeni proses başlaya bilər. Onlar istədilər ki, daha iddialı mövqe sərgiləsinlər. Ancaq bizdən lazımi cavabı aldılar. Bundan sonra da Kiprdə ikidövlətli həll təklifini dəstəkləməyə davam edəcəyik”, - XİN rəhbəri bildirib. Çavuşoğlu, eyni zamanda qeyd edib ki, BMT bir neçə aydan sonra yeni 5+1 toplantısını keçirməyi hədəfləyir. "Federal həll yolunun niyə mümkün olmadığını izah etdik. Ədalətli, davamlı həllə ancaq adadakı reallıqlar əsasında nail olmaq mümkündür", - Çavuşoğlu söyləyib. Əlavə edib ki, nəticə nə olursa olsun, Şimali Kiprin və adanın türk xalqının yanında olacağıq: "Şimali Kiprin güvən və rifahı Türkiyənin təhlükəsizliyi və rifahıdır. Kiprin türk tərəfi federal bir həll yolu üçün səy göstərdi. Vaxtı keçmiş modeli tətbiq etmək istəyirlər. Yeni fikirlər inkişaf etdirilməlidir. İki dövlət adada bərabər statusla tanınmalıdır".

Yeri gəlmişkən, görüş ərəfəsində yayılan bir xəbər dünya mediasının əsas xəbərlərindən birinə çevrilib. Xəbər isə budur ki, Böyük Britaniya hökuməti Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanımağı planlaşdırır. Bunu isə dünyaca məşhur "The Sunday Express” qəzeti yazıb. Məlumata görə, Britaniyanın baş naziri Boris Consona yaxın dairələr Kipr məsələsi ilə bağlı qeyri-rəsmi görüşlərin nəticəsi olaraq belə bir halın baş tuta biləcəyini bildiriblər. Qeyd olunur ki, yunan və türk kiprləri arasında razılaşma əldə olunmasa, rəsmi London Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıyacaq. "Bu, Kipr adasında tarazlıq yaradacaq addım olacaq”,- məqalədə vurğulanıb. Yazıda qeyd olunub ki, əgər Böyük Britaniya Şimali Kiprin müstəqilliyini tanısa, iki ölkə arasında təyyarə reysləri açılacaq. Türkiyə xarici işlər naziri bu məsələ ilə bağlı hər hansı bir açıqlama vermək istəməyib.
"Habertürk” yazır ki, ŞKTR prezidenti Ersin Tatar Kiprdə qalıcı həll üçün 6 maddədən ibarət təklifini Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterresə təqdim edib. Təklifdə, Kipr türk xalqının güzəştə getməsi mümkün olmayan suveren bərabərliyin və bərabər hüquqlu beynəlxalq statusun tanınmasının, müəyyən bir dövrü əhatə edən nəticə yönümlü realist danışıqlar ilə daimi həll yolunun qapılarını aça biləcəyi vurğulanıb. ‘‘Bayrak’’ radiosuna müsahibә verәn Şimali Kıprin baş naziri Ersan Saner hazırda arzulanan nöqtәyә çata bilmәdiklәrini bildirib. Saner Quterreşin Kiprdəki türklәrin mövqeyini aydın şәkildә anladığını söylәyib.

"Şimali Kipr dövlət kimi bütün kriteriyaları qarşılayır”

Budan əvvəl Britaniyanın keçmiş xarici işlər naziri Cek Strou öz hökumətlərinin Şimali Kipri dövlət kimi tanıma yolunda addım atmasının vacib olduğunu bəyan etmişdi. "Şimali Kipr dövlət kimi bütün kriteriyaları qarşılayır. Ancaq dövlət kimi tanınmır. İngiltərə hökumətinin Şimali Kipri dövlət kimi tanıma yolunda addım atması vacibdir. Və bununla birbaşa aviareyslər da başlatmaq olar. Mənim vaxtımda buna çox yaxınlaşmışdıq. Hətta bunun planı da hazır idi. İngiltərədən Şimali Kiprə birbaşa aviauçuşlar mütləq lazımdır. Çünki burada istirahət edən ingilis turistlər mövcuddur. Əlbəttə ki, Avropa İttifaqını (Aİ) da maraqlandıran mövzular var. Ancaq birbaşa aviareyslərin olması normallaşmanın bir hissəsidir”, - sabiq nazir bildirib. C.Strou qeyd edib ki, ikibölgəli federal həll axtarışları uğursuz nəticə verir: "Cənubi Kiprin Şimali Kipri özünə qatmaq istəyi hamıya məlumdur. İkidövlətli həll variantını əvvəlcə ağılda qəbul etmək lazımdır”. Türkiyə Kiprə 1974-cü ildə hərbi müdaxilə edib, lakin bu, yunanların dövlət çevrilişi etməsinin nəticəsi kimi baş verib. Bu həmin vaxt idi ki, Kiprin seçilmiş prezidenti Makarios millətçi yunanlar tərəfindən devrilmiş və hətta az qala öldürülmüşdü. O vaxt BMT Təhlükəsizlik Şurasında çıxış edən Makarios elan etmişdi ki, Kiprə, əslində Yunanıstan müdaxilə edib. Onun sözlərinə görə, çevriliş edənlərin məqsədi türk icmasının iradəsini nəzərə almadan, adanı Yunanıstanla birləşdirmək idi. Kiprin bir sıra türk anklavlarında dəhşətli hücumların ardınca adadakı Türkiyə hərbçilərinin sayı dramatik şəklildə artırılıb. O vaxtdan bəri on minlərlə türk əsgəri adadır. Onların müdafiə etdiyi türk icması adanın şimalında Şimali Kipr Türk Respublikası yaradıb. Yunan xuntasının özü isə yunanların daha bir çevrilişi nəticəsində devrilib. Bəziləri iddia edə bilərlər ki, Türkiyə Kiprə bu qədər qoşun yeritməklə aşırı reaksiya göstərib. Strou yazır ki, amma Türkiyə bu vəziyyətə qollarını sallayıb, sadəcə tamaşaçı kimi baxa bilməzdi. Keçmiş nazir bildirir ki, adada təhlükəyə məruz qalan britaniyalı azlıq olsaydı, heç London da buna biganə qalmazdı.

"Kiprin türk icmasının gələcəyi...”

O ki qaldı Şimali Kiprin türk rəhbərliyinin mövqeyinə, bu məsələdə Levkoşa Türkiyə ilə eyni mövqeni sərgiləyir. İki dövlət prinsipi aktiv şəkildə ötən ildən Ersin Tatarın ŞKTC-nin prezident seçilməsindən sonra irəli sürülməyə başlanıb. Ada Aralıq dənizinin şərq hissəsinin, uzun illərdir mübahisə mövzusu olan qaz yataqlarının mərkəzində yerləşir. Ankaranın Kipr narahatlığı 300 minlik türk icmasına görədir. "Biz hər zaman bəyan etmişik ki, Kipr məsələsi türk xalqının milli işidir. Kiprin türk icmasının gələcəyi - bizim Türkiyə vətənimizlə getdiyimiz bir yoldur”, - deyə ŞKTC XİN rəhbəri bildirib. Qərb mediası yazır ki, əgər Brüssel və Vaşinqton liderləri Ankara ilə kompromisə gəlmək istəyirlərsə, o zaman bütöv Kipr ən optimal variant hesab edilir. Şərqi Aralıq dənizi adası olan Kipr təxminən qırx ildir ki, bölünüb və de-fakto iki dövlətə sahibdir. Şimali Kipr Türk Cümhuriyyəti Türkiyə xaricində ayrı bir dövlət tərəfindən beynəlxalq səviyyədə tanınmamağına baxmayaraq, bu adada həqiqətdə iki hökumət fəaliyyət göstərir və onlar adanın iki icmasını təmsil edirlər. Bu illər ərzində hər iki tərəf danışıqlar prosesini aparmağa çalışsa da, mübahisə bu günə qədər həll olunmamış qalır. Şimali Kipr Türk Cümhuriyyətindəki son seçkilərin nəticəsinin münaqişənin donmuş vəziyyətini dəyişdirəcəyi və otuz yeddi ildən sonra mübahisəni həll edəcəyi gözlənilirdi. Lakin hələ ki, ortada bir şey yoxdur.
Ümumiyyətlə, şimaldakı ada sakinləri hökumətdən gözlədikləri idarəetməyə görə iki qrupa bölünürlər. Birinci qrupdan olan insanlar federasiyanı dəstəkləyir və Kipr rumları ilə bir çətir altında yaşamağı bütün ada sakinləri üçün ən yaxşı seçim hesab edirlər. Bu insanlar düşünürlər ki, ayrı bir dövlətə ehtiyac yoxdur və öz suverenliklərini cənubdakılar ilə bölüşməyə hazırdırlar. Digər tərəfdən isə ikinci qrup ikidövlətli həll variantını optimal bir variant hesab edir və danışıqların Kipr məsələsini həll edəcəyinə inanmır. Mübahisənin həll yolu Kipr türklərinin suveren bir dövlət kimi beynəlxalq səviyyədə tanınmasında, cənubdakı sakinlər kimi bərabər siyasi hüquqlar əldə edə bilməsindədir. Bu, konstitusiyada dəyişiklik ilə həll edilə bilərdi.
Beləliklə, adanın gələcəyi ilə bağlı iki əsas təyinedici məsələ var: Şimali Kipr Türk Cümhuriyyətinin yeni hökuməti və Şərqi Aralıq dənizi məsələsi. Yeni dövrdə Kipr türklərinin ayrı bir dövlət olaraq suverenliyini qoruyacağı gözlənilir ki, bu da yeni rəhbərlik üçün qarşıdakı ilkin məsələ olacaqdır. Bu yeni yanaşma və Kipr məsələsi ilə əlaqədar növbəti qərarlar həll üçün vacibdir və Kipr türkləri yeni liderləri ilə gələcəyə ümid bəsləyirlər. Onlar beynəlxalq tanınma, bərabər siyasi hüquqlar, ticarətə tətbiq olunan embarqonun ləğvini, nəqliyyat və s. tələb edirlər. Yaxın gələcək, uzun sürən siyasi dalanın inkişaf edib status-kvonu dəyişərək Şimali Kiprin beynəlxalq səviyyədə tanınan bir dövlət olacağına zəmin yaradacağını, yaxud da hər şeyin əvvəlki kimi davam edəcəyini göstərəcək.

Azər NURİYEV